Gənclərin vətənpərvər ruhda tərbiyəsi

dövlətin diqqət mərkəzindədir

 

Günümüzdə gənclərin milli ruhda böyüməsi, onlara vətənpərvərlik hisslərinin aşılanması ən vacib istiqamətərdən biridir. Ümumi götürəndə isə bu hər bir dövlətin diqqət yetirməli olduğu məqamdır. Danılmaz faktdır ki, gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onların vətənpərvər ruhda tərbiyəsi hər bir dövlət üçün başlıca prioritetdir. Çünki bu günün gəncləri sabahın dövlət idarəçiləri hesab edilir. Qeyri-sağlam mühitdə böyüyən, vətənpərvər ruhda tərbiyə olunmayan gənclik isə sabah dövlət idarəçiliyini həyata keçirə bilməz. Bu mənada Azərbaycanda da gənclərin milli mənlik şürunun inkişaf etdirilməsi, onların vətənpərvər ruhda tərbiyə olunması istiqamətində lazımı tədbirlər görülür, müvafiq addımlar atılır. İstər bu istiqamətdə qanunvericlik bazasının formalaşdırılması, vaxtı ilə qəbul edilən qanunların təkmilləşdirilməsi, istərsə də gənclər arasında maarifləndirici xarakter daşıyan işlərin görülməsini bu sıraya aid etmək olar.

Məlumdur ki, Azərbaycan tarixində ikinci dəfə müstəqillik əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi gənclərlə iş sahəsinə də müəyyən poblemlər mövcud idi. Düzdür, həmin dövrdə gənclərdə vətənpərvərlik hissləri yüksək səviyyədə idi və gənclərimiz könüllü olaraq Qarabağ uğrunda gedən döyüşlərə qoşulurdular. Lakin dövlət idarəçiliyi sahəsində mövcud olan müəyyən boşluqlar bir sıra qeyri-ənənəvi dini sektalar, missioner təşkilatların ölkəmizəö ayaq açmasına, gəncləri öz torlarına salmasına gətirib çıxarırdı. Nəticə etibarilə Azəbaycan gənci getdikcə millət, Vətən sevgisindən uzaq düşürdü. Digər tərəfdən ölkədə yaşayış səviyyəsinin pisləşməsi gənclərimizin dolanışıq ardınca xaricə, daha çox şimal qonşumuza üz tutmasına səbəb olurdu. Nəticə etibarilə yuxarıda qeyd etdiyim kimi gənclər arasında vətənpərvərlik hissləri tədricən ölürdü. Lakin 1993-cü ilin iyun ayında Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi gənclərlə sahəsində də məqsədyönlü tədbirlər həyata keçirilməyə başlanıldı. Çox keçmədən 1994-cü ilin iyul ayında gənclərlə əlaqəli şəkildə işləyən müvafiq dövlət qurumu, Gənclər və İdman Nazirliyi yaradıldı. 1996-ci il, fevral ayının 2-də isə Heydər Əliyevin iştirakı ilə Azərbaycan gənclərinin birinci forumu keçirildi. Qısa müddətdə qəbul edilən bir sıra fərman və sərəncamlar, müvafiq sənədlər gənclərin mütəşəkilliyinin, onların ölkənin ictimai-siyasi həyatında rolunun artmasına gətirib çıxardı. Məhz dövlətin ona ciddi diqqət və qayğı ilə yanaşdığını görən gənc də öz növbəsində Vətənini, dövlətini, millətini daha çox sevməyə başladı. Heydər Əliyevin vəfatından sonra ümummilli liderin siyasi kursunun layiqli davamçısı İlham Əliyevin prezident seçilməsi və dövlət başçısının da gənclərə ciddi diqqət və qayğı ilə yanaşması bu sahədə nəzərəçarpacaq dərəcədə yeniliklərlə müşahidə edildi. Prezident İlham Əliyevin də müntəzəm olaraq gənclərlə görüşməsi, gənclərlə bağlı qəbul edilən dövlət proqramları və digər müvafiq sənədlərdə məhz onların mövqeyinin nəzərə alınmasının fonunda bunu göstərə bilərik. Heç şübhəsiz ki, dövlətin və dövlət başçısının gənclərə göstərdiyi diqqət və qayğının qarşılığı olaraq isə Azərbaycan gəncləri daha da vətənpərvər olur, onların Vətənə, dövlətə bağlılığı artır. Bu gün Azərbaycandan kənarda təhsil alan gənclərimiz də həmin ölkələrdə vətənpərvərlik mövqeyindən çıxış edərək ölkəmizin adını uca tutur, onu layiqincə təmsil edirlər.

