Əsgərlərin psixoloji
tərbiyəsi
döyüş ruhunu artırır
Azərbaycanın Silahlı
Qüvvələrində borcunu yerinə yetirən əsgərlərin
hərbi vətənpərvərlik tərbiyəsi önəm
kəsb edən məsələlərdəndir. Ekspertlərin
qənaətinə görə, hərbi hissələrdə vətənpərvərlik
tədbirlərinin keçirilməsi əsgərlərin hərbi
döyüş ruhunun artmasına səbəb olur. hissinin
artırılması məqsədilə xüsusi tədbirlər
həyata keçirilməkdədir. Məhz bu kimi amilləri nəzərə
alan Müdafiə Nazirliyi bir sıra tədbirlərin həyata
keçirilməsinə start verib. Belə ki, Müdafiə
Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan
Qarabağ Müharibəsi Əlilləri, Veteranları və
Şəhid Ailələri İctimai Birliyinin 15 illiyi ilə əlaqədar
təntənəli yubiley mərasimi keçirilib.
Əvvəlcə ictimai birliyin üzvləri Fəxri Xiyabanda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edərək qarşısına əklil qoyub, Şəhidlər Xiyabanında Vətənin azadlığı, istiqlaliyyəti uğrunda həlak olanların xatirəsini hörmət və ehtiramla yad ediblər. Sonra Qarabağ müharibəsinin əlilləri, veteranları və şəhid ailələrinin, eləcə də ölkədə hərbi vətənpərvərlik işinin təşkilində xidmətləri olan bir qrup ictimaiyyət nümayəndəsinə ictimai birliyin təsis etdiyi "Fədai" medalı təqdim edilib. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, millət vəkili Hadı Rəcəbli təltif olunanları təbrik edərək onlara bundan sonrakı fəaliyyətlərində də uğurlar arzulayıb. Əməkdar incəsənət xadimi polkovnik Abdulla Qurbaninin ssenarisi və rejissorluğu ilə keçirilən təntənəli mərasimi respublikanın şəhər və rayonlarından dəvət olunmuş 400-ə yaxın Qarabağ müharibəsi əlili, veteranı, şəhid ailəsi, hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələri izləyiblər. Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri, Əfqanıstan və Qarabağ müharibələrinin iştirakçısı, Silahlı Qüvvələr veteranı, ehtiyatda olan polkovnik Mehdi Mehdiyev birliyin 15 illik fəaliyyəti barədə məruzə ilə çıxış edib. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tahir Süleymanov bu ictimai birliyin qeyri-hökumət təşkilatları içərisində özünəməxsus yer tutduğunu, xüsusilə gənclərin vətənpərvərlik tərbiyəsində əhəmiyyətli rol oynadığını qeyd edib. Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi general-mayor Rasim Əliyev Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təbrikini tədbir iştirakçılarına çatdırıb.Təbrikdə Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələrinin mənafelərini və hüquqlarını müdafiə edən, onların müasir həyat şəraitinə uyğunlaşmasına, sosial-iqtisadi və mənəvi problemlərinin daha səmərəli həll olunmasına köməklik göstərən, Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının daha da yüksəldilməsində böyük səylər göstərən ictimai birliyin xidmətlərinin təqdirəlayiq olduğu qeyd edilib və birlik üzvlərinin bundan sonra da göstərilən etimadı, diqqət və qayğını əməli fəaliyyətləri ilə doğruldacaqlarına əminlik ifadə olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Natiq Məmmədov, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov və veteran təşkilatlarının rəsmiləri təşkilatın üzvlərini təbrik edərək böyük uğurlar arzulayıblar. Video çarxların müşayiəti ilə vətənpərvərlik mahnı və rəqsləri, hərbi marşlar səslənib və döyüş səhnələri canlandırılıb. Xalq artistləri Pərvanə Qurbanovanın, Zümrüd Məmmədovanın, Əməkdar artistlər Ramil Qasımovun, Sevinc Sarıyevanın, Çingiz Mustafayevin və Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblının çıxışları alqışlarla