Milli Ordumuzun aprel sınağı

 

Yeni qəhrəmanlıq salnaməsi yarandı

 

Məkirli və hiyləgər əməlləri ilə Azərbaycanı daim təxribatlara sürükləməyə cəhd edən Ermənistan cari ilin aprel ayında da öz ənənəsinə sadiq qaldı. Belə ki, 2016-cı ilin 2 aprel tarixində səhər erkən saatlardan başlayaraq Ermənistan münaqişə zonasında hərbi fəaliyyətini intensivləşdirərək, mülki əhaliyə qarşı müharibə və bəşəriyyət əleyhinə cinayətlərə bərabər tutulan çoxsaylı aktlar törətdi. Bu müddət ərzində Ermənistan tərəfi təmas xətti boyunca sıx məskunlaşmış ərazilərdə yaşayan, aralarında qadınlar, uşaqlar və ahılların da olduğu qeyri-döyüşçü mülki əhaliyə qarşı qəsdən, sistematik və hədəflənən hücumlar etdi. Nəticədə 32 yaşayış məntəqəsinin bombalanması nəticəsində aralarında 16 yaşdan kiçik 2 uşaq olmaqla 6 mülki şəxs həlak oldu, 26 şəxs ağır yaralandı.

Hücumlar nəticəsində həmçinin çoxsaylı ictimai və şəxsi mülkiyyətə, o cümlədən mülki infrastrukturlara ciddi ziyan dəydi. 232 fərdi yaşayış evi, 99 elektrik dirəyi, 3 elektrik yarımstansiyası, kilometrlərlə suqaz boruları dağıdıldı. Məktəblər, xəstəxanalar və ibadət yerləri də daxil olmaqla sosial müəssisələrə Ermənistan silahlı qüvvələri tərəfindən idarə olunan raket zərbələri endirildi. Bütün beynəlxalq humanitar qanunları ayaq altına atan Ermənistan silahlı qüvvələri hücum hərəkətləri zamanı qəsdən Azərbaycanın mülki əhalisini və mülki obyektlərini ağır artilleriyairi çaplı silahlardan atəşə tutmaqla bərabər, ağ fosfor kimi kimyəvi tərkibə malik olan mərmilərdən də istifadə etdi. Lakin bu təxribatçı hərəkətlər Azərbaycan Ordusunu qətiyyən sarsıtmadı,əksinə Ermənistanın təxribatlarına əks-hücum zərbələri ilə cavab verən Azərbaycan Ordusu 2000 hektardan çox torpağı işğalçılardan azad etdi. Ağdərə - keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati ərazisi, Füzuli və Cəbrayıl rayonlarında 2 min hektardan çox ərazi işğalçılardan azad edildi. Hazırda bu ərazilərə Azərbaycan Ordusu nəzarət edir.

 

Ordumuz aprel sınağından qalib çıxdı

 

Aprel döyüşlərindən alnı açıq, üzü çıxan Silahlı Qüvvələrimiz bir daha sübut etdi ki, bu gün Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında ordumuz daha da inkişaf edirgüclü ordulardan birinə çevrilir, çoxlu sayda gənc peşəkar kadrlarımız yetişir. Apreldə baş verən hadisələr zamanı düşmən də, dünya da ordumuzun artan gücünü gördü. Aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan Cənubi Qafqazın ən güclü ordusuna malikdir. Azərbaycan Ordusu silah-sursat təchizatı baxımından postsovet ölkələri arasında öndədir. Azərbaycan həm müasir texnikasilahlara malikdir, həm də öz istehsalı ilə ordusunu müxtəlif silahlarla təmin edir. Şəhidlərimiz isə bütün dünyaya sübut etdilər ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Silhalı Qüvvələr Ali Baş Komandan başda olmaqla öz müqəddəs borcunu yerinə yetirməyə qadirdir. Bu yerdə Ulu öndər Heydər Əliyevin sözlərini təkrar etmək yerinə düşərdi: "Azərbaycan Ordusunun hər bir əsgəri, hər bir zabiti bilməlidir ki, Azərbaycanın ərazi bütövlüyü nəyin bahasına olursa olsun bərpa olunmalıdır". Fakt odur ki, bu gün Ali Baş Komandanın rəhbərliyi ilə Silahlı Qüvvələrdə yüksək ruh var. Silahlı Qüvvələr Azərbaycan xalqının etimadını doğruldur. Bu isə qətyyətlə deməyə əminlik yaradır ki, şəhidlərin qisası alınacaq və torpaqlarımız işğaldan azad olunacaq. Milli məclisin vitse-spikeri Bahar Muradova bildirib ki, aprelin əvvələrində baş verən döyüşlər zamanı Ermənistan tərəfinin uzun illərdir yaratdığı fikirlər sarsıldı: "Düşmən ölkənin daxilində ziddiyətli, eləcə də Ermənistan hakimiyyəti üçün arzuolunmaz proseslər getməyə başladı. O cümlədən Dağlıq Qarabağda müharibənin lazım olmadığı ilə əlaqədar fikirlər səsləndirildi. Erməni əsilli nümayəndələrin müxtəlif fikirləri, bəyanatları səslənməkdədir. Bu onu göstərir ki, onların da artıq bir qismi vəziyyətdən yorulub və münaqişənin həllini istəyir. Hesab edirəm ki, aprel hadisələri zamanı biz dünyaya göstərdik ki, ölkəmiz bu vəziyyətlə barışmayacaq, dözümlülük nümayiş etdirməyəcək. Ermənilərin provakasiyaları qarşısında siyasi və digər addımlar atılacaq. Azərbaycan ordusunun regionda ən güclü ordu olmasına heç kimin şübhəsi qalmadı. Əsas da Azərbaycan vətəndaşlarının öz ordusuna, Ali Baş Komandana, ölkəmizin tezliklə münaqişənin həll edəcəyinə inamı daha da möhkəmləndi. Bu inamla biz həmin dövrlərdə ordu-xalq, xalq-Ali Baş Komandan birliyinin şahidi olduq. Bunu Ermənistan, eləcə də onları dəstəkləyən qüvvələr də gördü. Qətiyyətli mövqe vadar edir ki, biz bu mövqeni sona qədər aparmaqla Azərbaycan Prezidentinin siyasətinə dəstək verək".

