Ekologiya və ətraf mühitin mühafizəsi

 

Dövlətin ekoloji siyasətinin əsas istiqamətlərini təşkil edir

 

XX əsrin 90-cı illərində Azərbaycan tarixində ikinci dəfə öz müstəqilliyini əldə etdikdən sonra dövlətin qarşısında bir sıra mühüm vəzifələr dayanırdı. Bu vəzifələr sırasında ekologiya və ətraf mühitin mühafizəsi də başlıca prioritetlərdən biri sayılırdı. Çünki müstəqillik illərindən əvvəl ekologiya və ətraf mühitin mühafizəsi məsələsi demək olar ki, arxa plana keçmişdi.

Keçmiş SSRİ-nin o vaxtkı Sovet respublikaları ilə yanaşı Azərbaycanda da qurduğu bir neçə zavod və müəssisənin azərbaycanlılara xeyrindən daha çox ziyanı dəyirdi. Belə ki, həmin istehsal müəssisələrinin ətraf mühitə vurduğu ziyan ölkənin ekoloji mühitini əsaslı dərəcədə pisləşdirmişdi. Sovet rəhbərliyini təbiəti qorumaq, onu mühafizə etməkdən daha çox on minlərlə insanın həyatı bahasına başa gələn istehsal müəssisələri açmaq, gəlir əldə etmək düşündürürdü. Müəyyən zaman kəsiyində Azərbaycana rəhbərlik edən şəxslərin siyasi iradəsi nəticəsində bu istiqamətdə müsbət irəliləyiş müşahidə edilsə də, lakin keçmiş ittifaq rəhbərliyi hər vasitə ilə buna mane olmağa çalışırdı. Xüsusilə ümummilli lider Heydər Əliyevin 70-ci illərdə Azərbaycana rəhbərliyi dövründə ətraf mühitin mühafizəsi istiqamətində gördüyü işlər Moskvanı qane etmirdi. Azərbaycana rəhbərlik etdiyi həmin dövrdə Heydər Əliyev ittifaq rəhbərliyindən fərqli olaraq ətraf mühitin mühafizəsinə və insanların sağlamlığına təminat yaradan mütərəqqi texnologiyaya malik yeni müəssisələrin tikilməsinə, köhnə texnologiyaların yenisi ilə əvəz olunmasına, yaşıllıqların və parkların salınmasına xüsusi diqqət yetirirdi. Bu isə Moskvanın həyata keçirdiyi siyasi xəttə ziddiyyət təşkil edirdi. Ona görə də keçmiş SSRİ rəhbərliyi hər vasitə ilə Heydər Əliyevi hakimiyyətdən uzaqlaşdırmağa çalışırdı və buna da nail oldu.

 

Yeni dövr üçün ekoloji strategiya

 

Lakin 1993-cü ildə Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra 70-ci illərdən yarımçıq qalan bir sıra tədbirlərin davam etdirilməsinə başladı. Bu sıraya ekoloji şəraitin yaxşılaşdırılması və ətraf mühitin mühafizəsi sahəsində ardıcıl işlərin aparılması da daxil idi. Həmin ildən başlayaraq, paytaxtın yaşıllaşdırılmasına, ekoloji tarazlığın bərpasına start verildi. Ekoloji siyasətə dair imzalanan “Azərbaycan Respublikasının Ekoloji Konsepsiyası” əsasında yeni dövr üçün ekoloji strategiya müəyyənləşdirildi. 1998-ci ildə isə “Ətraf mühitin mühafizəsi üzrə Milli Fəaliyyət Proqramı” qəbul edildi. 1999-cu ildə Milli Məclisin qəbul etdiyi “Ekoloji təhlükəsizlik haqqında” qanun təsdiqləndi. 2000-ci ildə isə daha iki – “Ətraf mühitin mühafizəsi haqqında” və “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” qanunlar qəbul olundu. 2001-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaradılması bir gerçəkliyi ortaya qoydu ki, ekoloji problemlərin həlli dövlətin əsas diqqət göstərdiyi istiqamətlərdəndir. Ona görə də bu sahə ilə məşğul olan xüsusi bir qurumun fəaliyyətinə ciddi ehtiyac var.

