Vətənpərvərlik əxlaq

tərbiyəsinin tərkib hissəsidir

 

Orduya qayğı gənclərin döyüş ruhunun artmasına stimul verir

 

Gənclərdə vətənpərvərlik tərbiyyəsinin formalaşmasının əsasının orta məktəblərdə qoyulmasının zəruriliyi barədə dəfələrlə deyilib və sübuta yetirilib. Bu işdə pedaqoqların xüsusi rolunun olması ekspertlər tərəfindən dəfələrlə təsdiqlənib. Bildirilib ki, fənnindən asılı olmayaraq hər bir müəllim şagirdlərə vətənpərvərlik duyğusunu öyrətməyi bacarmalıdır.

İbtidai Hərbi Hazırlıq üzrə mütəxəssis, kapitan Nofəl Abasov bildirib ki, şagirdlərə Azərbaycanın hərb tarixi barədə dolğun məlumat verməklə onların ruhunu bu sahəyə yönəltmək mümkündür. Azərbaycan Demokratik Respublikasının hərb tarixinə parlaq səhifələr yazmış S. Mehmandarovun, Ə. Şıxlinskinin, İ. Vəkilovun, İ. Usubovun misilsiz xidmətlərindən ümumtəhsil məktəblərində keçirilən tədbirlərdə nümunələr gətirməklə şagirdlərin vətənpərvərlik tərbiyəsinin keyfiyyətcə dəyişməsinə nail olmaq mümkündür: “Şagirdlərin "Faktiki və atəş hazırlığı”, "Sıra təlimi”, "Hərbi topoqrafiya” ilə bağlı bilik və bacarıqlar qazanmaları onların vətənpərvərlik tərbiyəsinin inkişafı ilə şərtlənir. Tərbiyənin məqsədi cəmiyyətin obyektiv inkişaf qanunları əsasında müəyyən edilir, məhsuldar qüvvələrin inkişafı ilə şərtlənir, onunla bərabər dəyişir. Vətənpərvərlik tərbiyəsi əxlaq tərbiyəsinin tərkib hissəsi olub digər komponentlərlə (dostluq və yoldaşlıq, qarşılıqlı yardım, beynəlmiləlçilik, fəaliyyətə şüurlu münasibət, intizam, məsuliyyət, düzlük, doğruçuluq, sadəlik, təvazökarlıq, insanlara humanist münasibət, təbiətə qayğılı münasibət və s.) qarşılıqlı əlaqədə insan şəxsiyyətinin formalaşmasına təsir edir”. Onun sözlərinə görə, orta məktəblərdə çalışan hər bie müəllim tədris etdiyi fənnindən asılı olmayaraq şagirdlərə vətənpərvərlik duyğusunu öyrətməyi önə çəkməlidir. Məlumdur ki, təlim-tərbiyə işinin bütün sahələrində, istiqamətlərində olduğu kimi vətənpərvərlik tərbiyəsinin də əsası ibtidai siniflərdə qoyulur və o, sonrakı təlim pillələrində daha da inkişaf etdirilir. Bu mənada böyüməkdə olan nəslin vətənpərvərlik tərbiyəsində ibtidai sinif müəllimlərinin üzərinə böyük məsuliyyət düşür. Onlar məktəbə qədəm qoyan körpə fidanların qəlbində elə ilk günlərdən Vətənə məhəbbət aşılamağa, onu güclü vətənpərvərlik hissinə çevirməyə çalışmalıdırlar. Şagirdlərin vətənpərvərlik və vətənə məhəbbət hissi tərbiyəsinin ən vacib məqamlarından biri onların yaşadığı kənd, şəhər, ölkə haqqında geniş məlumata malik olmaları və onu tanımalarıdır: “Ölkəmizin tarixi haqqında sistemli, uşaqların başa düşəcəyi tərzdə verilən məlumatlar da vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır. İstər dərsliklərdəki ayrı-ayrı mətnlərdə, istərsə də aparılan tərbiyəvi söhbətlər, tədbirlər zamanı verilən belə məlumatlardan şagirdlər vətənimizin zəngin tarixi, xalqımızın zaman-zaman öz varlığını qorumaq üçün apardığı mübarizələr, azadlıq və müstəqillik uğrunda gedən mücadilələr haqqında biliklər əldə edir, bu biliklər