Terrorçuluq – XXI əsrin müharibəsi

 

Dünya demokratik qüvvələri, terrorçulara qarşı birləşin!

 

Terrorizmin məqsədi demokratik və mütərəqqi sosial dəyişikliklərin təşkilatların, müəssisələrin və şəxslərin mülkiyyətlərinə yönələn, irqi, faşizm, ideologiyası, anarxist, hərbi-bürokratik xislətlə müşayət edilən, dövlətlər arasında siyasi və diplomatik münasibətlərə dağıdıcı ziyan vurmaqdan ibarətdir. Bir sıra dövlətlərin cinayət qanunvericiliyində terrorçuluğa aşağıdakı əlamətlər xasdır. Terrorçuluq - ümumi təhlükəli əməlin baş verməsi nəticəsində yaddaşlardan silinməyən xüsusi ilə təhlükəli əməldir (və yaxud hədə ilə). Təhlükə real olmalı, qeyri müəyyən dairəni əhatə etməlidir.

Terrorun digər cəhəti onun ictimai xarakter dasıması, zorakılığın, dəhşətin, vahimənin mübahisəsiz forması olaraq geniş kütləyə istiqamətlənməsidir. Terrorrorçuluğun digər diqqət çəkən ümumtəhlükəli cəhəti onun (bilərəkdən) qəsdən əhali kütləsinə qorxulu şərait yaratmaq və ictimaiyyəti gərginlikdə saxlamaqla uzun müddət dəhşətləri törətməkdə şərtlənir. Əsas cəhət isə yenə əhali arasında vahimə yaratmaqdır.

 

Terrorçuluğa qarşı mübarizənin aktuallığı.

 

Terrorçuluq müasir cəmiyyətin gündəlik həyat tərzinə hakim olan, hər bir ölkənin milli təhlükəsizliyinə real təhdid və hədədir.

Terrorçuluqla mübarizəyə mane olan əhəmiyyətli faktorlardan biri də Beynəlxalq hüququn subyektləri olan dövlətlərin koordinasion qaydada işi qura bilməməsidir. Belə yanaşma terrorçuluğun regionlar arası (transmilli) iqtisadi, dini, bioloji və sosial növlərinin eskalasiyasına zəmin yaradır.

Kriminoloqlar və hüquq sahələrinin ekspertlərinin rəyinə görə terrrorçuluq mütəşəkkil cinayətkarlığın bütün növləri ilə vəhdətdə olduğu üçün transmilli cinayətlərlə mübarizədə çətinlik yaranır. Bu, terrorçuluğun zahirən sezilməyən cəhətlərindəndir. Cinayətin iştirakçıları, təşkilatçıları hərəkətləri ilə ictimaiyyəti psixoloji gərginlikdə və asılı vəziyyətdə qoymaq, onu "idarə etməyə"çalışırlar. Başlanğıcda qabaqlayıcı təsirli tədbirlərlə qarşılaşmayan terrorçular, xəritəsini genişləndirərək siyasi hakimiyyətə diktələr edə bilir. Terrorçuluğun müasir dövrdə daha çox hədəfə götürdüyü kurs demokratik islahatların və sosial tərəqqinin təşkilinə mane olmaqda ifadə olunur.

Beləliklə, beynəlxalq aləmdə terrorçuluğun artımla müşahidə olunması dünyada qloballaşma prosesinə əngəldir. Qloballaşmanı iqtisadi terminologiya kimi qəbul etsək, o sürətlə dünya məişətinə inteqrasiya olunur.

1980-1990-cı illərdə ortaya qoyulmuş qloballaşmanın (qlobus-kürə, qlobal-ümumi mənalarını verir) fundamental proseslərinə aid, Azərbaycanda ilk monoqrafiya "Azərbaycan: Qloballaşma dövrünün tələbləri"mövzusunda akademik Ramiz Mehdiyev tərəfindən yazılmışdır. Lakin qloballaşmanın genişlənməsi nəticəsində beynəlxalq aləmdə qlobal cinayətlərin -narkomaniya, dünya miqyasında mütəşəkkil cinayətkarlığın həyata keçirilməsi, mafiyaların, beynəlxalq aləmdə terrorçuluğun hərəkətə gəlməsi üçün şərait yaradılır.

Sivilizasiyanın həddi, qloballaşma ilə əlaqədar tapşırıqların həyata keçirilməsi, geopolitik layihələrlə antoqonist ziddiyyət təşkil edən mübarizə üsullarından asılı olur. Son illərin şəraitini təhlil edən beynəlxalq ekspertlər belə nəticəyə gəlirlər ki, XXI yüz il özünə xas hadisələrlə yadda qalır. Bəşəriyyət müharibənin yeni təhlükəli bir tipi, dini-millətçilik rəngi ilə tündləşərək xüsusi diqqət çəkdi. Beynəlxalq ictimaiyyət əvvəllər də terrorçuluğun bu növünə məruz qalmışdı. Lakin XXI yüz ilə qədər bu dərəcədə aydın, beynəlxalq xarakter almamış, bu dərəcədə amansızlıqla və qan tökməklə ifadə olunmamışdı. Amerika, İraq, Türkiyə, Rusiya, Fransa və digər ölkələrdəki terror hadisələrini buna misal göstərmək olar.

