Gənclərin hərbi vətənpərvərlik
hisslərinin
artırılmasına
təkan verən vasitə-hərbi təhsil sistemi
Gənclərin milli mənlik
şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik
hisslərinin artırılması hər bir dövlətdə
başlıca vəzifə hesab edilir. Azərbaycanda da gənclərin
hərbi vətənpərvərlikl ruhunda tərbiyə
olunmasına hər zaman diqqət göstərilib. İstər
günümzdə, istərsə də 10-20 il bundan əvvəl
gənclərin hərbi vətənpərvərlik hisslərinin
artırılması istiqamətində məqsədyönlü
addımlar atılıb. Eyni zamanda Azərbaycan keçmiş
SSRİ-nin tərkibində olanda da dolayı yollarla gənclərin
vətənpərvər ruhda böyüməsi məqsədilə
müəyyən işlər görülüb.
Etiraf
etmək lazımdır ki, gənclərin vətənpərvər
ruhda tərbiyə almasında, onların bu ruhda böyüməsində
hərbi təhsil müəssisələrinin rolu
böyükdür. Həmin təhsil müəssisələrində
yetişən gənclər Azərbaycana hərbi kadr kimi
böyük fayda verir, onun ərazi
bütövlüyünü, toxunulmazlığını
qoruyurlar. O üzdən müstəqil dövlətin
atributlarından biri olan güclü və müasir tələblərə
cavab verə biləcək Silahlı Qüvvələrin
yaradılmasında hərbi təhsil sisteminin müstəsna əhəmiyyəti
vardır. Bildiyimiz kimi, hərbi təhsil Azərbaycan
Respublikasının təhlükəsizliyini və müdafiəsini
təmin edən xüsusi strateji fəaliyyət sahəsi
olmaqla sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin
mərhələlər üzrə fasiləsiz mənimsənilməsini
təmin edən təlim və tərbiyə prosesidir. Hərbi
təhsil sistemi müxtəlif pilləli ardıcıl təhsil
proqramlarını həyata keçirən xüsusi təyinatlı
təhsil müəssisələri şəbəkəsindən
və təhsili idarəetmə orqanlarından ibarətdir və
əsas məqsədi dövlət təhsil standartlarına
uyğun biliyə, bacarığa və
dünyagörüşünə malik olan, xalqını və
vətənini sevən, Azərbaycan Respublikasının təhlükəsizliyini
və müdafiəsini təmin etmək üçün
yaradılan Silahlı Qüvvələrin və digər
silahlı birləşmələrin qarşısında
qoyulan vəzifələri yerinə yetirməyi bacaran
kadrların hazırlanmasıdır. Hərbi təhsil
sisteminin idarə olunması, hərbi təhsil sistemi
iştirakçılarının hüquq və vəzifələri,
hərbi təhsil sahəsində əsas prinsip və normalar
xüsusi təyinatlı təhsil müəssisələrinin
nizamnamələrinə və “Təhsil haqqında Azərbaycan
Respublikasının Qanun”unun tələblərinə əsasən
müəyyənləşdirilir. 2009-cu ildə qəbul
olunmuş “Təhsil haqqında Azərbaycan
Respublikasının Qanunu”nun tətbiqi ilə bağlı digər
normativ-hüquqi sənədlərin qüvvəyə minməsi,
xüsusən də “Xüsusi təyinatlı təhsil müəssisələrinin
təsis edilməsi qaydaları”nın və “Xüsusi təyinatlı
təhsil müəssisələrinin siyahısı”nın təsdiq
edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 24
may 2010-cu il tarixli fərmanı hərbi təhsil sahəsində qarşımıza yeni
tapşırıqlar qoydu. Belə ki, bu qanun təhsil sahəsində
əsas dövlət prinsiplərini müəyyən
etmiş, Azərbaycan Respublikası Prezidentinin fərmanı
isə Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət
göstərən təhsil müəssisələrinə –
Silahlı Qüvvələrin Hərbi Akademiyasına,
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinə,
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə,
Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinə,
Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbinə,
C.Naxçıvanski adına Hərbi Liseyə və Heydər
Əliyev adına Hərbi Liseyə xüsusi status
vermişdir. Bu qanuna söykənərək demək olar ki, hərbi
təhsil dünyəvi və fasiləsiz xarakter
daşımaqla milli-mənəvi dəyərlərə
köklənən, Silahlı Qüvvələrimizin,
xalqımızın və ölkəmizin maraqlarını əks
etdirən strateji əhəmiyyətli prioritet fəaliyyət
sahəsidir. Azərbaycan
Respublikasının qanunlarına, Azərbaycan
Respublikasının Prezidenti – Silahlı Qüvvələrin
Ali Baş Komandanının qarşıya qoyduğu
tapşırıqlara və müdafiə nazirinin əmr və
direktivlərinə əsaslanaraq hərbi təhsil sisteminin əsas
məqsədini aşağıda göstərilən formada
ümumiləşdirmək olar:
“Azərbaycan xalqı və dövləti
qarşısında öz məsuliyyətini dərk edən,
vətənə və xalqına sadiq olan, xalqının
milli-mənəvi dəyərlərinə və demokratiya
prinsiplərinə, insan hüquqlarına və azərbaycanlılıq
ideyalarına sadiq olan müstəqil və yaradıcı
düşünən hərbi qulluqçuları (zabitləri,
gizirləri və müddətdən artıq həqiqi hərbi
xidmət hərbi qulluqçular yetişdirmək, milli-mənəvi
və ümumbəşəri dəyərləri qoruyan və
inkişaf etdirən, geniş dünya görüşünə
malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi
bacaran, nəzəri və praktiki biliklərə yiyələnən,
müasir təfəkkürlü, silah və hərbi
texnikanı mükəmməl bilən mütəxəsis
kadrlar hazırlamaq, sistemləşdirilmiş bilik, bacarıq və
vərdişlərin mənimsənilməsini və
ixtisasın daimi artırılmasını təmin edən,
Silahlı Qüvvələrin döyüş
hazırlığının və ümumilikdə vətənin
müdafiə qabliyyətinin artırılması sahəsində
yorulmadan çalışan hərbi qulluqçular
hazırlamaqdır.
