Azərbaycan gənci vətənpərvərdir

 

Əkbər Qoşalı: "Aprel döyüşləri, vətənpərvərlik hisslərinin əməli müstəvi üzərində parlaq inkasının  özüydü"

 

Gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması hər zaman prioritet məsələlərdən biridir.  Dövlətin bu sahəyə göstərdiyi xüsusi diqqət və qayğının nəticəsidir ki, artıq gənclərimiz szün həqiqi mənasında vətənpərvər ruhda böyüyür, tərbiyə olunur. Bəs görəsən dövlətlə yanaşı, qeyri-dvlət təşkilatları da bu məsələyə diqqət yetirirlərmi? Ümumiyyətlə, qeyri-hökumət və gənclər təşkilatları gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlıarda vətənpərvərlik hisslərinin artırılması istiqamətində hansı fəaliyyətlər göstərirlər? Buya digər suallarla   Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Milli Qeyri Hökumət Təşkilatları Forumu İdarə Heyətinin üzvü, yazıçı-publisist  Əkbər Qoşalı ilə söhbətləşdik.

-Əkbər bəy, bu gün gənclər və qeyri-hökumət təşkilatları gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması istiqamətində üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlirmi?

-Bəli, elə hesab edirəm, gənclər və onları birləşdirən QHT-lər gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, vətənpərvərlik hissinin artırılması yönündə öz üzərlərinə düşən vəzifələrin öhdəsindən gəlməyə çalışır. "Öhdəsindən gəlməyə çalışır" ifadəsi özlüyündə ləyaqəti, ləyaqətliliyi bildirir. Bu bir növ "gənclərdən - gənclərə" fəlsəfi yanaşmasını da əks etdirir; bununla belə, milli mənlik şüurunun inkişafı, vətənpərvərlik hissinin artırılması həyat təcrübəsi geniş olan vətəndaşlarımızın, təcrübəli uzmanlarımızın töhfələri ilə daha da zənginləşmiş olur. Baxın, burada məhz öz insanımız, öz vətəndaşımız, öz uzmanımız göz önündə tutulur. Başqalarını məhz başqa "qayğılar" məşğul edir. Milli mənlik şüurunun inkişafı, vətənpərvərlik hissinin gücləndirilməsi yönündə layihələr daha çox milli donor institutlarının yaranmasından sonrakı dövrə təsadüf edir. ( - Əslində, təsadüf etmir, qanunauyğunluq kimi qarşımıza çıxır.) Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası, Azərbaycan Gənclər Fondu, Gənclər və İdman Nazirliyi, eləcə də, Azərbaycan Prezidenti yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyələşdirdiyi bir çox layihə dediklərimizə sübutdur. Doğrudur, milli donor institutlarımız yaranmamış da müəyyən çalışmalar mövcud idi, lakin könüllülük maliyyə təminatı ilə birləşincə daha geniş meydan yarandığı şübhəsizdir. Burada, başqa bir önəmli məqamı da vurğulamadan keçməyək. Ulusumuz, Vətənimiz, dövlətimiz adına tarixi anlarda layihəli-layihəsiz, pullu-pulsuz, təşkilatlı-təşkilatsız respublika gəncliyi öz milli mənlik şüurunu da, vətənpərvərlik hissinin coşğunluğunu da göstərib, göstərir, göstərəcək də.!  20 yanvar şəhidlərinin, I Qarabağ Savaşı şəhidlərinin, qəhrəmanlarının, minlərlə Vətən oğlunun adı timsalında dediklərimiz öz sübutunu tapır.

-Bəs sizcə, bu istiqamətdə çatışmayan cəhətlər nədən ibarətdir?

