Vətənpərvər gənclərimiz

unutmamalıdır ki...

 

Xocalı soyqırımı tarixdə misli görünməmiş cinayətdir

 

Hərbi-vətənpərvərlik tərbiyəsinin əsas vəzifəsi yüksək ideya - siyasi, psixoloji və fiziki keyfiyyətləri inkişaf etdirmək, hərbi və hərbi-texniki biliklərin mənimsənilməsinə kömək etməkdir. Xalqın və onun Silahlı Qüvvələrinin döyüş ənənələrini, ölkənin nailiyyətlərini, suverenliyini, ərazi bütövlüyünü müdafiə etməyə hazır və qadir olan vətənpərvərlər tərbiyə etməkdir. Hərbi-vətənpərvərlik tərbiyəsi əsgəri borcu yerinə yetirməyə hazır olmaq, ölkənin müdafiə qüdrətinin möhkəmlənməsində məsuliyyət daşımaq, Silahlı Qüvvələrə hörmət, Vətənə sədaqət, öz xalqının qəhrəmanlıq ənənələrini qorumaq məqsədi ilə həyata keçirilir. Hərbi-vətənpərvərlik tərbiyəsi əsasən orta və ali məktəblərdə tədris prosesində, siyasi maarif sistemində, hərbi dərsliklər, mətbuat, radio, televiziya, internet vasitəsilə, kütləvi-təbliğat, ədəbiyyat və incəsənətin köməyi ilə həyata keçirilir. Bu tərbiyə ölkə vətəndaşlarımız üçün məsuliyyət və borc olmalıdır.

