Mətbuatımızın 141 illik
çətin və şərəfli dövrü
Bu gün Azərbaycan bu
sahədə dünyaya nümunədir Azərbaycanda
Milli Mətbuatın yaranmasından düz 141 il keçir. 1875-ci il, iyulun 22-də Həsən bəy Zərdabinin
nəşr etdirdiyi
"Əkinçi" qəzeti ilə Milli
Mətbuatın ilk bünövrəsi qoyuldu.
Bütün
Qafqazda böyük əks-səda doğuran
"Əkinçi"nin ərsəyə gəlməsində
Həsən bəy Zərdabi ilə yanaşı Mirzə Fətəli
Axundov, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov,
Əsgər ağa Gorani və başqa ziyalıların da
müstəsna xidmətləri olub. Ümumiyyətlə,
dövrünün görkəmli maarifçiləri olan bu
şəxsiyyətlər "Əkinçi" qəzeti səhifələrində
öz maarifçi və demokratik ideyalarını təbliğ
edərək, ictimai, siyasi və bədii fikrin
inkişafına böyük təsir göstərirdilər. O
zaman "Əkinci" də bir qayda olaraq elm, maarif və mədəniyyətin,
ədəbiyyat və incəsənətin inkişafına,
yeni tipli məktəblərin yaradılmasının zəruriliyinə
aid materiallar dərc edilirdi. Qəzetin qazandığı ən
böyük uğurlar ilk növbədə onun dilinin xalq dilinə
yaxın, sadə və səlis olması idi. Xalqın elmi və
mədəni cəhətdən tərəqqi etməsi
uğrunda çalışan "Əkinçi" qadın
azadlığı və qadın təhsili ideyasını təbliğ
edən ilk Azərbaycan qəzeti olmuşdu. O, dini mövhumata,
xurafata və cəhalətə qarşı kəskin
çıxışlar edirdi. Qəzetdə təbiət elmləri
və kənd təsərrüfatının inkişafı ilə
bağlı elmi-kütləvi məqalələr də
verilirdi. "Əkinçi" Azərbaycandan kənarda da -
Gürcüstan, Dağıstan, Özbəkistan və
başqa yerlərdə yayılırdı.
Milli
demokratik mətbuatın "Əkinçi" qəzeti tərəfindən
bəyan edilmiş başlıca prinsipləri - maarifləşmə,
müasirləşmə, məfkurə saflığı,
ümummilli məqsədlərin təbliği, bəşəri
dəyərlərin milli ənənələrlə üzvi vəhdəti,
ədəbi dilin danışıq dilinə
yaxınlaşdırılması, hadisələrin obyektiv
işıqlandırılması Azərbaycanda milli demokratik mətbuatın
gələcək inkişafı üçün təməl
daşları rolunu oynadı. 1877-ci ildə
"Əkinçi" qəzeti bağlandıqdan sonra
müxtəlif səylər göstərilməsinə
baxmayaraq ölkəmizdə bir müddət Azərbaycanca mətbu
orqan çıxmadı. Ölkədə cərəyan edən
ictimai proseslər və cari məsələlər bir müddət
yerli rusdilli mətbuatda öz əksini tapırdı.
Bakıda rus dilində çıxan ilk qəzet isə birinci
nömrəsi 1871-ci ilin mart ayında işıq üzü
görən "Bakinski listok" oldu. 1876-cı ildə ikinci
rusdilli qəzet "Bakinskiye izvestiya" nəşrə
başladı. Rusdilli qəzetlər içərisində daha
uzunömürlü olmuş "Kaspi"nin 1897-ci ildən
etibarən naşirliyini Hacı Zeynalabdin Tağıyev öz
üzərinə götürmüş və təxminən
həmin dövrdən onun redaktoru Əlimərdan bəy
Topçubaşov, sonralar isə Əlibəy Hüseynzadə
olmuşdu.
Azərbaycan
mətbuatında "Molla Nəsrəddin"
jurnalının da özünəməxsus yeri var. 1906-cı
ildə işıq üzü görən jurnal mətbuat
tarixində ən görkəmli məzhəkə
jurnalıdır. Burada günün siyasi həyatı kəskin
bir qələm ilə əks olunur. Jurnal yalnız ümumi məsələlərdən
yox, ölkənin daxili vəziyyətindən, şəhər
həyatından da bəhs edirdi. Cəlil Məmmədquluzadənin
təşəbbüsü, redaktorluğu və naşirliyi ilə
Tiflisdə həftəlik olaraq dərc edilən "Molla Nəsrəddin"
müstəmləkəçilik siyasətini, geriliyi,
mövhumatı amansız satira atəşinə tuturdu.
Günümüzdə Azərbaycan mətbuatının
inkişaf prosesi müstəqillik illərindən sonraya təsadüf
etdi. Xüsusilə, ümummilli lider Heydər Əliyevin ikinci
dəfə hakimiyyətə gəlişindən sonra ölkədə
kütləvi infiormasiya vasitələrinin normal fəaliyyəti
üçün əlverişli şərait yaradıldı.
