"Vətən sevgisi
imandandır”
Milli dəyərlərimizin gənc nəslə
aşılanması vacibdir
Hər bir xalqın təkamül prosesinin
ümdə qayəsini, dövlətçilik ənənələri
ilə yanaşı, həm də zəngin milli-mənəvi irsi, pak və ali dəyərləri müəyyən edir. Bu ənənə və
dəyərlər vəhdət təşkil etdiyi
zaman xalqların məfkurə və
düşüncə sisteminin, dünyagörüşünün parlaq təcəssümü kimi
meydana çıxır. Dünyanın ən
qədim xalqlarından sayılan azərbaycanlılar da tarixən formalaşmış zəngin
milli-mənəvi və əxlaqi dəyərlər sistemi ilə bəşər sivilizasiyasına
əvəzsiz töhfələr verib. Mənəvi dəyərlərimiz ülvi
və saf ideallara sarsılmaz
bağlılığı ilə özünəməxsusluğunu
qoruyub. Şərqə məxsus mütərəqqi
adət-ənənələrlə Qərbin mötədil dəyərlərinin
mənəvi mədəniyyətimizdəki uğurlu
harmoniyası, həm də milli təfəkkürümüzdə
fərqli dünyagörüşlərini bir
araya gətirir.
Etiraf edilməlidir ki, müasir qloballaşma dövründə elmi-texniki tərəqqinin sürətli inkişafı real həyatda yüksək nailiyyətlərə, mütərəqqi dəyişikliklərə yol açıb. Lakin bu prosesin tarixi-mədəni irsə, əxlaqi-mənəvi dəyərlərə yönəlir. müəyyən təhlükəli meyilləri də özünü qabarıq göstərir. Şərq-Qərb sivilizasiyasının bir-birinə yaxınlaşdığı bir zamanda soykökə qayıdışın, milli özünüdərkin böyük əhəmiyyəti var. Bu baxımdan Azərbaycan Respublikası müstəqillik yolu ilə inamla irəlilədiyi, demokratik, hüquqi, sivil və açıq cəmiyyət qurduğu bir vaxtda milli-mənəvi dəyərlərin qorunmasının zəruriliyinin gənc nəslə aşılanması xüsusilə aktuallıq kəsb edir. Odur ki, hər bir gənc həyatının bu dövründən bacardığı qədər səmərəli istifadə etməlidir. Çünki gənclik dövründə boş, mənasız keçirilən hər gün sonra böyük itkilərə gətirib çıxarır. Gənc nəslin nümayəndələri mükəmməl təhsil almalı, günümüzün inkişafı və tələbləri ilə ayaqlaşmalıdırlar. Onlar dövlət müstəqilliyimizin əldə olunmasında öz sözlərini dedikləri kimi, müstəqilliyimizin qorunmasında da, yaxından iştirak etməlidirlər. Çünki hər bir gənc azərbaycanlı yaşadığı coğrafi məkandan asılı olmayaraq, öz vətənini - Azərbaycanı təmsil edir və xalqımızın mənəviyyatının daşıyıcısı, onun simasıdır. Gənclərimiz xalqımızın azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda göstərdikləri qəhrəmanlıqlar kimi, elmdə, istehsalatda, təhsildə də fədakarlıq göstərməli və yüksək ixtisaslı mütəxəssislər kimi yetişməlidir. Respublikamız hüquqi - demokratik dövlət quruculuğu yolu ilə irəliləyir. Milli ideologiya konsepsiyası çərçivəsində gəncləri, birinci növbədə, Azərbaycanın müstəqilliyi prinsiplərinə sadiqlik ruhunda tərbiyə etmək lazımdır. Gənclərin təhsili, tərbiyəsi məhz bu istiqamətdə inkişaf etdirilməli, eyni zamanda ümumbəşəri dəyərlərdən geniş istifadə olunmalıdır. Çünki milli mənəvi və ümumbəşəri dəyərlərin hamısı birlikdə bütün vətəndaşlarımızın və xüsusən gənclərimizin mənəvi kodeksini təşkil edir. Hər bir ölkədə orduda xidmət etmək gənclərin vətəndaşlıq borcu sayılır. Ancaq Azərbaycan övladının vətəndaşlıq borcu başqa ölkələrin gənclərinə nisbətən, daha çoxdur. Çünki torpaqlarımız düşmən tərəfindən işğal edilib, ölkəmizin ərazi bütövlüyü pozulub. Xalqımızın min illər boyu yaratdığı, yaşatdığı və zənginləşdirdiyi dəyərlər saxtalaşdırılıb, özününküləşdirilib, talan edilib, dağıdılıb. Bu vəhşiliyin nəticələrini aradan qaldırmaq, onu bərpa etmək gənclərin öhdəsinə düşür. Bu baxımdan, cəmiyyətimizdə, xüsusən gənclər arasında hərbi xidmətə hörmət və diqqət daim yüksək səviyyədə olmalı, hər bir gəncin orduya yola salınması onun ailəsində bayrama çevrilməlidir. Gənclər bilməlidirlər ki, hər bir azərbaycanlının vətəndaşlıq borcu, vəzifəsi resrublikamızın dövlət müstəqilliyini qorumaq, onu azad, müstəqil dövlət kimi inkişaf etdirmək, Azərbaycan elmini, mədəniyyətini daha yüksəklərə qaldırmaq, Vətənin dünyaya yaxından tanıtmaqdı. Ölkəmizin dünya birliyində layiqli yer tutması üçün xidmət göstərmək də vətəndaşlıq borcudur. Bununla yanaşı, təhsil və tərbiyədə forma və məzmunun vəhdəti həmişə qorunmalıdır. Əgər belə olarsa, gənclərimizdə milli qürur hissi və milli ruh yaranar.
