Əsgərlərə yaradılan şərait

gənclərimizi daha da ruhlandırır

 

Azərbaycan ordusunun qüdrəti günü-gündən artmaqdadır. Qətiyyətlə demək olar ki, artıq hərbi hissələrdə yaradılan şərait gənclərin orduya münasibətini tamamilə dəyişib. Hazırda dünya ölkələrinin nüfuzlu orduları ilə müqayisədə özünəməxsus yer tutan Azərbaycan Silahlı Qüvvələrində xidmət etmək hər bir gəncin təxirəsalınmaz arzusuna çevrilib. Belə bir şəraitdə orduya və eləcə də hərbi qulluqçulara göstərilən dövlət qayğısını ictimaiyyətə çatdırmaq ümdə vəzifələrdən birinə çevrilib.

Məhz bu amil nəzərə alınaraq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən şəxsi heyətin təchizat, təminat və sosial-məişət şəraitinin yaxşılaşdırılması, o cümlədən əşya-əmlak, ərzaq, təzə tərəvəz və digər kənd təsərrüfatı məhsulları ilə təminatını gücləndirmək məqsədilə hərbi hissə və obyektlərdə müxtəlif istiqamətlərdə fəaliyyətlər həyata keçirilir. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən kütləvi informasiya vasitələri nümayəndələri Müdafiə Nazirliyinin Mərkəzi Əşya Bazası və Mərkəzi Ərzaq Anbarına səfər edərək inzibatitexniki ərazilərə baxıb, yaradılan şəraitlə tanış olublar. Qeyd edək ki, bu növ bazalar cəbhəyanı bölgələrdə də fəaliyyət göstərir və müxtəlif istiqamətlərdə yerləşən hərbi hissələrin şəxsi heyətinin təminatını tam ödəyir. Əvvəlcə Mərkəzi Əşya Bazasında fəaliyyət göstərən hamam-camaşırxana kombinatının fəaliyyəti ilə maraqlanan KİV nümayəndələri orada yaradılan şəraitlə tanış olub və çalışanlarla görüşüblər. Hərbi qulluqçular üçün müasir tələblərə cavab verən camaşır xidməti təşkil edilir, camaşırların yuyulması, qurudulması, ütülənməsi və polietilen steril paketlərdə qablaşdırılaraq hərbi hissələrə çatdırılması yüksək səviyyədə həyata keçirilir. Eyni zamanda stasionarçöl şəraitində yerləşən hərbi hissələrdə də hamam-camaşırxana və məişət otaqlarının avadanlığının yenisi ilə əvəz olunması istiqamətində də müvafiq işlər görülür. Sonra jurnalistlər Silahlı Qüvvələrin şəxsi heyətin təminatı üçün nəzərdə tutulmuş əşya əmlakının etalon nümunələrinə baxıblar. Hərbi qulluqçuların yay və qış, bütün altüst geyim formaları daha rahat olması, keyfiyyəti və rəngləri ilə seçilir. Bundan əlavə, pilot variantda hazırlanan və hərbi hissələrdə istənilən iqlim şəraitində sınaqdan keçirilən yeni formalar yüksək dözümlüyü və davamlığı ilə də fərqlənirlər. Eyni zamanda, hərbi qulluqçuların yataq şəraitlərinin yaxşılaşdırılması məqsədilə köhnə tip əsgər çarpayıları müasir tipli bir və ikimərtəbəli çarpayılarla, pambıq yataq dəstləri yaylı döşək, sintepon balış və akril ədyallarla, kiçik həcmli dolabçaların isə iki nəfərlik iritutumlu metal dolablarla əvəz olunması həyata keçirilir. İplik əl-üz dəsmalları xovlu əl-üz dəsmalları ilə əvəz edilir, o cümlədən şəxsi heyətin hərbi geyim və əşya əmlakı ilə təminatı normalarına hamamayaq dəsmalları da əlavə olunub.