Ümummilli liderin bu sahəyə göstərdiyi diqqət və
qayğı nəticəsində mətbuatın
inkişafında sözün əsl mənasında
dönüş yarandı. Ölkədə siyasi plüralizm
və söz azadlığını təmin etmək
üçün mühüm işlər həyata
keçirildi. Azərbaycan mətbuatının sürətli
inkişafı respublikamızda dünya standartlarına cavab
verən müstəqil kütləvi informasiya vasitələrinin
yaranmasına gətirib çıxardı. Heydər
Əliyevin bu istiqamətdə atdığı ən mütərəqqi
addımlardan biri qəzetlər üzərində mövcud
olan senzuranı ləğv etməsi oldu. Belə ki, 1998-ci ilin
avqust ayının 6-da prezident Heydər Əliyevin
imzaladığı xüsusi Sərəncamla Azərbaycanda mətbuat
üzərindən senzura götürüldü. Həmçinin,
1999-cu ildə Kütləvi İnformasiya Vasitələri
(KİV) haqqında Azərbaycan Respublikasının Qanununun
(ARQ), digər hüquqi-normativ aktların qəbulu həyata
keçirilib. Bütün bunlarla yanaşı Heydər
Əliyev bir neçə dəfə qəzetlərin Azərbaycan
Nəşriyyatına olan borclarını dondurdu. Bu yenicə
müstəqillik əldə etmiş ölkədə mərkəzi
hakimiyyətin azad söz, müstəqil mətbuata, fikir və
söz azadlığına necə böyük dəyər
verdiyinin göstəricisi idi.
Azərbaycanda mətbuatın çiçəklənmə, intibah dövrü isə 2003-cü ildən sonraya təsadüf etdi. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyev də hakimiyyətə gəldiyi ilk gündən ölkədə fikir və söz azadlğının daha da inkişaf etdirilməsi, kütləvi informasiya vasitələrinin üzləşdiyi ən xırda problemlərin belə aradan qaldırılması istiqamətində mütərəqqi addımlar atdı. Qəzetlərin Azərbaycan Nəşriyyatına olan borclarının silinməsi, mətbu orqanlara birdəfəlik yardımın ayrılması, dövlət başçısının müntəzəm olaraq media kapitanları ilə görüşüb onların üzləşdiyi problemləri dinləməsi və s. bu sıraya aid etmək olar.
Azərbaycan Prezidentinin bu istiqamətdə atdığı ən mütərəqqi addımlardan biri də 31 iyul, 2008-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin (KİV) inkişafına Dövlət Dəstəyi Konsepsiyası (DDK) kimi mühüm sənəd təsdiq etməsi oldu. Konsepsiyaya uyğun olaraq isə 22 may 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (DDF) yaradılmışdı. Fəaliyyət göstərdiyi 7 il ərzində KİVDF-nin keçirdiyi yüzlərlə fərdi jurnalist yazı müsabiqələri media işçilərinin sosial şəraitinin yaxşılaşdırılmasına, kütləvi informasiya vasitələrinin layihələrinin maliyyələşdirilməsi isə ümumilikdə qəzetlərin maddi durumunun normallaşmasına imkan yaratdı.
Bütün bunlarla yanaşı dövlət başçısı Azərbaycanın mətbuat tarixinə qızıl həriflərlə yazılmış ilkə də imza atdı. Jurnalistlərin sosial-mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə yaşayış binasının tikintisi barədə müvafiq sənəd imzalayan Prezident İlham Əliyev 2013-cü il, iyul ayının 22-də həmin binanın açılış mərasimində iştirak etməklə daha bir ilkə imza atdı. Beləliklə, dövlət başçısının diqqət və qayğısı nəticəsində yüzlərlə media işçisi dövlət tərəfindən pulsuz olaraq mənzillə təmin edildi. Təsadüfi deyil ki, həmin ərəfədə demək olar ki, bütün dünya mətbuatı Azərbaycandan, indiyə qədər heç bir ölkədə baş verməyən bir hadisədən, media işçilərinə dövlət tərəfindən pulsuz olaraq ev verilməsindən yazdı. Hazırda isə media işçiləri üçün daha bir yaşayış binasının tikintisi tam başa çatmaq üzrədir. Yaxın vaxtlarda daha 255 KİV nümayəndəsi dövlətin bu qayğısının əyani şahidinə çevriləcək.
Göründüyü kimi, bu gün Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır. İstər ölkədə media vasitələrinə yaradılan şərait, istər fikir və söz azadlığının yüksək səviyyədə təmin olunması, istərsə də digər amillər onu deməyə əsas verir ki, Azərbaycan bu sahədə təkcə yerləşdiyi regiona deyil, eləcə də bütün dünya ölkələrinə nümunə ola bilər.
S. İsmayılbəyli
Olaylar.- 2016.- 22
iyul.- S.8.