“Təhsil
Haqqında Azərbaycan Respublikasının Qanunu”nun tələblərinə
əsasən Silahlı Qüvvələrdə təhsilin pillələri
və səviyyələri aşağıdakı kimi müəyyən
edilmişdir. Tam orta təhsil, ilk peşə ixtisas təhsili,
ali təhsilin bakalavr və magistr səviyyələri,
adyunktura təhsili.
Təhsilin
ilk pilləsi – tam orta təhsil xüsusi təyinatlı tam
orta təhsil müəssisələrində
C.Naxçıvanski adına və
Heydər Əliyev adına hərbi liseylərdə həyata
keçirilir. İlk peşə-ixtisas
təhsili xüsusi təyinatlı əlavə təhsil
müəssisələrində (Silahlı Qüvvələrin
Təlim və Tədris Mərkəzində) gizir və müddətdən
artıq həqiqi hərbi xidmət qulluqçularının
hazırlanması kurslarında həyata keçirilir.
Ali təhsilin
bakalavr səviyyəsi üzrə zabit kadrların
hazırlanması xüsusi təyinatlı ali təhsil müəssisələrində
(Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi,
Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi, Azərbaycan
Ali Hərbi Təyyarəçilik Məktəbi, Silahlı
Qüvvələrin Hərbi Akademiyası) həyata
keçirilir.
Hələ sovetlər birliyində olarkən Azərbaycanın gələcək kadrlara olacaq ehtiyacını və onların hazırlanması yollarını düşünən uzaqgörən, müdrik prezidentimiz, xalqımızın ümummilli lideri Heydər Əliyev 1971-ci ildə şəxsi təşəbbüsü ilə, keçmiş SSRİ rəhbərliyinin müqavimətinə baxmayaraq, sovetlər ittifaqının heç bir respublikasında analoqu olmayan Cəmşid Naxçıvanski adına Hərbi məktəbin yaradılmasına, Azərbaycanlı gənclərin Bakı Ali Ümumqoşun Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik Məktəblərinə və eləcə də ölkənin digər hərbi məktəblərinə güzəştli qəbul olunmasına nail olmuşdur. 1997-2001-ci illərdə isə Silahlı Qüvvələrin Hərbi Akademiyasının, zabit heyətini təkmilləşdirmə kurslarının, gizir hazırlığı məktəbinin, C.Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filalının, ehtiyat zabitlərinin hazırlığı kursunun, Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsi və Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin yaradılması Silahlı Qüvvələrin peşəkar, bilikli, vətənə sadiq hərbiçilərlə təmin edilməsində böyük əhəmiyyət kəsb edir. Məhz hərbi təhsil müəssisələrinin təsis edilməsindəki qayğısının təzahürü olaraq respublikadakı minlərlə təhsil müəssisəsi arasında yalnız 2004-cü ildə Naxçıvan şəhərində yaradılmış hərbi liseyə və Azərbaycan Ali Hərbi Məktəbinə ümummilli liderimiz, mərhum prezidentimiz Heydər Əliyevin adı verilmişdir. Bu gün Heydər Əliyev siyasi kursunun davamçısı olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları da daima təhsil problemlərini öz nəzarəti altında saxlayır. Bu iş ilə əlaqədar olaraq o demişdir: «Bildiyimiz kimi, Azərbaycanda təhsilə büyük diqqət güstərilir. Təhsil bilik, elm, tərəqqi deməkdir. Hər bir dövlət, hər bir xalq öz təhsil sistemini daha da təkmilləşdirməyə çalışmalıdır. Bu istiqamətdə Azərbaycanda da işlər aparılır. Bilirsiniz ki, bu yaxınlarda müəyyən fərmanlar verilib, əminəm ki, bunlar gələcəkdə təhsilin inkişafına güclü təkan olacaqdır. Onu da qeyd etməliyəm, ölkəmizdə büdcənin 20 faizi təhsilə ayrılır. Yəni büdcədən ən çox bu sahəyə vəsait yönəldilir. Bu təbiidir. Çünki təhsil bizim gələcəyimizdir”.
Dövlətimizin Prezidenti - Silahlı Qüvvələrin Ali Baş Komandanının fikrinin təsdiqi olaraq demək olar ki, Silahlı Qüvvələrin inkişafının müasir mərhələsində hərbi təhsil sahəsində aparılan işlər qoşunlarda yüksək döyüş hazırlığının təmin edilməsinə, zabit heyətinin, gizir və miçmanların vətənə, azərbaycan xalqına və Azərbaycan Respublikası Prezidentinə hədsiz sədaqət və daimi peşə hazırlığının inkişaf etdirilməsinə və tapşırılmış işə yüksək məsuliyyət hissi tərbiyə edilməsinə yönəlmişdir. Hazırda respublikamızın Silahlı Qüvvələri və digər hərbiləşdirilmiş birləşmələri üçün müxtəlif kateqoriyalardan olan hərbi kadrların hazırlanması xüsusi təyinatlı təyinatlı təhsil müəssisələrində (Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində, Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbində) və Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsində həyata keçirilir.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2016.- 1 mart.- S.15.