Terrorçuluq – XXI əsrin müharibəsi
Dünya demokratik
qüvvələri, terrorçulara qarşı birləşin!
XXI əsrin ən
təhlükəli və mürəkkəb hadisəsi kimi
terrorçuluğun vahimə və qorxu miqyası genişlənməkdədir. Onun əhatə dairəsinin artımı
mülkiyyət hüququnun müəyyən edilməsində
bərabərsizliklərin olması, hakimiyyət uğrunda
etnik qrup və milli maraqlar arasında ziddiyətlərin
antoqonist həddə çatması ilə sıx
bağlıdır. Sosial hadisələrin
qarşısını almağa yönələn profilaktikanın
səmərəsizliyi, hüquqi, maddi və texniki təminatın
olmaması, normativ hüquqi bazanın qeyri təkmil olması
- hüquqi nihilizm halları terrorrorçuluğun
miqyasının genişlənməsinə təsir edir. Vahimə
və qorxu ilə müşayət edilən xüsusilə təhlükəli
əməlin dinc əhalinin qırğınına, maddi və
dini dəyərlərin dağılmasına, sosial və milli
qruplar arasında düşmənçiliyin, ədavətin
yaranmasına səbəb olması illər ərzində
dinamik həyatın səmtini normal məcraya yönəltməyə
mane olur. Onun amansızlığı və müstəsna vahiməsi
insanları çaşqın vəziyyətdə qoyur.
Azərbaycan Respublikası Cinayət Məcəlləsində Terrorçuluq cinayətləri ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə olan cinayətlər fəsilinə aiddir. Məqsəd ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyəti orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərməkdən, sağlamlığa əhəmiyyətli ziyanın vurulmasından ibarətdir. 14 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrum olma ilə cəzalandırılır.
Bütün bunlar müəyyən regionda əhalinin təhlükəsizliyinin təmin oluna bilməməsi qənaətini yaradır. Terrorrorçuluq özünü insanların yaddaşlarında "təsdiqlədiyindən", onun ağrıları uzun müddət unudulmur. Son illər dünyada baş verən hadisələri televiziya vasitəsilə izlədikdə dəhşətə gəlməmək olmur.
Terrorrorçuluğun müxtəlif forma və növdə törədilməsi, miqyası, intensivliyi və amansızlığı qlobal əhəmiyyət kəsb etdiyindən onunla mübarizə dövrün tələbinə çevrilmişdir.
Terrorrorçuluq artıq milli çərçivədən çıxaraq beynəlxalq xarakter aldığından, onunla mübarizə beynəlxalq səviyyəli bir qurumun yaradılmasını reallaşdırır. Terrorizm zorakılıqla müşayət edilən xüsusilə ağır mütəşəkkil cinayətlərə aid edilir. Bu əməl nəticəsində günahsız insanlar həlak olur, dağıntılar, partlayışlar baş verir, yanğınlar ətrafı iflic vəziyyətdə qoyur, insanlar qurbana çevrilir.
Terrorun özünə xas cəhəti dinc əhali arasında, hakimiyyət nümayəndələrinə, siyasi sistemə qarşı ifrat qorxu yaratmaq və zorakılığı həyata keçirməkdir. Bu əməlin qurbanlarının terrorçulara heç bir aidiyyatı, onlarla heç bir bağlılığı olmur. Terrorçular həmişə katostrofik nəticələrin nümayiş etdirilməsində israrlı olurlar. Sentyabr 2001-ci ildə Amerikada dünya ticarət mərkəzinin partlayışını, bu vahimənin və dəhşətin davamı və dərəcəsini 2016-cı ilin iyun ayında Türkiyənin İstambul şəhərinin Atatürk Hava Limanında baş verən dəhşəti və Fransanın Nitse şəhərindəki geniş miqyaslı hadisələri bura aid etmək olar. Bu gün, terrorrorçuluq artıq qlobal problem kimi diqqət mərkəzindədir və geniş tədqiqata malikdir. Müasir dövrdə terrorrorçuluğun yalnız ayrı- -ayrı elementləri, cinayət hüquqi xarakteri tədqiq olunur.
Partlayışların, yanğınların və digər ağır hadisələrin törədilməsi məqsədli olur, Allahın yaratdığı "şüurlu varlıqlar" nə etdiklərini çox yaxşı anlayırlar və ona şüurlu sürətdə yol verirlər. Amma, terrorrorçuların əməlləri daha çox hakimiyyət strukturlarına təzyiqlərin və maraqlarına uyğun qərarların qəbuluna məcbur etməyə səmtlənir.
Terrorçuluq müasir həyatın mürəkkəb sosial hadisəsi kimi minillik tarixə malikdir. Terror sözü - siyasi leksikonda XIV əsrdə Avropada meydana gəlmişdir. Müxtəlif tarixi mərhələlərdə onun mənası müxtəlif cür işlədilib. 1796-cı ildə Fransada nəşr edilən lüğətdə "terrorist" sözü yaxşı mənada verilib. Bir çox inqilab rəhbərləri qətiyyətlərini "ədalətli inqilab" adı altında həyata keçirənləri "terrorçular" adlandırırdılar.
