Cəbhəyanı rayonların gəncləri

vətənpərvər ruhda tərbiyə olunur

 

Cari ilin aprel ayının əvvəllərində erməni təxribatının baş verdiyi istiqamətlərdən biri də Tərtər rayonu idi. İstər döyüşlərin getdiyi 2-5 aprel tarixlərində, istərsə də ondan sonra erməni vandallarının Tərtəri raket qurğularından atəşə tutması nəticəsində rayona külli miqdarda ziyan dəyib, insan tələfatına yol açsa da, lakin qəhrəman və mübariz tərtərlilər heç bir halda düşmənə boyun əyməyib, onu sevindirmədilər. Əksinə daha da mərdlik, şücaət göstərərək ona əməlli göz dağı verdilər. Heç şübhəsiz ki, bu da Tərtərlilərin, xüsusilə onun gənc nəslinin vətənpərvər ruhda tərbiyə olunması, böyüməsi ilə bağlıdır.

 

Günümüzdə də cəbhəyanı rayonların, eləcə də Tərtər gənclərinin vətənpərvər ruhda tərbiyə olunması diqqət mərkəzindədir. Bu məqsədlə müntəzəm olaraq rayonda yerli icra hakimiyyəti, digər qurumlar, eləcə də ayrı-ayrı dövlət təşkilatları, QHT-lər tərəfindən tədbirlər təşkil olunur. Belə tədbirlərdən biri bir müddət əvvəl Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə  Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutub. Belə ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə Tərtər Rayon İcra Hakimiyyəti "Vətənin müdafiəsinə hazıram!" mövzusunda tədbir keçirib. Tədbirdə məqsəd Azərbaycan vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların Azərbaycanın  müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsidir. Yığıncaqda rayon icra hakimiyyətinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin şəxsi heyəti, orta məktəblərin yuxarı sinif şagirdləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri qoymuş, onun xatirəsini yad ediblər. Yığıncaq Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. İştirakçılar  əvvəlcə Qarabağ uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad ediblər. Sonra tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov  son günlər cəbhədə baş verən hadisələrdən və gənclərin yüksək səviyyədə vətənpərvərlik hissləri nümayiş etdirməsindən danışıb: "Tərtərin düşmən üçün həmişə alınmaz qalaya çevrildiyini vurğulayıb. Bildirib ki, tərtərlilər uşaqdan böyüyə vətənin müdafiəsinə hazırdırlar, torpaqlarımızın işğaldan azad olunması üçün Ali Baş Komandanın əmrini gözləyirlər. 1992-94-cü illərdə Qarabağ uğrunda döyüşlərdə iştirak edən yüksək döyüş təcrübəsinə malik veteranlarımız döyüşə getmək istədiklərini bildirirlər. Döyüşlərdə yaralanan əsgərlər "yaramızı tez bağlayın, döyüşə dönək",- deyirlər. Bax, budur vətənpərvərlik. Döyüşə-döyüşə yollarımıza asfalt salırıq, abadlıq-tikinti işləri aparırıq. Bilirik ki, yeni saldığımız yol bizi Ağdərəyə, Kəlbəcərə, Xankəndinə aparıb çıxaracaq. Milli ordumuzun qarşısında məğlub olduğunu görən erməni təxribatçıları yaşayış məntəqələrimizi, mülki insanlarımızı hədəfə alırlar. Ordumuz düşmən təxribatlarına layiqli cavablar verirlər. Qələbə bizimdir. Ali Baş Komandan - ordu - xalq birliyi möhkəmdir. Düşmənə tək döyüşdə deyil, mənəvi cəhətdən də sarsıdıcı zərbələr vururuq".

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini general-mayor Novruzəli Orucov Azərbaycan ordusunun cəbhədə təxribat törətməyə cəhd edən düşmənə layiqli cavab verdiyini bildirib. General-mayor qeyd edib ki, cəbhədə düşmən təxribata cəhd edərkən xalqımız Azərbaycan Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ətrafında sıx birləşərək öz lideri ilə birgə olduğunu bütün dünyaya nümayiş etdirdi. Sonra çıxış edən Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin sədri Emin Həsənli Azərbaycan ordusunun cəbhədə düşmən təxribatına əks hücumla cavab verərək işğal olunmuş kənd və yüksəklikləri azad etməsindən, xarici ölkələrin bu məsələdə Azərbaycana tam dəstək verməsindən danışıblar. Tədbirdə şəhid ailələrinin, veteranların nümayəndəsi, çağırışaqədərki hazırlıq rəhbəri, eləcə də "Çağırışaqədərki hazırlıq" fənnində yüksək nailiyyət göstərən şagird mükafatlandırılıb. Tədbirin bədii hissəsində vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı vətənpərvərlik mövzusunda tərtib edilmiş proqramla çıxış etmiş, rayon mədəniyyət evinin hazırladığı "Vətənin müdafiəsinə hazıram!" adlı ədəbi-bədii kompozisiya göstərilib. Şəmistan Əlizamanlının ifa etdiyi "İgid əsgər, möhkəm dayan" mahnısı tərtərlilər tərəfindən böyük coşqu ilə qarşılanıb.

