Vətənpərvər gənclər
dövlət, xalq
qarşısında məsuliyyətlərini
dərk edirlər
Zaman-zaman ən mötəbər
kürsülərdən səslənən və nəsillərin
bir-birini əvəz etməsi fonunda gəncliyə
böyük ümidləri ifadə edən bir deviz həmişə
aktual olub. "Gənclər bizim gələcəyimizdir"
adlanan bu şüar nəsildən nəsilə
ötürülüb. Çünki bəşəriyyətin
sadə yaşam məntiqi belədir.
Bu gün həyatın bütün sahələrində quruculuq işlərinin sükanı arxasında olan orta və yaşlı nəsili sabah gənclər əvəz edəcək. Ölkənin qurucuları, sahibləri onlar olacaqlar. Bu mənada gəncləri sabahkı həyata, ata-babalarının işlərini ləyaqətlə davam etdirməyə, dövlətin, xalqın onlara bəslədikləri ümidləri doğrultmağa hazırlamaq bütün dövrlərdə xalqların əsas qayğısına çevrilib. İnsan özünü və dünyanı əsasən gənclik yaşlarından dərk edir. Onda doğma Vətən, mənsub olduğu xalq qarşısında borc, məsuliyyət hissləri də bu yaşdan təşəkkül tapır. Ona görə də hər bir ölkənin, xalqın gələcəyinin necə olması bugünkü gəncliyin hansı ideallarla yaşamasından, övladı olduğu Vətəni, xalqı qarşısında borc, məsuliyyət hissini necə dərk etməsindən, vətənini, xalqını nə dərəcədə sevməsindən, milli-mənəvi özünüdərkindən asılıdır. Əgər biz gələcəyimizi xoşbəxt, əmin-amanda görmək istəyiriksə sadalanan cəhətlərin bugünkü gənclikdə olmasına çalışmalıyıq. Bu çalışmanın mərkəzində isə gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi durur. Ona görə də gənclərin vətənpərvərlik tərbiyəsi, onlara Vətənə, xalqa məhəbbət hisslərinin aşılanması həmişə olduğu kimi bu gün də aktualdır. Ancaq bir həqiqət var ki, bu ideologiya sadəcə söz olmamalı əməli işlərlə isbat edilməlidir. Elə Azərbaycan ordusunda da vətənpərvərliyin təbliği əməli tədbirlərlə həyata keçirilir. Müsbət haldır ki, belə tədbirlərə Ali Baş Komandandan tutmuş kiçik zabit heyətinə qədər bütün hərbçilər dəstək verir. Bu arada Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən Nazirliyin Maddi-Texniki Təminat Baş İdarəsinin - Arxa Cəbhə İdarəsində müvafiq xidmət rəisləri ilə ötən yarım ilin yekunlarına həsr olunmuş toplantı keçirilib. Toplantıda çıxış edən idarə rəisi polkovnik Münasib Babayev Ali Baş Komandanın ordunun təminatını daim nəzarətdə saxladığını, dövlətimizin diqqət və qayğısı sayəsində Müdafiə Nazirliyi rəhbərliyinin həyata keçirdiyi tədbirlər nəticəsində bu istiqamətdə qısa müddətdə böyük uğurların əldə olunduğunu iştirakçıların diqqətinə çatdırıb. Hərbi qulluqçuların sosial-məişət şəratinin yaxşılaşdırılması sahəsində Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən verilən tapşırıqların yerinə yetirildiyi və bu istiqamətdə işlərin davam etdirildiyi diqqətə çatdırılıb. Daha sonra ötən