Zaman-zaman hakimiyyət çevrilişlərində "ədalətli inqilab" metodlarından istifadə edilmişdir.
Tarix, terrorçuluğu Rusiyada oktyabr inqilabına qədər olan dövrü ilə, dünya tarixində xüsusi iz qoymuş hadisələrlə bağlayır. 4 aprel 1862-ci ildə Karakozovanın güllələnməsi ilə terrorun mərhələsi başlayır. O vaxtdan etibarən qərbdə və Rusiyada yaranan münaqişələrin və problemlərin praktik həllində mənəvi dəyərlərə və təfəkkürə sığmayan tərzdə, "diplomatik" incəsənətin qaydalarına uyğun terror hadisələrinə normal reaksiya verilmişdir. Rusiya üçün onilliklər ərzində dağıdıcı təəssürat bağışlayan bolşevik terrorlarının həyata keçirilməsi məqbul sayılmışdır. Stalin illərindən sonra terrorun miqyası bir qədər zəifləsə də, sovet rəhbərlərinin gücü ilə başqa ölkələrə transfer olundu və indi bumeranq olaraq acı nəticələrlə geri qayıdır. XIX əsrin ortalarında və XX əsrdə baş verən terrorlar arasında aşağıdakı fərqli cəhətləri var:
1. Hakimiyyət tərəfindən cəmiyyətə qarşı zorakılıqlar barədə əhaliyə müsbət təsəvvürlər təqdim etmək;
2. İnqilabçıların "ağ-qara" düşüncələrinin dünyaya xarakterik-zidd cəhətlərinin olması;
3. Cəmiyyətdə qarşılıqlı münasibətlərin tanınmaması, ictimai münasibətlərin primitivləşməsi;
4. Hüquq institutlarının və hüquqların absurd sayılması, ümumilikdə onların inkarı və rədd edilməsi,
5. Hakim siniflərə qarşı terrorçuluğun mənəvi dəyərlərə uyğun olmasının təqdiri;
Bu yolla münaqişələrin həlli problemi adi universial vasitələrlə həyata keçirilməsi məqbul sayılırdı. Terrorçuluğun müasir xüsusiyyətləri faktiki olaraq (İtalyada onlar "qırmızı briqadalar" adlandırılırdı) sol ekstremist qruplar və bolşeviklərdən miras qalmış, dövlətlərin əksəriyyəti, daha çox Rusiya, Avropa ölkələri terror aktlarından ağlasığmaz dərəcədə ziyan çəkmiş və çəkirlər. Zamanında terroru törədənlərə (nüfuzlu, ictimai və siyasi xadimlərin qətllərinə görə) bəraət qazandırırdılar. Mənasız və ictimai şüura zidd ideyaları həyat qayəsi hesab edən inqilabçılar (terrorrorçular) acı hərəkətlərinin və əməllərinin qurbanına çevrilənlərin həyatına peşimançılıq hissi keçirmirdilər.
XIX əsrin 2-ci yarısında və XX əsrin başlanğıcında Stalin dövrünün "dövlət səviyyəsində terrorçuları" və "inqilabçı terrorçular" əməllərini ədalətin və bərabərliyin təminatı, repressiyanı ali məqsəd kimi qəbul edirdilər. XIX əsrin sonunda rus ziyalılarına görə "yalnız terror formasında öz hüquqlarını və demokratiyanı müdafiə etmək mümkündür" ideyası irəli sürüldü və bunu taleyin ironiyası olaraq qəbul edirdilər. Rus inqilabçılarının bütün tarixi dövründə 300-dən çox terror aktları baş vermişdir.
XXI əsrin terrorçuluğunu isə müasir dövrün ən təhlükəli və mürəkkəb proqnozlaşdırılan, hədə miqyası daha geniş və müxtəlif olan hadisəsidir. Beynəlxalq ekspertlərin statistikasına görə bu gün dünyada 500-ə yaxın terror təşkilatları fəaliyyət göstərir, müxtəlif ekstremist qruplar var. Beynəlxalq aləmdə sabitliyin öz oxundan çıxmasına, dünya əhalisinin qorxu, həyəcan və gərginlikdə saxlanılması üçün bu qüvvələr yetər. Amma təəssüf doğuran hal ondan ibarətdir ki, terrorizmlə mübarizənin prinsipiallığı koordinasiya olunmur. Son 10 il ərzində qeyd etdiyim ekstremist təşkilat və radikal qruplar tərəfindən 6500 beynəlxalq terrorizm aktları törədilmiş, 5000 adam həlak olmuş, 11.5-min adam ziyan çəkmiş, müxtəlif dərəcəli xəsarətlər almışlar.
