Azərbaycan gənci vətənpərvərdirmi?

 

Kənan Əliyev “Azərbaycan gənci, həm milli mənlik şüuru, vətənpərvərlik tərbiyəsi, ümumiyyətlə vətən anlayışını tam anlayır və dərk edir

 

Yaşadığımız zaman kəsiyində gənclərin milli ruhda böyüməsi, onlara vətənpərvərlik hisslərinin aşılanması ən vacib istiqamətərdən biridir. Ümumi götürəndə isə bu hər bir dövlətin diqqət yetirməli olduğu məqamdır. Bu bir danılmaz faktdır ki, gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onların vətənpərvər ruhda tərbiyəsi hər bir dövlət üçün başlıca prioritetdir. Çünki bu günün gəncləri sabahın dövlət idarəçiləri hesab edilir.

Qeyri-sağlam mühitdə böyüyən, vətənpərvər ruhda tərbiyə olunmayan gənclik isə sabah dövlət idarəçiliyini həyata keçirə bilməz. Bu mənada Azərbaycanda da gənclərin milli mənlik şürunun inkişaf etdirilməsi, onların vətənpərvər ruhda tərbiyə olunması istiqamətində lazımı tədbirlər görülür, müvafiq addımlar atılır. İstər bu istiqamətdə qanunvericlik bazasının formalaşdırılması, vaxtı ilə qəbul edilən qanunların təkmilləşdirilməsi, istərsə də gənclər arasında maarifləndirici xarakter daşıyan işlərin görülməsini bu sıraya aid etmək olar. Məlumdur ki, Azərbaycan tarixində ikinci dəfə müstəqillik əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi gənclərlə sahəsinə də müəyyən poblemlər mövcud idi. Düzdür, həmin dövrdə gənclərdə vətənpərvərlik hissləri yüksək səviyyədə idi və gənclərimiz könüllü olaraq Qarabağ uğrunda gedən döyüşlərə qoşulurdular. Lakin dövlət idarəçiliyi sahəsində mövcud olan müəyyən boşluqlar bir sıra qeyri-ənənəvi dini sektalar, missioner təşkilatların ölkəmizəö ayaq açmasına, gəncləri öz torlarına salmasına gətirib çıxarırdı. Nəticə etibarilə Azəbaycan gənci getdikcə millət, Vətən sevgisindən uzaq düşürdü. Digər tərəfdən ölkədə yaşayış səviyyəsinin pisləşməsi gənclərimizin dolanışıq ardınca xaricə, daha çox şimal qonşumuza üz tutmasına səbəb olurdu. Nəticə etibarilə yuxarıda qeyd etdiyim kimi gənclər arasında vətənpərvərlik hissləri tədricən ölürdü. Lakin 1993-cü ilin iyun ayında Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi gənclərlə sahəsində də məqsədyönlü tədbirlər həyata keçirilməyə başlanıldı. Çox keçmədən 1994-cü ilin iyul ayında gənclərlə əlaqəli şəkildə işləyən müvafiq dövlət qurumu, Gənclər və İdman Nazirliyi yaradıldı. 1996-ci il, fevral ayının 2-də isə Heydər Əliyevin iştirakı ilə Azərbaycan gənclərinin birinci forumu keçirildi. Qısa müddətdə qəbul edilən bir sıra fərman və sərəncamlar, müvafiq sənədlər gənclərin mütəşəkilliyinin, onların ölkənin ictimai-siyasi həyatında rolunun artmasına gətirib çıxardı. Məhz dövlətin ona ciddi diqqət və qayğı ilə yanaşdığını görən gənc də öz növbəsində Vətənini, dövlətini, millətini daha çox sevməyə başladı. Heydər Əliyevin vəfatından sonra ümummilli liderin siyasi kursunun layiqli davamçısı İlham Əliyevin prezident seçilməsi və dövlət başçısının da gənclərə ciddi diqqət və qayğı ilə yanaşması bu sahədə nəzərəçarpacaq dərəcədə yeniliklərlə müşahidə edildi. Prezident İlham Əliyevin də müntəzəm olaraq gənclərlə görüşməsi, gənclərlə bağlı qəbul edilən dövlət proqramları və digər müvafiq sənədlərdə məhz onların mövqeyinin nəzərə alınmasının fonunda bunu göstərə bilərik. Heç şübhəsiz ki, dövlətin və dövlət başçısının gənclərə göstərdiyi diqqət və qayğının qarşılığı olaraq isə Azərbaycan gəncləri daha da vətənpərvər olur, onların Vətənə, dövlətə bağlılığı artır. Bu gün Azərbaycandan kənarda təhsil alan gənclərimiz də həmin ölkələrdə vətənpərvərlik mövqeyindən çıxış edərək ölkəmizin adını uca tutur, onu layiqincə təmsil edirlər. Elə əksəriyyət gənclər də bu qənaətdədirlər. “İRƏLİ” İctimai Biliyinin koordinatoru Kənan Əliyev deyir ki, Azərbaycan gəncləri başqa dövlətlərin gənclərinə nümunə ola biləcək vəziyyətdədirlər. Onun sözlərinə görə, gənclərimizdə vətənpərvərlik ruhu yüksək səviyyədədir: “Mən belə düşünürəm ki, Azərbaycan gənci, həm milli mənlik şüuru, vətənpərvərlik tərbiyəsi, ümumiyyətlə vətən anlayışını tam anlayır və dərk edir”.