altı ay ərzində arxa cəbhə xidməti üzrə görülən işlər barədə hesabatlar dinlənilib və qarşıda duran vəzifələr ətraflı müzakirə edilib. Verilən tapşırıqların icrası olaraq əsgərlərin günvurmadan müdafiəsi məqsədilə tərbirlər həyata keçirilir. Məlum olduğu kimi havaların isti keçməsilə əlaqədar Silahlı Qüvvələrin şəxsi heyəti arasında istilik və günvurma hallarının qarşısının alınması məqsədilə Müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişinə əsasən hərbi hissə və birləşmələrdə xüsusi rejimin tətbiq olunmasına başlanılıb. Havanın hərarətinin yüksək olduğu günlərdə şəxsi heyətin istilik və günvurmadan qorunması məqsədilə günün nizam qaydalarına dəyişiklik edilərək döyüş hazırlığı məşğələləri saat 11:00-dək və 17:00-dan sonra keçirilir. Eyni zamanda hərbi qulluqçulara günorta saatlarında istirahət üçün vaxt da verilir. Döyüş hazırlığı və gündəlik fəaliyyət tədbirləri planlaşdırılarkən hərbi qulluqçular günəş şüalarının birbaşa düşdüyü ərazidə deyil, əsasən kölgəlikdə, kazarma şəraitində yerləşdirilir, açıq səma altında görülən xidməti işlərə cəlb olunmur. Əsgər yataqxanaları, yeməkxanalar, tibb məntəqələri, digər xidməti və inzibati otaqlar kondisioner və ventilyatorlarla təmin edilir. Eyni zamanda hərbi hissələrdə sərin su duşları və əlavə su təchizatı məntəqələri yaradılıb, şəxsi heyət içməli su və fərdi su qabları ilə təmin edilib. Heç şübhəsiz ki, belə tədbirlər əsgər va zabitlərin döyüş ruhunu birə-beş artırmış olur. Ardınca müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində birlik, birləşmə, hərbi hissə, idarə və müəssisələrin kadrlar üzrə rəisləri ilə ötən altı ayın yekunlarına həsr olunmuş toplantı keçirilib.
Tədbirdə kadr orqanlarının Müdafiə Nazirliyində mühüm xidmət sahələrindən biri olduğu qeyd edilərək ordu rəhbərliyi tərəfindən bu sahəyə ciddi diqqət yetirildiyi xüsusi vurğulanıb.
Bildirilib ki, Müdafiə naziri Silahlı Qüvvələrdə kadrlar üzrə aparılan işi yüksək qiymətləndirir və komandanlıq tərəfindən qarşıya qoyulan bütün vəzifələrin bundan sonra da layiqincə yerinə yetiriləcəyi ifadə edilib. Eyni zamanda, müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi tərəfindən Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində hərbi hissə və birləşmələrin psixoloqları, eləcə də şəxsi heyətlə iş üzrə zabitlərin iştirakı ilə Silahlı Qüvvələrdə psixoloji işin təşkilinə dair təlim-metodiki toplantı keçirilib. Toplantıda "Silahlı Qüvvələrdə psixoloji işin təşkili və aparılması", "Kollektivin psixoloji durumuna təsir edən amillər", "Döyüşdə və döyüşdən sonra hərbi qulluqçuların psixoloji durumu" və bir sıra digər mövzular üzrə mühazirələr dinlənilib.
