Ordu quruculuğuna olan xüsusi diqqət gənclərin

vətənpərvərlik hisslərini artırır

 

Bir millətin xoşbəxt gələcəyi onun yetişməkdə olan gəncliyindən çox asılıdır. Ona görə də gəncliyin sağlam ruhda böyüməsi, onun düzgün formada tərbiyə olunması hər zaman diqqət mərkəzində olan məsələlərdəndir. Xüsusilə gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi, onların vətənpərvərlik ruhunda tərbiyəsi bu sırada ön planda dayanır.

Azərbaycan tarixində ikinci dəfə müstəqillik əldə etdikdən sonra bütün sahələr kimi gənclər sahəsində də nəzərə çarpacaq dəyişikliklər baş verdi. Xüsusilə, ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyun ayında ikinci dəfə hakimiyyətə qayıdışı və xalqın böyük əksəriyyətinin səsini qazanaraq Azərbaycan Prezidenti seçilməsindən sonra gənclər sahəsində bir intibah dövrü başladı. Əslində gənclərlə düzgün metodu, onların Vətənə, dövlətə məhbəbət hissində böyüdülməsi prosesinin əsası Heydər Əliyevin 1969-82-ci illərdə hakimiyyət olduğu illərdə qoyulmuşdu. Həm 70-80-cı illərdə. həm də 90-cı illərdə ümummilli liderin bu sahəyə göstərdiyi diqqət və qayğı gənclərin vətənpərvər ruhda böyüməsinə öz müsbət təsirini göstərdi. Heydər Əliyevin gördüyü ən qiymətli milli hərbi kadrların hazırlanması oldu. Heydər Əliyev hələ o zaman uzaqgörənliklə dəqiq bilirdi ki, Azərbaycan tezliklə öz müstəqilliyini elan edəcək. Bu zaman isə dövlətimizin ərazi bütövlüyü uğrunda canından keçməyə hər an hazır olan, Vətənimizin sərhədlərini göz bəbəyi kimi qoruyan hərbiçilər lazımdır. Bu isə ilk növbədə milli-hərbi kadrlar hazırlayan tədris mərkəzlərinin formalaşdırılmasından, bu məktəbə xalqımızın sülhsevərliyindən irəli gələrək həmin dövrə qədər hərbi təhsilə o qədər də böyük maraq göstərməyən azərbaycanlı balalarının cəlb edilməsindən keçirdi. Bakıda Cəmşid Naxçıvanski adına hərbi təmayüllü orta internat məktəbi bu minvalla yaradıldı. 1971-ci ildə Kremlin bütün maneələrinə baxmayaraq Bakıda belə bir hərbi təhsil müəssisəsinin əsasının qoyulması, milli hərbi kadrların yetişdirilməsi işini Heydər Əliyev strateji əhəmiyyətli vəzifələrdən olduğunu göstərdi. Təsadüfi deyildir ki, ümummilli lider Heydər Əliyev Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılmasının 30 illiyi ilə bağlı mərasimdə bu fikirləri demişdi: "Beləliklə bu məktəbi yaratdıq, böyütdük. Ancaq o illərdə mənim beynimndə dolaşan fikir təkcə o deyildi ki, bizim gənclər nə üçün orduda zabit vəzifəsində işləmirlər. Bunun o biri tərəfi də var. Demək, mən düşünürdüm ki, bizim xalqımızın gələcəyi, nə vaxt da olsa, müstəqil olacaqdır. Məhz ona görə də, bizim bu günümüzə görə də, müstəqillik dövrümüzə görə də mən bu məktəbi yaratdım, yaşatdım, böyütdüm".

Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması Azərbaycan övladlarının bu məktəbə axınına, respublikamızda hərbi vətənpərvərlik tərbiyəsinin genişlənməsinə, hərb işinə marağın artmasına ciddi təkan oldu. İllər ötdü, bu məktəbin müdavimləri Azərbaycanın müstəqilliyinin dayaqlarına çevrildi. Bu hərbi məktəbin məzunu olmuş zabitlər ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi ordu quruculuğu prosesinin əsas iştirakçısına çevrildilər. Dağlıq Qarabağ savaşında son damla qanlarına qədər döyüşüb şücaət göstərən Azərbaycan döyüşçülərinin qəhrəmanlıqlarını izlədikcə vətən üçün bu cür döyüşçülər yetişdirmiş Heydər Əliyev zəkasının qüdrətinə bir daha heyran qalınır.

Gənc nəslə diqqət və qayğının göstərilməsi, onların vətənpərvər ruhda böyüyüb tərbiyə olunması Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyev tərəfindən də diqqət mərkəzində saxlanılır. Ali Baş Komandan, cənab Prezidentin bu sahədə atmış olduğu addımlar gənclərdə vətənpərvərlik hisslərini daha da artırır, onlarda Vətənə, dövlətə, millətə məhəbbət hissi yaradır.

