Gənclərin vətənpərvər ruhda
yetişməsi
üçün xeyli işlər görülür
Məhbubə Musayeva: “Vətənə sevgi
insanın daxilindən gələn bir hissdir”
Yaşadığımız zaman kəsiyində
gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi,
onlara vətənpərvərlik hisslərinin
aşılanması ən vacib istiqamətərdən biridir. Bu bir danılmaz faktdır ki,
gənclərin milli mənlik şüurunun inkişaf
etdirilməsi, onların vətənpərvər ruhda tərbiyəsi hər bir
dövlət üçün
başlıca prioritetdir. Çünki
bu günün gəncləri
sabahın dövlət idarəçiləri hesab
edilir.
Qeyri-sağlam mühitdə böyüyən, vətənpərvər ruhda tərbiyə olunmayan gənclik isə sabah dövlət idarəçiliyini həyata keçirə bilməz. Bu mənada Azərbaycanda da gənclərin milli mənlik şürunun inkişaf etdirilməsi, onların vətənpərvər ruhda tərbiyə olunması istiqamətində lazımı tədbirlər görülür, müvafiq addımlar atılır. İstər bu istiqamətdə qanunvericlik bazasının formalaşdırılması, vaxtı ilə qəbul edilən qanunların təkmilləşdirilməsi, istərsə də gənclər arasında maarifləndirici xarakter daşıyan işlərin görülməsini bu sıraya aid etmək olar. Məlumdur ki, Azərbaycan tarixində ikinci dəfə müstəqillik əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi gənclərlə iş sahəsinə də müəyyən poblemlər mövcud idi. Düzdür, həmin dövrdə gənclərdə vətənpərvərlik hissləri yüksək səviyyədə idi və gənclərimiz könüllü olaraq Qarabağ uğrunda gedən döyüşlərə qoşulurdular. Lakin dövlət idarəçiliyi sahəsində mövcud olan müəyyən boşluqlar bir sıra qeyri-ənənəvi dini sektalar, missioner təşkilatların ölkəmizəö ayaq açmasına, gəncləri öz torlarına salmasına gətirib çıxarırdı. Nəticə etibarilə Azəbaycan gənci getdikcə millət, Vətən sevgisindən uzaq düşürdü. Digər tərəfdən ölkədə yaşayış səviyyəsinin pisləşməsi gənclərimizin dolanışıq ardınca xaricə, daha çox şimal qonşumuza üz tutmasına səbəb olurdu. Nəticə etibarilə yuxarıda qeyd etdiyim kimi gənclər arasında vətənpərvərlik hissləri tədricən ölürdü. Lakin 1993-cü ilin iyun ayında Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi gənclərlə iş sahəsində də məqsədyönlü tədbirlər həyata keçirilməyə başlanıldı. Çox keçmədən 1994-cü ilin iyul ayında gənclərlə əlaqəli şəkildə işləyən müvafiq dövlət qurumu, Gənclər və İdman Nazirliyi yaradıldı. 1996-ci il, fevral ayının 2-də isə Heydər Əliyevin iştirakı ilə Azərbaycan gənclərinin birinci forumu keçirildi. Qısa müddətdə qəbul edilən bir sıra fərman və sərəncamlar, müvafiq sənədlər gənclərin mütəşəkilliyinin, onların ölkənin ictimai-siyasi həyatında rolunun artmasına gətirib çıxardı. Məhz dövlətin ona ciddi diqqət və qayğı ilə yanaşdığını görən gənc də öz növbəsində Vətənini, dövlətini, millətini daha çox sevməyə başladı. Bu gün də dövlətin və dövlət başçısının gənclərə göstərdiyi diqqət və qayğının qarşılığı olaraq isə Azərbaycan gəncləri daha da vətənpərvər olur, onların Vətənə, dövlətə bağlılığı artır. Təkcə ayrı-ayrı gənclər təşkilatları deyil, eləcə də ictimai fəal gənclər bu istiqamətdə aktivlik nümayiş etdirir, gənclərin vətənpərvər ruhda tərbiyə olunmasına müəyyən töhfələr verirlər. Belə fəal Azərbaycan gənclərindən biri də Məhbubə Musayevadır. “OLAYLAR”-a verdiyi müsahibədə Məhbubə Musayeva gənclərin vətənpərvərlik hisslərinin artırılması istiqamətində görülən işlər və əldə olunan nəticələr barədə danışıb.