Vətənpərvərlik qəhrəmanlığın əsasını qoyan amildir. Bu bir həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır, onun apardığı mübarizədə inam hissini gücləndirir. İnsanın ən ali və əzəli hisslərindən olan vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elə, obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətdən qaynaqlanır. Bu məhəbbət həm də Vətənin naminə çalışmaq, Vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərməkdir. Gəncləri vətənimizin şərəfini və azadlığını qoruyub saxlamış Azərbaycan Silahlı Qüvvələrinin şanlı tarixi, onun vətən və bəşəriyyət qarşısında xidmətləri ilə yaxından tanış etmək vacibdir. Onlara Azərbaycan ordusuna məhəbbət vətənimizin müdafiəsi uğrunda mübarizəyə hər dəqiqə hazır olmaq əzmini aşılamaq hərbi-vətənpərvərlik tərbiyəsinin ən mühüm tərkib hissələrindən biridir. Bu baxımdan Azərbaycan vətəndaşının qanında, canında hərbi-vətənpərvərlik hissi, döyüş əzmi olduğunu deyə bilərik. Torpaqları düşmən əlində olan bir xalqın vətənpərvərlik hissi itməməlidir. Hər kəsə bəllidir ki, Azərbaycan torpağı əsrlər boyu döyüş meydanı olub. Bu torpaq saysız-hesabsız hərbi xadimlər, qəhrəmanlar yetirib ki, onlar el qeyrəti çəkən, ana torpağın başı üstünü təhlükə alanda ayağa qalxan, onun hər qarışı uğrunda canlarından keçən oğullar olublar. İstər müstəqillik dövründə, istər sovet illərində, istər inqilabdan qabaqkı illərdə, istər orta əsrlər və feodalizm dövründə xalqımız hərb tarixinə öz möhürünü qızıl hərflərlə vurub. Bu onu göstərir ki, vaxtilə bu torpaqda böyüyən qəhrəmanlarımız və görkəmli hərbçilərimiz , indiki nəsilə bir qəhrəmanlıq nümunəsi olmalı, hər bir Azərbaycan vətəndaşında hərbi-vətənpərvərlik tərbiyəsi yüksələn xətt üzrə inkişaf etməli, əli silah tutan hər kəsdə qəhrəmanlıq əzmi, Vətənə sədaqət və Vətən yolunda döyüşməyə təpər olmalıdır. Təsadüfi deyil ki, Azərabycan Respublikasının Prezidenti İlham Əliyev bir qrup gənci və tələbə-gənclər təşkilatlarının nümayəndələrini qəbul edərkən qeyd edib ki? Silahlı Qüvvələrimizin aparıcı hissəsini, heç şübhəsiz, gənclik təşkil edir. Bu mənada onların əsl vətənpərvər kimi yetişməsi və öz üzərlərinə düşən tarixi missiyanı ləyaqətlə yerinə yetirməsi müharibə şəraitində yaşayan Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Əlbəttə, gənclik ardıcıl diqqət və qayğı tələb edən qüvvədir. Ölkəmizdə bununla bağlı həyata keçirilən dövlət əhəmiyyətli tədbirlərin həm keyfiyyət, həm də miqyas baxımından gündən-günə genişlənməsi gənclərin həyatda prinsipial mövqe tutmasını əhəmiyyətli dərəcədə stimullaşdırır və bütövlükdə Vətənimizə dayaq ola biləcək yeni nəslin formalaşması sahəsində ciddi irəliləyişlərə rəvac verir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində gənclərin rolu məsələsinə toxunan dövlət başçısı bildirib ki, cəmiyyətimizin bütün üzvləri kimi Azərbaycan gəncləri də ölkəmizin gücləndirilməsi işinə xidmət etməli, hər bir gənc öz imkanı daxilində Qarabağ problemi ilə əlaqədar təbliğat işlərini artırmalıdır. Xatırladaq ki, Azərbaycan dövləti tərəfindən gənclərə göstərilən qayğı onların vətənpərvər kimi böyüməsinə stimul verir. Təkcə dövlət başçısının "Azərbaycan gəncliyi Dövlət Proqramı haqqında" imzaladığı sərəncam ölkədə hər şeydən çox insan kapitalına xüsusi diqqət və qayğı göstərilməsindən xəbər verir. Etiraf edək ki, bu gün ordu gəncləri də dövlətin bu diqqət və qayğısını öz həyatlarında gündən-günə daha çox hiss etməkdədirlər. Ölkə rəhbərliyinin hərbçilərin sosial müdafiəsini daim diqqət mərkəzində saxlaması Silahlı Qüvvələrimizin döyüş hazırlığında yeni keyfiyyət göstəricilərinin əldə olunmasına əsaslı təkan verir. Eyni zamanda, ermənilərin Azərbaycan xalqının başına gətirdikləri müsibətlərin mütəmadi olaraq xatırlanması gəncləri mübarizəyə səsləyir, onların döyüş ruhunu artırır. Millət vəkili Eldəniz Səlimov qeyd edib ki, 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələri, erməni vandalları tərəfindən Xocalıda həyata keçirilən qanlı qətliam, soyqırımı hadisəsi təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş və tarixdə misli görünməmiş cinayət hadisəsidir: "Xocalı qətliamı ümumiyyətlə, 20-ci əsrdə-bəşər tarixində törədilmiş ən dəhşətli soyqırımı, vandalizm aktlarından biridir. Bu soyqırımı öz amansızlığına, qəddarlığına görə hətta, deyərdim