 

“Ekologiya ili” dönüş ili

 

Ekologiyanın qorunması və ətraf mühitin mühafizəsi bu gün də Azərbaycan dövlətinin ekoloji siyasətinin əsas istiqamətlərini təşkil edir. Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də bütün sahələr kimi ekologiya və ətraf mühitin mühafizəsinə ciddi diqqət yetirir, bu istiqamətdə məqsədyönlü addımlar atır. Məhz İlham Əliyevin Azərbaycan Prezidenti kimi ölkəyə rəhbərlik etdiyi son 13 il ərzində ekologiya, təbiəti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadəyə dair bir sıra normativ hüquqi aktlar qəbul edilib, təbiətin qorunması və sağlamlaşdırılması sahəsində mühüm praktiki addımlar atılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 28 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”nda bir çox tələblərlə yanaşı, meşələrin seyrəkləşməsinin, torpağın erroziyasının, meşə massivlərinin azalmasının qarşısının alınması barədə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulurdu. Azərbaycan dövləti və Prezident İlham Əliyevin ekologiya və ətraf mühitin mühafizəsinə nə qədər önəm verdiyi 2010-cu ilin Azərbaycanda “Ekologiya ili” elan olunması ilə bir daha təsdiqini tapdı. Təsadüfi deyil ki, bu tarix Azərbaycanda ətraf mühitin sağlamlaşdırılması baxımından dönüş ili kimi yazıldı. Ekoloji problemlərə həsr olunmuş müşavirələrdə Prezident İlham Əliyev qeyd edirdi: “Ekologiya məsələləri hər bir ölkə üçün, hər bir vətəndaş üçün vacib olmalıdır. Bu, insanların sağlamlığıdır. Sağlam ekoloji mühit, sağlam hava, təmiz su-bütün bunlar insanın həyatı üçün ən əhəmiyyətli məsələlərdir”. Ümumiyyətlə, Prezident İlham Əliyevin elə bir çıxışı yoxdur ki, ekoloji məsələlərə diqqət yönəldilməsin, onların həlli yolları açıqlanmasın. Azərbaycanın ümumilikdə 2020-ci ilə kimi prioritet istiqamətlərini müəyyən edən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən, ekoloji təhlükəsizliyin təmin olunması üçün ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin təkmilləşdirilməsi, indiki və gələcək nəsillərin tələbatını ödəmək məqsədilə təbii sərvətlərdən səmərəli istifadə dövlətin ekoloji siyasətinin əsas istiqamətləri kimi götürülüb. Ekoloji siyasətin əsas istiqamətləri üzrə qarşıya qoyulmuş hədəflərə çatmaq üçün “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılması və təbii sərvətlərdən səmərəli istifadəyə dair 2016-2020-ci illər üçün Dövlət Proqram”ında ətraf mühitin mühafizəsi, təbii sərvətlərdən səmərəli istifadə ilə bağlı prioritet istiqamətlər müəyyənləşdirilərək, həyata keçiriləcək vəzifələr əks olunub. Bütün bunların nəticəsidir ki, son illərdə ekologiya və ətraf mühitin mühafizəsi sahəsində kifayətqədər işlər görülüb. Təkcə keçən il ərzində 10141 hektar sahədə meşəbərpa tədbirləri, o cümlədən 2 636 hektar sahədə meşə əkini və səpini aparılıb. Nəticədə 4 310,4 min ədəd ağac əkilib. Ümumiyyətlə son 5 il ərzində 3 659 hektar ərazidə 4 711 711 ədəd ağac əkilib. Hazırda ölkədə 9 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Xüsusi mühafizə olunan təbiət ərazilərinin beynəlxalq standartlara uyğun infrastrukturunun yaradılması istiqamətində Göygöl Milli Parkında ekoturizm infrastrukturu və marşrutları yaradılıb. Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisinin genişləndirilərək Qızılağac Dənizkənarı Milli Parkının yaradılması məqsədilə zəruri avadanlıqlar alınaraq, sərhədlərin demarkasiyası və buraxılış-nəzarət infrastrukturu yaradılıb. Bununla da Milli Parkda heyətin mühafizə və nəzarət imkanları təkmilləşdirilib.