-Məhbubə
xanım, bu gün Azərbaycan
gənclərinin milli mənlik şüuru, vətənpərvərlik tərbiyəsi
istənilən səviyyədədirmi?
-Qloballaşma dövründə yaşayırıq. Bu əsr özü ilə bərabər yeniliklər gətirib. Təbii olaraq gətirdiyi yeniliklərə və bir sıra şərtlərə uyğunlaşmağa çalışırıq. Bu istiqamətdə isə çalışmalıyıq ki, milli şüurumuz, düşüncələrimiz, milli-mənəvi dəyərlərimiz heç bir ziyan görməsin. Gələcəyin təməlini biz gənclər qoyuruq, buna görə də atacağımız hər bir addımı 2 dəfə düşünməliyik. Müsair dövr elə bir sistem üzərində qurulub ki, bu sistem dünyanın bütün ölkələrindəki sərhədləri aşa bilir. Texnologiyaların hədsiz dərəcədə inkişaf etdiyi bir vaxtda internet vasitəsilə çox şeyi nəzarətdə saxlamaq və idarə etmək mümkündür. İnternetin , sosial şəbəkələrin daimi istifadəçiləri demək olar ki, gənclərdir. Elə buna görə də əsas hədəf qrupu bizlər, yəni gənc nəsil sayılır. Dünyanın bir sıra ölkələrində olduğu kimi, bizdə də bir qrup gənclərdən istifadə edərək, əks təbliğat işləri görülür, milli mənəvi dəyərlərimizin yadırğanması , unudulması istiqamətində addımlar atılır. Vətənpərlik adı altında ölkə daxilində çaxnaşma yaratmaq, hər hansısa bir hadisəni dəqiqləşdirmədən tənqid etmək artıq çox sadə bir hala çevrilib.
-Gənclərin milli mənlik şüurunun
inkişaf etdirilməsi, onlarda
vətənpərvərlik hisslərinin artırılması
istiqamətində gənclər təşkilatlarının rolunu, fəaliyyətini qaneedici
hesab etmək olarmı?
-Vətənə sevgi insanın daxilindən gələn bir hissdir. Uşaqlıqdan bir insan necə tərbiyə edilirsə elə də davam edir. Bu gün gənclərin vətənpərvər ruhda yetişməsi üçün xeyli işlər görülür. QHT-lər tərəfindən müəyyən tədbirlər, təlimlər, seminarlar keçirilir. Lakin bunlarla kifayətlənmək olmaz. Daha əsaslı işlərə imza atmaq lazımdır. Məsələn son günlər oxuduğum yazılarda maraqlı fikirlər səsləndirilmişdi. Balaca uşaqlar türklərin, ingilislərin, rusların və digər ölkələrin çəkdikləri cizgi filmləri ilə böyüyürlər. Bacım uşaqlarını misal çəkim. Deməli uşağın 3 yaşı var, o qədər xarici cizgi filmlərə baxır ki, öz dilimizdə danışmaqda tənbəllik edir, amma türklərin, rusların sözlərindən istifadə etməkdən yorulmur. Bunun kimi yüzlərlə misal çəkmək olar. Sözümün əsas məqsədi odur ki, ölkəmizdə fəaliyyət göstərən televiziyalar bunları nəzərə alsalar müsbət dəyişiklik olar. Çəkilən cizgi filmlərin mövzusu elə qoyulmalıdır ki, uşaqların dürüst, ədalətli, vətənpərvər, milli-mənəvi dəyərlərimizə hörmət edib sahib çıxan bir insan kimi böyümələrində onlara stimul versin. Tək bununla iş bitmir təbii ki, sadəcə müəyyən, uyğun bir yerdən fəaliyyətə başlamaq lazımdır.
-“İRƏLI” İctimai Birliyi olaraq gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, onlarda bu hisslərin artırılması məqsədilə hansı addımlar atır, layihələr həyata keçirirsiniz?