qarşılanıb. Sonda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi üzvlərinin müraciəti oxunub. Məlum olduğu kimi hərbçilərin psixoloji tərbiyyəsi vətənpərvərlik anlayışında xüsusi yürə malikdir. Bu baxımdan Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində "Hərbi psixoloq" ixtisası üzrə təkmilləşdirmə kursunu müvəffəqiyyətlə bitirən dinləyicilərin növbəti buraxılışı keçirilib. Kurs müddətində ixtisaslı mütəxəssislər tərəfindən şəxsi heyətə "Silahlı Qüvvələrdə psixoloji işin təşkilinə və aparılmasına dair təlimat"ın tələbləri, eləcə də hərbi kollektivlərdə sağlam mənəvi-psixoloji vəziyyətin qorunub saxlanılması, hərbi qulluqçuların psixoloji xüsusiyyətlərinin aşkarlanması, fərdi söhbətlərin aparılması qaydaları və əhəmiyyəti, psixoloji yardımın göstərilməsi və digər istiqamətlər üzrə tələblər və tövsiyələr çatdırılıb. Hazırlıq müddətində şəxsi heyət psixoloji işin təşkilində müxtəlif orduların təcrübəsi, qoşunlarda psixoloji dayanıqlığın saxlanılması, hərbi qulluqçuların və onların ailə üzvlərinin, habelə mülki işçilərin psixi sağlamlığının qorunması mövzularında mühazirələr dinləyib. Silahlı Qüvvələrdə psixoloji işin təkmilləşdirilməsi və inkişafı məqsədilə kurslar davamlı olaraq plana uyğun həyata keçiriləcəkdir. Bunun la kifayətlənməyən ölkənin müdafiə nazirliyi əsgərlərin təlim və tədrisinə də züsusi diqqət yetirir. Məhz bunun nəticəsidir ki, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin Qaraheybət təlim mərkəzində hərbi qulluqçuların peşəkarlığının və nəzəri biliklərinin artırılması, praktiki vərdişlərinin möhkəmləndirilməsi məqsədilə hazırlıq məşqləri keçirilib. Şəxsi heyətə real döyüş şəraitinə uyğun vəziyyətdə zirehli texnikaların idarə edilməsi, manevr imkanları öyrədilib, eləcə də ekipajların praktiki hazırlığı, şərti düşmənin canlı qüvvə və texnikasına zərbə vurulması üzrə tapşırıqlar icra olunub. Hərbi qulluqçuların silahlanmada olan müxtəlif çaplı silahlardan praktiki istifadə etmək bacarıqları təkmilləşdirilib. Eyni zamanda, Müdafiə Nazirliyinin tabeliyində olan birlik, birləşmə və hərbi hissələrin döyüşə hazırlıq vəziyyətinə gətirilmə planına əsasən kompleks məşqlər keçirilir və şəxsi heyətin funksional vəzifələrini icraetmə bacarıqları yoxlanılır. Məşqlərdə bölmələrin və heyətlərin döyüş tapşırıqlarını yerinə yetirmə bacarıqları, eləcə də müxtəlif səviyyələrdən olan komandirlərin tabeçilikdə olanları idarəetmə vərdişləri təkmilləşdirilir. Əsas diqqət xəbərdaretmə siqnalları ilə fəaliyyətlərin icrası, məxfilik rejiminə əməl edilməsi ilə məlumatların çatdırılması, silah-sursatın verilmə qaydası, şəxsi heyətin toplanış məntəqələrinə və döyüş təyinatı rayonlarına gizli, maskalanmanın tələblərinə riayət etməklə irəliləməsi, hərbi texnikanın döyüşdə tətbiq olunması məqsədilə çıxışa hazırlanması və digər sualların praktiki məşq etdirilməsinə yönəldilir. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində plana uyğun olaraq kursantların hazırlığı üzrə praktiki tədris və təlim məşğələləri keçirilib. Məşğələlərdə əsas diqqət hərbi qulluqçular tərəfindən hərbi vasitələrin düzgün istifadə və tətbiq edilməsi bacarıqlarının artırılmasına yönəldilib. Təlimlər çərçivəsində kursantlara rabitə vasitələrinin düzgün işə salınması və rabitə əlaqəsinin yaradılması, xəsarət almış hərbi qulluqçulara ilkin tibbi yardımın göstərilməsi və onun təxliyəsi üçün vacib olan tədbirlərin icrasına dair məşğələlər də keçirilib. "Gəmiçilik və radiotexniki sistemlər" kafedrasında keçirilən təlimlər zamanı kursantlara hərbi