Silahlı Qüvvələrə göstərilən diqqət gənclərin

vətənpərvərlik hisslərinin artırılmasına təkan verir

 

Gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması məqsədilə müvafiq dövlət qurumları müntəzəm olaraq marrifləndirici tədbirlər həyata keçirir, gənclərdə ruh yüksəkliyi yaratmaq məqsədilə mədəni-kütləvi tədbirlər təşkil edir. Bu sırada Müdafiə Nazirliyinin fəaliyyətini xüsusi qeyd etmək yerinə düşər. Birbaşa nazir Zakir Həsənovun tapşırıq və tövsiyyələri, bir çox hallarda isə şəxsi iştirakı ilə keçirilən bu kimi tədbirlər müntəzəm olaraq davam etdirilir. Birmənalı olaraq qeyd edə bilərik ki, belə tədbirlər gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onların vətənpərvər ruhda tərbiyəsinə təkan verən amillərdəndir. Novruz bayramı ərəfəsində keçirilən belə tədbirlər Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabit heyəti arasında da müəyyən mənada ruh yüksəkliyi yaradır, onları daha əzimli, döyüşkən olmağa sövq edir. Belə görüşlərdən biri də bu günlərdə reallaşdırılıb.

Belə ki, Müdafiə Nazirliyinin rəhbərliyi cəbhəboyu zonada yeni inşa edilmiş növbəti iki hərbi hissənin açılışında iştirak edib. Müdafiə naziri general-polkovnik Zakir Həsənov hərbi hissələrin ərazisindəki qərargahlar, əsgər yataqxanaları, tədris kompleksləri, döyüş texnikaları üçün saxlanclar, qarovul şəhərcikləri, sıra meydanları, tibb məntəqələri, hamam-camaşırxana-qazanxana kompleksləri və digər inzibati obyektlər ilə tanış olub. Yeni hərbi hissələrin açılış mərasimində şəxsi heyət qarşısında çıxış edən müdafiə naziri Silahlı Qüvvələrin daim xalqımızın və Ali Baş Komandan cənab İlham Əliyevin qayğısı ilə əhatə olunduğunu diqqətə çatdırıb. Nazir orduda bütün istiqamətlər üzrə həyata keçirilən islahatların mərhələli surətdə uğurla davam etdiyini, silahlanmaya ən müasir silah-sursatın, digər texniki döyüş vasitələrinin qəbul edildiyini, şəxsi heyətin döyüş hazırlığı və sosial-məişət şəraitinin yüksəldiyini qeyd edib: "Ordumuzun döyüş qabiliyyətinin daha da artırılması, onun texniki imkanlarının genişləndirilməsi ilə bağlı qarşıda icra edəcəyimiz tapşırıqlar var. Silahlı Qüvvələrimizin ən başlıca vəzifəsi xalqımız və dövlətimizin etimadını doğrultmaq, işğal olunmuş torpaqlarımızın azad olunmasını təmin etməkdir. Hər bir əsgər və zabit bu məqsədə çatmaq üçün düşmənə qarşı qisas hissi ilə yaşamalıdır".

Son günlər cəbhədə düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edildiyini xatırladan Müdafiə naziri bundan sonra da müxtəlif istiqamətlərdə qarşı tərəfə sarsıdıcı zərbələrin vurulmasının vacibliyini vurğulayıb. Çıxışının sonunda şəxsi heyəti qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edən nazir hərbi qulluqçulara xidmətdə uğurlar arzulayıb. Şəxsi heyət təntənəli marşla tribuna önündən keçdikdən sonra Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçularla birlikdə nahar edib. Sonra müdafiə naziri Silahlı Qüvvələrin tələblərinə cavab verən ən müasir tibbi avadanlıqlarla təchiz edilmiş və yerli şəraitə uyğunlaşdırılmış mobil səhra hospitalının fəaliyyəti ilə tanış olub.

Tibb xidməti personalı ilə görüşən müdafiə naziri səhra hospitalındakı çeşidləmə, diaqnostika, əməliyyat, reanimasiya, müayinə, komanda-idarəetmə və rabitə bölmələrinə baş çəkib, eləcə də onların fəaliyyəti ilə maraqlanıb. Həmin gün müdafiə naziri cəbhə xəttində yerləşən bölmələrdə olub, şəxsi heyətin döyüş hazırlığı, müdafiə zolağının daha da təkmilləşdirilməsi, düşmənin istənilən fəaliyyətinin aşkar edilərək ona qarşı qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı müvafiq göstəriş və tapşırıqlarını verib.

Bu arada onu da qeyd etmək lazımdır ki, Müdafiə Nazirliyi tərəfindən Novruz bayramı ərəfəsində hərbi hissələrdə keçirilən bayram tədbirləri də gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsinə yol açır.  Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi Silahlı Qüvvələrdə Novruz bayramının keçirilməsi ilə bağlı tədbirlər planına əsasən ilk teatrlaşdırılmış kütləvi hərbi vətənpərvərlik mərasimi Xocavənd rayon icra hakimiyyəti ilə birgə təşkil edilib. Bildirilib ki, Xocavənd rayonu nəinki Azərbaycanın, habelə dünyanın ən qədim yaşayış məskənlərindəndir. Azıx və Tağlar mağaraları, neçə-neçə arxeoloji və memarlıq abidələri, alban kilsələri, köhnə qəbiristanlıqlar, pirlər, ocaqlar zaman-zaman dünya səyyah və arxeoloqlarının diqqət mərkəzində olub. Keçmiş Sovetlər İttifaqı ərazisində ən qədim abidə Xocavənd rayonu ərazisində idi. Rayon 1923-cü ilədək Aşağı Qaranlıq adlandırılmışdır. Bu ad rayon ərazisindəki Qaranlıq dağından götürülüb. Lakin XIX əsrin sonlarında bura köçürülmüş ermənilərin hesabına rayonda onların sayı çoxaldılıb, azərbaycanlılar sıxışdırılaraq öz doğma yurd yerlərindən zorla çıxarılıblar. Ermənilər burada məskunlaşdıqdan sonra rayon Nijni Qaranlıq, Cüməbazarı, Xonaşen, Martuni adlandırılıb. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, 1991-ci ildə rayonun adı Xocavənd, yəni "Xocalı nəsli" kimi rəsmiləşdirilib.

