Gənclərin vətənpərvər
ruhda
tərbiyə
olunmasında QHT-lərin rolu
Gənclərin
milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik
hisslərinin artırılması tarixin bütün dövrlərində
öz aktuallığını qoruyub saxlayıb. Xüsusilə,
müstəqillik illərindən sonra bu istiqamətə diqqət
artmağa başlayıb. Bu gün də gənc nəslin
milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik
hisslərinin artırılması başlıca
prioritetdir. Sevindirici hal ondan ibarətdir
ki, artıq dövlətlə yanaşı qeyri-hökumət
təşkilatları da gənclərin milli mənlik
şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik
hisslərinin artırılmasına ciddi diqqət yetirir, bu
istiqamətdə bir çox layihələr həyata
keçirirlər.
Vətəndaş Cəmiyyəti Problemlərinin Tədqiqi Mərkəzinin sədri Elməddin Hacılı deyir ki, müharibə şəraitində yaşadığımız bir dövrdə qeyri-hökumət təşkilatlarının (QHT-lər) gənclərin vətənpərvərlik ruhunun və dövlətçilik şüurunun yüksəldilməsində oynadığı rol və bu sahədə həyata keçirilməli olan işlər mühüm aktuallıq kəsb edir. Onun spzlərinə görə, eyni zamanda cəmiyyətin, xüsusilə də gənclərin bu istiqamətdə maarifləndirilməsində dövlətlə yanaşı vətəndaş cəmiyyəti institutlarının da üzərinə böyük məsuliyyət düşür: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi: “Vətənpərvərlik əhval-ruhiyyəsi güclənməlidir. Hər bir vətəndaş, hər bir gənc, hər bir uşaq bu ruhda tərbiyə olunmalıdır. Öz torpaqlarımızı azad etməliyik və əminəm ki, edəcəyik”. Qeyri-hökumət təşkilatları vətəndaş cəmiyyətinin üst təbəqəsini təşkil edən əsas amillərdən biri olduğu üçün gənclərin vətənpərvərliyi burada ayrıca səhifə təşkil etməlidir.
Məlum olduğu kimi, son illərdə ölkədə digər sahələrlə bərabər vətəndaş cəmiyyəti institutlarının, xüsusilə də QHT sektorunun da ciddi dirçəlişi və fəallığı hiss olunur. Bu da ondan ibarətdir ki, üçüncü sektorun fəaliyyətinin güclənməsi birinci növbədə dövlətin marağındadır və dövlət bu sahəyə xüsusi diqqət göstərərək QHT layihələrinin maliyyələşdirilməsinə vəsait ayırır. Qeyd edək ki, buna qədər QHT-lərin maliyyələşməsində əsas rol oynayan beynəlxalq donorlar onların cəmiyyətdə vətənpərvərliyin təbliği istiqamətində olan layihələrinə heç bir maraq göstərmir və hər zaman da bu layihələrdən imtina edirdilər. Lakin son illərdə Azərbaycan hökumətinin maliyyə imkanlarının artması bu sahədə də olan problemlərə son qoymuşdur. Bu gün əsas milli donor institutları olan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Azərbaycan Gənclər Fondunun maliyyə ayırdığı QHT layihələrinə nəzər salsaq bu tendensiyanı aydın müşahidə edə bilərik. Qeyd edək ki, adıçəkilən donorlar QHT-lərin gənclərin vətənpərvərlik istiqamətində olan layihə təkliflərinə böyük maraq və diqqət göstərir, onları maksimum şəkildə maliyyələşdirməyə çalışırlar. Şura tərəfindən ilk ildə, yəni 2008-ci ildə Qarabağ problemi, eləcə də milli-mənəvi dəyərləri və vətənpərvərlik məsələlərini təbliğ edən layihələrin maliyyələşdirilməsinə 169.000, növbəti mərhələdə isə 403.510 manat məbləğində vəsait ayrılması buna əyani sübutdur. QHT-lər barədə dövlət başçısı tərəfindən 2007-ci ildə imzalanan konsepsiyada da vətənpərvərlik hisslərinin vətəndaşlara aşılanması kimi məsələlər də öz əksini tapıb. Biz ötən müsabiqələrdə gənclərin vətənpərvərlik tərbiyəsi ilə QHT-lərin icra etdiyi layihələrə nəzər salmaqla bu mənzərə ilə daha aydın tanış ola bilərik. Məsələn “Gənc Vətənpərvərlər” İctimai Birliyi tərəfindən yeni “Vətənpərvərlik tərbiyəsində psixoloji amillərin rolunun artırılması” adlı layihə həyata keçirilmişdir. Layihə Azərbaycan Gənclər Fondunun dəstəyi ilə baş tutmuşdur. İki mərhələdən ibarət olan layihənin birinci mərhələsində əsasən gənclərin vətənpərvərlik tərbiyəsi, bədən tərbiyəsi, idmana fiziki hazırlıq və hərəkət qabiliyyətlərinin inkişaf etdirilməsi həyata keçirilmişdir. Həmçinin gənclərin əxlaqi tərbiyəsinin psixoloji tərəfləri, onların ətraf mühitdən təsirləndiyi məqamlar, müasir maarifləndirmə tendensiyası öyrənilmişdir. İkinci mərhələdə isə “Vətənpərvər kimdir?” mövzusunda gənclər arasında sorğu aparılmışdır. Diqqətinizə çatdıraq ki, layihənin keçirilməsində əsas məqsəd gənclərdə vətənpərvərlik hislərinin artırılması, həmçinin idmana olan marağın çoxalması və gənclərin əxlaqi ideyalarının təbliği olmuşdur”. Elməddin Hacılı deyib ki,
