Seyid Əzim Şirvanionun

gümüş medalının tarixi məqamları

 

1879-cu ildə Zaqafqaziya Müəllimlər Seminariyasının müsəlman şöbəsi açılanda orada dərs deyəcək azərbaycanlı müəllimlərin də axtarışına başlandı. Seminariyanın yeni şöbəsində oxuyacaq tələbələrə ana dili və şəriətdən iki müəllimin dərs deyəcəyi müəyyənləşdirildi.

Onların biri sünniməzhəb tələbələrə,digəri isə şiəməzhəb tələbələrə dərs deməli idi. Bu məqsədlə görkəmli şərqşünas 1851-ci ildə Sankt Peterburq Universitetinin Şərq fakültəsinin 1851-ci il məzunu A.P.Berjenin rəhbərliyi ilə namizədlərin axtarışına başlanılır.

Sünniməzhəb tələbələrə Zaqafqaziya Əhli-Təsənni İdarəsinin katibi Hüseyn Əfəndi Qayıbovun namizədliyi irəli sürülür.

H.Ə.Qayıbov A.P.Berjenin yaxşı tanıdığı qələm sahiblərindən biri idi. 1869-cu  ildə Almaniyanın Leypsiq şəhərində A.P.Berjenin "Die Sanqer des XVIII und XIX Jahrhunderts in adserbeidshanischer" kitabı nəşr olunmuşdu. Kitabda müsəlman (Azərbaycan-N.N.) şairlərinin şeirlərinin toplanməşdı. M.F.Axundovun xahişi ilə bu şeirlərin toplanmasında Zaqafqaziya Əhli-Təsənni İdarəsinin katibi H.Ə.Qayıbov böyük xidmətlər göstərmişdi. Zaqafqaziyada  təhsil sisteminə nəzarət işində əhəmiyyətli rol oynayan A.P.Berje birgə ədəbi-şərqşünaslıq işi sahəsində yaxından tanıdığı H.Ə.Qayıbovun  zəhmətini onun vəzifəsini artırmaqla qiymətləndirdi. Belə ki, A.P.Berjenin zəmanəti ilə H.Ə.Qayıbov asanlıqla Zaqafqaziya Müəllimlər Seminariyasına Qafqaz Təhsil Dairəsinin popeçiteli K.P.Yanovskidən təyinat aldı.

Seminariyanın  şiəməzhəb tələbələrinə ana dili və şəriətdən dərs demək üçün iki namizədin sənədləri araşdırılmışdı. Onlardan biri Zaqafqaziya Ruhani İsdarəsinin üzvü Əbdüssəlam Axundzadə, digəri isə Şamaxı şəhər məktəbinin ana dili və şəriət müəllimi Hacı Seyid Əzim Seyid Məhəmməd oğlu Şirvani idi.

Bu barədə Tiflisdə nəşr olunan "Ziya" qəzetinin 6 sentyabr 1879-cu il tarixli 33-cü nömrəsində  "Seminariya barəsində " ətraflı məlumat verilir:

"Əhli-təsənni tərəfindən əqaidi -diniyyənin təlimi müsəlman müəllimlərinin bu halda Tiflisdə cənab müfti həzrətlərinin təhti-nəzarətində olan müsəlman məktəbinin müəllimi Qayıbova həvalə olunur. Və əhli-şiyə tərəfindən ancaq ehkam şəriyyəni təlim etməklik şeyxülislam həzrətlərinin təhti-nəzarəti alilərində olan məktəb müəllimi Axundzadəyə və ya ki, Şamaxı rus məktəbinin və Məclis Məktəbinin  müsəlman müəllimi olan ...Hacı Seyid Əzim Şirvaniyə həvalə olunacaqdır. Bu məsələnin həlli Popeçitel İdarəsində (Qafqaz Təhsil İdarəsində-N.N.) həll olunacaqdır. Yuxarıda göstərilən məktəblərin əhvalatından bir növ xəbərdar olduğumuzdan zikr olunan müəllimləri təbrik və təhnit (mübarəkdarlıq-N.N.) ) zəminində acizənəmiz oldur ki, onlara etibar olunan darülmüəllimün mədrəsəsinin... pişrəftində sai (çalışan, səyli-N.N.) və cahid (cəhd edən -N.N.) olalar".