Bütün cəmiyyətlərdə "millət və vətən sevgisi necə olmalıdır” sualı düşündürücü faktora çevrilib. Gəlinən qənaət ondan ibarətdir ki, bir fərdin millətini, vətənini sevməsi həm də, onun dinini, dilini, əxlaqını və tarixini sevməsi deməkdir. Bir millətin dini, dili, əxlaq və tarixi birlikdə həmin millətin mədəniyyətini əhatə edir. Millətin yaşadığı coğrafi ərazisinin adı vətəndir. Bununla belə, bir millət üçün vətən, sadəcə, üzərində yaşadığı torpaq, gördüyü düzənlik, dağ, meşə və axar sular demək deyil. Əxlaqi dəyərlərimizdə vətənin ayrı bir yeri və mənası var: namus, şərəf, heysiyyət və azadlığımızın başqa bir adı vətəndir. Vətən itiriləndə bütün müqəddəs dəyərlər də onunla birlikdə məhv olur. Vətənlərinə sahib çıxmağı bacarmamış millətlər, nə dinlərinə, nə də dillərinə sahib ola bilməyiblər. Dilimizdəki "Vətən sevgisi imandandır” sözü, bu baxımdan son dərəcə mənalıdır və sadəcə, bizim mədəniyyətimizə xas bir anlayışdır. Həqiqətən də, vətən sevgisi imandandır, çünki iman, ancaq azad bir vətən üzərində yaşana bilər. Vətən itirilərsə, din və imanın əldən getməsi qaçılmazdır. Məhz buna görə də, insanlar namus, şərəf vətən sevgisi və azadlıq kimi dəyərlərə hər şeydən daha çox əhəmiyyət verirlər. Çünki insan ancaq bu dəyərlər yaşam gücünə malik olur. Vətən ifadəsi isə müqəddəs dəyərlərin yaşadığı, yayıldığı coğrafi məkanın dilimizdəki adıdır. Mütəxəssislərin fikrincə, vətənpərvərlik hissi uşağa, ilk növbədə, atadan, anadan keçməlidir. Məhz ailə uşağı elə tərbiyə edə bilər ki, o vətənə, torpağa, el-obaya, orduya, şəhidlərə məhəbbət ruhunda, düşmənə isə nifrət hissləri ilə böyüsün. Millətin birliyinin, sakit həyatının və qayda-qanunun düşmənlər tərəfindən pozulmaması üçün Tanrı hər cür tədbirin əvvəlcədən alınmasını vacib sayır. Müqəddəs kitabımız "Qurani-Kərim”dəki ayədə belə buyurulur: "Allahın düşmənini və öz düşməninizi, onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi düşmənləri qorxutmaq üçün kafirlərə qarşı bacardığınız qədər qüvvə və döyüş atları tədarük edin. Allah yolunda nə xərcləsəniz, onun əvəzi artıqlaması ilə ödənilər və sizə heç bir haqsızlıq edilməz!” Ayədən də göründüyü kimi, dövlətin ordu saxlaması, bu ordunu hər cür döyüş vasitələrilə təchiz etməsi vacibdir. Ancaq müharibə edərkən belə, ədalətdən ayrılmamaq əsas prinsiplərdəndir: "Sizinlə vuruşanlarla siz də Allah yolunda vuruşun, lakin həddən kənara çıxmayın. Allah həddi aşanları sevməz!” İslam dini, hər zaman sülh və dostluğa əsaslanan əlaqələrin inkişaf etdirilməsini buyurur. Ancaq sülhün qorunması üçün birtərəfli müsbət niyyətlər hər zaman kifayət etmir. Yəni qarşı tərəf də sülh üçün əlindən gələni etməlidir ki, müharibələr baş verməsin, insanlar məhv olmasın. Bununla belə, müqəddəs kitabımız yurdumuza