əqidəyə çevrilərək onlarda vətənpərvərlik hisslərini daha da artırır. Vətənpərvərlik tərbiyəsində xalqımızın qəhrəman oğulları, tarixi şəxsiyyətlər haqqında şagirdlərə verilən məlumatlar, aşılanan biliklər də güclü təsir qüvvəsinə malikdir”. Mütəxəssis hesab edir ki, şagirdlərlə aparılan vətənpərvərlik tərbiyəsi işi onların Vətənə məhəbbət və sədaqət ruhunda böyümələrinə, xalqımıza xas olan ən yaxşı mənəvi və əxlaqi keyfiyyətlərə yiyələnmələrinə müsbət təsir göstərir. Odur ki, təbiət haqqında danışan müəllim hər hansı bir bitki haqqında məlumat verərkən, ilk növbədə Azərbaycanın əraziləri, bölgələri haqqında danışmalıdır. Onlara bu bitkinin ölkənin hansı ərazisində bitməsi ilə bağlı məlumatlar verməlidir. Eyni zamanda həmin bitkinin ölkəmiz üçün strateji əhəmiyyətindən söz açıb, onlara həmin bitki haqqında, onun vətəni haqqında geniş məlumat toplamağı tapşırmalıdır. Bu vasitə ilə şagirdər həm bölgələrimizi tanıyır, həm də müxtəlif bitkilər haqqında öyrənirlər. Bu da bir növ şagirdlərdə vətənə olan sevgi hissini, milli ruhu oyadır. Çünki bir insan öz ölkəsi, vətəni haqqında nə qədər çox məlumatlı olarsa, torpağını da bir o qədər çox sevər. Onun milli sərvətlərinə, milli dəyərlərinə qırılmaz iplərlə bağlanar. Bir sözlə, hərə öz proqramına uyğun olaraq dərsini keçməklə yanaşı, şagirdlərinə, az da olsa, vətənpərvərliyi təbliğ etməlidir. Onun sözlərinə görə, hazırda Azərbaycan dövləti və Ali Baş Komandan tərəfindən orduya kifayət qədər qayğı göstərilir.Təkcə onu demək kifayətdir ki, 2004-cü ildə müdafiə xərclərinə ümumi daxili məhsulun 2,3 faizi ayrılırdısa, sonrakı illərdə bu rəqəm mütəmadi olaraq ilbəil artırılmış, yalnız hərbi qulluqçulara deyil, həm də hərbi xidmətlə bağlı digər şəxslərə bir sıra imtiyaz və güzəştlər tətbiq edilmişdir. Azərbaycan Prezidentinin "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi haqqında" 23 yanvar 2006-cı il tarixli sərəncamı hərbi peşə sahiblərinə dövlət qayğısının əhəmiyyətli təzahürüdür. Bu sərəncamla Müdafiə Nazirliyinin hərbi qulluqçularının rütbə maaşı 2006-cı il 1 yanvar tarixindən iki dəfə artırıldı. Bundan bir il sonra ölkə başçısı hərbi qulluqçulara güzəştli ipoteka kreditlərinin verilməsi haqqında fərman imzaladı. Bu fərmana görə hərbçilərə verilən ipoteka kreditlərinin illik ödənişli faizi çox olmamalıdır. 2006-cı ilin iyul ayında ölkə Prezidentinin təşəbbüsü ilə hərbi qanunvericilik aktlarına edilən əlavə və dəyişikliklər də ordu mənsubları tərəfindən ruh yüksəkliyi ilə qarşılanıb. Belə ki, bu əlavələr hərbi qulluqçulara hər il növbəti məzuniyyətə çıxarkən əlavə olaraq bir aylıq vəzifə maaşı məbləğində pul təminatının verilməsini, müvəqqəti mənzil kirayəsi üçün ödənilən kompensasiyanın hərbi qulluqçular üçün hər ay konkret məbləğdə müəyyənləşdirilməsini, onların hər bir ailə üzvü üçün isə həmin məbləğin 50 faizin müəyyən edilməsini nəzərdə tutur. Ümumiyyətlə, ölkə başçısının müvafiq sərəncamları ilə son illər hərbi qulluqçuların aylıq vəzifə maaşları, o cümlədən hərbi məktəblərdə