Müəllimlik müsabiqəsində iştirak etmək üçün S.Ə.Şirvani Tiflisə yola düşür. Lakin müsabiqədə dövrünün görkəmli din xadimi, hakim dairələrinə daha yaxın olan Əbdüssəlam Axundzadəyə uduzub geri qayıdır. S.Ə.Şirvani Tiflisdən Şamaxıya qayıdarkən yolüstü Gəncədə Nizaminin məqbərəsini ziyarət edir. Nizaminin baxımsızlıq ucbatından ürək ağrıdan uçuq-sökük məqbərəsi Seyid Əzimi narahat edir. Seyid Əzim şeirə, sənətə göstərən bu biganəliyi öz halı ilə müqayisə edib, məşhur rübahisini söyləyir:

    

  Ey Şeyx Nizami, ey nizamı dağılan,

  Ey Gəncədə izzü ehtişamı dağılan,

  Olmuşmu səninlə mən kimi aləmdə

  Beyti,evi,məktəbi,kəlamı dağılan?

 

S.Ə.Şirvani Şamaxıya qayıdır əvvəlki kimi iki məktəbdə pedaqoji fəaliyyətini davam etdirir. Zəmanəsinin o vaxtkı dövri mətbuatında - Tiflisdə Azərbaycan dilində nəşr olunan "Ziya" qəzetində  müxbirlik fəaliyyətini davam etdirir. Başladığı təzkirə üçün yeni-yeni materiallar toplayır, ölkəşünaslıq materialları üzərində işləyir, Şamaxı ədəbi məclisinin məşğələlərində maraqlı poeziya nümunələri ilə çıxış edir, məktəb yaşlı uşaqlar üçün nəsihətamiz əsərlər yazır, həm Azərbaycan, həm fars dillərində yüksək poetik dəyərli əsərlər yaradır.

Bu illərdə S.Ə.Şirvaninin beynəlxalq şeir müsabiqələrində fəal iştirakı da diqqəti cəlb edir. Müxtəlif vaxtlarda üç dəfə Türkiyənin maarif naziri olan Minif Paşanın Tiflisdə Azərbaycan dilində çıxan "Ziyayi-Qafqasiyyə" qəzetində açdığı "Ey bülbül" adlı Ezop maneralı şeir müsabiqəsinə qoşulan Azərbaycan şairlərindən biri Seyid Əzim Şirvani olub.

S.Ə.Şirvani zəmanəsinin bəyənilən işıqlı fikir adamlarından biri idi. Onun ayrı-ayrı tarixi şəxsiyyətlərə, şair din xadimlərinə yazdığı qəsidələr hələ öz ciddi elmi təhlilini tapmamışdır.

S.Ə.Şirvani rəmzlər ustası idi. Onun rəmzlərini, adi söz içində dediyi sözləri başa düşmək, anlamaq üçün ədəbiyyatşünaslarımız hələ çox işləməlidirlər.

Cəmiyyətdə S.Ə.Şirvaninin mövqeyini hamıya tanıtmaq üçün dövrün dini rəhbərləri səmərəli işlər görürdülər. Onlar Seyid Əzimin  maarifçilik fəaliyyətinin  kölgədə qalmasına heç cür razı ola bilmirdilər. Zaqafqaziya şeyxülislamı Əhməd bəy Hüseynzadə, müftilər  Əbdülhəmid Əfəndizadə Hüseyn Əfəndi Qayıbov S.Ə.Şirvaniyə həmişə qayğıkeşlik etmişlər. Məhz onların qayğısı nəticəsində 1886-cı ilin noyabr  ayında Seid Əzim Şirvaninin  maarifçilik müəllimlik fəaliyyətini dövlət səviyyəsində qiymətləndirmək haqqında  ciddi addımlar atıldı. Qafqaz Təhsil Dairəsi 27 dekabr 1886-cı il tarixində 11795 nömrəli məktubu ilə Zaqafqaziya Şiə İdarəsinin rəhbərliyinə müraciət edərək, Hacı Seyid Əzim Seyid Məhəmməd oğlu Şirvaniyə Stanislavski lenti üzərinə  sancaqlanan "Çà óñåðäèå" ("Səylərinə görə")  gümüş medalı verilməsi barədə material hazırlayır. Bakı-Dağıstan Xalq Məktəbləri müdiriyyətinin adından da Qafqaz Təhsil Dairəsinin popeçiteli K.P.Yanovskiyə  təqdimat məktubu göndərilir. 

Veriləcək gümüş medal barədə həm Zaqafqaziya Şiə İdarəsinin, həm digər qurumların münasibəti öyrənilir. Heç kəs S.Ə.Şirvaniyə  maarifçilik fəaliyyətinə görə "Çà óñåðäèå" gümüş medalının verilməsinə maneçilik göstərmir.

Təəssüf ki, S.Ə.Şirvani Stanislavski lenti üzərindəki bu  gümüş medalı 7 manat 50  qəpiklik poçt rüsumuna görə uzun müddət ala bilmir. Medal sahibinə çatdırılanda şairin ölümünə 10 gün qalırdı...

 

Nazim Nəsrəddinov,

Əməkdar müəllimi,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

Olaylar.- 2016.- 15 iyul.- S.10.