Bu bir danılmaz faktdır ki, gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılmasında qeyri-hökumət və gənclər təşkilatlarının da üzərinə mühüm vəzifələr düşür və əminliklə demək olar ki, əksər qeyri-hökumət və gənclər təşkilatları bu istiqamətdə fəallıq nümayiş etdirirlər. Çünki onların sözügedən istiqamətdə, ümumilikdə fəal olması üçün stimul yaradılıb. İstər Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, istər Azəbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, istərsə də müvafiq nazirlik və qurumların ayrı-ayrı təşkilatların layihələrini maliyyələşdirməsi, onların tədbirlərinin keçirilməsi üçün maliyyə vəsaitinin ayrılması QHT və gənclər təşkilatlarınn da aktiv olmasına imkan yaradır. Həm QHT-lərə Dəstək Şurası, həm də Gənclər Fondunun dəstəyi ilə yüzlərlə təşkilat gənclərin vətənpərvər ruhda təbiyə olunması ilə bağlı tədbirlər keçirirlər ki, bu da ümumilikdə işin xeyrinə olan məsələdir. Məlumat üçün qeyd edək ki, ölkədə fəaliyyət göstərən bir çox qeyri-hökumət təşkilatları əsas fəaliyyətini məhz bu istiqamətdə qurub. Ayrı-ayrı qeyri-hökumət təşkilatlarının müntəzəm olaraq cəbhə bölgəsində keçirdiyi tədbirlər, ön xəttdəki hərbi hisələrin əsgər və zabitləri ilə təşkil olunan görüşlər Silahlı Qüvvələrin şəxsi heyətində, əsgər və zabitlər arasında ruh yüksəkliyi yaratmaqla yanaşı, eyni zamanda gənclərin də vətənpərvər ruhda tərbiyəsinə, onlarda Vətənə, millətə sevgi hissinin artmasına təkan verir. Bu baxımdan gənclərin milli mənlik şüurunun artırılması, onların vətənpərvər ruhda tərbiyə olunmasında qeyri-hökumət və gənclər təşkilatlarının müəyyən mənada rolu var. Ancaq qeyri-hökumət və gənclər təşkilalarının qeyd edilən istiqamətə daha çox diqqət ayırması, gənclərin vətənpərvər ruhda tərbiyəsi istiqamətində silsilə tədbirlər, layihələr həyata keçirməsi arzuediləndir. Çünki yuxarıda da qeyd etdiyimiz kimi bu gün bizim torpaqlarımızın 20 faizi işğal altındadır və torpaqlarımızı erməni işğalı altından azad etmək üçün bizə vətənpərvər gənclər lazımdır. Kənan Əliyev də hesab edir ki, gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması istiqamətində hər kəsin üzərinə vəzifə düşür: “Gənclər təşkilatlarının isə əsas rolu oynayan subyektlerden biri saymaq olar. Gənclər təşkilatları öz üzərinə düşən vəzifəni məncə yerinə yetirirlər, amma daha yaxşı nəticələr üçün daha tez məqsədə çatmaq üçün çox işləmək lazımdır”.

Etiraf etmək lazımdır ki, “İRƏLİ” İctimai Birliyi də gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onların vətənpərvər ruhda tərbiyə olunmasında uğurlu fəaliyyət göstərir. Kənan Əliyev deyir ki, “İRƏLİ” İctimai Birliyi olaraq gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması, Azərbaycan gənclərinin digər gənclərə nümunə olması, gənclərin şəxsi inkişafı istiqamətində mühüm addımlar atır, layihələr həyata keçirir: “İRƏLİ İctimai Birliyinin əsas məqsədlərində qeyd olunub ki, gənclərə vətənpərvərlik hisslərinin aşılanmasına, Azərbaycan Respublikasının inkişaf yolunda aparılan siyasətin həyata keçirilməsində birbaşa gənclərin iştirakına şərait yaratmaq başlıca vəzifədir. Həmçinin gənclərin fərdi inkişafında yardımçı olmaq da qarşımıza qoyulan vəzifələr sırasındadır.  Məncə təşkilat olaraq bu istiqamətdə az işlər görməmişik. Buna misal olaraq keçən il Xocalı soyqırımının 23-cü ildönümü münasibətilə “İRƏLI” İctimai Birliyi tərəfindən “613 şəhid” adlı yürüş təşkil edilmişdi. “Azadlıq” meydanına toplaşan 613 “İRƏLI” üzvünün oradan “Xocalı abidəsi”nə yürüşü təşkil olunmuşdu”. Kənan Əliyev bildirib ki, gənclərinin milli mənlik şüuru, vətənpərvərlik tərbiyəsinin artırılması istiqamətində aparılan işlərdə televiziya və kütləvi informasiya vasitələrinin də rolu böyükdür: “Mən belə düşünürəm ki, televiziya məkanında şou verilişlərə nisbətən az, vətənpərvərlik, dövlətçilik, azərbaycançılıq idealarını təbliğ edən verilişlərə isə daha çox yer verilsə, məqsədimizə daha tez çatarıq. Ümumiyyətlə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan Gənclər Siyasətinin gənclərinin milli mənlik şüuru, vətənpərvərlik tərbiyəsinin artırılmasında çox böyük rolu vardır”. Kənan Əliyevin sözlərinə görə,  bu gün Heydər Əliyevin uğurlu davamçısı olan İlham Əliyev bu istiqamətdə məqsədyönlü addımlar atır. İctimai Birlik üzvü deyir ki,  Ali Baş Komandanın müntəzəm olaraq cəbhə xəttinə getməsi, hərbi təlimləri izləməsi, əsgər və zabitləri təltif etməsi, gənclərə idealarını gərçəkləşdirməyə şərait yaratması, gənclərin inkişafına görə atdığı addımlar nümunə kimi göstərmək olar: “Ümumilikdə isə hər bir kəs, ətrafında olan şəxslərin vətən anlayışının dərkində dəstək olmalı, hər bir şəxsin şəxsiyyət kimi yetişməsinə kömək etməlidir”.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2016.- 10 mart.- S.15.