Ordumuz qürur yerimisdir

 

Azərbaycan əsgəri torpaqlarımızı işğaldan azad etməyə hazırdır

 

Əsgərlərin hərbi-döyüş ruhunun yüksəldilməsi, eləcə də gənclərin orduya marağının artırılması məqsədilə Azərbaycan Müdafiə Nazirliyi tərəfindən düşünülmüş addımlar atılmaqdadır. Fərəhləndirici haldır ki, bu məsələdə müdafiə naziri general-polkovnik Zakir Həsənov şəxsən iştirak edir.

Məlumdur ki, orduda vətənpərvərlik hissinin yüksəldilməsi işində ideoloji təbliğat mühüm rol oynayır. Ancaq ordu rəhbərinin şəxsən hərbi hissələrdə olması, əsgərlərlə görüşərək onların problemləri ilə maraqlanması sözssüz ki, hərbçilərə əlavə ruh verir. Təsadüfi deyil ki, müdafiə naziri Zakir Həsənov və nazirliyin rəhbər heyəti bu günlərdə cəbhəboyu zonada yerləşən birlik, birləşmə və hərbi hissələrdə olub. Ön xətdə yerləşən hərbi hissələrdə düşmənlə üz-üzə səngərlərdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən Müdafiə naziri, onların döyüş hazırlığı və sosial-məişət şəraiti ilə tanış olub. Düşmənlə təmas xəttində yerləşən bölmələrdən birində komanda müşahidə məntəqəsinə baş çəkən Müdafiə nazirinə ərazidəki əməliyyat şəraiti, müdafiə zolağında həyata keçirilən tədbirlər barədə məruzə edilib. Səngərlərdə döyüş növbəsi çəkən şəxsi heyət vətənə, xalqa, dövlətə sədaqətlə xidmət etdiklərini və Ali Baş Komandanın əmri ilə ölkəmizin ərazi bütövlüyünün təmin olunması, işğal edilmiş torpaqlarımızın azad edilməsi uğrunda hər an döyüşə hazır olduqlarını bildiriblər. Etiraf edilməlidir ki, ölkənin müdafiə nazirinin birbaşa səngərlərdə əsgərlərlə görüşməsi onların döyüş əhval-ruhiyyəsinin artmasına əhəmiyyətli dərəcədə təsir göstərir. Üstəlik hərbçilər üçün yüksək səviyyəli sosial-məişət şəraitinin yaradılması şübhəsiz ki, gənclərin qəlbində vətənpərvərlik izi buraxmış olur. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən yeni tikilən növbəti hərbi hissənin açılışı olub. Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə bölgəsində yeni inşa edilən hərbi şəhərciyin ərazisindəki qərargah, zabit, gizir və əsgər yataqxanaları, xidməti, tədris və istirahət otaqları, döyüş texnikası üçün saxlanclar, sıra meydanı, yeməkxana, tibb məntəqəsi, hamam-camaşırxana, qazanxana kompleksi və digər obyektlər ilə tanış olub. Şəxsi heyət qarşısında çıxış edən Müdafiə naziri general-polkovnik Zakir Həsənov bildirib: "Ali Baş Komandan tərəfindən ordu quruculuğuna göstərilən yüksək diqqətin nəticəsində biz bu gün növbəti hərbi şəhərciyin açılışında iştirak edirik. Cari ildə ilk yeni tikilmişbütün infrastrukturla təmin olunmuş hərbi hissənin açılışını həyata keçiririk. Bu quruculuq işləri və orduda həyata keçirilən islahatlar mərhələli surətdə davam etdiriləcəkdir. Planlaşdırdığımız kimi ötən il ərzində on hərbi şəhərciyi istifadəyə verdik. Bu ilplana uyğun olaraq ondan çox müasir hərbi