 

Vətənpərvərliyin Qarabağ vəhdəti

 

Etiraf edək ki, aprel ayında Azərbaycan Ordusu erməni təxribatının qarşısını qətiyyətlə aldıqdan sonra ölkədə çox böyük vətənpərvərlik əhval-ruhiyyəsi yarandı. Bütün Azərbaycan cəmiyyəti ordumuzun yanında olduğunu nümayiş etdirdi. Məlum oldu ki, cəmiyyətin bütün üzvləri Silahlı Qüvvələrimizin könüllü əsgəridir və Vətən üçün canından keçməyə hazırdır. "Şəhidlər ölməz, Vətən bölünməz" şüarı ilə insanlar küçələrə çıxaraq, torpaqlarımızın azadlğı uğrunda hər han döyüşə atılmağa hazır olduqlarını bəyan etdilər. Eləcə də dünyanın dörd bir yanından ölkə başçısı, Azərbaycan Respublikasının Ali Baş Komandanı Cənab İlham Əliyevə dəstək məktubları ünvanlandı. Aprel hadisələri dünyada mövcud olan 50 milyondan çox Azərbaycan türklərinə və Türk dünyasına mesaj oldu ki, 25 illik müstəqillik təcrübəsi olan Azərbaycan ordusunun böyük döyüş bacarıqları var. Azərbaycan ordusunun psixoloji vəziyyəti yüksək səviyyədədir. Dağlıq Qarabağdakı işğal olunmuş ərazilərimizdə təcavüzkar Ermənistanın çirkin niyyətli təxribat cəhdlərinin qarşısının şanlı silahlı qüvvələrimiz tərəfindən qətiyyətlə alınması, düşmənə sarsıdıcı zərbələr endirərək, onun böyük sayda canlı qüvvəsini, çoxsaylı texnikasını sıradan çıxarması, stareteji əhəmiyyətə malik yüksəklikləri işşğaldan azad edib, mövqelərini möhkəmləndirməsi bütün dünyada yaşayan azərbaycanlılarda tükənməz qürur hissləri oyatdı. Nəticədə Prezident, Ali Baş Komandan İlham Əliyevə məktublar ünvanlanmağa başladı. Məktublar birinci Qarabağ müharibəsi veteranları, gənclər, hətta qadınlar tərəfindən yazıldı və onların hər biri Vətənimizin bütövlüyü uğrunda hər an canlarından keçməyə, bu yolda Ali Baş Komandanla bir yerdə olmağa hazır olduqlarını vurğuladılar. O cümlədən, xarici ölkələrdə yaşayan soydaşlarımız da cəbhədə işğal altında qalan ərazilərimizin bir hissəsinin silahlı qüvvələrimizin nəzarəti altında keçməsindən fərəhlənərək Ali Baş Komandana yüzlərlə məktub ünvanladılar. Ünvanlanan məktublar Azərbaycanın bütün bölgələrindən, eyni zamanda qardaş Türkiyədən, İraqdan, Rusiyadan, Belorusdan, Ukraynadan, Litvadan, Almaniyadan yazılıb və bu məktublardakı mənaların hər biri eyni faktora əsaslanıb - CƏNAB PREZİDENT, SİZİNLƏYİK!!! Millət vəkil Siyavuş Novruzovun sözlərinə görə, aprel hadisələri bir daha göstərdi ki, xalq Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasəti dəstəkləyir: "Hamı Prezident, Ali Baş Komandan ətrafında birləşdi. Bir neçə təşkilatı çıxmaqla bütövlükdə Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar, qeyri-hökumət təşkilatları, mətbuat orqanları, xalq həmrəy oldu və düşmən tərəfi də bu birliyi, həmrəyliyi gördü, Azərbaycan haqqında yayılan yalan məlumatlar ifşa olundu. Eyni zamada bu hadisələr Ermənistanın başqa-başqa dövlətlərdən asılı olduğunu nümayiş etdirdi". Deputat deyib ki, bu hadisələr zamanı əksər xarici dövlətlər və beynəlxalq təşkilatların Azərbaycana dəstək nümayiş etdirməsi ordumuz və dövlətimizin beynəlxalq imiciinin artmasından xəbər verir.

