Gənc nəsil vətənpərvər ruhda tərbiyə olunur

 

Gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması hər bir dövlətdə diqqət mərkəzində olan məsələlər sırasındadır.

Təqdiredici haldır ki, qeyd edilən istiqamətdə təkcə dövlət qurumları, eləcə də qeyri-hökumət təşkilatları səviyyəsində təqdirəlayiq addımlar atılır, gənclərin vətənpərvərlik hislərinin artırılmasına xidmət edən layihələr, tədbirlər həyata keçirilir. Bu istiqamətdə görülən işlərin göstəricisidir ki, artıq regionlarda da sözün həqiqi mənasında milli şüura malik, vətənpərvər gənclər yetişir. Bu kimi tədbirlər təkcə paytaxt deyil, eləcə də regionlarda da həyata keçirilir ki, bu da gənclərin sağlam, vətənpərvər  ruhda böyüməsinə təkan verir. Öz növbəsində region gəncləri də bundan razılıqlarını ifadə edirlər.  Elə Mingəçevir şəhərinin fəal gənclərindən olan Elşən Məmmədov da bu qənaətdədir. Elşən Məmmədov deyir ki, yaşadığımız zaman kəsiyində gənclərin milli ruhda böyüməsi, onlara vətənpərvərlik hisslərinin aşılanması ən vacib istiqamətərdən, amillərdən biridir: "Gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onların vətənpərvər ruhda tərbiyə olunması, böyüdülməsi hər bir dövlətin diqqət yetirməli olduğu vacib məsələlərdən biri sayılır. Bu məqama tarixin bütün dövrlərində ideologoya fərqindən asılı olmayaraq diqqət yetirilib. bir danılmaz faktdır ki, bu günün gəncləri sabahın dövlət idarəçiləri hesab edilir. Qeyri-sağlam mühitdə böyüyən, vətənpərvər ruhda tərbiyə olunmayan gənclik isə sabah dövlət idarəçiliyini həyata keçirə bilməz. Bu mənada Azərbaycanda da gənclərin milli mənlik şürunun inkişaf etdirilməsi, onların vətənpərvər ruhda tərbiyə olunması istiqamətində lazımı tədbirlər görülür, müvafiq addımlar atılır".