Media nümayəndələri əşya əmlakının müayinəsi və keyfiyyətinə nəzarət laboratoriyasının fəaliyyəti ilə tanış olublar. Dövlət standartlarlarını, normativ texniki sənədləri, əsas şərtlər toplusunu və digər rəhbəredici sənədləri əsas tutaraq laboratoriyada şəxsi heyət üçün tədarük olunan bütün növ əşya əmlaklarının fizikimexaniki göstəricilərinin sınaqları aparılır.

Mərkəzi Ərzaq Anbarı haqqında ümumi məlumat əldə etdikdən sonra sonra KİV nümayəndələri orada fəaliyyət göstərərən Mərkəzi Ərzaq Anbarının laboratoriyasına gələrək onun fəaliyyəti ilə tanış olublar. Laboratoriyada Silahlı Qüvvələrin şəxsi heyəti tərəfindən qəbul edilən bitki, heyvanqeyri-üzvi mənşəli ərzaq məsullarının orqanoleptik, texniki, fiziki-kimyəvi, bakterioloji müayinəsini həyata keçirərək, ərzaqın qida üçün tam yararlı olmasına və keyfiyyət standartlarına uyğun gəlməsinə nəzarət edir. Sonra media nümayəndələri quru ərzaq məsulları, tərəvəz məhsulları saxlancları, eləcə də tez xarab olan ərzaqların, ət və balıq məhsulları soyuducu-saxlanclarına da baş çəkiblər. Bildirilib ki, Silahlı Qüvvələrin şəxsi heyətinin ilboyu təzə və yüksək kalorili qida ilə təmin olunması məqsədilə yenidən yaradılan yardımçı təsərrüfatlardan toplanan kənd təsərrüfatı məhsulları təminatıhı gücləndirmək məqsədilə birbaşa əsəgərlərin qidalanması üçün hərbi hissələrə verilir. Hərbi hissələrin yeməkxanalarında aşpazların, yeməkxana və mətbəx işçilərinin mülki işçilərlə əvəz olunması hazırlanan yeməklərin və görülən işlərin keyfiyyətinə müsbət təsirini göstərib. Hərbi hissələr müasir tipli yeməkxana-mətbəx avadanlığı, o cümlədən, ətçəkən, tərəvəzdoğrayan və kartoftəmizləyən maşınlar, elektrik tavaları, elektrikqaz plitələri ilə təmin edilib. Hazırda yeməkxanalarda keyfiyyətli milli yeməklərin bişirilməsinə diqqət daha da artırılıb. Stasionar şəraitdə yerləşən hərbi hissələrdən fərqli olaraq relyefinə görə daşıma yolları çətin və yüksək dağ şəraitində yerləşən hərbi hissələrin şəxsi heyəti konservləşdirilmiş milli yeməklərlə təmin edilir. Bir nəfər üçün bir porsiyası 500-550 qramlıq tərəvəzli, yarmalı və tərəvəzli-yarmalı ət və sous şorbaları, 360-380 qramlıq badımcan, bibər, pomidor, kələm, qarışıq dolmalar və küftələr hazırlanıb. Bundan əlavə, içməli su mənbəyi olmayan yerlərdə xidmət edən, eləcə də döyüş növbətçiliyi aparan hərbi qulluqçuların fıziki sağlamlığının qorunması məqsədilə gün ərzində bir nəfər üçün yeməklərin hazırlanmasına 2,5 litr, içmək üçün yay mövsümündə 2 litr, qış mövsümündə isə 1 litr qablaşdırılmış su verilir. Silahlı Qüvvələrin hərbi qulluqçularının səhra şəraitində quru ərzaq payı dəsti çeşidininqida rasionunun enerji dəyərinin artırılması məqsədilə ərzaq payı normalarına 150 qram ciyər paşteti və 100 qram qatılaşdırılmış şəkərli süd əlavə edilib.

Sonda media nümayəndələri üçün əsgər naharı təşkil olunub və jurnalistlər hazırda əsgərlərin ərzaq payı normalarına daxil olan qida məhsullarının dadına baxıblar.