Ona görə də, terror xarakterli cinayətlərlə mübarizə son dərəcə problemlidir. Hüquq mühafizə orqanları az sayda cinayətkarları ifşa etməklə əsas təşkilatçılar kənarda qalır. Şəraitin öyrənilməsi zamanı məlum olur ki, terrorçular daha çox əhalinin sıx, kompakt toplaşdığı ictimai yerlərdə insanlığa zidd beynəlxalq cinayətləri törətməkdə çətinlik çəkmirlər. "Kamikadze" ruhunda, (kamukadze yapon sözüdür -"kamu" ilahi, "kadze" -külək mənasını verir. Anlamı "Allahın küləyi" deməkdir. Tayfun adı ilə bağlıdır. 1274-1281-ci illərdə yapon sahillərinə yaxın Monqol xanı Hubilyanın gəmisinin məhv edilməsi, sonralar, Yaponlarda Kamikadze "könüllü ölümə gedənlər" mənasını daşıdı.) köklənmiş insanlar son dərəcə radikal tərzdə sosial-siyasi ekstremizm niyyətini həyata keçirməklə guya "qəhrəmanlıq" göstərərək həlak olurlar.

Mübarizə metodlarının öyrənilməsi nəticəsində belə qənaət hasil olur ki, terrorçular çox zaman əməllərini heç bir maneə olmadan icra etmək üçün təhlükəsiz şərait axtarır, distant üsullardan və texniki vasitələrdən yararlanırlar. Təəssüflə qeyd etmək lazımdır ki, hüquq-mühafizə orqanlarında bu qanlı olayların qarşısını almaq və subyektlərin zərərsizləşdirilməsi üçün təhlükənin miqyasına cavab verən texniki qurğular və vasitələr adekvat deyil, onlara belə qrupları zərərsizləşdirmək üçün tam sərbəstlik verilmir. Sərt, müstəsna cəza tədbirinin -ölüm hökmünün tətbiqi reallaşır, qaçılmaz olur.

MDB ölkələrində fəaliyyət göstərən terrorçu qruplarla beynəlxalq səviyyəli terrorçular arasında təşkilatı və ideoloji əlaqələrin olması da artıq sübut olunmuşdur. Ona görə də, beynəlxalq aləmdə terrorla mübarizəni təmin etmək üçün işlək normativ bazanın yaradılmasına zərurət var.

ABŞ Dövlət Departamenti "terrorizmlə mübarizə" üzrə proqram qəbul etmişdir. Həmin ölkədə il ərzində terrorizmə həsr olunmuş 2000 akademik nəşrlər işıq üzü görmüşdür. Əsas məqsəd terrorizmlə mübarizədə polisin güc və bacarığını artırmağa təsir edən şəraitin yaradılmasından ibarət olmuşdur. BMT-nin və Millətlər Liqasının konvensiyaların hazırlanması və ona zamanın tələbinə uyğun dəyişikliklərin edilməsi dövlətlərə qarşı olan hadisələrin qarşısını almağa kömək edə bilər.

İngiltərənin politoloqu Uilken Niksona görə terrorçuluqla mübarizənin beynəlxalq hüququn tələblərinə zidd aşağı səviyyədə olması ona görədir ki, bəzi dövlətlər terrorizmin "istehsalı" ilə məşğul olur, ona dəstək verirlər. Lakin, elə dövlətlər də var ki, təkbaşına - regionda terrorizmə qarşı sədd çəkə bilir və beynəlxalq terrorizmlə mübarizədə fəal iştirak edir. Müəyyən sayda dövlətlər də var ki, bir araya gəlib bu sahədə birlik nümayiş etdirə bilirlər. Lakin, dövlətlərin beynəlxalq səviyyədə əməkdaşlığı hələ ki, səmərə vermir. Avropada əməkdaşlıq və təhlükəsizlik şurasında terrorizmlə mübarizə məsələsi siyasi müzakirənin predmetinə çevrilsə də səmərə yoxdur. Deməli, mübarizənin taktikasında ciddi qüsurlar var.

Azərbaycan dövlətinin dünyada terrorçuluqla mübarizədə dəstəyi və regionda prinsipal fəaliyyəti beynəlxalq hesabatlarda təqdir olunur. Bu istiqamətdə DİN-nin barışmaz mövqeyi yetərincədir.

