Gənclərimiz kifayət

qədər vətənpərvərdir

 

Azərbaycan xalqı gələcəyımiz olan gənc nəslin vətənə məhəbbət, xalqa elinə və obasına hörmət, soykökünə, öz ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşmış və ona həyatı əhəmiyyətli məsələ kimi baxmışdır. Bu bir həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlık hissi yaradır, apardığı mübarizədə onda inam hissini gücləndirir. Vətənpərvərlik qəhrəmanlığın əsasını qoyan amildir. Biz şanlı tariximizlə, əfsanəvi qəhrəmanlarımızla həmişə fəxr edirik.

Azərbaycan xalqı qəhrəman xalqdır və bu xalq öz vətənini göz bəbəyi kimi qorumağa hazır olan mətin gənclər yetişdirib. Yaxın keçmişin acı təcrübəsi bir də onu sübut etdi ki, müstəmləkə siyasətinə xidmət edən , əslində Azərbaycan xalqına müsibətlər gətirən beynəlmiləlçılık tərbiyəsi sən demə genosid planının və antitürk siyasətinin tərkib hissəsiymiş.  Gənclərdə hərbi-vətənpərvərlik tərbiyəsini o zaman daha yaxşı aşılamaq mümükündür ki, orta məktəbin X-XI siniflərində oxuyan şagirdlərə və alı məktəbdə təhsil alan tələbə-gənclərə ayrı-ayrı fənləri və ixtisas kurslarını tədris edərkən hərbi məzmunlu biliklər də verilsin.  Bəs bunun üçün nə etmək lazımdır?

