Gənclərin sağlam, vətənpərvərlik ruhunda böyüməsi

dövlət - gənclər siyasətinin ən mühüm istiqamətlərindəndir

 

Gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılmasına müsbət təsir göstərən amillərdən biri də  onlara gstərilən diqqət, qayğı, çağırış yaşına çatmış gənclərlə düzgün işin aparılmasıdır. Bu mənada paytaxt rayonlarında çağırış yaşına çatmış gənclərlə aparılan təqdirəlayiq hesab edilə bilər.  Xüsusislə bir sıra rayonlarda çağırış yaşına çatmış gənclərin hərbi xidmətə yola salınma mərasiminin keçirilməsi onlarda xoş ovqat yaradır, belə gənclərin vətənpərvər ruhda tərbiyəsində önəmli rol oynayır. Bu istiqamətdə Binəqədi, Xətai və Nizami rayonlarında keçirilən tədbirıləri qeyd etmək yerinə düşər.

 

"Azərbaycan Respublikası vətəndaşlarının 2016-cı il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2 iyun 2016-cı il tarixli Sərəncamına uyğun olaraq, Biləcəri qəsəbəsində yerləşən "Milli Qəhrəmanlar" Parkında rayon gənclərinin müddətli həqiqi hərbi xidmətə yolasalınma mərasimi keçirilib. Yolasalma mərasimində Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon İdarəsinin rəisi Mehman Qurbanov, Binəqədi rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev, Binəqədi rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Aslan Mehdiyev, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva, Azərbaycan Respublikasının əməkdar artisti Ağalar Bayramov, Binəqədi və Biləcəri qəsəbə nümayəndələri  və bələdiyyə sədrləri, Böyük Vətən Müharibəsi Veteranları, QHT sədrləri, ASAN Xidmət könüllüləri, hərbi xidmətə yola salınan gənclər və valideynləri iştirak ediblər. Yolasalınma mərasimi aprel döyüşlərində qəhrəmancasına həlak olmuş Bağırov Emin İmran oğlunun doğum gününə təsadüf etdiyinə görə gənclər ilk öncə şəhidin Binəqədi qəsəbə qəbiristanlığında olan məzarını ziyarət etdilər. Şəhidin məzarını ziyarət edən gənclər onun timsalında vətən uğrunda canlarından keçən qəhrəmanlarımızın qanının yerdə qalmayacağını, tezliklə işğal altında olan torpaqlarımızın Ali Baş Komandanın əmri ilə azad ediləcəyinə inandıqlarını bildiriblər. Hərbi xidmətə yola salınacaq gənclər daha sonra Biləcəri qəsəbəsində yerləşən "Milli Qəhrəmanlar" Parkına yola düşüblər. Tədbir başlamazdan öncə Milli Qəhrəmanlar abidəsinin önünə gül dəstələri qoyuldu.

Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov tədbiri açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Daha sonra çıxış etmək üçün söz alan Səfərbərlik və hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon İdarəsinin rəisi Mehman Qurbanov, Binəqədi rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev, aprel döyüşlərində şəhid olmuş Emin Bağırovun atası İmran Bağırov hərbi xidmətə yola düşən gənclərimizə vətənin keşiyində durmağı, lazım gələrsə vətən torpağının azadlığı uğrundan canlarından belə keçməyə hazır olmağı tövsiyə ediblər. Sonda çıxış etmək üçün söz Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanova verilib. Natiq öz növbəsində mərasimə toplaşan hər kəsi rayon rəhbərliyi adından salamlayıb. Daha sonra vurğulayıb ki, gənclərin sağlam, vətənpərvərlik ruhunda böyüməsi dövlət - gənclər siyasətinin ən mühüm istiqamətlərindəndir. Nəzərə almaq lazımdır ki, xalqımızın Dağlıq Qarabağ kimi qaysaq bağlamayan yarası var. Torpaqlarımızın 20 faizi Ermənistan tərəfindən işğal olunub. Bu baxımdan yetişməkdə olan gənc nəslin vətənpərvərlik tərbiyəsinin düzgün təşkil olunması böyük aktuallıq kəsb edir. Vətənini sevən, öz xalqına və vətəninə sadiq olan və onların mənafeyi yolunda canından keçməyə hazır olan insan birmənalı olaraq vətənpərvərdir. Vətən böyüyüb, boya-başa çatdığımız, suyunu içib, havasını udduğumuz diyardır. Hər kəs öz varlığıyla Vətəninə bağlı olmalı, onu sevməli, göz bəbəyi kimi qorumalıdır. Necə ki, ulu öndərimiz Heydər Əliyev bütün ömrünü ancaq xalqına və dövlətinə həsr edib. Tədbirin rəsmi hissəsi bitdikdən sonra gənclər Azərbaycan bayrağını öpüb, Qurani-Kərimin altından keçərək Böyük Vətən Müharibəsi veteranlarından xeyir-dua alıb hərbi xidmətə yollanıblar.