Terrorçuluğa qarşı əməkdaşlığın bariz nümunəsi kimi 1976-cı ildə terrorizmə, ekstremizmə və beynəlxalq zorakılıqlara aid avropada təhlükəsizliyin koordinasiya edilməsi məqsədi ilə yaradılan orqan əhəmiyyət kəsb edir. Orqana Ədliyyə və Daxili İşlər Nazirləri, üzv dövlətlərin maraq doğuran orqan (təşkilat) rəhbərləri daxildirlər. Xüsusi xidmət orqanları hüquqşünaslar mübarizənin məkan və rolunu müəyyən etmək üçün terrorçuluğun daha çox yayılmış növlərini təsnifatlandırırlar:

1. Bura maddi və maliyyə imkanlarını artırmaq məqsədi ilə planlaşdırılan və istifadə edilən terror-kriminal terror.

2. Zorakılığın psixoloji aktı -dini fanatiklər tərəfindən siyasi inam, mif təəssüratını yaradan terror, ekstremizmdən, radikalizmdən doğan ağlasığmaz hadisələr.

3. Hərbi terror -düşməni gərginlikdə saxlamaq və qorxutmaq məqsədi ilə hərbi münaqişənin bütün imkan və vasitələrlə həyata keçirilməsi;

4. Siyasi məqsədlərə çatmaq və onu əldə etmək məqsədi ilə zorakılıqlardan sistematik istifadə edilən siyasi terroru aid etmək olar.

Lakin təcrübə göstərir ki, terroristlər çox zaman ümumi niyyətlərdən kənara çıxaraq (terrorçunun ekstsessi) insanları oğurlamaq, girov götürmək, məktub-bomba göndərmək, yandırmaq, partlayışlar törətmək, silahlı basqınlar etmək, hava gəmisini girov götürmək, qətllər törətmək, snayperlərdən istifadə və s. Hallarına rast gəlinir. Bu siyahı mütləq deyil. Terrorçuluğun hədəfi yuxarıda qeyd etdiyim kimi, bir qayda olaraq ağlasığmaz hadisələrin törədilməsidir. Bu, onların xislətinə uyğundur. Bəzi xarici ölkələrdə insan həyatı üçün təhlükəli olan əməllər də terror aktları kimi qəbul edilir. ABŞ-nın 1984-cü ildə qəbul etdiyi "Cinayətkarlığa nəzarət haqqında" qanunun tələbinə görə insan həyatı üçün xüsusi təhlükə yaradan zorakılıq hadisələrinin törədilməsi terror aktlarına aid edilir və belə əməllərin tövsifi terroru əhatə edən cinayət qanunvericiliyi ilə həyata keçirilir. Əməl mülki əhalini vahimə ilə hədələməyə və ya hakimiyyətin siyasi kursunun dəyişdirilməsinə istiqamətlənən təsir vasitəsi olduğuna görə, terrorçuluq kimi qəbul edilir. Avropanın hər bir regionunda terrorizmə qarşı mübarizə haqqında qanunlar var.

Azərbaycan Respublikasının cinayət qanunvericiliyi terrora beynəlxalq normalara uyğun anlayış verir.

Azərbaycan Respublikası CM-nin 214- 216-cı maddələrində və terrorçuluğa qarşı mübarizə haqqında Azərbaycan Respublikasının qanunu terrorçuluğa dəqiq anlayışlar verir, mübarizənin hüquqi və təşkilati əsaslarını müəyyən edir, terrorçuluq əleyhinə mübarizəni həyata keçirən dövlət orqanlarının fəaliyyətini əlaqələndirir.

Terrorizm cinayətlərinin yüksək, ictimai təhlükəlilik dərəcəsi sosial funksiyanın pozulması ilə şərtlənir. Zorakılığa pərəstiş etməklə ictimaiyyət arasında qorxu və narahatlıq mühiti formalaşır.

Bu cinayətlərin obyekti bütövlükdə regionda (ölkədə) ictimai təhlükəsizlik, bir az da geniş ifadə etsəm cəmiyyətin normal həyat tərzi, müəssisə və təşkilatların fəaliyyəti və dövlətin siyasi sistemi üçün real təhlükəni ehtiva edir, əlavə obyekti kimi isə vətəndaşların həyat və sağlamlıqları, mülkiyyətin qorunması və idarəçilik qaydaları təşkil edir. Terror aktlarının hədəsi bir qayda olaraq gələcəyə hesablanır.

İctimai təhlükəsizlik, dövlətin siyasi sistemi, əlavə və mütləq obyekt kimi dövlət və ictimai xadimlərin həyatı təşkil edir.

Bu cinayətlərin bilavasitə obyekti isə cəmiyyətin firavan həyatının təhlükəsizliyini tənzimləyən ictimai münasibətlərin məcmusudur.

Subyektiv cəhətdən terrorun hərəkətlə, qəsdən, nəticəsini arzulamaq və ona hazırlığın görülməsi ilə bağlıdır. Məhkəmə təcrübəsinin təhlilindən məlum olur ki, əksər terrorlar partlayışla, sonra yanğınlarla və s. ağır hərəkətlərlə törədilir.

 

Ardı var...

 

Şəmsəddin Əliyev

 

"Polisə Dəstək" İB-nin sədri

 

20 İyul 2016-cı il

 

Olaylar.- 2016.- 20 iyul.- S.11.