-"Çatışmayan cəhətlər" deyəndə, bilirsiniz, Vətən torpaqlarımızın önəmli hissəsi işğal altındadır - bu təəssüf doğuran, qəbuledilməz durumu aradan qaldırmaq üçün ellikcə, xalqca, dövlətcə, Vətəncə görüləcək çox işimiz vardır. Görüləcək işlərin önəmli bölümü gənclərdən keçir, gənclərlədir, gənclərədir, gələcəyədir. Ona görə də, əgər "hər şey çatışır" desək, onda gərək, sabahımız elə bugünkü kimi olsun - oysa, sabahımız ərazi bütövlüyümüz bərpa olunmuş Azərbaycana açılmalıdır. ( İnşallah, o gün uzaqda deyil!) Deməli, gəncliyimiz öz adına, ölkəmizin adına layiq gələcəyə hazırlanmalı, böyük vəzifələrə hazır olmalıdır. Böyük vəzifələrə necə hazır olunur? Hardan gəldiyini, necə gəldiyini, harda olduğunu, hara və kiminlə gedəcəyini bilərək - prosesin mahiyyətini dərk edərək. Bu proses həm QHT-lərin, həm təhsil-elm ocaqlarımızın, mədəniyyət müəssisələrimizin işidir; eləcə də, ailələrin, KİV-lərimizin, bütövlükdə vətəndaş cəmiyyəti institutlarımızın bu sahədə məsuliyyət payı vardır. Adını çəkdiyimiz ünvanlarda çatışan-çatışmayan yönləri ilə durum necədirsə, sual verdiyiniz istiqamətdə də, durum ona ekvivalentdir, deyə düşünürəm.

- Sizə, elə gəlmirmi ki, qeyd edilən istiqamətlərə diqqət, maliyyə dəstəyi daha çox artırılmalıdır?

- QHT-lərlə, ümumən vətəndaş cəmiyyəti institutları ilə işə dövlətimizin konseptual baxışı var - bu çox önəmli faktordur.  Maliyyə bu gün bir qədər az ola bilər, sabah çoxala bilər. Əsas olan dövlətin məsələyə münasibətidir. Bu münasibət də, konseptual, plan-proqramlı münasibətdən daha yaxşı necə ifadə oluna bilər? Üstəlik, üç önəmli milli donor qurumu birbaşa Azərbaycan Prezidenti yanında fəaliyyət göstərirsə, bu yüksək münasibət alqışlanmalıdır.

-Sizcə, bu ilki aprel döyüşləri Azərbaycan gəncinin vətənpərvərlik hissinin daha da artmasına nə dərəcədə müsbət təsir göstərdi?

- Təsir göstərməkdən öncə, aprel döyüşləri, vətənpərvərlik hisslərinin əməli müstəvi üzərində parlaq inkasının  özüydü. İşğalçının üzərinə şığıyan oğullarımız yalnız hərbi texnikadan yaxşı istifadə etməklə deyil, məhz vətənpərvərlikləri ilə də seçilirdi. Onlar yalnız avtomatla, başqa hərbi texnika ilə silahlanmamışdı, eyni güclə, ruhun gücüylə silahlanmışdı. Ölümün üstünə getmək başqa cür necə mümkündür? Bu yalnız ağılla mümkündürmü? Məhz hisslər, eşq, sevda, ruh aparır adamı. Əlbəttə, aprel döyüşləri toparlama, ruhlandırma gücünə malik olması ilə bir tarixi olaydı. Biz aprel döyüşlərinin önəmini bəlkə gələcəkdə daha dərindən anlayacağıq. Yeni situasiya yaratması, yeni gerçəklik doğurması ilə. Aprel döyüşləri apreldə qalmaz!

-Sizcə, bu gün Azərbaycan gənci tam mənada vətənpərvərdirmi?

- Əsasən vətənpərvərdir. Apreldə şahid olduğumuz kimi, bir qığılcım, bir sıçrayış bəs edər, gəncimiz də, yaşlımız da toparlansın. Bu bəlkə vətənpərvərliyi də aşan bir iman məsələsidir. Tarixdə belə faktlar olub, əlbəttə,  örnəyi, Çanaqqala Savaşında türk mehmetciyi məhz iman gücü ilə qalib gəlməmişdimi? Elə bilirəm, Vətən torpaqlarını azad etmək imanınlılığın  özüdür. Bu gün bizim siyasi qibləmiz Bakı, hərbi qibləmiz Şuşadır. Yanlış yerlərdə yanlış ideolojilərin təsiri altında "cənnət" gəzənlər, cənnətin açarlarının öz Qarabağımızda olduğunun fərqində olmalıdır...

