Gənclərin vətənpərvər ruhda tərbiyəsi

tarixin bütün dövrlərində diqqət mərkəzindədir

 

Hər bir ölkədə olduğu kimi Azərbaycanda da gənc nəslin milli-mənəvi ruhda tərbiyyəsi, onların vətənpərvərlik ruhunun artırılması başlıca prioritetlərdən biridir. Çünki istənilən ölkənin gələcəyi onun yetişməkdə olan  gənclərindən asılıdır.

Hazırda ölkə əhalisinin 65 faizini 35 yaşadək olan gənclər təşkil edir.  Gənclik isə hər bir millətin gələcəyi, onun döyünən ürəyi, sabaha olan ümidi olduğundan onları ilk növbədə milli vətəpərvər ruhda böyütmək lazımdır. Bu gün torpaqlarımızın 20 faizi Ermənistanın işğalı altındadır. Bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Bu fakt Azərbaycan gəncliyini daha ayıq-sayıq olmağa, istər informasiya sahəsində, istərsə də cəbhə xəttində ölkənin müdafiəsi uğrunda əlindən gələni etməyə sövq edir. Gənclər də öz növbəsində bu məqsəd və vəzifələri dərindən dərk edərək Vətənə, dövlətə məhəbbət hissi ilə böyüyür.

Bu gün Azərbaycan gənci hərtərəfli dövlət qayğısı ilə əhatə olunub desək yanılmarıq. Xüsusilə müstəqillik illərindən sonra bu müsbət tendeniya müşahidə edilməyə başlayıb. Bu sahədə Azərbaycanın, xüsusilə ölkə gənclərinin bəxti gətirib desək yanılmarıq. Belə ki, Azərbaycan XX əsrin 90-cı illərində ikinci dəfə müstəqillik əldə etdikdən sonra hər bir sahə kimi gənclər sahəsinə də diqqət və qayğı başlıca prioritet sayıldı. Xüsusilə, ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Bakıya qayıtması və həmin il ölkə prezidenti seçilməsi sonradan gənclərlə bağlı bir neçə fərman və sərəncamların imzalanması gənclərin ölkənin ictimai-siyasi həyatında  rolunun artırılmasına təkan verən amillərdən oldu. Bir növ gənclərin həyatında dönüş ili  baş verdi. Heydər Əliyev gənclərlə bilavasitə işin aparılması, bu sahədə ixtisaslaşmış strukturun yaradılmasının zəruriliyini nəzərə alaraq 1994-cü il iyulun 26-da  Gənclər və İdman Nazirliyinin yaradılması haqqında fərman imzaladı. Bununla da gənclər sahəsində işin səmərililiyinin artırılması, gənclərin təşkilatlanması, xüsusilə dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində işlər sürətləndirildi. Çox keçmədən ümummilli liderin müvafiq fərmanı əsasında “Dövlət Gənclər siyasəti haqqında” Qanun qəbul edildi. Qanunda açıq şəkildə göstərilirdi ki, gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik, dünyəvilik prinsipləri əsasında, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, adət-ənənələrinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyyə olunması dövlətin gənclər siyasətinin əsas prinsiplərindən biridir.

Bu gün ölkə gənclərinin böyük əksəriyyətində milli vətənpərvərlik ruhunun yüksək səviyyədə olduğunu desək yanılmarıq. Buna səbəb olan başlıca amillər isə Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Azərbaycanın Silahlı Qüvvələrinin əsgər və zabit heyəti ilə bağlı müntəzəm olaraq verdiyi fərman və sərəncamlar, onlara göstərilən diqqət və qayğı, dövlət başçısının tez-tez ön cəbhəyə səfər edərək hərbi təlimləri izləməsidir. İstər Mübariz İbrahimovun nəşinin ermənilərdən geri alınması prosesində dövlət başçısının nümayiş etdirdiyi əzmkarlıq və buna nail olması, sonradan ona milli qəhrəman adının verilməsi, istər Ramil Səfərovun Macarıstandan ekstradisiya olunaraq Azərbaycana gətirilməsi, istərsə də Ali Baş Komandanın Silahlı Qüvvələrin maddi-texniki bazasının artırılması istiqamətində atdığı addımlar nəticəsində son illər gənclərin vətənpərvərlik ruhunun nəzərə çarpacaq dərəcədə artdığının şahidi oluruq. Bütün bunlar hamısı istər milli vətənpərvərlik hisslərinin güclənməsinə, istərsə də vətənə, bayrağa olan sevgi hissinin formalaşmasına birbaşa təkan verən amillərdir. Diiqqət yetirsək görərik ki, hərbi sahədə son zamanlar əldə etdiyimiz uğurlar gənc və ortayaşlı nəsildə kifayət qədər müsbət təsir oyadır. Keçən ilin avqust hadisələrinin fonunda bunu aydın görmək mümkümdür. Həmin ərəfədə yüzlərlə gənc Müdafiə Nazirliyinə rəsmən müraciət edərək könüllü şəkildə hərbi xidmətə qatılmaq istədiyini bildirdi. Təbii ki,  bu da öz-özlüyündə gənclərimizin milli vətənpərvərlik ruhunun yüksək səviyyədə olduğunun göstəricisidir. Və biz bu ruhun daha da böyüməsi, güclənməsi üçün yalnız dövlətdən, cənab Prezidentdən hansısa addımları atmasını gözləməli deyilik. Bizlər də öz fəaliyyətimizlə dövlətimizə dəstək olmalıyıq.