Elşən Məmmədov qeyd edir ki, günümüzdə də gənclərin vətənpərvər ruhda tərbiyəsi diqqət mərkəzində saxlanılmalıdır. Onun sözlərinə görə, gənclərimiz tarixin müxtəlif dövrlərində yaşamış və ad qoymuş tarixi şəxsiyyətlərimiz, sərkərdələrimizi, milli qəhrəmanlarımızı yaxından tanımalı, onların həyat yolu, Vətən uğrunda apardıqları mübarizəni dərindən öyrənməlidirlər: "Heç şübhəsiz ki, bu biliklər gənclərimizə təhsil ocaqlarında aşılanmalıdır. Düzdür, ümumtəhsil müəssisələrində gənclərə bu istiqamətdə məlumatlar verilir. Ancaq hesab edirəm ki, gənclərimiz daha çox məlumatlandırılmalıdırlar. Eyni zamanda gənclər arasında müntəzəm olaraq maarifləndirici xarakter daşıyan işlər görülməli, tədbirlər keçirilməlidir". Elşən Məmmədov yaşadığı şəhərdə müntəzəm olaraq gənclərin vətənpərvərlik ruhunda böyüməsi, onların milli mənlik şüurunun inkişaf etdirilməsi istiqamətində tədbirlərin keçirildiyini söyləyib. Qeyd edib ki, eyni zamanda rayon məktəblərində də tez-tez milli qəhrəmanlarımıza həsr olunmuş tədbirlər təşkil olunur: "Bu kimi tədbirlər heç şübhəsiz ki, gənclərin vətənpərvər ruhda böyüməsinə, tərbiyə olunmasına müsbət təsir göstərir. Heç şübhəsiz ki, belə tədbirlər eyni zamanda gənclərin vətənpərvər ruhda tərbiyə olunmasına stimul verir. Paralel olaraq gənclərin müntəzəm olaraq, bayram tədbirləri, əlamətdar günlır ərəfəsindəhərbi hissələrə səfərləri təşkil edilir və gənclər əsgər və zabitlərimizin bacarığı, şücaətinin canlı şahidi olurlar. Bu da öz növbəsində həm Azərbaycan Silahlı Qüvvələrində böyük ruh yüksəkliyi yaradır, həm də döyüş əzmini artırır. Eyni zamanda gənclərdə də vətənpərvərlik hissi formalaşdırır. Vətənpərvərlik insanın ilk növbədə qanında olmalıdır. Əgər insanın qanında vətənpərvərlik hissi yoxdursa, o heç bir halda Vətənini, dövlətini, xalqını sevə bilməz. Vətənə sevgi, məhəbbət ailədən başlayıb, cəmiyyətdə formalaşır. Bunlar olmadıqda vətənpərvərlik olmur. Xüsusilə də torpağı düşmən tapdağı altında olan bir millətdə vətənpərvərlik ruhu daha yüksək olmalıdır. Bu gün hər bir Azərbaycan gənci, vətəndaşı vətənpərvər olmağa məhkumdur. Çünki bu gün bizim 20 faiz torpaqlarımız erməni işğalı altındadır və 1 milyona yaxın qaçqın və məcburi köçkünümüz var. Amma əfsuslar olsun ki, bu məsələ bizdə ürəkaçan deyil. Ona görə də gənclərimizin doğru, düzgün yola dəvət edilməsi, onlarla lazımı səviyyədə aparılması istiqamətinə də ciddi diqqət yetirmək olduqca zəruridir". Elşən Məmmədov deyib ki, vətənpərvərlik hissi uşaqlarda körpə yaşlarından formalaşdırılmalıdır: "Torpaqlarımızın işğal altında olduğu bir şəraitdə uşaqlara vətənə, torpağa, elə-obaya sevgi, məhəbbət hissini formalaşdırmaq məqsədi ilə mütəmadi məlumatlar verilməlidir. Torpaqlarımızın işğal günlərində bunu uşaqlara faciə kimi deyil, bu faciəni törədənlərə nifrət hissi kimi aşılamaq lazımdır. Bundan əlavə məktəblərdə işğal günləri ərəfəsində müxtəlif müsabiqələr, divar qəzetləri, rəsm, inşa müsabiqələri təşkil olunmalıdır. Tarix dərslərində şagirdlərə torpaqlarımızın azadlığı uğrunda canından və qanından keçən şəhidlərimiz, milli qəhrəmanlarmız və tarixi sərkərdələrimiz haqqında demək olar hər dərs, hər gün məlumatlar verilməlidir. Məhz bu halda orta məktəblərdə vətənpərvərlik ruhunu yüksək səviyyəyə qaldırmaq olar. Əks halda ortaya çıxan nəticə bizlər üçün qaneedici olmayacaq. Bu təhlükə ilə üzləşməmək üçünsə lazımı addımlar atmalıyıq". Onun sözlərinə görə, bu gün Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də gənclər üçün bir örnəkdir və onun Silahlı Qüvvələrə