şəhərciyin inşa edilib şəxsi heyətin istifadəsinə verilməsini nəzərdə tutmuşuq. Xüsusi qeyd etmək istəyirəm ki, dövlətimiz Silahlı Qüvvələrimizin bütün istiqamətlər üzrə inkişafını ciddi nəzarətdə saxlayır. Ordunun döyüş hazırlığı yüksəlir, hərbi hissələr yeni silah-sursatla, ən müasir döyüş texnikası ilə təmin olunur, şəxsi heyətin sosial-məişət şəraiti yaxşılaşır, daimi və xidməti mənzillər istifadəyə verilir. Ordunun yüksək dağıdıcı gücə malik silahlarla təmin olunması işini biz bu ildavam etdirəcəyik. Şəxsi heyət dövlətin, xalqın etimadını doğrultmaq üçün gecə- gündüz durmadan çalışmalı və xidməti döyüş hazırlığını yüksəltməlidir. Qarşımızda torpaqlarımızı işğaldan azad etmək kimi müqəddəs vəzifə dayanır. Cəbhədə, ön xətdə, səngərlərdə xidmət edən əsgər və zabitlərimiz yüksək qəhrəmanlıq, peşəkarlıq göstərirlər. Düşmənin başını qaldırmağa belə imkan vermirlər. Qarşı tərəf böyük itkilər verir. Bu haqq işimizi davam etdirəcək və düşməni darmadağın edəcəyik. Xocalı soyqırımını həyata keçirən, günahsız insanları qətlə yetirən mənfur düşmənlərimizi məhv edərək bütün şəhidlərin qisasını alacağıq və torpaqlarımızı işğaldan azad edəcəyik. Mən bütün şəxsi heyəti yeni hərbi şəhərciyin açılışı və qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik edirəm. Əminəm ki, əsgər və zabitlərimiz Azərbaycan xalqının, ölkə rəhbərliyinin etimadını doğruldacaq, döyüş hazırlığını yüksək səviyyədə nümayiş etdirməklə qələbəmizi yaxınlaşdıracaq". Şəxsi heyət təntənəli marşla tribunanın önündən keçdikdən sonra Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçularla birlikdə nahar ediblər. Hərbi hissədə fəaliyyət göstərən çörəkbişirmə sexi ilə də tanış olan nazir, çörəyin istehsal şəraiti, keyfiyyəti ilə maraqlanıb və burada çalışan mülki işçilərlə görüşərək şəxsi heyətin təminatı ilə bağlı müvafiq göstəriş və tövsiyələrini verib. Sonda hərbi hissəyə xatirə olaraq ərazidə çinar ağacları əkilib. Onu da qeyd edək ki, dünyada öz hərbi qüdrətilə seçilən Azərbaycan ordusu beynəlxalq əlaqələrini genişləndirməkdə davam edir. Daha doğrusu, bir sıra xarici ölkələr, eləcə də beynəlxalq təşkilatlar Azərbaycan ordusu ilə əməkdaşlıq etməkdə maraqlıdırlar. Məhz bunun nəticəsidir ki, qarşılıqlı səfərlər və birgə hərbi təlimlər təşkil edilir. Azərbaycanla Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TURAZ Şahini-2016" taktiki-uçuş təlimi də məhz dediklərimizi bir daha təsdiq edir. Təlimdən əvvələ təşkil olunan açılış brifinqində çıxış edən general-leytenant Haluk Şahar təlim iştirakçılarını salamlayb. O, çıxışının əvvəlində Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" və ümummilli liderimiz Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamlarını xatırladaraq keçirilən təlimlərin hər iki dövlətin Silahlı Qüvvələrinin tarixində önəmli rol oynadığını vurğulayıb.