Son illərdə ölkənin bütün strateji əhəmiyyətli sahələrində  dinamik inkişafa yol açan ardıcıl və sistemli islahatlar həyata keçirən Azərbaycan Prezidenti ordu quruculuğuna da xüsusi diqqətlə yanaşır. Milli ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatın yaxşılaşdırılması, o cümlədən hərbi qulluqçuların sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi bu siyasətin prioritet istiqamətləri kimi diqqəti çəkir. Ermənistan təcavüzü ilə üzləşmiş Azərbaycanda yüksək döyüş qabiliyyətli, hərtərəfli təchiz olunmuş ordunun formalaşdırılması istiqamətində atılan addımlar son illərdə daha da intensivləşib. Həyata keçirilən uğurlu islahatlar nəticəsində respublikamızın iqtisadi qüdrətinin ildən-ilə güclənməsi Prezident İlham Əliyevə bu sahədə ardıcıl tədbirlər həyata keçirməyə, hərbi xərcləri durmadan artırmağa imkan verir. Dövlət başçısı İlham Əliyev ölkəmizdə hərbi potensialın daha da gücləndirilməsi, bu prosesdə qabaqcıl dövlətlərin təcrübəsinə istinad olunması kimi mühüm məsələləri diqqət mərkəzində saxlayır.  Milli orduya dövlət büdcəsindən ayrılan vəsaitlərin həcmi ildən-ilə artırılır və bu da paralel olaraq maddi-texniki təminatın, döyüş əhval-ruhiyyəsinin, nizam-intizamın güclənməsinə səbəb olur. İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin mümkün olmayacağı təqdirdə xalqın öz torpaqlarını azad etmək üçün silaha sarılacağını gizlətmir və Silahlı Qüvvələrin buna tam qadir olduğunu bəyan edir. Onlarla hərbi hissədə olan Azərbaycanan Prezidenti ordunun qarşısında hələ mühüm vəzifələrin dayandığını bildirir: "Orduya ayrılan xərclər hər il artır. Büdcədə nəzərdə tutulan xərclər artır. Bundan sonra da orduya ayrılacaq vəsaitlər artacaqdır.  Bizim ordumuz istənilən vaxtda torpaqlarımızı düşməndən azad etməyə qadirdir. Amma istəyirik ki, ordumuz daha güclü olsun. Orduda xidmət edən zabitlərin, əsgərlərin şəraiti daha yaxşı olsun. Siz görürsünüz ki, mənim fəaliyyətimiin əsas istiqamətlərindən biriordunu gücləndirməkdən, onun maddi-texniki bazasını möhkəmləndirməkdən ibarətdir. Biz güclü orduya malikik. Amma hər gün, hər an bu istiqamətdə daha böyük addımlar atmalıyıq. Mən şübhə etmirəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Şübhə etmirəm ki, biz torpaqlarımızı azad edəcəyik. Amma, əlbəttə biz istərdik ki, bu, sülh yolu ilə olsun". Ali Baş Komandanın bu fikirləri heç şübhəsiz ki, gənclər arasında vətənpərvərlik hisslərini daha da artırır və onlarda Vətən uğurunda mübarizlik əzmini yüksəldir.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ordu hissələrində şəxsi heyətlə müntəzəm olaraq  keçirdiyi görüşlərin nəticəsi zaman keçdikcə Silahlı Qüvvələrin əzmkarlığının artmasında özünü büruzə verir. Dövlət başçısının hərbi hissələrdəki vəziyyətlə. əsgər və zabitlərin problemləri, qayğıları ilə maraqlanması, hərbi təhsil sisteminin müasirləşməsinə və hərbi biliklərin tədrisinin yüksəlməsinə böyük diqqət yetirməsinin səmərəsi ordunun bugünkü səviyyəyə yüksəlməsində təzahür edir. Ali Baş Komandan hərbi kadr hazırlığına xüsusi diqqətlə yanaşılmasını vacib sayır və müntəzəm olaraq ayrı-ayrı hərbi təhsil müəssisələrinə baş çəkir. Prezident İlham Əliyev Azərbaycan Ali Hərbi Məktəbində, Hərbi Akademiyada, Cəmşid Naxçıvanski adına hərbi liseydə və onun Naxçıvan Muxtar Respublikasındakı filialında olub, hərbi təhsilin səviyyəsi ilə maraqlanıb. Ali Baş Komandan bölgələrə səfərləri zamanı da müntəzəm olaraq hərbi hissələrə baş çəkir, əsgər və zabitlərlə görüşür, onların şəraiti ilə yaxından maraqlanır. Dəfələrlə Bərdə, Ağdam və Tərtər rayonlarında səfərdə olan Ali Baş Komandan,  Prezident İlham Əliyev düşmənlə üz-üzə dayanmış N saylı hərbi hissəyə getməklə əsgər və zabitlərimizin döyüş və mübarizə əhval-ruhiyyəsinin daha da qaldırılmasına yönəlmiş uğurlu jestlər edib. Prezident İlham Əliyev cəbhə bölgəsində, səngərdə vətənin keşiyində dayanan əsgər və zabitlərimizə baş çəkmiş, onların hərbi xidmət şəraiti ilə maraqlanmış, cihazlar vasitəsilə düşmənin üzbəüz mövqelərini müşahidə etmişdir. Ali Baş Komandan İlham Əliyev hərbi xidmətdə fərqləndiklərinə görə təltif olunmuş qulluqçulara elə səngərdəcə medallarqol saatları təqdim etmişdir. İlham Əliyevin Ali Baş Komandan kimi hərbi geyimdə düşmənlə üzbəüz mövqelərə getməsi, hərbiçilərlə səmimi görüşməsi və söhbətləşməsi özündə olduqca ciddi psixoloji-siyasi çalarları ehtiva edir. Bu əslində Azərbaycanın heç zaman ərazi itgisiylə barışmayacağı ilə bağlı bütün dünyaya verilən növbəti mesajdır.

Heç şübhəsiz ki, dövlət başçısının bu addımı Silahlı Qüvvələrdə bir ruh yüksəkliyi yaradır, onların döyüş əzmkarlığını artırır. Ali Baş Komandanın bu addımları paralel olaraq ölkə gəncləri arasında da vətənpərvərlik hisslərini artırır, onlarda olan Vətən, millət, dövlət sevgisini daha da yüksəldir.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2016.- 6-8 iyul.- S.12.