-Əkbər müəllim, sizcə, Azərbaycan Silahlı Qüvvələrinə göstərilən diqqət-qayğı gənclərin Vətən uğrunda savaşmasına, torpaqlarını işğaldan azad etməsi ruhuna necə təsir göstərir?

-Əlbəttə, yaxşı təsir göstərir. Müdafiə nazirimizin, Ali Baş Komandanımızın etimadına layiq davranışı gənclərdən, yazarlardan, bir sözlə, xalqdan təqdir görməkdədir. Silahlı Qüvvələrimiz qürur yerimiz, ümid yerimiz, inam yerimizdir.

-Sizcə, vətənpərvərlik mövzusunda çəkilən filmlər, reklam çarxları, kliplərin sayını artırmaq günümüz üçün vacib deyilmi?

- Vacibdir, təbii. Bu sahədə müəyyən işlər görülür. Bir sıra şəxsi təşəbbüslər də var, tele şirkətlərimizin layihələri, yaradıcılıq qurumlarımızın çalışmaları da olmamış deyil. Elə bu günlərdə bizim Dünya Gənc Türk Yazarlar Birliyi Məsləhət Şurasının üzvü, tarixi romanlar müəllifi Cəlaləddinin ssenarisi əsasında vətənpərvərlik filminin çəkildiyini qeyd edə bilərəm. Kim daşı daş üstə qoyursa, yaxud əlini daşın altına qoyursa, alqışlanmalıdır. Kəm-kəsirlərimizin də üzərinə getməli, özümüzə, sözümüzə inamsız olmamalıyıq. Qardaş Türkiyədə son günlər yaşanan olaylarda xalq-dövlət birliyinin nələrə qadir olduğunu bir daha gördük. Bu bir qardaş örnəyi kimi bizimçün anlamlıdır, dəyərlidir.

-Əkbər müəllim, yeri gəlmişkən, qardaş ölkədə baş verən olaylara Azərbaycandan reaksiyalar haqqında fikirlərinizi alardıq.

-İlk növbədə, qardaş Türkiyəmizə böyük keçmiş olsun, qardaşımızın bayrağı uca, şəhid övladlarının Tanrı qatında yeri uca olsun!  Birincisi, Türkiyədə baş verən məlum olaylara Azərbaycan qədər həssas, içdən münasibət bəsləyən başqa bir ölkə olmadı. Biz qardaş ölkədə baş verənləri - kədəri ilə, sevinci ilə öz ölkəmizin dərdi, sevinci kimi yaşadıq. Ərk etdik, umduq-küsdük, coşduq-dolduq, ümidləndik, inandıq. Keşkə belə bir qanlı olay baş verməyəydi; bununla belə, nə yaxşı ki, xalqın iradəsi qalib gəldi.

İkincisi, bu olaylar, Mustafa Kamal Atatürkün nə qədər uzaqgörən olduğunu bir daha göstərdi. Göstərdi ki, bu coğrafiyada məhz Atatürk modelli Türkiyə daha qayim ola bilir.

Üçüncüsü, sayın Türkiyə Cümhurbaşqanı və Başbakanının qətiyyətini qeyd etməliyik. Bir dövlət xadimi necə hərəkət etməliydi, onu göstərdilər. Belə olaylarda qaçan-gizlənənləri çox görüb tarix. Dördüncüsü, kəmfürsətlərin, "çıxarçı"ların olduğunu da gördük. Bu da başqa olaylarda da rastlanan haldır. Ancaq tankın-topun üstünə əli yalın getmək, "Vətən nə demək - türklər bunu bir gecədə göstərdi" öygüsünü qazanmaq hər xalqa nəsib olmur. Beşincisi, qardaş ölkə bu olaylarla yeni dönəmə qədəm qoyur. Tanrı nə xeyirlisə, qardaşımızın qarşısına onu çıxarsın.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2016.- 27 iyul.- S.15.