Sonra "TURAZ Şahini-2016" təlimlərinin açılış brifinqi təqdim olunub, vəzifələrin mahiyyəti və tapşırıqların icrası ilə bağlı təlimatlar iştirakçılara çatdırılıb. Təlimlərin məqsədi beynəlxalq manevr üsullarına uyğun olaraq qarşıya qoyulan vəzifələri icra etmək, sistem fərqlilikləri olan təyyarələrin birlikdə təhlükəsiz uçuş qaydalarını dərindən öyrənmək, vəzifələrin palanlaşdırılması, həyata keçirilmə metodları, hava-hava, hava-yer atışlarında təcrübə mübadiləsini və iki ölkənin hərbi hava qüvvələri arasındakı əlaqələrin inkişafını təmin etməkdir.

Uçuşlar zamanı tapşırıqların asandan çətinə doğru artırılması planlaşdırılıb. Həmçinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan Respublikasının NATO ilə "Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı" (FTƏP) və "Planlaşdırma və Analiz Prosesi" (PAP) sənədlərinin Müdafiə Nazirliyinə aid hissəsinin həyata keçirilməsi üzrə NATO-nun ekspertlər qrupu ilə işçi görüşü keçirilib. Tədbirdə müdafiə sahəsində aparılan islahatlar, NATO və tərəfdaş ölkələrlə əməkdaşlıq, FTƏP və PAP proqramları üzrə məqsədlərin və öhdəliklərin yerinə yetirilməsi, NATO-Azərbaycan hərbi təhsil və təlim sahəsində birgə fəaliyyət planı, eləcə də Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) çərçivəsində aparılan fəaliyyətlər və Azərbaycan sülhməramlılarının Əfqanıstandakı "Qətiyyətli Dəstək" missiyasına verdiyi töhfə barədə müzakirələr aparılıb. Ardınca ölkəmizdə rəsmi səfərdə olan NATO-nun Müttəfiq Transformasiya Komandanının müavini general Mirko Zuliani rəhbərlik etdiyi nümayəndə heyəti ilə birlikdə Hərbi Dəniz Qüvvələrinin bazasında olub. Qonaqlar Hərbi Dəniz Qüvvələrinin rəhbərliyi tərəfindən qarşılanaraq ərazi ilə tanış olublar. NATO nümayəndə heyətinə hərbi-dəniz bazasının yaranma tarixi, strukturu, fəaliyyəti, hərbi gəmilərin təyinatı və digər məsələlərə dair ətraflı məlumat verilib. Sonra general M.Zulianinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sülhməramlı taborunda olub. Burada onlara şəxsi heyətin müxtəlif ölkələrdəki beynəlxalq missiyalarda icra etdikiləri tapşırıqlar, təminat və təchizatı, bölmələrin hazırlıq sistemi, o cümlədən sülhməramlı taborun fəaliyyəti barədə məlumat çatdırılıb. Etiraf edilməlidir ki, son illərdə Azərbaycan ordusu kifayət qədər inkişaf edib. Bu inkişaf tendensiyası beynəlxalq miqyasda da qəbul edilir. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyeb qeyd edib ki, Azərbaycan ordusu çox sürətlə inkişaf edir:” Azərbaycanda ordu quruculuğu çox sürətlə gedir. Ordumuzun indiki vəziyyəti çox sevindiricidir. Biz həm hərbi potensialımızı gücləndiririk, həm də orduda hazırlıq səviyyəsi yüksəlir və beləliklə, ordumuz qarşıda duran bütün vəzifələri həll etməyə qadirdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün siyasi-diplomatik səylər davam etdirilməlidir, eyni zamanda, qüdrətli ordu potensialının yaradılması prosesi daha da güclənməlidir. Biz son bir neçə il ərzində orduya ayrılan xərcləri bir neçə dəfə artırmışıq. Biz müharibə şəraitində yaşayırıq. Bizim torpaqlarımız işğal altındadır. Ona görə istənilən vəsaiti biz bu sahəyə yönəltməliyik. Biz güclü ordu yaratmalıyıq, güclü hərbi potensial yaratmalıyıq ki, istənilən anda öz doğma torpaqlarımızı azad edə bilək".

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2016.- 12-14 mart.- S.11.