ki, Holokost, Xatın, Serebrenitsa faciələrini, soyqırımlarını belə geridə qoyur. Bu soyqırımı uzun illər öz havadarları, himayəçiləri tərəfindən dünyada "yazıq, məzlum, əzabkeş xalq" "obrazı"nı yaratmağa nail olmuş ermənilərin, erməni vandallarının kim olduqlarını, onların xislətlərini, barbarlıqlarını iç üzlərini bir daha kəskinliyi ilə açıb ortaya qoymuş oldu"- deyən millət vəkili eyni zamanda təəssüf hissi ilə qeyd edib ki, üstündən 24 il keçməsinə baxmayaraq, daim insan hüquqlarından dəm vuran, dərs keçən beynəlxalq qurumlar, onlara himayədarlıq edən dövlətlər hələ də 20-ci əsrin ən böyük və ən dəhşətli qətliamına, vandalizm hadisəsinə obyektiv hüquqi-siyasi qiymət verməyib, onu soyqırımı aktı kimi tanımayıblar. Millət vəkilinin sözlərinə görə, bunun özü bir daha həmin beynəlxalq qurumların, onlara himayədarlıq edən dövlətlərin nə qədər qeyri-obyektiv və qeyri-səmimi olduqlarını əyani şəkildə ortaya qoyur. İnsan hüquq və azadlıqlarının təmin edilməsi tələbləri həmin dairələr və qüvvələr üçün sadəcə, müstəqil siyasət yeridən yeni müstəqil ölkələrə təsir və təzyiq vasitəsindən başqa bir şey deyil. O, deyib ki, çünki əslində onları insan hüquq və azadlıqlarının təmin edilməsi deyil, öz şəxsi və dar maraqları düşündürür: "Belə olmasaydı, onlar ötən dövr ərzində Xocalı qətliamına obyektiv hüquqi-siyasi qiymət verər, Xocalı faciəsini soyqırımı aktı kimi tanıyar və Ermənistan prezidenti Serj Sərkisyan başda olmaqla bu qanlı qətliamda əli olan bütün günahkarları Beynəlxalq Tribunalda öz cinayətkar əməllərinə görə cavab verməyə məcbur edər və buna nail olardılar". Millət vəkili həmçinin bildirib ki, Xocalı soyqırımında əli olan bütün şəxslər əvvəl-axır öz cinayətkar əməllərinə görə cavab verməli və gec də olsa, öz layiqli cəzalarını almalıdırlar. "Onu da qeyd edim ki, ötən illər ərzində Xocalı soyqırımı həqiqətlərinin dünyaya çatdırılması, qətliamın soyqırımı aktı kimi tanınması istiqamətində də böyük işlər görülüb"- deyən millət vəkilin qeyd etdiyinə görə, Azərbaycan dövlətinin, xüsusilə, ölkə Prezidenti İlham Əliyevin ardıcıl, düşünülmüş fəaliyyəti, beynəlxalq aləmdə apardığı işlər nəticəsində artıq dünyanın bir neçə ölkəsi qanunverici orqanlar səviyyəsində Xocalı qətliamını soyqırımı aktı kimi tanıyıblar: "Konkret olaraq, Pakistan, Meksika, Kolumbiya, Peru, Honduras, Bosniya və Herseqovina, Çexiya, o cümlədən, ABŞ-ın 20-yə yaxın ştatı Xocalı qətliamını soyqırımı kimi tanıyıb. Eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqı Xocalı faciəsinin soyqırımı aktı kimi tanınması ilə bağlı qətnamə qəbul edib. Bu yerdə onu qeyd edim ki, Xocalı soyqırımı həqiqətlərinin beynəlxalq aləmə çatdırılmasında heç şübhəsiz Heydər Əliyev Fondunun və Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın da xidmətləri misilsizdir, əvəzsizdir. Artıq neçə illərdir ki, Leyla xanımın birbaşa təşəbbüsü və təşkilatçılığı ilə "Xocalıya ədalət!" kampaniyası həyata keçirilir. Ona görə hesab edirəm və inanıram ki, məhz bu fəaliyyətlərin nəticəsində bir gün dünya Xocalı qətliamını soyqırımı aktı kimi tanıyacaq və bu qətliamda əli olanları öz layiqli cəzalarına çatdıracaq. Gec-tez bu, baş verəcək, Xocalı şəhidlərinin günahsız qanları yerdə qalmayacaq "- deyə, millət vəkili daha sonra sözlərinə əlavə edib. Millət vəkili Qənirə Paşayeva da deyib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Xocalı soyqırımı, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır: “Xocalı Soyqırımı, Dağlıq Qarabağ problemi, Şuşa acısı tək Azərbaycanın deyil, bütün Türk dünyasının problemidir. Eyni zamanda, bəs haradadır o beynəlxalq təşkilatlar, insan haqları ilə məşğul olan qurumların Ermənistanın işğalçılığı üzündən evinə dönə bilməyən 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünlərlə, Xocalı soyqırımı ilə bağlı açıqlamaları? Nədən Ermənistanın 1 milyon azərbaycanlının insan haqlarıni 20 ildən artıqdır ki, pozaraq onların öz evlərinə dönməsinə imkan vermədiyinə etiraz edən, Xocalı soyqırımını törədənləri lənətləyən bir açıqlamalarını eşitmirik? Nədən işğalçıya , Xocalı faciəsinin günahkarlarına qarşı etiraz səslərini ucaltmırlar? Nədən 1 milyon azərbaycanlının pozulan haqlarına bu qədər biganə yanaşırlar?" .

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2016.- 23 fevral.- S.15.