Gənclərimiz hərbi xidmətə
getməkdən qürur duyurlar
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Azərbaycan
Respublikası vətəndaşlarının 2016-cı il
iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə
çağırışı həyata keçirilir.
Hazırda 18 yaşı tamam olmuş, habelə 1981-1997-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırışı davam etdirilir. Maraqlıdır, bəs ölkədə çağırışaqədərki hazırlıq işləri necə aparılır? Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikasında çağırışaqədərki hazırlıq müdafiə sahəsində ilkin biliklərə yiyələnmə, hərbi xidmətin əsasları üzrə hazırlıq və hərbi vətənpərvərlik tərbiyəsi məqsədləri üçün ümumi təhsil, ilk peşə-ixtisas və orta ixtisas təhsili müəssisələrində keçirilir. Çağırışaqədər yaş həddində olan vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırılanadək onlara müdafiə sahəsində ilkin biliklər verilməsi məqsədi ilə təhsildən ayrılmamaqla çağırışaqədərki hazırlıq aparılır. Bu fənnin tədrisi çağırışaqədərki hazırlıq rəhbəri tərəfindən aparılır. Çağırışaqədər yaş həddində olan vətəndaşların və çağırışçıların fiziki hazırlığı proqramları, bu hazırlığın təmin edilməsinə yönəlmiş idman növlərinin siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabinetini tərəfindən müəyyən olunur. "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş təhsil müəssisələrində keçirilən fiziki hazırlıqdan başqa, vətəndaşların fiziki hazırlığının təmin olunması Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bədən tərbiyəsi-idman təşkilatları arasında bağlanan müqavilələr əsasında həyata keçirilir. Vətəndaşların xüsusi hərbi ixtisaslar üzrə hazırlanması - 17 yaşına çatmış vətəndaşlar və çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş təhsil müəssisələrində işdən ayrılmaqla xüsusi hərbi ixtisaslar üzrə hazırlıq keçə bilərlər. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti xüsusi hərbi ixtisasların siyahısını və hazırlıq proqramını müəyyən edir və həmin ixtisaslar üzrə 17 yaşına çatmış vətəndaşların və çağırışçıların hazırlanması üzrə sifarişlər verir. Bu ixtisaslar üzrə hazırlanmalı olan 17 yaşına çatmış vətəndaşların və çağırışçıların sayı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. İş yerindən ayrılmaqla çağırışaqədərki hazırlığa cəlb edilən vətəndaşların təhsil dövründə iş yeri, vəzifəsi və iş yeri üzrə orta əmək haqqı saxlanılır, habelə təhsil yerinə gedib-gəlmək haqqı iş yeri üzrə ödənilir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri çağırışaqədərki hazırlıq keçməyə cəlb etdiyi vətəndaşların məşğələlərə (dərslərə) gəlmədikləri barədə onların iş yerinə və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə məlumat verirlər. Ali təhsil müəssisələri tələbələrinin zabitlər hazırlanan xüsusi proqram üzrə hərbi hazırlığı - Ali təhsil müəssisələrində xüsusi proqram üzrə zabitlərin hazırlanması qaydası və müvafiq hərbi ixtisasların siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabinetini tərəfindən müəyyən edilir. Əyani təhsilalma formasında təhsil alan tələbələrin xüsusi proqram üzrə hərbi hazırlığı ali təhsil müəssisəsində təşkil edilir və keçirilir. Zabitlər hazırlanan xüsusi proqram üzrə hərbi hazırlığı sağlamlıq vəziyyətinə görə zabitlərin hərbi xidmətinə yararlı olan tələbələr keçirlər. Tələbələrin hərbi hazırlığına ümumi rəhbərliyi Azərbaycan Respublikasının Nazirlər Kabinetini həyata keçirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkə vətəndaşlarının 2016-cı