Gənc Vətənpərvərlər Birliyinin daha bir layihəsi isə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyin maliyyə dəstəyi ilə “Ümumtəhsil orta ixtisas və ali təhsil müəssisələrində fiziki hazırlıq vastəsi ilə Dövlət rəmzlərinin təbliği üzrə yeni təşəbbüslər” adlı layihə olmuşdur: “Layihə çərçivəsində Gəncə şəhər 1 saylı tam orta məktəbində “Vətənpərvərlik tərbiyəsində dövlət rəmzlərinin təbliği” mövzusunda elmi-nəzəri konfrans keçirilmişdir. Layihə çərçivəsində yeniyetmə və gənclər arasında aparılan sosioloji sorğuların nəticələrindən aydın olub ki, vətənpərvərlik tərbiyəsində dövlət rəmzlərinin təbliğinə ümumtəhsil orta ixtisas və ali təhsil müəssisələrindən başlamağa ehtiyac var. “İctimai Həyatda Gənclərə Dəstək” İctimai Birliyi isə “Cəbhəyanı bölgələrdə gənclərin vətənpərvərlik hislərinin gücləndirilməsi” layihəsini həyata keçirib. Layihənin əsas məqsədi yeniyetmə və gənclərin vətənpərvərlik hislərini gücləndirmək, onların vətənə, dövlətə, millətə sədaqət ruhunda tərbiyə olunmasını təmin etməkdir. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyilə həyata keçirilib. Qeyd edək ki, layihə çərçivəsində 8-11 sinif şagirdləri ilə görüşlər keçirilmiş, torpaqlarımızın erməni işğalçılarından müdafiə edilməsi ilə bağlı söhbətlər aparılmış, şagirdlərə Milli Qəhrəmanlar haqqında məlumatlar çatdırılmışdır. Həmçinin gənclər ordu sıralarında qulluq etməyə ruhlandırılmış, təlimçi və ekspertlərin mövzu üzərində hazırladıqları əyani vəsaitlər görüş və təlim iştirakçılarına paylanılmışdır. “Vətənpərvər Maarifçi Gənclər” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Müsəlləh əsgrəm, mən də bu gündən!” adlı layihə çərçivəsində Gəncə şəhərində təlimlər keçirilib. Təlimlərdə layihə şərtlərinə uyğun olaraq həqiqi hərbi xidmətə yararlı olan, xüsusən də orta təhsilini başa vurmuş 30 nəfər yeniyetmə və gənc iştirak edib. Qeyd edildiyi kimi, layihənin əsas məqsədi həmin gəncləri psixoloji cəhətdən vətənə xidmət göstərməyə hazırlamaq, onların vətənpərvər ruhda tərbiyəsinə dəstək göstərmək olmuşdur. Ümumilikdə bu layihə çərçivəsində 3 rayonda 90 nəfər gənci əhatə edən təlimlər keçirilib. Ümumiyyətlə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən və Dünya Azərbaycanlılarının Vətənpərvərləri İctimai Birliyi tərəfindən icra olunan “Vətənə layiqli övladın yetişməsi ailədən başlayır” adlı layihə diqqəti cəlb edir. Qeyd edək ki, layihənin məqsədi riskli ailələrdə qismən də olsa münaqişələrin qarşısını almaq, həmin ailələrdə uşaqların normal şəraitdə böyüməsinə imkan yaratmaq, valdeyinlərə vətənpərvərlik ideologiyası aşılamaq və bu ideologiyanı öz övladlarına tətbiq etmək üçün onları maarifləndirmək olmuşdur. Layihə çərçivəsində risk qruplarını müəyyənləşdirmək üçün 250 nəfər arasında sorğu aparılımış, hədəf qruplarında vətənpərvərlik mövzusunda ümumilikdə 5 təlim keçirilmişdir. Təlimlərdə uşaqların vətənə məhəbbəti, milli-mənəvi dəyərlərə bağlılığı ön plana çəkilmiş, düşmənlərin Azərbaycana vurduğu zərərlər haqqında geniş məlumat verilmişdir. Eyni zamanda riskli ailələrdə tərbiyə alan uşaqların valdeyinlərinə vətən və öz övladları qarşısında məsuliyyət məsələləri geniş şərh edilmiş, uşaq və yeniyetmələrin vətənpərvərlik tərbiyəsində kütləvi tədbirlərin rolu vurğulanmışdır. İcra olunan layihələrin təhlili göstərir ki, QHT-lər və milli donorlar arasında gənclərin vətənpərvər ruhda tərbiyə olunmasına maraq böyükdür və ildən-ilə bu istiqamətdə olan layihələrin sayı artır. Fikrimizcə bu layihələrin daha effektiv olması üçün aşağıda qeyd olunan məqamlar da nəzərə alınmalıdır. Birincisi, qeyri-hökumət təşkilatlarının bu istiqamətdə həyata keçirdiyi layihələrin nəticələrinin ictimai əhəmiyyətinin daha geniş olaraq cəmiyyətə çatdırılması, kütləvi informasiya vasitələrində QHT-lərin bu istiqamətdə fəaliyyətinin işıqlandırılması, reallaşdırılan layihələrin ictimai aktuallığının təmin edilməsi zəruridir. İkincisi, vətənpərvərlik mövzusunda olan layihə və mövzu təkrarçılığının aradan qaldırılması, ictimaiyyətin zəruri tələb və ehtiyaclarının bu layihələrində əks olunması, sosial medianın imkanlarından səmərli olaraq istifadə etmək və s. məsələlərə diqqət yetirilməlidir”.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilmişdir
Olaylar.- 2016.- 26 fevral.- S.15.