Əsgərlərimiz şəhidlərin

intiqamını almağa hazırdırlar

 

Azərbaycan ordusunda xidmət edən əsgərlərin hərbi vətənpərvərlik hissinin artırılması məqsədilə xüsusi tədbirlər həyata keçirilməkdədir. Hərbi mütəxəssislər hesab edirlər ki, tarixi keçmişimizlə bağlı əsgərlərə bilgilərin verilməsi onların döyüş ruhunu artırır, Vətənə sədaqətliyini möhkəmləndirir.

Məhz bu kimi amilləri nəzərə alan Müdafiə Nazirliyi bir sıra silsilə tədbirlərin həyata keçirilməsinə start verib. İlk tədbir Azərbaycan Hərb Tarixi Muzeyində Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunan "Qan yaddaşımız Xocalı" adlı tədbir olub. Tədbirdə Müdafiə Nazirliyinin müxtəlif idarələrinin, xüsusi təyinatlı təhsil müəssisələrinin hərbi qulluqçuları və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Bildirilib ki, Xocalı faciəsi erməni millətçiləri tərəfindən iki yüz ildən çox müddətdə xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə siyasətinin qanlı səhifəsidir. Məhz 24 il əvvəl 1992-ci il fevralın 26-na keçən gecə erməni hərbi birləşmələri, eləcə də Dağlıq Qarabağdakı terrorçu qruplaşmalar keçmiş imperiya ordusunun 366-cı motoatıcı alayı ilə birləşərək Xocalıda kütləvi və amansız soyqırım aktı həyata keçiriblər. Bu misli görünməmiş faciə yalnız Azərbaycan xalqına deyil, bütövlükdə insanlığa və bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfər Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideyinini, 130 uşaq isə valideyinlərindən birini itirib. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaqdı. 1275 Xocalı sakini əsir götürülüb, 150-si isə itkin düşüb.

Anma tədbirində Müdafiə Nazirliyi Sənədli və Tədris Filmləri Kinostudiyası tərəfindən hazırlanan "Xocalı - əsrin faciəsi" adlı sənədli filmin təqdimatı olub. Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadənin, muzeyin ekspozisiya hissəsinin rəisi Şəlalə Hüseynovanın və digərlərin çıxışları dinlənilib. Eyni zamanda, Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Goranboy və Xocalı rayon icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə xocalıların məskunlaşdığı Aşağı Ağcakənd qəsəbəsində Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar "Xocalı yol gözləyir" devizi altında faciə qurbanlarının kütləvi anma mərasimi keçirilib. Relyef etibarı ilə Xocalını xatırladan təpədə Əməkdar incəsənət xadimi polkovnik Abdulla Qurbaninin ssenarirejissorluğu ilə reallaşan teatrlaşdırılmış kütləvi mərasimi yüzlərlə Goranboy və Xocalı sakini, eləcə də bölgədə Vətən torpaqlarının keşiyini çəkən hərbi qulluqçular izləyiblər. Hərbiçilərin və döyüş texnikalarının cəlb edildiyi tədbirdə 24 il əvvəl fevralın 26-na keçən gecə qədim Azərbaycan şəhəri Xocalıda törədilmiş, bəşər tarixində ən dəhşətli qətliyamlardan olan faciədən səhnələr canlandırılıb. Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblı üzvlərinin, Gəncə Dövlət Dram Teatrı aktyorlarının, eləcə də Goranboy rayon Mədəniyyət və Turizm şöbəsi birləşmiş özfəaliyyət kollektivlərinin iştirakı ilə bir-birindən təsirli səhnələr təqdim olunub. Aparıcılar, Abdulla QurbaniXalq artisti Pərvanə Qurbanova faciənin baş vermə səbəbləri, azərbaycanlılara qarşı ermənilərin və onların havadarlarının apardıqları növbəti soyqırımını faktlar və rəqəmlərlə xatırladıblar. Tədbirdə çıxış edən Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi general-mayor Rasim Əliyev, Goranboy rayon icra hakimiyyətinin başçısı Nizaməddin Quliyev rayon ərazisində məskunlaşmış Xocalı sakinlərinə həmişə dayaq olduqlarını, ölkə rəhbərliyinin onlara daim diqqət və qayğı göstərdiyini qeyd ediblər. Bu soyqırımın erməni təcavüzkarları tərəfindən törədilmiş, Azərbaycan xalqının milli faciələrindən və bəşər tarixinin qanlı səhifələrindən biri olduğunu qeyd edən birlik komandiri general-mayor Hikmət Həsənov tədbir iştirakçılarını əmin edib ki, xalqına və dövlətinə arxalanan Azərbaycan əsgəri işğal altında olan torpaqları azad etmək üçün Ali Baş Komandanın hər bir əmrinə hər an hazırdır və qələbə bayrağımız tezliklə işğal altındakı torpaqlarda, eləcə də Xocalıda dalğalanacaqdır. Xocalı rayon icra hakimiyyəti başçısının müavini Vahid Əliyev çıxış edərək xocalılara göstərilən diqqət və qayğıya, dərdlərinə həmişə şərik olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə xocalılar adından minnətdarlığını bildirib.Tədbirin sonunda bölgənin müdafiəçiləri və bütün tədbir iştirakçıları Xocalını azad etmək uğrunda mübarizəyə hazır olduqlarını qeyd ediblər. Həmçinin cəbhə bölgələrindəki hərbi hissələrdən birində keçirilən tədbirdə Xocalı qurbanlarının, eləcə də Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub. Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbani çıxış edərək Xocalı soyqırımını törətməklə erməni millətçilərinin məkrli məqsədlər güddüyünü, onların xalqımızı qorxutmaq, vahimə yaratmaq, onun mübarizə əzmini qırmaq, torpaqların işğalı faktı ilə barışmağa məcbur etmək niyyətində olduqlarını nəzərə çatdırıb. Qeyd edilib ki, hiyləgər və amansız düşmən heçöz məqsədlərinə çata bilməyib. Xocalı müdafiəçiləri qəddar düşmənlə mübarizədə əyilməyərək qəhrəmanlıqla vuruşub, Vətənə sədaqət nümunəsi göstərərək şəhidlik zirvəsinə ucalıblar.