 

Heydər Əliyev Fondunun ətraf mühitin

mühafizəsinə verdiyi töhfələr

 

Ekologiya və ətraf mühitin mühafizəsi tək dövlət deyil, eyni zamanda qeyri-dövlət təşkilatlarının da əsas diqqət mərkəzində olan məslələrdəndir. Bu sırada Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Belə ki, Fondun 2007-ci ildə həyata keçirmiş olduğu “Hərəyə bir ağac əkək" adlı nəcib təşəbbüsü ölkədə genişmiqyaslı yaşıllaşdırma kampaniyasının aparılmasına yol açdı ki, bu da ətraf mühitə göstərilən ən böyük qayğı idi. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə işlənib hazırlanmış "Hərəyə bir ağac əkək" layihəsi çərçivəsində təkcə Bakı ətrafındakı qəsəbələrin istifadəsiz qalmış sahələrində 20 min həmişəyaşıl ağac əkildi. Qısa zamanda Azərbaycanın bütün şəhər, qəsəbə və kəndlərində vətəndaşlar bu təşəbbüsə qoşularaq yaşıllaşdırma kampaniyasını davam etdirdilər. Ətraf mühitin qorunmasına yönəlmiş layihə çərçivəsində ümumilikdə ölkə ərazisində bir milyondan çox yeni ağac əkildi. Ekolgiyanın qorunması və ətraf mühitin mühafizəsinə töhfə verən təşkilatlardan biri də IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxaq dialoq) İctimai Birliyidir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 12 İyul 2011-ci ildə fəaliyyətə başlayan İDEA-nın əsas məqsədi ətraf mühit məsələləri və fəaliyyətlər barədə ictimai maarifləndirmə, gənclərlə əməkdaşlıqdır. Qısa müddət ərzində təşkilat gənc ekoloqlar və adi tələbələr üçün ağacəkmə fəaliyyətləri, o cümlədən 5 qitə və 90 ölkədən 1200 iştirakçının qatıldığı “Yer Kürəsi uşaqların gözü ilə” uşaqlar üçün beynəlxalq fotomüsabiqə və digər müxtəlif layihələr həyata keçirdi. IDEA, həmçinin 2011-ci ildə Qəbələdə baş tutan konfrans və 2012-ci ildə reallaşdırılan “Yaşıl həftə” konfranslar silsiləsi kimi beynəlxalq mütəxəssislərin iştirak etdiyi çoxsaylı konfrans və görüşlər keçirərərk dünyanın müxtəlif ölkələrindən olan gənc ekoloqların şəbəkələşməsini təmin etdi. Hazırda da İDEA İctimai Birliyinin təşəbbüsü çərçivəsində respublikada genişmiqyaslı ağacəkmə kampaniyası davam edir. İDEA İctimai Birliyinin digər bir layihəsi isə “ASAN xidmət” və “Təmiz Şəhər” ASC-nin birgə təşkilatçılığı əsasında keçirdiyi “Hər kağızı bir yarpağa dəyişək” aksiyası idi ki, bu aksiya çərçivəsində də Balaxanı poliqonunda 5 min kvadrat metr ərazi yaşıllaşdırılıb.

 

Görülən işlərin uğurlu nəticəsi

 

Bütün bunların nəticəsidir ki, Azərbaycanda ekologiyanın qorunması və ətraf mühitin mühafizəsi istiqamətində görülən tədbirlər beynəlxalq təşkilatlar tərəfindən təqdir edilir. Belə ki, ABŞ-ın Yel və Kolumbiya Universitetləri tərəfindən 2016-ci ilin yanvar ayında Ekoloji Fəaliyyətin Effektivliyi İndeksi hazırlanıb. Qiymətləndirmə nəticələrinə əsasən ABŞ-ın Yel və Kolumbiya Universitetləri mövcud ekoloji vəziyyətə görə Azərbaycan dünya ölkələri arasında 100 ballıq qiymətləndirmə sistemi üzrə 31-cı sırada qərarlaşıb. Bununla da reytinq sıralanmasına görə Azərbaycan Yaponiya, Belçika, Hollandiya, İsrail kimi dünyanın bir sıra qabaqcıl və inkişaf etmiş ölkələrindən ön mövqe tutmuş olub. Ekoloji Fəaliyyətin Effektivliyi İndeksində meşələrlə bağlı istiqamətdə qiymətləndirmə üzrə isə Azərbaycan 180 ölkə arasında 5-ci yeri tutub.

Ancaq onu da etiraf etmək lazımdır ki, bu sahədə hələ də müəyyən problemlər qalmaqdadır. Xüsusilə, son illərdə ölkədə baş vermiş təbii hadisələr ətraf mühitə ciddi ziyan vurub. Odur ki, ölkədə təbiətin mühafizəsi və ətraf mühitin çirklənməsinin qarşısının alınması məqsədi ilə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi böyük sosial-iqtisadi əhəmiyyət kəsb edir.

 

Süleyman İsmayılbəyli

 

“Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün”

 

Olaylar.- 2016.- 23 fevral.- S.12.