“I Beynəlxalq Türk Dünyasının Ortaq
Dili Naxışlar” simpoziumu
keçirilib
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Xalça Muzeyi və Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı ilə Azərbaycan Xalça Muzeyində “I Beynəlxalq Türk Dünyasının Ortaq Dili Naxışlar” adlı simpozium və sərginin açılışı baş tutub. SİA-nın verdiyi xəbərə görə, mərasimdə hökumət rəsmiləri, incəsənət xadimləri və media nümayəndələri iştirak edib.
Tədbirin açılışını edən Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova bildirib ki, simpozium ümumi köklərə malik türkdilli ölkələrin mental mədəniyyətini tərənnüm etmək imkanı yaradacaq: "Minillik tarixi olan türk mənşəli xalqların mədəniyyətinin ən əhəmiyyətli maddi elementlərinin başında xalça nümunələri durur. Xalçalar sadəcə gündəlik həyatda istifadə olunan bir əşya deyil, eyni zamanda bir sənət əsəri olan bu məhsullar, üzərindəki naxışlarla dünənin və bu günün çox geniş bir əraziyə yayılan türk mənşəli xalqların vizual əlaqələrinin bir göstəricisidir. Ümid edirik, bir-birinin dilini anlayan, hisslərini duyan xalqları daha sıx birləşdirən simpozium bu istiqamətdə uğurlu nəticələr verərək, davamlı hal alacaq”.Çıxış edən Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətlisəfiri İsmail Alper Coşkun xalçaçılığın birlik rəmzi olduğunu vurğulayıb: "Müasir cəmiyyətdə yaşadıqca ətrafımızdakı qədim ənənələri əks etdirən mənəvi dəyərləri unuduruq. Lakin xalçalar keçmişdən xəbərə verən, türk xalqlarını ortaq məqsədlərə səsləyən qiymətli mirasdır. Xalçalarda təsvir olunan naxışlar millətlərin estetik dilini təşkil edir və dünyadakı bütün türk mənşəli xalqların tək millət olduğunu göstərir.Yunus Əmrə İnstitutu ilə birgə başlayan simpozium bu qiymətli missiyanı yerinə yetirir. Çalışacayıq ki, birgə əməkdaşlıq yeni layihələrin gerçəkləşməsi ilə davam etsin”.Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin müdiri Fikrət Babayev çıxışında simpoziumun üç respublikanın xalçaçılıq mədəniyyətini bir araya gətirdiyini ifadə edib: “Azərbaycan xalçaçılıq sənəti türk xalqları ilə dostluq, həmrəylik münasibətlərinin tarixinin əyani sübutudur. Bizim bu xalqlarla UNESCO-ya, Avropa Şurasına təqdim edilən Novruz bayramı kimi ortaq dəyərimiz var. Xalçaçılıq sənəti də bu qiymətli varisliyin bir nümunəsidir. Bu baxımdan, çalışmalıyıq ki, milli mədəni irsimizi qoruyaq və gələcək nəsillərə ötürək”. Tədbirdə çıxış edən Milli Məclisin deputatı, filologiya elmləri doktoru, professor Nizami Cəfərov xalçaçılığın türk dünyasının təbiəti ilə birbaşa bağlı texnologiyaya malik olduğunu bildirib: “Türk dünyasını bir-birinə bağlayan elementlər çoxdur. Dini, dili, mədəniyyəti, məişəti, adət-ənənələri ortaq olan xalqları birləşdirən bir dəyər də xalça nümunələridir. Xalçaçılıq sənətində istifadə olunan naxışların diaxronik və sinxronik araşdırılması onların çox geniş coğrafi ərazidə yaşayan bütün türk xalqları tərəfindən, öncə xalça toxuculuğu olmaqla, fərqli məhsullarda, əşyalarda, sənət və memarlıq əsərlərində istifadə olunduğunu göstərir. Bu xüsusiyyəti ilə naxışlar türk xalqları tarixinin qədim zamanlaradək uzanan bir keçmişi olduğunu, türk duyğu və fikir dünyasında çox əhəmiyyətli izlər qoyduğunu bildirir”.Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Azərbaycanın tarixi köklərini dünya miqyasında tanıtmaqda xalçaçılıq sənətinin əhəmiyyətli rolu olduğunu vurğulayıb: “Bir xalça kiçik düyündən başlayır. Bu düyünlər sanki türk dünyasının incəsənətdəki “ortaq dil”i funksiyasını yerinə yetirir. Xalça keçmişə baxışdır, əcdadlarımızın bizimlə ünsiyyət vasitəsidir. Bu baxımdan, xalçaçılıq sənəti istər Azərbaycanda, istərsə də digər türk xalqlarının mədəniyyətində qiymətli sərvət hesab olunur.Bir məqamı da qeyd edim ki, Azərbaycan xalçaçılıq sənətinin ən qədim məktəblərindən biri Qarabaxalçaçılıq məktəbidir. Lakin bildiyimiz kimi, mənfur ermənilər torpaqlarımızı işğal edərkən Şuşada və digər ətraf rayonlarda olan bir sıra xalça nümunələrimiz xilas olunsa da, çox qismi düşmənlər tərəfindən məhv edilib. Buna baxmayaraq, inanıram ki, torpaqlarımız yadellilərin işğalından qurtarılandan sonra Qarabağ xalçaçılıq məktəbi yenidən inkişaf edəcək”.
Daha sonra
sərgiyə baxış keçirilib.
Olaylar.-
2016.- 2 iyun.- S.4