il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncamına əsasən, Ağcabədi rayonunda gənclərin növbəti hərbi xidmətə yola salınmasına həsr olunmuş mərasim keçirilib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ağcabədi rayon şöbəsində keçirilən təntənəli mərasimdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, ictimaiyyətin nümayəndələri, habelə hərbi qulluqçular, Qarabağ müharibəsi veteranları, çağırışçıların valideynləri iştirak ediblər. Rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Yalçın Sadıqlı, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin rayon filialının sədri İsmayıl Məhərrəmov və valideynlər çıxış edərək, gəncləri hərbi xıdmətə yola düşmələri münasibətilə təbrik ediblər. Çıxış edənlər sürətlə inkişaf edən ölkəmizdə ordu quruculuğunda qazanılan uğurlardan, Azərbaycan əsgərlərinin mərdlik və şücaətindən söhbət açıb, gənclərə torpaqlarımızın keşiyində ayıq-sayıq dayanmağı, hərb işinin sirlərinə mükəmməl yiyələnməyi tövsiyə ediblər. Çağırışçılar hərbi xidmətə yollanmaqdan qürur duyduqlarını, Vətənə layiqincə xidmət edəcəklərini, Ali Baş Komandan İlham Əliyevin əmrlərinə daim müntəzir olacaqlarını bildiriblər. Konsert proqramından sonra çağırışçı gənclər üçrəngli bayrağımızın və müqəddəs Quranın altından keçərək hərbi xidmətə yola düşüblər. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı əsasında ölkəmizin hər yerində olduğu kimi, Qubada da gənclərin həqiqi hərbi xidmətə çağırışı uğurla davam edir. İyulun 15-də gənclərin hərbi xidmətə yola salınması münasibətilə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında keçirilən tədbirdə rayonun idarə, müəssisə və təşkilatlarının, hüquq mühafizə orqanlarının rəhbərləri, ağsaqqallar və valideynlər iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Mərasimdə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Quba rayon şöbəsinin rəisi Seymur Qurbanov, Milli Məclisin deputatı Yevda Abramov, rayon rəhbərliyi, müharibə veteranları və valideynlər ordu quruculuğu sahəsində qazanılan uğurlardan söhbət açıblar. Gənclərə Vətənin keşiyində ayıq-sayıq dayanmaq, ölkəmizin ərazi bütövlüyünü şərəflə qorumaq, hərb işinin sirlərinə mükəmməl yiyələnmək tövsiyə olunub. Qeyd edilib ki, bu gün Azərbaycan Silahlı Qüvvələri ən müasir hərbi texnikaya, güclü maddi-texniki bazaya və mükəmməl döyüş hazırlığına malik bir ordudur. Bu ordu istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir. Hərbi xidmətə yola düşən gənc çağırışçılar Vətənə layiqli övlad kimi xidmət edəcəklərinə söz veriblər. Rayonun incəsənət ustalarının ifasında musiqili proqramla davam edən mərasimdən sonra çağırışçı gənclər böyük ruh yüksəkliyi ilə hərbi xidmətə yola salınıblar. Şəmkirdə gənclərin həqiqi hərbi xidmətə yola salınması əsl bayrama çevrilib. Çağırışçı gənclər yolasalma mərasimindən əvvəl Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsində həkim müayinəsindən keçiblər. Yolasalma mərasimində müstəqil Azərbaycanın milli ordusunda xidmət etməyin ən böyük şərəf olduğu vurğulanıb. Həqiqi hərbi xidmətə çağırılan gənclər dövlət bayrağımızı öpərək, sədaqət andı içiblər. Konsert proqramı ilə davam edən tədbirdən sonra çağırışçılar xüsusi avtobuslarla hərbi hissələrə yola düşüblər. Çağırışçı İsrafil Əlizadə deyib: "Bu gün çox sevinirəm. Mənim arzum olub ki, hərbi xidmətdə olum və sonra da orada qalıb hərbçi işləyim. Bütün əsgər yoldaşlarıma uğrular azrulayıram. Bu sevincin hərbidə olmayanlara da qismət olmasını