Birmənalı şəkildə deyə bilərik ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti bu gün onun layiqli davamçısı, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilərək mahiyyət və keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan Gəncliyi Dövlət Proqramı”nda (2005-2009-cu illər) gənc nəslin Vətənə məhəbbət, Azərbaycan xalqının tarixinə. mədəni irsinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunması, gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsi, onların hərbi xidmətə hazırlanması kimi vacib müddəalar əksini tapırdı.

Ancaq təssüf hissi ilə etiraf etmək lazımdır ki, bu gün hələ də milli kimliyini dərk etməyən, Vətən, dövlət sevgisiolduğunu bilməyən kosmopolit gənclərimiz var. Milli məfkurədən, milli təəssübkeşlikdən uzaq, panamerikan mədəniyyətinin təsiri və anql-sakson irqinin təsiri ilə böyüyən bir nəslə nəinki Göyçə, Zəngəzur, Xankəndini, heç Qarabağı belə anlatmaq mümkün deyil. Ona görə də bu qəbildən olan gənclərdə milli vətənpərvərlik ruhunun artırılması, onlarda Vətən, dövlət sevgisi yaratmaq üçünsə hələ çox işləmək lazımdır. Bir qədər də konkretləşdirsək həmin gənclərlə sistemli şəkildə aparmaq şərtdir. Bu kimi gənclərin milli vətənpərvərlik ruhunun artırılması üçün ilk növbədə maarifləndirmə işinə diqqət yetirilməlidir. Tariximiz, ədəbiyyatımız, mədəniyyətimiz, dəyərlərimiz sistemli şəkildə həmin yeniyetmə və gənclərdə maraqla qarşılanacaq şəkildə, onların anlaya biləcəyi tərzdə təbliğ edilməlidir. Bu tarixi əraziləri 5 yerə parçalanmış, 20 faiz torpaqları işğal altında olan bir ölkə üçün isə, ümumiyyətlə həyati əhəmiyyət daşıyır. Bunun üçün yalnız dövlətimizdən nəsə gözləmək düzgün deyil. Bizim hər birimiz bu işdə öz töhvələrimizi verməliyik.

Gənclərin milli vətənpərvərlik ruhunun artırılması üçünsə bir sıra vacib məqamlara ciddi diqqət yetirmək lazımdır. İlk növbədə ailə dəyərlərimiz və dövlətçilik tariximizin düzgün şəkildə təbliği məsələsinə də diqqət ayırmaq lazımdır. Çünki insan üçün hər şey, qavranılan, öyrənilən müsbət və mənfi çalarlar məhz ailədən başlayır.

Digər tərəfdən birmənalı şəkildə tariximiztarixi şəxsiyyətlərimizlə bağlı qırmızı cizgilər müəyyənləşdirilməlidir. Bu gün XXI əsrdə Azərbycan adının qədim olub-olmadığı və ya Babəkin Azərbaycan və türk tarixində oynadığı müstəsna rollar müzakirə predmetinə çevrilməməlidir. Onları təbliğ etmək və dünyaya tanıtmalıyıq. Kosmopolit düşüncə tərzini daşıyan gənclər bizim dövlətçilik tariximizi bilməli, hökmdarlarımızı tanımalı, dünya mədəniyyətinə və elminə son dərəcə böyük töhvələr vermiş Türk millətinin bir hissəsi olan bizlərin dünya tarixində və mədəniyyətində oynamış olduğu rolunu bilməlidir. Bu səbəbdən də görüləcək işlərimiz çoxdur. Hətta bu gün dünyaya gələn körpələrimiz də bu ruhda tərbiyə edilməlidir ki, böyüyəndə peşəkar, vətənpərvər, vətənə sadiq vətəndaşlar olsunlar. Çünki bütün dövrlərdə Azərbaycanın uğurlu gələcəyini gənclik təmin edəcək.  Vətənpərvərlik insanı səciyyələndirən ən mühüm keyfiyyətlərdən olduğundan onun böyüməkdə olan nəslə aşılanması, uşaq, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi hər bir məktəbin və ailənin ən vacib vəzifələrindən olmalıdır.  Çünki, təlim-tərbiyə işinin bütün sahələrində, istiqamətlərində olduğu kimi vətənpərvərlik tərbiyəsinin də əsası ailədə və ibtidai siniflərdə qoyulur. Bu mənada böyüməkdə olan nəslin vətənpərvərlik tərbiyəsində valideynlərin və ibtidai sinif müəllimlərinin üzərinə böyük məsuliyyət düşür.

Gənclərin milli vətənpərvərlik ruhunda tərbiyyə edilməsində maarifləndirici xarakter daşıyan materialların hazırlanması da önəmlidir. Xüsusilə, bu istiqamətdə sosial çarxlar hazırlanması daha məqsədəuyğundur. Nəzərə almaq lazımdır ki, dünyanın hər yerində bu praktikadan geniş istifadə edilir. Ümumiyyətlə, hərbi-vətənpərvərlik, milli dəyərlərimizlə bağlı PR texnologiyalarından geniş istifadə edilməlidir. Son dərəcə peşəkar şəkildə hazırlanmış bir çarxya hər hansı bir PR kompaniyası, böyük nəticələrə təkan verə bilər.

 

 Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2016.- 24 fevral.- S.15.