Qeyd edək ki, martın 20-də Novruz bayramı münasibətilə bütün hərbi hissələrdə keçirilməsi planlaşdırılan “Açıq qapı” günündə də əsgər valideynləri və yaxınları üçün hərbi qulluqçularımızın qida rasionuna daxil olan ərzaqlardan nahar təşkil ediləcəkdir.

Xalqımızın milli ənənələri sırasında mühüm yer tutan, Vətənə məhəbbət, həmrəylik, xeyirxahlıq kimi mənəvi-əxlaqi keyfiyyətlər aşılayan Novruz bayramı münasibətilə Dövlət Sərhəd Xidmətinin hərbi hissə və bölmələrində də hər il müxtəlif tədbirlər keçirilir, şəxsi heyətin milli adət və dəyərlərimizə hörmət ruhunda tərbiyə olunması diqqət mərkəzində saxlanılır. Novruz bayramı ərəfəsində təşkil edilən tədbirlər çərçivəsində keçirilən “Valideyn günləri” şəxsi heyətin təlim-tərbiyəsində, mənəvi-psixoloji vəziyyətinin yüksəldilməsində, xidməti vəzifələrin icrasına məsuliyyət hissinin daha da artırılmasında mühüm əhəmiyyət kəsb edir. “Valideyn günləri”ndə qonaqlara öncə hərbi hissə barəsində ümumi məlumat verilir, valideynlər əsgərlər üçün yaradılmış xidmət və məişət şəraiti ilə yaxından tanış olurlar. Tədbirin rəsmi hissəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Və-tənimizin sərhədlərinin mühafizəsinə göstərdiyi ali diqqət və qayğı nəticəsində sərhəd mühafizə sisteminin təkmilləşdirilməsi istiqamətində qazanılan uğurlar haqqında ətraflı məlumat verilir, sərhədçilər üçün yaradılmış şərait barədə qonaqların təklif və rəyləri dinlənilir, dövlət sərhədinin mühafizəsinin təşkilində valideynlərin və hərbi kollektivin üzərinə düşən vəzifələr barədə fikir mübadiləsi aparılır. Nümunəvi xidmət edən əsgərlər Fəxri Fərmanlarla, “Xidmətdə fərqlənmiş sərhədçi” döş nişanları ilə, Döyüş Bayrağı önündə çəkilən fotoşəkillərlə, qiymətli hədiyyələrlə təltif olunur, onların valideynlərinə “Təşəkkür məktubları” təqdim edilir. Valideynlər əsgər yeməkxanasında övladları ilə birgə nahar etdikdən sonra incəsənət ustalarının iştirakı ilə konsert proqramları təşkil olunur, maraqlı və rəngarəng mədəni-kütləvi tədbirlər keçirilir. Dövlət Sərhəd Xidməti valideynləri Novruz bayramının sevincini övladları ilə birgə yaşamağa, sərhədçilər üçün yaradılmış yüksək xidmət və məişət şəraiti ilə yaxından tanış olmağa dəvət edir. “Valideyn günləri” mart ayının 19-da saat 10:00-da Dövlət Sərhəd Xidmətinin Bakı, Naxçıvan, Horadiz, Göytəpə, Lənkəran, Xudat, Şəki, Zaqatala, Şəmkir, Yevlax qarnizonlarında keçirilməsi plan-laşdırılır. Onu da xatırladaq ki, ənənəyə uyğun olaraq Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, martın 20-də saat 10.00-da Novruz bayramı münasibətilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün "Açıq qapı" günü təşkil olunacaq. Həmin gün ziyarətçilər, ictimaiyyət, kütləvi informasiya vasitələrinin nümayəndələri hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə yaxından tanış olmaq, xidməti, inzibati binalara, eləcə də əsgər yataqxanaları və yeməkxanalarına baş çəkmək imkanı əldə edəcəklər. Müxtəlif hərbi hissələrdə Silahlı Qüvvələrin bütün rəhbər heyətinin iştirakı ilə keçiriləcək "Açıq qapı" günündə valideynlərlə görüşlər təşkil olunacaq, onları maraqlandıran məsələlərin müzakirəsi aparılacaq, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçiriləcəkdir.

 

Olaylar.- 2016.- 4 mart.- S.15.