 

Hərbçilərimizin qəhrəmanlıq salnaməsi

 

Aprel qəhrəmanları Azərbaycan gəncləri üçün əsil vətənpərvərlik nümunəsinə çevriliblər. Artıq şəhidlərimizin göstərdikləri qəhrəmanlıqlar dillər əzbəri olub. Çünki, aprel hadisələrində şəhid olan insanlar müstəqil Azərbaycan dövlətinin hərbi tarixində dönüş yaratdılar. Bu qəhrəmanlardan biri də qəhrəmancasına şəhid olan Murad Mirzəyevdir. Milli Qəhrəman Murad Mirzəyev 1976-cı ildə Sabirabad rayonunun Muğan Gəncəli kəndində anadan olub. 1998-ci ildə Türkiyədə Ali Hərbi Məktəbi bitirib. ABŞ, Türkiyə, Rumuniya, İordaniyaAvropa ölkələrinin ən güclü xüsusi təyinatlılar hazırlayan çətin kurslarını müvəffəqiyyətlə başa vurub. Kifayət qədər hərbi təcrübə toplayan Murad Mirzəyev sıravi hərbçidən polkovnik-leytenanta rütbəsiə qədər yol keçib. Peşəkar hərbçi olaraq "Qüsursuz xidmətə görə" medal, "Hərbi xidmətdə fərqlənməyə görə" medal, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yubiley medalları, "Qızıl Ulduz" medalı, Polkovnik-leytenant, Xüsusi Təyinatlı Qüvvələrin zabiti, ən nəhayət Azərbaycanın Milli Qəhrəmanı kimi şərəfli adlara layiq görülüb. Həmçinin, Türkiyədə 600 nəfər arasında ən yüksək göstəriciyə nail olub, Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl tərəfindən "Qılınc" mükafatı ilə təltif olunub. Dördgünlük aprel müharibəsində isə Şəhidlik zirvəsinə yüksəlib. Daha dəqiq, aprel əməliyyatını hazırlayan xüsusi təyinatlı Murad Mirzəyev öz əsgərlərini canı bahasına xilas edərək, şəhid olub. Zabitin cəsədi 10 aprel 2016-cı ildə Beynəlxalq Qırmızı Xaçın vasitəçiliyi ilə Azərbaycan tərəfə təhvil verilib. 2 övlad atası olan Murad Mirzəyev 11 aprel 2016-cı ildə Bakıdakı II Fəxri Xiyabanda dəfn olunub. Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2016-cı il tarixli Sərəncamı ilə Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı Murad Telman oğlu Mirzəyev ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Xatırladaq ki, M. Mirzəyevin babaları 1948-1953-cü illərdə ermənilər tərəfindən Qərbi Azərbaycandan deportasiya olunub. Muradın babası Fərzalı kişi Sovet dövründə öz doğma yurd-yuvasından məcburi şəkildə köçürülüb. Bu isə o deməkdir ki, Murad Mirzəyev hələ uşaq yaşlarından erməni haqsızlığı ilə üzləşib. Onun ən çox əziyyətini çəkən zəhmətkeş valideynləri olub. İndi onun valideynləri cəmiyyətdə ən yüksək və başıuca insanlardır. Bu nümunə bütün valideyinlərə örnək olmalıdır ki, müharibəyə hazır olmaq üçün Murad Mirzəyev kimi peşəkar və yüksək vətənpərvərlik ruhunda zabitlərimiz olmalıdır. Onu da xatırladaq ki, Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan İlham Əliyev əmin edib ki, Azərbaycan istənilən təxribatın qarşısını almağa hazırdır: "İistənilən təxribatın qarşısı layiqincə alınacaq, torpaqlarımız işğaldan azad olunacaq. Bu gün biz güclü ordumuzla fəxr edirik. Eşq olsun, Azərbaycan Ordusuna! Yaşasın, Azərbaycan!"

 

Alim Hüseynli

 

"Bu yazı "Qarabağ: Aprel döyüşü mediaya nələri öyrətdi?" mövzusunda müsabiqəyə təqdim olunur"

 

Olaylar.- 2016.- 14 iyul.- S.10.