Milli qəhrəmanlara göstərilən
diqqət
gənclərin vətənpərvərlik
ruhunu artırır
Azərbaycanın
suverenliyi, bütövlüyü, ərazilərimizin erməni
işğalçılarından azad edilməsi uğrunda gedən
döyüşlərdə qəhrəmanlıq göstərmiş
əsgər və zabitlərin, milli qəhrəmanlar, şəhidlərin
xatirəsinin uca tutulması, onların adlarının əbədilləşdirilməsi
gənclərin vətənpərvər ruhda tərbiyə
olunmasına, bu ruhda böyüməsinə müsbət təsir
göstərən amillərdəndir.
Sevindirici haldır ki, bu proses ölkənin hər bir bölgəsində, rayonunda davam edir. Belə tədbirlərdən biri bu günlərdə Binəqədi rayonunda baş tutub. Belə ki, 16 dekabr 2015-ci il tarixində Ermənistan silahlı qüvvələri bölmələrinin mövqelərimizə minaatanlardan atəş açması nəticəsində şəhid olan Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Cəfərzadə Rəşad Əlyar oğlu "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalla təltif olunub. Medalın təqdimetmə mərasimində Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənəvi- Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin zabitləri polkovnik Nazim Əhmədov, polkovnik-leytenant Hafiz Həsənov, polkovnik-leytenant Rövşən Qarayev, Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdiri Elman Dadaşov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Rayon İdarəsinin rəisi Mehman Qurbanov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, Rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev, İctimai Şuranın sədri Aslan Mehdiyev, QHT sədrləri, ASAN Könüllüləri, şəhid Rəşad Cəfərzadənin qəyyumu Mahir Pənahov və rayon fəalları iştirak edib. Tədbirdə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Rayon İdarəsinin rəisi Mehman Qurbanov, Müdafiə Nazirliyinin Mənəvi- Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin zabiti polkovnik Nazim Əhmədov Azərbaycanda ordu quruculuğu, ordunun inkişafına sahəsində əldə olunan nailiyyətlərdən bəhs ediblər. Daha sonra çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində son illər qazanılan nailiyyətləri qeyd edib. Natiq vurğulayıb ki, bu gün Azərbaycanın bölgədə ən yüksək mövqelərə malik ölkə olmasını şərtləndirən əsas amillər sabitlik, dinamik iqtisadi inkişaf və güclü ordudur. Azərbaycan ordusu həm peşəkarlıq, həm də maddi-texniki bazasının üstünlüyü baxımından bölgədə ən güclüdür. Azərbaycanda gedən ordu quruculuğu tədbirləri bir daha təsdiqləyir ki, Ermənistanla müharibə başlayacağı təqdirdə, ölkəmizin qələbəsini şərtləndirən kifayət qədər mühüm amillər var.
Tədbir zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olan şəhid Rəşad Cəfərzadənin "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı onun qəyyumu Mahir Pənahova təqdim edilib.
Tərtər rayonunun Sarov kəndində isə ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olmuş həmyerlimiz, "Azərbaycan Bayrağı" ordenli Şahlar Allahverdiyevin baralyefinin açılışı olub. Rayonun icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, ziyalıların, veteranların, yerli icra və bələdiyyə strukturları təmsilçilərinin iştirak etdikləri tədbiri giriş sözü ilə Sarov kənd İƏD üzrə nümayəndə Ramin Quliyev açıb. Əvvəlcə torpaqlarımız uğurunda şəhid olan vətən oğullarının xatirəsi bir dəqiqəlik sukutla yad edilib. Sonra rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov qəhrəmanın ömür yolundan söhbət açıb, Qarabağ Müharibəsi veteranlarına, şəhid ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğını dilə gətirib. Bildirib ki, şəhid ailələri və müharibə veteranlarının maddi-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə rayonumuzda xeyli işlər görülüb. Belə ki, 1 ədəd 6 mərtəbəli 54 mənzilli, 2 ədəd 2 mərtəbəli 16 mənzilli, 1 ədəd 2 mərtəbəli 24 mənzilli binalar və 21 fərdi yaşayış evi tikilib şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təhvil verilib, 9 fərdi evin tikilməsi nəzərdə tutulur. Bunlardan 4-nün açılışı olub, digər 5 evdə isə işlər davam etdirilir.