gəminin radiotexniki vasitələrinin göyərtə üzərində yerləşdirilməsi, təyinatı və iş qabiliyyətləri öyrədilib. Bundan əlavə "Hərbi topoqrafiya" fənni üzrə məşğələdə kursantlar ərazinin relyef quruluşunun yaradılmış topoqrafik xəritə maketi vasitəsi ilə öyrənilməsi kimi biliklərə də yiyələniblər. Silahlı Qüvvələrdə uğurla başlayan yeni tədris ili birlik, birləşmə, hərbi hissə, xüsusi təyinatlı hərbi təhsil müəssisələri və idarəetmə orqanlarının bütün şəxsi heyəti üçün də əhəmiyyətli olub. Ali Baş Komandanın tələblərinə, Müdafiə nazirinin əmr və sərəncamlarına uyğun olaraq Silahlı Qüvvələr qarşısında qoyulan tapşırıqlar quruda, dənizdə, səmada real təhdid və risklərin qarşısının alınmasının təmin olunması məqsədini daşıyır. Maddi-texniki bazanın gücləndirilməsi, əsaslı planlaşdırma və digər təşkilati məsələlər yeni tədris ilində döyüş hazırlığının daha intensiv və məzmunlu aparılmasına imkan yaradıb. Müdafiə nazirinin göstərişi ilə əsas diqqət şəxsi heyət tərəfindən müasir döyüş texnikası, silah-sursat və digər hərbi vasitələrin müxtəlif iqlim və çətin relyef şəraitində düzgün istifadə və tətbiq edilməsi bacarıqlarının artırılmasına yönəldilib. Müxtəlif kateqoriyalı komandirlər qarşıda qoyulmuş məqsədlərə nail olmaq üçün plana uyğun və ardıcıl surətdə silahlardan istifadə olunması, qoşunların idarəedilməsi effektivliyinin yüksəldilməsi, qarşılıqlı uzlaşmanın gücləndirilməsi, döyüş növbətçiliyinin daha keyfiyyətli təşkili və digər istiqamətlər üzrə vərdişləri təkmilləşdirirlər. Bununla bərabər müdafiə qüvvələrimizin eynəlxalq əlaqələrinin inkişafı daim diqqət mərkəzində olub. Elə bu səbədən də Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin zabitləri ABŞ-ın Arlinqton şəhərində keçirilən Amerika mikrobiologiya elmi cəmiyyətinin (ASM) biomüdafiə məsələlərinə və yeni yoluxucu xəstəliklərin tədqiqatına dair illik konfransında iştirak ediblər. Konfransda Azərbaycanla yanaşı 50-dən çox - ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, İspaniya, Belçika, Hindistan, Koreya Respublikası, Qazaxıstan, Ukrayna, Özbəkistan, Gürcüstan və s. ölkələrdən olan nümayəndə heyətləri iştirak ediblər.
Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin nümayəndələri tibb xidməti mayorları Surxay Məmmədov və Namiq Hüseynovun iştirak etdikləri konfransda biotəhlükəsizlik məsələlərinə, eləcə də tibbə yeni məlum olan xəstəliklərə dair tədqiqatların nəticələrinə dair ətraflı müzakirələr aparılıb. Hazırda dünyada artan bioterrorizm təhlükəsi ilə əlaqədar biomüdafiə və biotəhlükəsizlik məsələləri sahəsində perspektiv istiqamətlərin müəyyənləşdirilməsinə dair konfransda məruzələr dinlənilib, müxtəlif mütəxəssis və ekspertlər bəşəriyyətin Ebola, Lassa, Marburq, Zika virusları kimi qlobal bioloji təhlükədən qorunması yolları ilə bağlı fikirlərini bölüşüblər. Bundan əlavə, bakterioloji (bioloji) silahın tətbiqi imkanları, bəşəriyyətin bu bəladan qorunması, ümumiyyətlə bioloji silah kimi istifadə olunması ehtimal edilən patogenlərin dünyada yayılma arealı müzakirə olunub. Alimlərin apardıqları bir sıra tədqiqatların nəticələri nümayiş edilib, epidemioloqlar, mikrobioloqlar və infeksionistlər isə təcrübələri ilə bölüşüblər.
Konfrans çərçivəsində ölkəmizi təmsil edən nümayəndələr bir çox mütəxəssislərlə görüşlər keçirib, naməlum mənşəli qızdırmalı xəstəliklərin diaqnostikası, müalicəsi və profilaktikası barədə fikir mübadiləsi aparıblar.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilmişdir
Olaylar.- 2016.- 2 mart.- S.15.