arzulayıram". İyulun 13-də Tərtərdə gənclərin həqiqi hərbi xidmətə yola salınması münasibətilə Heydər parkında təntənəli mərasim keçirilib. Çağırışçılar ilk öncə Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmiş, sonra mərkəzdə ümummilli liderin həyat və fəaliyyətinə həsir olunmuş eksponatlarla tanış olmuşlar. Mərasim Heydər Əliyev mərkəzinin önündə davam edib.Tərtərin icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının yerli qurumlarının rəhbərlərinin, ziyalıların, veteranların, valideynlərin, yerli icra və bələdiyyə strukturları təmsilçilərinin iştirak etdikləri tədbiri giriş sözü ilə açan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon bölməsinin rəisi, polkovnik-leytenant Ruslan Quliyev vətəni qorumağın hər bir gəncin borcu olduğunu vurğulamış və çağırışçılara xidmətdə uğurlar arzulayıb. Sonra Böyük Vətən Müharibəsi, Silahlı Qüvvələr və hüquq mühafizə veteranları təşkilatının sədri İman Almuradov, Qarabağ müharibəsi veteranı, "Azərbaycan bayrağı" ordenli Nizami Heydərov, şəhid atası Bəhruz İsgəndərov, əsgər atası Azər Quliyev, çağırışçı gənc Elvin Məhərli, əsgər anası Mərziyyə Quliyeva çıxış edərək öz ürək sözlərini bildirmişlər. Valideynlər övladlarının hərbi xidmətə yola düşmələrindən qürur duyduqlarını bildirmişlər. Tədbirdə iştirak edən rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov gəncləri salamlayaraq, onların valdeyinlərinə gözaydınlığı verdi. Rayon rəhbəri aprel ayında ermənilərin törətdiyi silahlı təxribatdan, torpaqlarımızın müdafiəsi uğurunda həlak olan şəhidlərdən, ordu və xalq birliyindən danışdı. O, ordu quruculuğundan, ölkə rəhbəri tərəfindən bu sahəyə göstərilən diqqət və qayğıdan, 48 km təmas xətti olan Tərtər rayonunun ön cəbhədə yerləşən kəndlərində aparılan tikinti-abadlıq işlərindən, onların sosial problemlərinin həllindən, şəhid ailələrinə, müharibə veteranları və əlillərə göstərilən qayğıdan, şəhidlərin adlarının əbədiləşdirilməsindən, küçələ Azərbaycanın Milli Qəhrəmanları Vəzir Orucovun, Mübariz İbrahimovun, "Azərbaycan Bayrağı" ordenli Mehrac Mahmudovun, İlqar Həsənovun adlarının verilməsindən, qeyd olunan küçələrdə aparılan abadlıq işlərindən, küçələrin girişində onların baralyeflərinin hazırlanıb qoyulmasından danışdı. Bu günlərdə Sarov kənd tibb məntəqəsinə adı verilmiş "Azərbaycan Bayrağı" ordenli Şahlar Allahverdiyevin baralyevinin açılışı olacağını bildirdi. Onların döyüş fəaliyyətinin gənclərimizə örnək olduğunu vurğuladı. Bildirib ki, ölkəmizdə bütün sahələr üzrə əldə edilən nailiyyətlər ordumuzun da hərtərəfli inkişafına və güclənməsinə səbəb olmuşdur. Bu gün Azərbaycanın təhlükəsizliyini sayıqlıqla müdafiə edən müasir və güclü ordusu var. Ordu quruculuğu sahəsində görülən işlər, ölkəmizin hərbi qüdrətinin yüksələn xətt üzrə inkişaf etməsi Silahlı Qüvvələrimizin istənilən anda işğal altında olan torpaqlarımızı azad etməyə qadir olduğunu göstərir. Bu yaxınlarda ordumuzun cəbhədə düşmənə layiqli cavabı bunu bir daha sübut edib. Müstəqim Məmmədov hərbi xidmətin hər bir gənc üçün müqəddəs borc olduğunu diqqətə çatdıraraq, çağırışçılara vətənin keşiyində ayıq-sayıq dayanmağı, komandirlərin tapşırıqlarını səylə yerinə yetirməyi tövsiyə edib. Sonra çağırışçı gənclər müqəddəs Qurani-Kərimin altından keçərək, Azərbaycan bayrağını öpərək musiqi sədaları altında ruh yüksəkliyi ilə ordu sıralarına yola düşmüşlər.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilmişdir
Olaylar.- 2016.- 22 iyul.- S.15.