- “İRƏLİ” İctimai Birliyinin bu istiqamətdə gördüyü işlərin bir qismini misal çəkmək istərdim. Gğİctimai Birlik gənclərdə vətənpərvərlik hisslərinin aşılanması, onların ədəbiyyatımıza, incəsənətimizə, tarixi irslərimizə sahib çıxması üçün bir sıra uğurlu layihələr həyata keçirib. Onlardan isə ən yadda qalanı “Münaqişə tərəfi Azərbaycan- Həqiqətlər və Reallıqlar” layihəsi idi. Layihədə əsas məqsəd xarici jurnalistləri Azərbaycana gətirərək onları ölkəmizdə baş vermiş hadisələrlə real şəkildə tanış etməkdən ibarət idi. Və inanıram ki, uğurlu da alındı. Bu layihədən bir sıra ölkələrin mətbuatında həmin həqiqətlərlə bağlı yazılar dərc edildi. Bu istiqamətdə əməkdaşlığımız hələ də davam edir. Yaradılan imkanlardan maksimum dərəcədə istifadə etmək, yararlanmaq lazımdır. Bir azərbaycanlı olaraq bacardığım qədər mən də Azərbaycanın reallıqlarını, mövcud problemləri dünya mətbuatında işıqlandırmağa çalışıram.
-Bu istiqamətdə televiziya və KİV-lərin rolu nə dərəcədədir və vətənpərvərlik mövzuların kifayət qədər yer ayrılırmı?
-Artıq internet vasitəsilə bütün dünyada baş verən hadisələrdən anında xəbər tuturuq. Eləcə də Azərbaycanda, ən ucqar kəndlərdə internet olmazsa belə mütləq şəkildə televiziya var. Belə imkanlar yaradılmışkən televiziyalar, radiolar, müxtəlif xəbər portalları uşaqların tərbiyəli, vətənpərvər, savadlı gənclər kimi böyüməsində addımlar atmalıdırlar. Demirəm heç şou tipli verilişlər olmasın, olsun, ancaq intellektual, vətənpərvər ruhda verilişlərə də mümkün qədər çox yer ayırılısın.
-Ali Baş Komandan, cənab İlham Əliyevin tez-tez
cəbhə xəttinə getməsi, hərbi təlimləri
izləməsi, əsgər və zabitləri təltif etməsi
gənclərdə vətənpərvərlik hisslərinin
artırılmasına hansı müsbət təsirlər
göstərir?
-Azərbaycan ordusunun gücündən hamımız xəbərdarıq. Cənab İlham Əliyev özü hər dəfə çıxışlarında xüsusi qeyd edir ki, Azərbaycan ordusu nəinki Ermənistan ordusu ilə müqayisədə, eləcədə dünya ölkələri ilə müqayisəda güclü ordular sırasındadır. Dövlət büdcəsinin əsas hissəsi hərbi xərclər üçün qarşılanır. Bu da onun göstəricisidir ki, Azərbaycan güclü bir dövlətə çevrilir.
-Gənclərin yad təsirlərdən uzaq
olub vətənpərvər ruhda tərbiyə olunması üçün
hansı zəruri addımlar atmaq
lazımdır?
-Müasir dünyada bilik, savad demək
olar ki, hər şeyi həll edir. İnkişaf etmiş ölkələrdə
uğurun əsas təməli biliyə, intellektual potensiala, elmin inkişafına və təhsilin inkişafına dayanır.
Artıq
müasir texnologiyalar demək olar ki, hər şeyi
həll edir. Buna görə biz gənclər peşəkar
biliyə sahib olmaq üçün əlimizdən
gələnin ən yaxşısını etməliyik.
Savadı, elmi əsas
prioritet məsələ
kimi götürsək,
əlavə heç bir mənfi təsirlərə məruz
qalmarıq. Çünki belə olduqda özümüz öz qərarlarımızı, işimizi,
gələcəyimizi heç
kimin təsiri altında qalmadan müəyyən edə bilərik.
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap
edilmişdir
Olaylar.- 2016.- 3 mart.- S.15.