Bu gün gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması istiqamətində Gənclər və İdman Nazirliyinin üzərinə mühüm vəzifə düşür. Belə ki, 2002-ci ildə qəbul olunmuş "Gənclər siyasəti haqqında"  qanunun 2007-ci ildə əlavə olunmuş 5.5-ci bəndinə uyğun olaraq gənclər arasında vətənpərvərlik işinin gücləndirilməsi, onların ahəngdar inkişafı və asudə vaxtının təşkili, gənclərə psixoloji reabilitasiya, hüquqiinformasiya yardımlarının göstərilməsi məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada yaradılan "Gənclər evi" sosial xidmət müəssisələri şəbəkəsi genişlənməkdədir. "Azərbaycan gəncliyi 2005-2009-cu illərdə" Dövlət Proqramının Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən "Gənclər evi" şəbəkəsinin yaradılması nəzərdə tutulubilk "Gənclər evi" Ağsu rayonunda fəaliyyətə başlayıb. "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair" və "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" dövlət proqramlarının tədbirlər planının müvafiq bəndlərinə uyğun olaraq "Gənclər Ev"lərinin tikintisi davam etdirilib. Bəs görəsən bu kimi imkanlar, yaradılan gənclər evlərində qeyd edilən istiqamətdə fəaliyyət göstərməyə şərait varmı? Yaxud əlavə tədbirlərin görülməsi zərurəti meydana çıxırmı? Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova deyir ki, hazırda ölkədə 35 Gənclər evi və mərkəzi fəaliyyət göstərir. Bunlardan 10-u GİN tərəfindən inşa edilib. Bu il ərzində nazirlik tərəfindən Binəqədi rayonunda və Gəncə şəhərində "Gənclər evi"nin istifadəyə verilməsi nəzərdə tutulub. Nazirlik tərəfindən istifadəyə verilən "Gənclər evi"ndə təqribən 50-60 nəfər arası insan ictimai əsaslarla çalışır. "Gənclər evi" ilə bağlı yaxın müddət ərzində müvafiq normativ-hüquqi sənədlər qəbul edildikdən sonra işçilər daimi əsaslarla işə qəbul ediləcəklər.  Hazırda Şəki və Şirvan şəhərlərində, Bərdə, Quba, Şamaxı rayonlarında "Gənclər evi"nin tikinti işlərini davam etdirir. Bununla yanaşı rayon icra hakimiyyətləri tərəfindən də bir neçə Gənclər mərkəzinin inşa edilməsi istisna deyil.

Nazirlik rəsmisinin sözlərinə görə, gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi istiqamətində dövrün tələblərinə müvafiq yeni layihələr ("Ümummilli Lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu" mövzusunda konfranslar, "Tarixin canlı səhifələri" adlı festivallar, "Azərbaycan doğma diyarımdır" adlı tematik düşərgələr və s.)  həyata keçirilib.  Azərbaycan tarixinin və mədəni irsinin gənclər arasında təbliğ edilməsi məqsədilə, eyni zamanda onların intellektual inkişafına yönəlib, həmçinin gənclərə iqtisadi biliklər verən və məlumatlılığın artırılmasına xidmət edən bir sıra televiziya layihələrinə ("Mən Azərbaycanlıyam", "Breyn-rinq", "Xəmsə", "Müasir Azərbaycan Gənci", "İdeya Qazandı" və s.) dəstək verilib. Dövlət proqramlarının nəticələrindən biri də gənclərin qərarvermə proseslərində işin artırılması və xüsusilə də regionlarda gənclərin ictimai fəallaşmasıdır.