göstərdiyi diqqət və qayğı gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasına öz müsbət təsirini göstərir: "Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu sahədə gənclərə bir örnəkdir. Etiraf etmək lazımdır ki, son illərə qədər gənclər arasında vətənpərvərlik hissləri demək olar ki, aşağı səviyyədə idi. Gənclərimiz yad, xarici təsirlərə məruz qalır, onlarda Vətən, millət sevgisi demək olar ki, yox olurdu. Lakin sonradan Ramil Səfərov, Mübariz İbrahimov kimi Vətən övladlarının nümayiş etdirdiyi qəhrəmanlıq, eyni zamanda onlara verilən layiqli qiymət gənclər arasında vətənpərvərlik hisslərinin artmasına təkan verdi. Təbii ki, burada Ali Baş Komandan, Azərbaycan Respublikasının Pezidenti cənab İlham Əliyevin xidmətlərini də xüsusi qeyd etmək lazımdır. Erməni zabitini öldürməkdə ittiham olunaraq Macarıstanda ömürlük həbs cəzasına məhkum edilmiş Ramil Səfərovun ölkəmizə ekstradisiya olunması, eyni zamanda misilsiz şücaət göstərərək onlarla erməni hərbiçini qətlə yetirən Mübariz İbrahimovun nəşinin düşmən tərəfindən geri alınaraq onun Azərbaycan ictimaiyyətinin iştirakı ilə dəfn olunması, şəhid Mübariz İbrahimova milli qəhrəman adının verilməsi öz-özlüyündə gənclərdə vətənpərvərlik hisslərinin artmasına öz müsbət təsirini göstərdi. Elə bunun bariz nümunəsiidir ki, keçən ilin avqust ayında cəbhədə baş verən erməni təxribatı və bir neçə günlük hərbi əməliyyatlar zamanı yüzlərlə Azərbaycan gənci könüllü olaraq Müdafiə Nazirliyinə müraciət edərək cəbhə xəttinə getməyə hazır olduğunu bildirdi. Həmçinin cari ilin aprel ayında erməni təxribatının qarşısını alan Azərbaycan Silahlı Qüvvələri yüksək döyüş qabiliyyəti göstərərk uzun illər işğal altında olan strateji əhəmiyyətli yüksəklikləri azad etdi.  Bütün bunlar Ali Baş Komandanın ordu quruculuğu, Silahlı Qüvvələrin şəxsi heyətinə göstərdiyi diqqət və qayğının təzahürüdür. Heç şübhəsiz ki, Ali Baş Komandanın hərbi hissələrə səfəri, əsgər və zabitlərlə görüşməsi, eləcə də hərbi təlimləri izləməsi də ordu sıralarında qulluq edən gənclərimizin ruh yüksəkliyinə, onlarda vətənpərvərlik hisslərinin artmasına təkan verir. Ümid edirəm ki, Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycanın mərd və vətənpərvər oğulları tezliklə işğal altında olan torpaqlarımızı azad edəcəklər. Aprel ayında baş verən dördgünlük müharibə bir daha bunu təsdiqləmiş oldu". Sonda Elşən Məmmədov onu da diqqətə çatdırıb ki, Azərbaycan tarixində ikinci dəfə müstəqillik əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi gənclərlə sahəsinə də müəyyən poblemlər mövcud idi: "Düzdür, həmin dövrdə gənclərdə vətənpərvərlik hissləri yüksək səviyyədə idi və gənclərimiz könüllü olaraq Qarabağ uğrunda gedən döyüşlərə qoşulurdular. Lakin dövlət idarəçiliyi sahəsində mövcud olan müəyyən boşluqlar bir sıra qeyri-ənənəvi dini sektalar, missioner təşkilatların ölkəmizə ayaq açmasına, gəncləri öz torlarına salmasına gətirib çıxarırdı. Nəticə etibarilə Azəbaycan gənci getdikcə millət, Vətən sevgisindən uzaq düşürdü. Digər tərəfdən ölkədə yaşayış səviyyəsinin pisləşməsi gənclərimizin dolanışıq ardınca xaricə, daha çox şimal qonşumuza üz tutmasına səbəb olurdu. Nəticə etibarilə yuxarıda qeyd etdiyim kimi gənclər arasında vətənpərvərlik hissləri tədricən ölürdü. Lakin 1993-cü ilin iyun ayında ümummilli liderHeydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi gənclərlə sahəsində də məqsədyönlü tədbirlər həyata keçirilməyə başlanıldı".

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2016.- 23-25 iyul.- S.15.