Nizami rayonunun Heydər Bağı Park-Bulvarında çağırışçıların həqiqi hərbi xidmətə yolasalınma mərasimi keçirilib. Tədbirdə Milli Məclisin deputatları Sədaqət Vəliyeva və Rasim Musabəyov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimai təşkilatlar, övladlarını ordu sıralarına yola salmağa gələn valideynlər iştirak ediblər. Tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb, sonra Rayon Uşaq-Gənclər Yaradıcılıq mərkəzinin dərnək üzvləri konsert proqramı ilə çıxış ediblər. İlk öncə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon İdarəsinin rəisi, polkovnik Rövşən Babayev son illərdə ordu quruculuğu sahəsində qazanılmış uğurlardan söhbət açmış, ordumuzun maddi-texniki bazasının gücləndirilməsi istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirildiyini və respublikamızın regionda ən güclü orduya malik ölkəyə çevrildiyini qeyd edib. O, hərbi xidmətə çağırışla bağlı Azərbaycan Prezidentinin müvafiq Sərəncamının ilə bağlı görülən işlərdən danışmış və çağırışçılara hərbi xidmətdə uğurlar arzulayıb. Tədbirdə Milli Məclisin deputatları Sədaqət Vəliyeva və Rasim Musabəyov çıxış edərək ordu sıralarına yola düşən gənclərə ən xoş arzularını bildirmiş, çağırışçılara hərbin sirlərinə dərindən yiyələnməyi və Vətən qarşısında müqəddəs borclarını şərəflə yerinə yetirməyi tövsiyə ediblər. Çağırışçılar adından danışan Səbuhi Əhmədzadə Vətənə şərəflə xidmət edəcəklərinə, komandirlərin tapşırıqlarını layiqincə yerinə yetirəcəklərinə, Azərbaycanın ərazi bütövlüyünüsuverenliyini qoruyacaqlarına söz verib. Çağırışçı Lətif Məsimlinin valideyni Anar Vəziroğlu bu günün onlar üçün qürurverici bir gün olduğunu və hər bir valideynin övladlarının hərbi xidmətə yollanmasından böyük fərəh hissi keçirdiyini qeyd edərək, hərbi xidmətə yola salınan gənclərə cəsarətli olmağı, qətiyyətlə və vicdanla Vətənə xidmət etməyi arzulayıb. Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov çıxışında ordu sıralarında xidmətin böyük şərəf və məsuliyyət olduğunu bildirərək, gəncləri torpaqlarımızın keşiyində mətanətlə və ayıq-sayıq dayanmağa çağırmış, onlara Vətənə xidmətdə uğurlar arzulayıb.  Mərasimin sonunda çağırışçı gənclər musiqi sədaları altında Azərbaycan bayrağının altından keçərək hərbi xidmətə yola salınıb.

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası vətəndaşlarının 2016-cı il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında" 2016-cı il 02 iyun tarixli sərəncamına uyğun olaraq Xətai Rayon İcra Hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai Rayon İdarəsi, Yeni Azərbaycan Partiyası Xətai Rayon Təşkilatı və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ukrayna meydanı yaxınlığında yerləşən Heydər Əliyev parkında gənclərin hərbi xidmətə yolasalma mərasimi keçirilib. Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rafiq Quliyev, müavinlər Qafur Rəhmanov və Jalə Abdıyeva, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Rayon İdarəsinin rəisi Eldar Tağıyev, Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri  İctimai Birliyi Xətai rayon şöbəsinin sədri Fuad Salahov, rayonun müəssisə və təşkilat rəhbərləri, çağırış yaşlı gənclər, veteranlar, valideynlər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.  Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar. Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirildi, suverenliyimiz və ərazi bütövlüyümüz uğrunda xüsusi rəşadət göstərərək canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai Rayon İdarəsinin rəisi Eldar Tağıyev və Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri  İctimai Birliyi Xətai rayon şöbəsinin sədri Fuad Salahov Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti dövründə müstəqil Azərbaycan ordusunun keçdiyi inkişaf yolu və cənab Prezident İlham Əliyevin ordumuza olan diqqət və qayğısından, əldə olunan nailiyyətlərdən danışaraq, gənclərə ölkəmizin müstəqilliyi uğrunda canlarından keçmiş milli qəhrəmanların göstərdiyi şücaətlərdən nümunə götürməyi tövsiyə ediblər.

Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov tədbir iştirakçılarını salamlayaraq bildirib ki, Ulu Öndər, Ümummilli Liderimizin şah əsəri olan  Müstəqil Azərbaycan Respublikası bu gün möhtərəm prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin yeritdiyi inamlı siyasət nəticəsində günbə gün inkişaf edir, çiçəklənir, dünyanın aparıcı dövlətlərindən birinə çevrilir. Amma təəssüflər olsun ki, hələ də torpaqlarımızin bir hissəsi düşmən işğalı altındadır. Bu da əlbəttə ki, hər bir azərbaycan vətəndaşını narahat edir. Lakin qüdrətli Azərbaycan Ordusu hər an, hər saniyə torpaqlarımızı düşmən tapdağı altından azad etməyə hazırdı. Məlum aprel hadisələri zamanı biz bir daha bunun şahidi olduq. Və bu günorduya yola saldığımız bu gəncləri görəndə bu inam hissi daha da artır. İnanırıq ki, tez bir zamanda Ali Baş Komandanın rəhbərliyi altında zəfər bayramını qeyd edəcəyik. Mən bir daha vətənin keşiyini çəkmək üçün ordu sıraların yola düşən gənclərimizə uğurlar arzulayıram.

Çağırışçılar adından çıxış edən Elnur Nəbiyev Vətənə xidmət etməyə yola düşdüklərindən qürur duyduqlarını və ən böyük arzularının işğal altındakı torpaqlarımızı düşmən tapdağından azad etmək olduğunu bildirib. Sonra hərbi xidmətə yola düşən gənclərə rayon İcra Hakimiyyətinin xatirə hədiyyələri verilib.Tədbir  Xətai rayon Mədəniyyət Mərkəzinin kollektivlərinin ifasında konsert proqramı ilə davam etdirilib.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2016.- 19 iyul.- S.15.