Rayon rəhbəri Azərbaycanın Milli Qəhrəmanları Vəzir Orucovun, Mübariz İbrahimovun, "Azərbaycan Bayrağı" ordenli Mehrac Mahmudovun, İlqar Həsənovun şəhərin küçələrinə adlarının verilməsindən, qeyd olunan küçələrdə aparılan abadlıq işlərindən, küçələrin girişində onların baralyeflərinin hazırlanıb qoyulmasından da danışdı.
Tədbirdə iştirak edən Tərtər batalyonunun keçmiş qərargah rəisi, II qrup Qarabağ Müharibəsi əlili, Şahlar Allahverdiyevin döyüş yoldaşı Pənah Məmmədov, "Azərbaycan Bayrağı" ordenli, Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rayon şöbəsinin sədri, döyüş yoldaşı Nizami Heydərov, Şəki şəhərindən gəlmiş şəhidin döyüş yoldaşları Aydın Paşayev və Maqsud Məmmədov, döyüş yoldaşı, həmkəndlisi İsgəndər Cuquyev, şəhidin qardaşı Niyaz Allahverdiyev torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən mərd oğullara, onların ailələrinə göstərilən diqqət və qayğıdan danışıblar.
Şahlar Allahverdiyevin atası Mənsim Allahverdiyev şəhidin xatirəsinə göstərdikləri ehtirama görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, eləcə də rayon rəhbərinə minnətdarlığını bildirib.
Sonra rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Şahlar Allahverdiyevin atası şəhidin barelyefinin üzərindən ağ örtüyü götürüb.
Bərdədə Mərkəzi meydanda isə aprel ayında cəbhədə qəhrəmancasına şəhid olmuş çavuş Musayev Səbuhi Rəfayil oğluna "İgidliyə görə" və Baş leytenant Həsənov Ziya Niyazi oğlu "Hərbi xidmətdə fərqlənməyə görə" medallarının təqdimedilməsi tədbiri keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin, YAP rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, Müdafiə Nazirliyi Mənəvi-Psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini, polkovnik Abdulla Qurbani, şəhidin xidmət etdiyi hərbi hissənin zabit və əsgərləri, rayon ictimaiyyətinin nümayəndələri, Qarabağ müharibəsi veteranları və şəhidin doğmaları iştirak ediblər. Tədbiri rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev açıb. Azərbaycan torpaqlarının bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rayon rəhbəri cıxış edərək 1-5 aprel tarixlərində düşmən təxribatına cavab verən Ali Baş komandan İlham Əliyevin rəhbərliyi altında Milli Ordumuzun cəbhədə qazandığı qələbələrdən, döyüş əzmkarlığından danışıb. Silahlı Qüvvələrimizin qəhrəmanlığı nəticəsində bir neçə strateji əhəmiyyətli yüksəkliklərin düşmən işğalından azad edilməsini və Milli Ordumuzun mövqelərinin möhkəmləndirilməsini xüsusi qeyd edib. Bildirib ki, bu döyüşlərdə Bərdə rayonun iki oğlu - Baş leytenant Həsənov Ziya Niyazi oğlu və Musayev Səbuhi Rəfayil oğlu şəhid olublar. Bu gün bütün bərdəlilər, bütün Azərbaycan xalqı öz şəhid oğulları ilə qürur duyur.Möhtərəm Prezidentimiz, Ali Başkomandan cənab İlham Əliyevin həmin çətin günlərdə təmas xəttinə gəlməsindən, əsgərlərin yanında olmasında, mülki əhali ilə görüşlərindən, yaralılara baş çəkməsindən danışaraq bütün bərdəlilər adından ölkə Prezidentinə minnətdarlığını bildirdi və əsl böyük qələbə gününün uzaqda olmadığına inamı ifadə edib. Sonra Azərbaycan Müdafiə Nazirliyinin nümayəndəsi polkovnik Abdulla Qurbani çıxış edərək döyüşlərdə şəhidlik zirvəsinə ucalan Səbuhi və Ziyadan, onun döyüş dostlarından danışıb. Onları geri azad edilən yüksəkliklərin bayraqdarları, igid qartallar adlandırıb. Tədbirdə polkovnik Abdulla Qurbani və rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev tərəfindən şəhid çavuş Musayev Səbuhi Rəfayil oğlunun ölümündən sonar layiq görüldüyü "İgidliyə görə" medalı atası Rəfayil Musayevə, şəhid Baş leytenant Həsənov Ziya Niyazi oğlunun ölümündən sonar layiq görüldüyü " Hərbi qulluqda fərqlənməyə görə" medalı atası Niyazi Həsənova təqdim edilib.
Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Cəbhənin təmas xəttində gedən gərgin döyüşlərdə Şəhid olan Azərbaycan Ordusunun əsgəri, Masallı rayonunun Güllütəpə kənd sakini, 20 yaşlı Firdovsi Əliş oğlu Bağırzadənin təltif edildiyi "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı onun ailəsinə təqdim edilib.
Bununla bağlı keçirilən mərasimə Müdafiə Nazirliyinin əməkdaşı polkovnik Abdulla Qurbani, Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli, Lənkəran Şəhər İcra Hakimiyyəti aparatının şöbə müdiri Əlimərdan Əliyev, hər üç rayonun icra strukturlarının nümayəndələri, hərbi qulluqçular, Qarabağ müharibəsinin veteranları və şəhidlərin ailə üzvləri qatılıblar. Çıxış edənlər şəhidlərin qısa, amma şərəfli ömür yolu keçdikləri, yüksək mükafata Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş döyüş tapşırıqlarını yerinə yetirərkən həlak olduqlarına görə layiq görüldükləri bildiriblər. Sonra Firdovsi Bağırzadənin ölümündən sonra müdafiə naziri Zakir Həsənovun əmri ilə layiq görüldüyü medalı onun anasına təqdim olunub.
Sonda Milli Ordumuzun şücaətindən bəhs edən video-carx göstərilib.
Masallı rayon Xıl kəndində isə Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun anım günü keçirilib. Tədbirdə Masallı rayon İcra hakimiyyətinin, rayonunun ictimaiyyətinin nümayəndələri, ziyalılar, Qarabağ veteranları, KİV nümayəndələri və kənd sakinləri İştirak edib. Ərazi nümayəndəliyinin qarşısındakı abidə önündə keçirilən tədbiri Milli Qəhrəmanın müəllimi Səadət Əliyev açaraq Milli Qəhrəmanın uşaqlıq, məktəb illərindən və sonrakı fəaliyyətindən söhbət açıb. Masallı rayon İcra hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Nazim Muradov, rayon hərbi komissarlığının məsul işçisi Babək Hacıyev, Milli Qəhrəmanın atası Eynulla Eynullayev, tanınmış şair və publisist, "Yeni həyat" qəzetinin Baş redaktor müavini Rəsul Rzayev, şair Tahir Heydərli (Hüseynov), Qarabağ müharibəsi veteranı Əhliman Səfərov, Xıl kənd tam orta məktəbinin direktoru Aybəniz Qafarova, Xıl kənd tam orta məktəbinin şagirdi Murad Hüseynli və başqaları Milli Qəhrəman Elşad Hüseynovu el-oba üçün qürur mənbəyi kimi dəyərləndirib. Tədbirdə çıxış edənlər Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşənlərə dövlət qayğısından danışaraq bildirdilər ki, Elşad Xıl kəndinin igid oğlu, vətənpərvər övladı, fəxri və qürurudur. Elşadı el-obanın qəhrəman övladı kimi dəyərləndirdilər və haqqında xatirələr danışıblar. Xıl tam orta məktəbinin şagirdləri Milli Qəhrəmana həsr olunmuş şeirlər söyləyiblər.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilmişdir
Olaylar.- 2016.- 21 iyul.- S.15.