Bu gün qarşımızda duran əsas vəzifə Xocalı soyqırımının qurbanlarını hörmət və ehtiramla yad etmək, bu faciəni dünyaya tanıtmaq, Xocalıya ədalət tələb etməklə yanaşı, işğal altında olan əzəli və əbədi torpaqlarımızı düşmən tapdağından azad etməkdir. Bunun üçün də hər bir əsgər və zabit Vətənə, xalqa, dövlətə sədaqətlə xidmət etməli, ona həvalə edilmiş döyüş texnikalarını və silahları dərindən öyrənməli, işğal altında olan torpaqlarımızın azadlığı naminə müqəddəs savaşa hər an hazır olmalıdır. Zabitlərdən polkovnik-leytenant Musa Teymurovmayor Namiq Cavadov deyiblər ki, düşmənlərimiz hələ də "Böyük Hayastan dövləti" yaratmaq xülyasından əl çəkməyib, torpaqlarımızdan rədd olub getmək istəmir, qan tökməkdən usanmır, beynəlxalq hüquqa məhəl qoymur, dünyanın nüfuzlu təşkilatlarının tələblərini yerinə yetirmirlər. Yenə də hər gün atəşkəs rejimi pozulur, Ermənistan silahlı bölmələri mövqelərimizi intensiv olaraq atəşə tutur, təxribatlar törədirlər. Lakin buna baxmayaraq düşmənə layiqli cavab verilir, şəhidlərimizin intiqamı birə on qat alınır və bundan sonra da alınacaqdır. Hər bir əsgər və zabit zaman-zaman xalqımızın başına gətirilən soyqırım və faciələrdən nəticə çıxararaq hər an Azərbaycanın ərazi bütövlüyünü təmin etmək naminə Ali Baş Komandanın əmrlərinə hazırdırlar. Respublikanın Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyevin rəhbərlik etdiyi Füzuli Dövlət Dram Teatrı aktyorlarının ifasında təqdim edilən "Şəhid şəhər Xocalı" adlı rekviyem-tamaşa şəxsi heyət tərəfindən böyük həyəcanla izlənilib və hər bir Vətən əsgərini Xocalı qurbanlarının qisasını almağa, Azərbaycanın ərazi bütövlüyünü tezliklə təmin etməyə daha da ruhlandırıb. Bu kimi tədbirlərin böyüməkdə olan həslin yaddaşına ciddi iz salacağının nəzərə alan nazirlik orta məktəb şagirdlərinin Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə ekskursiyasını təşkil edib. Belə ki, Bakı şəhəri 257 və 120 nömrəli tam orta məktəblərinin 9-cu və 10-cu sinif şagirdləri üçün söxügedən Ali Hərbi Məktəbə ekskursiya təşkil olunub. Məktəblilər tədris olunan "İbtidai hərbi hazırlıq" fənni üzrə keçirilmiş dərslərinin təkmilləşdirilməsi məqsədilə hərbi məktəbin kafedralarındakı tədris, maddi-texniki və digər hərbi təyinatlı vasitələr ilə yaxından tanış olublar. Burada onlara Azərbaycan Ali Hərbi Məktəbinin fəaliyyəti, hərbi kafedralarda döyüş texnikası, atıcı silahlar, onlardan istifadə qaydaları və s. haqqında məlumat verilib. Sirr deyil ki, belə tanışlıq məktəblilərdə zəngin təəssürat yaradır. Bu arada qeyd edək ki, hərbçiləriməzə diqqət və qayğı, onların hüquqlarının müdafiəsi heç də diqqətdən kənarda qalmır. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Komandanlığı və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Komandanlığı ilə razılaşdırılmış plan-cədvəllərə müvafiq olaraq, Ombudsman Aparatının əməkdaşlarının həmin qurumların səlahiyyətli nümayəndələri ilə birgə hərbi hissələrə başçəkmələri müntəzəm qaydada davam etdirilir. Bu günlərdə Ombudsman Aparatının Hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun müdiri Fəzail Həsənov və həmin sektorun