1992-ci ilin oktyabrında Xocavənd rayonu Ermənistan silahlı bölmələri tərəfindən işğal olunsa da, xocavəndlilər son gülləyə, son ana qədər vuruşublar. 146 nəfər şəhid verib Xocavənd. 300 nəfərdən çox insan sağlamlığını itirib və ya əlil olub. 243 uşaq valideynlərindən birini, 68 qadın həyat yoldaşını itirib. Girov götürülmüş 110 nəfər dinc sakindən 49 nəfəri əsir və girovluqda erməni vəhşiliyinin qurbanı olub, bir ailədən 3 uşaq hər iki valideynini itirib. Azərbaycanlılar yaşayan 10 kənd tamamilə dağıdılaraq viran edilib. Lakin bütün bunlara baxmayaraq, xocavəndlilər ruhdan düşməyib, ümidləri qırılmayıb, Xocavəndə qayıdacaqları günü səbirsizliklə gözləyirlər. İndi Silahlı Qüvvələrimizin bütün qoşun növlərində, xüsusilə cəbhə bölgələrində neçə-neçə xocavəndli Vətən qarşısında əsgəri borcunu şərəf və ləyaqətlə yerinə yetirir, xüsusi təyinatlı hərbi təhsil müəssisələrində hərbi ixtisaslara yiyələnirlər.

Xocavədlilər bu gün də ordumuzla birlikdə Qarabağ uğrunda döyüşlərə atılmaq üçün Ali Baş Komandanın hər bir əmrinə hazırdırlar. Bütün bunlar barədə yeni salınmış Xocavənd qəsəbəsində "Qarabağa yaz gələcək" devizi altında keçirilən ordu ilə xalqın birlik bayramında geniş söhbət açılıb.

Bayraq meydanına doğru irəliləyən yürüş iştirakçıları öncə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək qarşısına gül dəstələri düzüb, ulu öndərin xatirəsini hörmət və ehtiramla yad ediblər.

Bayraq meydanına toplaşan böyük izdiham Müdafiə Nazirliyi rəsmilərini, millət vəkillərini, ayrı-ayrı rayonlardan gələn Xocavənd uğrunda döyüşlərin iştirakçılarını, müharibə veteran və əlillərini alqışlarla qarşılayıblar. Əməkdar incəsənət xadimi Abdulla Qurbaninin ssenarisi və rejissorluğu ilə keçirilən tədbir Xocavənd rayonu tarixində əlamətdar hadisə, ordu ilə xalqın monolit birliyinin nümayişi olmaqla yanaşı, həm də tamaşaçılarda tezliklə Qarabağa yaz gələcəyinə böyük inam aşılayıb.  Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin hərbi orkestri "Azərbaycan fanfarası"nı ifa edib.

Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansanblının, rayon Mədəniyyət və Turizm, Təhsil şöbələri birləşmiş özfəaliyyət kollektivlərinin, tanınmış incəsənət ustalarının iştirakı ilə keçirilən tetrlaşdırılmış kütləvi vətənpərvərlik mərasimi böyük coşğu ilə qarşılanıb. Xocavənd rayon icra hakmiyyətinin başçısı Eyvaz Hüseynov qonaqları və tədbir iştirakçılarını salamlayıb. Novruz bayramı ərəfəsində belə bir kütləvi vətənpərlik tədbirinin çox böyük əhəmiyyət kəsb etdiyini, bu tədbirin xocavəndlilərə, cəbhə bölgəsində xidmət edən Azərbaycan əsgərinə gözəl Novruz töhfəsi olduğunu vurğulayıb və tədbirin təşkilatçısı olan Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib. Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi general-mayor Rasim Əliyev, millət vəkillərindən Elman Məmmədov, professor Xanhüseyn Kazımlı, birlik komandiri polkovnik Mais Bərxudarov, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri, ehtiyatda olan polkovnik Mehdi Mehdiyev və başqaları çıxış edərək Azərbaycan ordusunun güc və qüdrətindən, xalqın daim öz ordusuna arxa-dayaq olmasından və hər gün atəşkəs rejiminin pozulmasına baxmayaraq Vətən müdafiəçilərinin xalqımızı xoş xəbərlərlə sevindirdiyindən qürur duyduqlarını bildiriblər. Vizual görüntülərlə müşaiyət olunan ordu ilə xalqın birlik bayramında bir-birindən maraqlı ədəbi-musiqili kompozisiyalar, etnoqrafik lövhələr, ordu həyatından səhnələr canlandırılıb. Bir qrup Qarabağ müharibəsi veteranı və hərbi qulluqçu Müdafiə Nazirliyinin hədiyyələri, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin təsis etdiyi "Fədai" medalı ilə təltif olunub.

Tədbirin sonunda bütün iştirakçılar Heydər Əliyev ideyalarına, Vətənə, xalqa, dövlətə sadiq və Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin əmrlərinə hər an hazır olduqlarını Azərbaycan Respublikasının Dövlət Himnini birlikdə ifa etməklə bir daha bəyan ediblər.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2016.- 15 mart.- S.10.