Gənclərin elmə həvəsləndirilməsi və gənc alimlərin fəaliyyətinin stimullaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Elmə Dəstək Fondu tərəfindən xüsusi müsabiqələr keçirilərək qrantlar ayrılıb. Nazirliyin dəstəyi ilə müntəzəm olaraq gənc alimlərin məqalələrinin topluları nəşr olunur, onların iştirakı ilə ideya yarmarkaları, elmi konfranslar təşkil olunur.  Gənclər arasında sağlam həyat tərzinin kütləvi bədən tərbiyəsi və idman vasitəsilə geniş təbliğ edilməsi, Olimpiya Komplekslərinin bu işdə rolunun artırılması məqsədilə "Gənclərin Sağlamlıq Festivalları" keçirilir. Xüsusi qayğıya ehtiyacı olan, qaçqın və məcburi köçkün düşmüş, əlilliyi olan gənclərin hüquqlarının qorunması  daim diqqət mərkəzində saxlanılıb. 2011-2015-ci illər ərzində 8365 yeniyetmə və gənc üçün müxtəlif növlü düşərgələr təşkil olunub. Dövlət Proqramının əsas nəticələrindən biri də gənclər siyasəti sahəsində beynəlxalq əməkdaşlığın və mübadilənin genişləndirilməsidir. Həyata keçirilən müxtəlif beynəlxalq layihələr çərçivəsində minlərlə gəncin mübadiləsi təşkil edilib. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması və ölkəmizin tanıdılması məqsədilə 39 ölkədə gənclər arasında "Mən Azərbaycan haqqında nə bilirəm?" bilik müsabiqələri keçirilib, qaliblərin Azərbaycana səfərləri təşkil olunub. Beynəlxalq gənclər siyasəti  sahəsində ən böyük uğurlardan biri 28-30 oktyabr 2014-cü il tarixlərdə keçirilən Gənclər Siyasəti üzrə Birinci Qlobal Forum olub. Forumda 165 ölkədən nümayəndələr iştirak edib.

Qarşımızda yeni vəzifələr və hədəflər var. Dünyada baş verən qlobal dəyişikliklər və çağırışlar həmçinin ölkənin yeni imkanları Azərbaycanda gənclər siyasətinin yeni strategiyasının hazırlanmasını və qəbulunu  zəruri etdi.

Azərbaycan Respublikası Prezidentinin  26 yanvar 2015-ci il tarixli Sərəncamı ilə "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası" təsdiq edildi. Strategiyada növbəti illər üçün görüləcək işlərin əsas istiqamətləri müəyyən edilib. Gənclərin İKT-yə yiyələnməsi, gənclərin qeyri-hökumət təşkilatlarının sahələr üzrə peşakarlığının artırılması, gənclər arasında sahibkarlıq ideyalarının təşviq edilməsi, onların elmə həvəsləndirilməsi, xüsusi qayğıya ehtiyacı olan gənclərin dəstəklənməsi, mövcud infrastrukturun fəaliyyətinin gücləndirilməsi, gənclər arasında ixtisas və peşə seçimi, əmək bazarı və məşğulluq haqqında məlumatlılıq səviyyəsinin artırılması, yerli özünüidarəetmə orqanlarının işində gənclərin fəal iştirakının təmin edilməsi və s. bu kimi hədəflər və fəaliyyət istiqamətləri strategiyada öz əksini tapıb.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2016.- 12-14 mart.- S.15.