baş məsləhətçisi Adil Hacıyev Hərbi Hava Qüvvələri (HHQ) Komandanının müavini polkovnik Elşad Pənahov və Müdafiə Nazirliyinin Şəxsi Heyətlə İş üzrə Baş İdarəsinin baş zabiti polkovnik-leytenant Emin Səfərovun iştirakı ilə Müdafiə Nazirliyinin HHQ-nin hərbi hissələrinə plan üzrə baxışlar keçirmişlər. Baxışların məqsədi hərbi qulluqçuların məişət şəraiti ilə tanış olmaq, onlarla rəftar və hərbi hissələrdə insan hüquqlarının müdafiəsi vəziyyətinin araşdırılması, mənəvi-döyüş ruhunun gücləndirilməsinə yönəlmiş maarifləndirmə işinin aparılması olmuşdur. Aparatın əməkdaşları tərəfindən hərbi hissələrin bütün obyektlərinə, o cümlədən zabit, gizir və müddətdən artıq xidmətdə olan hərbi qulluqçuların məişət şəraitinə, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının yataqxanalarına, əsgər yeməkxanalarına, tibb məntəqələrinə baxış keçirilmişdir. Hərbi qulluqçulara yaradılmış şərait, onlarla rəftar, qida və müalicə işinin keyfiyyəti, şəxsi heyətlə ideoloji işdə Milli Qəhrəman Mübariz İbrahimova və Xocalı Soyqırımına həsr edilmiş stendlərdən istifadə edilməsi müsbət qiymətləndirilmişdir. Xüsusi olaraq qeyd olunmalıdır ki, hərbi şəhərcikdə zabit, gizir və müddətdən artıq xidmətdə olan hərbi qulluqçular üçün hər birində 50 mənzil və hər mənzil 3 otaqdan ibarət olmaqla 2 beşmərtəbəli yaşayış binası tikilərək istifadəyə verilmiş, üçünçü eyni tipli binada isə tikinti işləri tamamlanmaq üzrədir. Hərbi şəhərcikdə həqiqi xidmətdə olan hərbi qulluqçuların uşaqları üçün 60 yerlikQaranquş” adlı müasir tipli uşaq bağçası və orta məktəb fəaliyyət göstərir. Ombudsman Aparatının əməkdaşları müddətli və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə görüş keçirmiş, insan hüquqlarının qorunması, döyüş hazırlığında nizam-intizamın və hərbi biliklərin vacibliyi ilə əlaqədar apardıqları söhbətlər zamanı xalqımıza qarşı törədilmiş hərbi cinayətlər, o cümlədən Xocalı soyqırımının 24-cü ildönümü ilə bağlı məlumat verilmiş, bu soyqırımı törətmiş erməni təcavüzkarlarının doğma torpaqlardan çıxarılmasına, vətənimizin ərazi bütövlüyünün bərpa edilməsinə daimi hazır olmalarının əhəmiyyəti xüsusi vurğulanmışdır.Tədbirlərin keçirilməsi komandanlıq və şəxsi heyət tərəfindən razılıqla qarşılanmışdır. Onu da xatırladaq ki, ənənəyə uyğun olaraq Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, martın 20-də saat 10.00-da Novruz bayramı münasibətilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün "Açıq qapı" günü təşkil olunacaq. Həmin gün ziyarətçilər, ictimaiyyət, kütləvi informasiya vasitələrinin nümayəndələri hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə yaxından tanış olmaq, xidməti, inzibati binalara, eləcə də əsgər yataqxanaları və yeməkxanalarına baş çəkmək imkanı əldə edəcəklər. Müxtəlif hərbi hissələrdə Silahlı Qüvvələrin bütün rəhbər heyətinin iştirakı ilə keçiriləcək "Açıq qapı" günündə valideynlərlə görüşlər təşkil olunacaq, onları maraqlandıran məsələlərin müzakirəsi aparılacaq, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçiriləcək.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2016.- 27-29 fevral.- S.15.