edilən təcavüzün qarşısını almağı buyurur. "Qurani-Kərim”də buyurulur: "Ey iman gətirənlər! Kafirlərin bir yerə toplaşdıqlarını görsəniz dönüb onlardan qaçmayın.” Yəni vətənini sevən insanlara buyurulur ki, düşmən sərhədləri keçərsə, yurdu viran qoymaq istərsə onlardan qaçmaq yox, əksinə onların üstünə getmək lazımdır. Bu hər bir vətən oğlunun müqəddəs borcudur. Vətənpərvərlik tərbiyəsi bəşər tarixi yarandığı vaxtdan aktual olmuşdur. Qloballaşmanın genişləndiyi, texnika və texnologiyanın inkişafının sürətləndiyi şəraitdə vətənin təhlükəsizliyini təmin etmək, onu qorumaq son dərəcə vacib amildir. Bu amil məktəbəqədər təhsil müəssisələrindən başlanmalıdır. Yəni həm tərbiyəçilər, həm də müəllimlər öz işini düzgün qurmağa çalışmalıdır. Lap kiçik yaşlarından başlayaraq uşaqlara vətənpərvərliyin üstün cəhətləri aşılanmalıdır. Təsadüfi deyil ki, ulu öndər, müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyev vətənpərvərlik tərbiyəsinə, uşaq və gənclərin vətənpərvər ruhda böyüməsinə xüsusi əhəmiyyət verirdi. Təhsil işçiləri ilə görüşlərinin birində böyük öndər demişdir: "Bizim gənclər, təhsil alan nəslimiz gərək məktəblərdə ilk addımlarından vətənpərvərlik əhvali-ruhiyyəsi ilə tərbiyə olunsun. Bütün dərslər, xüsusən də humanitar fənlər gərək gənclərimizə Vətənə sədaqət, vətənpərvərlik ruhu aşılasın, tərbiyə etsin”. Ulu öndər Heydər Əliyevin milli vətənpərvərlik konsepsiyasında gənc nəslin milli şüurunun formalaşdırılması mühüm tələb kimi qoyulub. O, xalqımızın azadlıq hərəkatında gənclərimizin rolunu yüksək qiymətləndirib və azadlıq uğrunda mübarizənin milli şüurda oyanışa müsbət təsir etdiyini bildirib: "O vaxt Azərbaycan gəncləri, vətənpərvərlik şüuru ilə yaşayan insanlar Azərbaycana qarşı ədalətsizliyə etiraz əlaməti olaraq meydanlara çıxdılar, böyük mitinqlər keçirildi. 20 Yanvar hadisələri Azərbaycan xalqının milli şüurunun daha da yüksəldiyini göstərdi. Eyni zamanda, bu hadisələr milli hərəkatın, milli şüurun imperiya qüvvələri tərəfindən boğulduğunu göstərdi. Ancaq, eyni zamanda, Azərbaycan xalqı sübut etdi ki, onun mənliyi var, milli qüruru var”. Tədqiqatlar göstərir ki, orta məktəblərdə uşaqlara vətənpərvərlik duyğusunu aşılamaq üçün fənn seçimi edilməməlidir. Hər fənnin öz funksiyası, öz vəzifəsi var. Fənnindən asılı olmayaraq hər bir müəllim şagirdlərə vətənpərvərlik duyğusunu öyrətməyi bacarmalıdır. Çünki müəllim məktəbdə ilk növbədə şəxsiyyət yetişdirir və çalışmalıdır ki, həmin şəxsiyyət də vətəninə, millətinə layiq bir tərzdə yetişsin. Bu yolla uşaqlara Qarabağ tanıdılır, millətin başına gətirilən faciələr öyrədilir. Bütün bunlar Azərbaycan gəncinin vətənpərvər ruhda böyüməsinə stimul verir.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2016.- 25 fevral.- S.15.