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadə deyir ki, hər bir gəncin vətənpərvər ruhunda tərbiyə alması ilk növbədə ailədən başlamalıdır: "Nəzərə alaq ki, Azərbaycanda ailə institutu yüksək dəyərlər meyarında qurulub. Gənclərin tərbiyəsi Azərbaycan ailəsində İslam və milli ruhun sintezində yüksək səviyyədə əks olunur. İslam dinindən bizlərə əxz olunan muqəddəs əməllərdən biri də vətənin azadlığıdır. Bu yolda qanından və canından keçməyə hazır olan minlərlə gənclərimiz var. Milli mənəvi dəyərlərə bağlılıq vətənin bütövlüyü hər bir gəncin qarşısında duran amaldır. Bu gün gənclərimizin vətənpərvərliyi yüksək səviyyədədir. Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti nəticəsində baş verən müharibədə gənclərimiz ön səfdə olub, vətənimizin suverenliyi uğrunda düşmənlə mübarizədə qəhrəmanlıqlar edib və torpağımız uğrunda şəhid olublar. Bu gün Ermənistanla müharibə şəraitindəyik, düşmənlə təmas xəttində gənclərimiz hərbi vətənpərvərliyin bariz nümunəsi olaraq düşmənin bütün həmlələrini dəf edirlər və sarsıdıcı zərbələr endirirlər. Torpaqlarımızın 20 faizi düşmən tapadağındadır və bu torpaqlarımızı azad etmək hər bir gəncimizin müqəddəs borcudur. Gənclərimiz kifayət qədər vətənpərvərdir, mətindir, dözümlüdür və mübarizdir. Mübariz İbrahimov, Fərid Əhmədov, Ramil Səfərov və digər qəhrəmanlarımız gəncliyimizin iftixar hissi və idealıdır. Onların vətənpərvər olmaları bu yolda qəhrəmanlığa qədər ucaldıb və yetişən Azərbaycanın gənc nəsli üçün böyük vətənpərvərlik məktəbi qurublar. Azərbaycan gənci Şah İsmayıl, Babək, Cavad xan kimi tarixi qəhrəmanlarımızı daima oxuyur və vətənpərvərlik sahəsində şücaətli tərbiyə alırlar". Məhəmməd Əsədullazadə bildirib ki, dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı peşəkar kadrların yetişdirilməsindən, gənclərin cəmiyyətin bütün sferalarında iştirakından, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır: "Gənclərin potensialından düzgün istifadə, bu istiqamətdə siyasətin doğru qurulması heç şübhəsiz ki, həmin dövlətin gələcəyinin sığortasıdır. Gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx əlaqədədir. Onun qlobal rəqabətə davamlılığının, milli təhlükəsizliyinin vacib şərtlərindəndir. Daha lakonik ifadə etsək, gənclərə münasibət həmin dövlətin gələcəyinə münasibətidir. Məhz bu reallığı nəzərə alaraq Azərbaycanın dövlət siyasətində gənclərlə iş prioritet sahələrdən biri kimi diqqətə alınmalıdır. Bu gün Azərbaycan gənclərinin ictimai-siyasi, sosial-mədəni və digər sahələrdə aktiv iştirak etməsi, hərbi vətənpərvərlik ruhunda tərbiyə alması mütləqdi. Gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan verməli, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynamalıdır  Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsi olmalıdır və bu istiqamətdə islahatların həyata keçirilməsi zəruridir. Hesab edirəm, bu istiqamətdə müəyyən işlər görülüb və bundan artıq görülməsi gəncliyin milli şürunun inkişafına təkan verəcək və cəmiyyətin inkişafında mühüm rol oynayacaq . Bu gün ölkənin bir çox regionlarında, həmçinin Bakı şəhərində Gənclər Mərkəzi tikilərək istifadəyə verilib. Bu mərkəzlərdən səmərəli istifadə olunmalı, hərbi vətənpərvərlik istiqamətində müəyyən seminarlar təşkil edilməlidir. İlk növbədə orta məktəblərdə və Ali məktəblərdə geniş iş aparılmalıdır. Vətənpərvərlik hər bir gəncin yaşam tərzi olmalıdır". Natiq qeyd edib ki, Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır: "Dövlət gənclərin fəaliyyəti üçün geniş imkanlar açmalıdır. Bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilməlidir. Dövlət gənclər siyasəti müvafiq hüquqi sənədlərdə öz əksini tapsa da, reallıqda hökumət qurumları tərəfindən həyata keçirilməsi vacibdir. Gənclər siyasətinin əsas istiqamətləri "Gənclər siyasəti haqqında" Azərbaycan Respublikasının Qanunu ilə aşağıdakı kimi müəyyənləşdirilib. 1. Gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı; 2. İstedadlı gənclərə dövlət qayğısı; 3. Gənclərin sağlamlığının qorunması və fiziki inkişafı; 4. Gənclərin məşğulluğunun təmin edilməsi; 5. Gənc ailələrə dövlət yardımı; 6. Gənclər təşkilatlarına dövlət yardımı. Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və öz problemlərinin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək, paytaxt və regionlarda yaşayan gənclərin fikir mübadiləsinə şərait yaratmaq, gənclər və dövlət qurumları, hökumət nümayəndələri ilə açıq ünsiyyəti asanlaşdırmaq mütləqdir və iqtidarın bu sahədə islahatları labüddür. Hesab edirəm, gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunmalı, onların faydalı məşğulluğunun təmin edilməli, dövlət idarəçiliyi sistemində iştirakı gerçəkləşdirilməlidir. Gənclərin sosial müdafiəsi, məşğulluğu təmin edilməli, yaradıcılıq axtarışları stimullaşdırılmalı, milli ruhda təlim-tərbiyəsi, hərbi-vətənpərvərlik tərbiyəsi gücləndirilməli, sağlam həyat tərzinin təbliği istiqamətində tədbirlər həyata keçirilməlidir. "Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı" (2006-2010-cu illər), "Azərbaycan Respublikasında texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı" (2007-2012-ci illər) hesab edirəm gənclər siyasətinin daha da təkmilləşdirilməsini təmin edir, gənclərin yaradıcılıq potensialının aşkara çıxarılmasına, yaradıcılıq potensialının reallaşdırılması üçün lazımi şəraitin yaradılmasına, yaradıcılıq potensialının səmərəli idarə edilməsinə, gənclərin intellektual səviyyəsinin yüksəldilməsinə, xüsusi istedadlı gənclərin seçilməsinə və onlarla müvafiq tədbirlərin həyata keçirilməsinə, gənclərin sosial problemlərinin həllinə böyük zəmin yaradır". Məhəmməd Əsədullazadə deyib ki, gənclər bu gün dövlət orqanlarında, parlamentdə, bələdiyyələrdə, biznes strukturlarında və s. sahələrdə daha da çox təmsil olunmalıdır və cəmiyyətin inkişafına öz töhfələrini verməlidirlər: "Hazırda ölkədə 200-ə yaxın gənclər təşkilatı, 20-dən artıq ali məktəbdə fəaliyyət göstərən tələbə gənclər təşkilatları var. Onların əhatə etdikləri məsələlər də kifayət qədər geniş olmalı, gənclərin vətənpərvər ruhda tərbiyəsi, məlumatlandırılmalı, işsizliyin azaldılması, gənclərin sağlamlığı, təhsili, fəal vətəndaş mövqeyi, mədəniyyətin geniş kütlələr arasında təbliği və s. məsələlər kifayət qədər aktuallığını saxlamalıdır. Gənclərin vətənpərvərlik tərbiyəsinin formalaşdırılmasına orta məktəbdən başlamaq lazımdır. Düzdür, vətənpərvərlik elə bir hissdir ki, uşaq dil açandan bu ona təlqin edilməlidir. Ancaq bunlarla yanaşı, əsas iş təhsil müəssisəsində görülməlidir. Ən azından burada mütəxəssislər çalışır və onlar uşaq psixologiyasını dərindən bildiyi üçün təsir imkanları daha böyükdür. Vətənimizin vətənpərvər insanlara ehtiyacı var. Vətəni sevən gənc onun müdafiəsini də bacarır. Azərbaycan dövlətinin ərazi bütövlüyü pozulub və 20 faiz ərazisi işğal altındadır. Ermənistanla olan müharibə vəziyyəti hər an torpaqlarımızın güc yolu ilə azad olunması reallığını ortaya qoyur. Heç şübhəsiz, bu işin reallaşdırılması əsasən gənc nəslin üzərinə düşür. Belə bir şəraitin mövcud olması gənc nəslin vətənpərvərlik ruhunda formalaşdırılmasını labüd edir.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2016.- 15 iyul.- S.15.