Rayonda gənclərin vətənpərvər ruhda tərbiyəsinə xidmət edən daha bir tədbir Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə baş tutub. Belə ki, Tərtər şəhər Gənclər Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "İnnovativ Gənclər" İctimai Birliyi tərəfindən icra edilən "İntellektlər diyarı - Qarabağ" layihəsi çərçivəsində intellektual oyun üzrə rayonun seçim turu keçirilib. Tədbirdə layihə rəhbəri, "İnnovativ Gənclər" İctimai Birliyinin sədri Raul Əhmədov çıxış edərək, ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasətindən danışaraq layihə haqqında ətraflı məlumat verib. Qeyd edib ki, layihənin məqsədi region gəncləri arasında intellektual oyunların populyarlaşdırılması yolu ilə vətənpərvərlik ruhunun daha da yüksəldilməsinə dəstək olmaqdır. Tərtər Rayon İcra Hakimiyyətinin nümayəndəsi Tunarə Məmmədzadə çıxışında gənclərin vətənpərvərlik hisslərinin daha da gücləndirilməsi, onların asudə vaxtlarının səmərəli təşkil edilməsi və intellektual səviyyəsinin yüksəldilməsi baxımından layihənin əhəmiyyətini yüksək qiymətləndirdiyini bildirib. Tədbir rayonun ümumtəhsil məktəblərinin 8 komandasının iştirakı ilə "Nə? Harada? Nə zaman?" formatında intellektual turnirlə davam etmişdir. Gərgin mübarizə şəraitində keçən turnirdə şəhər 6 saylı tam orta məktəbin "Talış" və Sarov kənd tam orta məktəbin "Land of Fire" komandaları daha yaxşı nəticə göstərərək Beyləqan rayonunda 5 rayon arasında keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar.

Bu günlərdə isə Tərtərdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən yeni tikilən növbəti hərbi hissənin açılışı olub. Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə bölgəsində yeni inşa edilən hərbi şəhərciyin ərazisindəki qərargah, əsgər yataqxanaları, yeməkxana, qazanxana-camaşırxana kompleksi, ərzaq anbarı, tibb məntəqəsi, sıra meydanı və digər obyektlər ilə tanış olub. Şəxsi heyət qarşısında çıxış edən Müdafiə naziri general-polkovnik Zakir Həsənov bildirib: "Bu günlərdə Silahlı Qüvvələrin Ali Baş Komandanı hərbçilər üçün əhəmiyyətli olan iki mühüm obyektin açılışını etdi. Bu günbiz növbəti hərbi hissənin açılışını ediririk. Bütün bunlar Ali Baş Komandanın Silahlı Qüvvələrdə həyata keçirdiyi islahatların bariz nümunəsidir. Ali Baş Komandan bütün istiqamətlərdə islahatlar həyata keçirirbiz artıq bu islahatların nəticələrini görürük. Ordunun silahlanmasına ən müasir, aparıcı dövlətlərin istehsalı olan yeni silahlar, sursatlar, avadanlıq və texnikalar qəbul edilir. Silahlı Qüvvələrin sosial bazası möhkəmlənir, şəxsi heyət üçün yeni şəhərciklər istifadəyə verilir. Onlara xidməti yüksək səviyyədə təşkil etmək üçün bütün şərait yaradılır. Artıq bu il bir neçə hərbi hissənin açılışını həyata keçirmişik. Bunların hamısı torpaqlarımızn işğaldan azad ediməsi vəzifəsinin yerinə yetirilməsi üçün Silahlı Qüvvələrin döyüş hazırlığının yüksək səviyyədə olması məqsədilə görülən işlərdir. Aprel döyüşləri zamanı torpaqlarımızın bir qisminin işğaldan azad edilməsində biz Silahlı Qüvvələrimizin döyüş ruhunu, döyüş qabiliyyətini və gücünü gördük. Cənab Ali Baş Komandan, biz imkan verməyəcəyik ki, bizim torpağımızda ikinci erməni dövləti yaransın fikrini dəfələrlə vurğulayıb. BizPrezidentin və Azərbaycan xalqının etimadını doğrultmaq üçün əlimizdən gələni edib torpaqları işğaldan qısa bir müddətdə azad edəcəyik". Şəxsi heyət təntənəli marşla tribunanın önündən keçdikdən sonra Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçularla birlikdə nahar edib. Nazir hərbi hissədə çalışan mülki işçilərlə görüşərək şəxsi heyətin təminatı ilə bağlı müvafiq göstəriş və tövsiyələrini verib.

Bu günlərdə həmçinin Tərtər şəhərində,  Heydər Əliyev adına parkda Tərtər Rayon İcra Hakimiyyəti və Gənclər və İdman idarəsi tərəfindən   aprel ayında Qarabağ torpaqları uğurunda gedən döyüşlərdə həlak olmuş bütün şəhidlərimizin əziz xatirəsinə  həsr olunmuş Kikboksinq idman növü üzrə açıq zona birinciliyi keçirilib.  Əvvəlcə Gənclər və idman idarəsinin əməkdaşı iştirakçıları və qonaqları salamlayıb, aprel ayında gedən döyüşlərdən danışmış, sonra yarışı açıq elan edərək yarış iştirakçılarına uğurlar arzulayıb. Yarışda Tərtər, Gəncə,  Goranboy, Mingəçevir, Şəmkir, Samux, Ağabədi, Bərdə, Yevlax, Tovuz,Lənkəran Ağdam rayonlarında ümumilikdə, 168  idimançı öz qüvvəsini sınayıb.  Yarışın sonunda qalib komandalar və idmançılar Tərtər rayon Gənclər və İdman İdarəsi tərəfindən kubokdiplomlarla təltif ediliblər.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2016.- 5 iyul.- S.15.