təhsil alan kursantların pul təminatı bir neçə dəfə, 2008-ci ildə isə hərbçilərə ərzaq əvəzinə ödənilən kompensasiyanın məbləği iki dəfə artırılmışdır”. Bildiyimiz kimi, hərbi qanunvericilik aktlarına 2006-cı ildə edilən əlavə və dəyişikliklərdə xidməti mənzillərin tikintisinin dövlət büdcəsindən ayrılan vəsait hesabına həyata keçirilməsi də öz əksini tapıb. Ümumiyyətlə, son bir neçə ildə Silahlı Qüvvələrimizin hərbi qulluqçularına geniş yaşayış sahəsinə malik yüzlərlə mənzillərin orderləri paylanılıb. Xüsusilə, son dövrlər Müdafiə Nazirliyinin 43 hərbi şəhərciyində aparılan intensiv tikinti, yenidənqurma və təmir işləri hərbçilərimizin yüksək döyüş hazırlığına yiyələnməsində önəmli rol oynayıb. Belə ki, ümumi sahəsi 124.380 kvadratmetr olan bir neçə bina və məişət obyektləri tikilərək Vətən müdafiəçilərinin ixtiyarına verilib. Bu sırada yeni inşa olunan və ən müasir avadanlıqlarla təchiz edilən onlarla əsgər yeməkxana və yataqxanaları xüsusi qeyd olunmalıdır. Hal-hazırda ümumi sahəsi 158.570 kvadratmetr olan bina və məişət obyektlərinin tikintisi uğurla həyata keçirilir. Ümumi sahəsi 79.845 kvadratmetr olan bina və məişət obyektlərində aparılan əsaslı təmir işlərinin isə ən qısa müddətdə başa çatdırılması planlaşdırılır. O cümlədən ayrı-ayrı hərbi şəhərciklərimizdə ümumi sahəsi 922 kvadratmetr olan 15 qazanxana binası inşa edilmiş, müasir tipli texnoloji avadanlıqlarla təchiz olunmuş, ümumi uzunluğu 17.850 metr olan ərazidaxili istilik xətləri çəkilmiş və 52 binada daxili istilik sistemləri quraşdırılmış, 24 texniki binanın dam örtüyü tam təmir olunmuşdur. Bütün bunlar Müdafiə Nazirliyi sistemində aparılan quruculuq işlərinin yalnız müəyyən hissəsidir. Ümumi statistikada əsas yerlərdən birini də hərbi qulluqçular üçün nəzərdə tutulmuş yaşayış binaları tutur. Bu günlərdə Ağstafa bölgəsində yerləşən "N" hərbi hissəsində 40 mənzillik yeni yaşayış binasının istifadəyə verilməsi Azərbaycan dövlətinin hərbi qulluqçulara göstərdiyi diqqət və qayğının növbəti nümunəsidir. Sevindirici haldır ki, bu binadan mənzil alanların əsas hissəsini gənc hərbi qulluqçular təşkil edir. Yeri gəlmişkən, müvafiq istiqamətdə bu il növbəti dördmərtəbəli binanın istifadəyə verilməsi də nəzərdə tutulub. Hərbi qulluqçularımız bütün bunları Azərbaycan dövlətinin ordu gənclərinə inam və etimadının ifadəsi kimi qəbul edir və göstərilən qayğıya Vətənə, dövlətə sədaqətlə, yüksək döyüş hazırlığına yiyələnməklə cavab verirlər. Orta məktəblərdə vətənpərvərlik hissinin tərbiyyəsi ilə başlayan, dövlət tərəfindən bu qədər qayğı ilə əhatə olunan orduda xidmət edən istənilən gəncin vətənpərvər olması şübhə doğurmur. Çünki ordudakı vəziyyəti, hərbi hissələrdə yaradılan şəraiti qonşu dövlətlərlə müqayisə edən gənc ilk növbədə fəxarət hissi keçirir, ardınca belə bir orduda xidmət etməyi özünə şərəf hesab edir. Deməli, vətənpərvərlik tərbiyyəsi və orduya qayğı gənclərin döyüş ruhunun artmasına stimul verir.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2016.- 8-9 mart.- S.15.