2001-ci il sentyabrın 11-də ABŞ da baş verən terror aktı miqyasına görə son dövrün ən təhlükəli hadisəsi kimi tədqiqatçıları və ictimaiyyəti düşündürməyə vadar etdi. Belə nəticəyə və qənaətə gəlmək olar ki, bu qanlı terrordan sonra terror təşkilatlarının da tərkibində və fəaliyyətində əhəmiyyətli dəyişikliklər, qruplar arasında müvafiq transferlər, məlumatların mübadiləsi, terrorizmin miqyasında kəmiyyət dəyişiklikləri baş vermişdir. Bir sıra analitiklər hesab edirlər ki, belə ağır hadisələrdən sonra "super terrorizm" vəzifəsi gündəlikdə durur. Son hadisələr bunu təsdiqləyir.
Yəni, müasir sivilizasiyanın subyekti olan super dövlətlərə psixoloji təzyiqlər göstərmək məqsədi ilə ağlasığmaz hadisələrin törədilməsi, miqyası geniş aksiyalarla yadda qalan aktlar çox şeydən xəbər verir.
Son hadisələr göstərir ki, əməl artıq"hərəkət radiusunun məhdudluğu" prinsipindən, ümumi terror adətlərindən, niyyətindən kənara çıxır. Terror aktlarına hazırlıq zamanı, beynəlxalq terror təşkilatları güclü dövlətlərin maliyyə imkanından və texniki vasitələrindən geniş faydalanır, zəhərləyici sursatlardan, bəzən kütləvi qırğına səbəb olan silah növlərindən istifadə edirlər. Terrorçuların narkobiznes və silah alverçiləri ilə sıx əlaqələri olur.
Tədqiqatçıların məlumatlarına görə XXI əsrdə terror liderlərinin təhsil və intellekt səviyyəsi əhəmiyyətli dərəcədə artmış, dəhşətli olaylar primitiv üsullarla deyil, düşünülmüş, nəzəri və praktik taktikalara uyğun törədilir, əməllərin ağırlıq dərəcələri, onun coğrafiyasını öncədən xəritələrində əks etdirərək icraçılara həvalə edilir. Leqal və qeyri leqal fəaliyyət göstərən terror təşkilatları öz maraqları naminə dini radikalizm, ekstremizm və millətçilik dəstələri ilə əlaqəli olduğundan siyasi terror cinayət terroru ilə çulğalaşır;
Terror aktları böyük insan qırğını və qurbanların sayı ilə yadda qalır. Maddi və mənəvi dəyərlər bərpaolunmaz həddə dağılır, dövlətlə sosial və milli qruplar arasında ədavət toxumu səpilir, düşmənçilik yaranır. Bəzən, bu ədavəti aradan qaldırmağa yönələn ideoloji işin səmərəsi olmur.
Terrorçuluq mahiyyəti və xarakterinə görə, beynəlxalq miqyasda, siyasi, iqtisadi və sosial ziddiyyətlərin məhsulu kimi ortaya çıxır. Bu gün, bəşəriyyət terrorrorçuluğun unikal - qeyri adi mərhələsindədir. Hər şey bu aktın qurbanına çevrilə bilər. Terrorçuluq heç vaxt bu dərəcədə qlobal təhlükə fenomeninə çevrilməmişdir. Bu baxımdan, onunla mübarizə də kəmiyyət və keyfiyyətinə, təhlükəlilik dərəcəsinə görə həyata keçirilməli, mübarizə mərkəzləşmiş qaydada beynəlxalq səviyyədə koordinasiya olunmalıdır.
Terrorçuluq həmişə "bətnində" zorakılığı və hədəni bəsləyən, xüsusi amansızlıqlarla yadda qalan ictimai təhlükəsizliyi pozan, bəşəriyyətə vahimə yaradan ağlasığmaz aktdır. Terrorçuluq dövlət terroru, siyasi terror və genosidlə vəhdət təşkil edir. Bəzi tədqiqatçılar onu rəsmi hakimiyyətə qarşı müxalif qüvvələrin xisləti ilə də əlaqələndirirlər. Təfəkkürə sığır. Bu gün, dünyanın demokratik millətlərinə müxalifətdə olan güclü terrorçu qruplar var. Demokratik dövlətlər belə qruplarla mübarizədə prinsipallıq nümayiş etdirə bilmirlər.
Terror və terrorizm subyektiv əlamətlərinə görə fərqlidirlər. Terror- həqiqətən sosial-siyasi faktordur, terrorizm - cinayət hüququna xas hadisədir. Zənnimcə terror da terrorizm də mahiyyətinə və əhəmiyyətinə görə cəmiyyət üçün (bəşəriyyətə fəlakətlər gətirən) bərabər nəticə doğuran hadisələrdir. Mübarizə əlahiddə şəkildə deyil, birgə və məqsədyönlü aparılmalıdır.
ardı var...
Şəmsəddin
Əliyev
Olaylar.- 2016.-
19 iyul.- S.14.