Toplantı iştirakçıları tərəfindən aprel döyüşlərinin şəxsi heyətin mənəvi-psixoloji durumunun yüksəlməsində rolu, hərbi qulluqçuların psixoloji hazırlığı üzrə tələb və tövsiyələr, eləcə də həyata keçiriləcək fəaliyyətlər barədə müzakirələr aparılıb. Məlum olduğu kimi ayrı-ayrı hərbi hissələrdə mütəmadi olaraq yeni tikililərin açılışı həyata keçirilir. Daha dəqiq, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən hərbi hissələrdə tikinti-inşaat işləri davam edir. Müdafiə naziri general-polkovnik Zakir Həsənov və digər rəhbər heyət daha bir hərbi hospitalın tikintisi ilə maraqlanıb, eləcə də mühəndis-istehkam hərbi hissəsində yeni inşa edilən tikililərin açılışını həyata keçirib. Qaradağ rayonunun Ələt qəsəbəsində tikintisi davam edən hərbi hospitalda görülən işlər barədə məlumat verən Tibb Baş İdarəsinin rəisi general-mayor Natiq Əliyev bildirib ki, bu müəssisə ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi üçün nəzərdə tutulub və inşaat işlərinin yekununda müasir tibbi avadanlıqlarla tam təmin olunacaqdır. Müdafiə naziri tikintinin gedişi ilə bağlı müvafiq tövsiyə və tapşırıqlarını verib. Sonra general-polkovnik Z.Həsənov Silahlı Qüvvələrin əlahiddə mühəndis-istehkam hərbi hissəsinə gəlib. Yeni inşa edilərək müvafiq avadanlıqlarla tam təmin edilmiş əsgər yataqxanaları, tibb məntəqəsi, ərzaq anbarları, döyüş texnikası parkı və digər tikililərə baş çəkən nazirə görülən işlər barədə ətraflı məlumat verilib. Bildirilib ki, birbaşa təyinatları üzrə praktik fəaliyyətləri üçün bölmələr mühəndis qoşunlarında silahlanmaya yeni qəbul edilmiş müasir texnika, xüsusi avadanlıq və vasitələrlə təmin olunub. Sonra Müdafiə naziri hərbi hissənin silahlanmasında olan xüsusi texnikalara baxış keçirib. Əcgər və zabitlərimizin peşəkarlığının artırılması, onların beynəlxalq standartlara cavab verməsi istiqamətində də məqsədyönlü addımlar atılır. Belə ki, müdafiə nazirinin müvafiq əmrinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası nəzdində fəaliyyət göstərən Xarici dil və Tərəfdaşlıq Mərkəzində fransız dili kurslarının növbəti buraxılışı olub. İyulun 27-də Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Fransa Respublikasının ölkəmizdəki səfirliyinin nümayəndələrinin iştirakı ilə kursun bitməsi ilə əlaqədar tədbir keçirilib. Tədbirin sonunda kurs iştirakçılarına sertifikatlar təqdim olunub. Qeyd edək ki, 2006-cı ildən başlayaraq Fransa tərəfinin təşəbbüsü ilə Müdafiə Nazirliyinin hərbi qulluqçuları üçün fransız dili kursları təşkil edilir və növbəti illərdə də kursların keçirilməsi planlaşdırılır. Təkcə Milli Orduda deyil, ayrı-ayrı silahlı qüvvələrimizdə də vətənpərvərlik tədbirləri təşkil olunur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan Respublikası vətəndaşlarının hərbi vətənpərvərlik ruhunda tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda yetişdirilməsi istiqamətində silsilə tədbirlər həyata keçirir. Dövlət Xidmətindən bildiriblər ki, paytaxtın Nizami Rayon İcra Hakimiyyəti ilə birgə "Vətənin müdafiəsinə hazıram!" mövzusunda tədbir keçirilib. Əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib. Tədbirdə çıxış edən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov son günlər cəbhədə baş verən hadisələrdən və gənclərin yüksək səviyyədə vətənpərvərlik hissləri nümayiş etdirməsindən danışıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general-mayor Novruzəli Orucov Azərbaycan Ordusunun təmas xəttində təxribat törətməyə cəhd edən düşmənə layiqli cavab verdiyini bildirib. Xalqımız Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək lideri ilə bir olduğunu dünyaya nümayiş etdirdi. Milli Məclisin deputatı Rasim Musabəyov, "Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları" İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, "Silahlı Qüvvələrə İctimai Nəzarət" İctimai Birliyinin sədri Emin Həsənli Ordumuzun cəbhədə düşmənə sarsıdıcı zərbələr endirərək strateji əhəmiyyətə malik əraziləri işğaldan azad etməsindən danışıblar. Sonra şəhid ailələri, veteranlar, çağırışaqədərki hazırlıq rəhbəri, eləcə də "Çağırışaqədərki hazırlıq" fənnində yüksək nailiyyət göstərən şagirdlər mükafatlandırılıb.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilmişdir
Olaylar.- 2016.- 30 iyul-1 avqust.- S.15.