Hər bir gənc vətənpərvər olmalıdır

 

Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib. Son illərdə respublikamızın əksər regionlarında müasir standartlara cavab verən Gənclər mərkəzləri, Uşaq yaradıcılıq mərkəzləri  istifadəyə verilib, orta və ali təhsil ocaqları müasir informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunub. Bu gün ölkədə gənc nəslə diqqət və qayğı dövlətin ən mühüm fəaliyyət istiqamətlərindən birinə çevrilib. Azərbaycan gənclərinin təşkilatlanması əsas məqsədlərdən biri kimi qarşıya qoyulub.  Uğurla həyata keçirilən dövlət gənclər siyasəti bu gün gənclərin ölkə həyatının bütün sahələrindəki fəallığını daha da artırıb. Azərbaycanda gənclərin inkişafı üçün dövlət səviyyəsində kifayət qədər işlər görülüb, uşaq və gənclərin qeyri-hökumət təşkilatlarının yaradılması, fəaliyyətlərinin təşkili üçün şərait yaradılıb. İndi əsas vəzifə gənclərin bu imkanlardan layiqincə yararlanıb, həm öz inkişafını təmin etmək, həm də dövlətimizin mənafeyini etibarlı şəkildə müdafiə edən layiqli vətəndaş kimi formalaşmalarıdır.

Gənclər arasında ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsini milli və dövlətçilik ideologiyamızın əsası kimi təbliğ etməklə gənclərdə Vətənə məhəbbət, dövlətçiliyə sədaqət, milli-mədəni irsimizə hörmət hissinin daha da gücləndirilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında gənclərinin fəallığının artırılması məqsədilə Gənclər və İdman Nazirliyi tərəfindən çoxsaylı layihələr həyata keçirilib. Onlar arasında “Heydər Əliyev və azərbaycançılıq” adlı təbliğat kampaniyası çərçivəsində konfranslar və mədəni-kütləvi tədbirlər, “Bayraq Günü”nə həsr olunmuş festivallar, “Azərbaycan doğma diyarımdır” adlı vətənpərvərlik yay-istirahət düşərgələri, "Şahin", "Cəsurlar“, Sərhəd” hərbi-idman oyunu və “Gənc xilasedici və yanğınsöndürən yarışı”nın adlarını çəkmək olar. Gənclər və İdman Nazirliyi tərəfindən Qarabağın tarixi haqqında gənclərin məlumatlandırılması və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına xidmət edən “Virtual Qarabağ” adlı İnformasiya – Kommunikasiya Texnologiyaları  Mərkəzi və saytı yaradılıb. Hazırda Mərkəz tərəfindən bu istiqamətdə davamlı iş aparılır. Mövcud mənbələrdə olan məlumatlar bir neçə dildə saytda yerləşdirilir, bundan başqa xarici mütəxəssisləri cəlb etməklə yeni audio-vizual əsərlər yaradılır, təbliğ edilir.  2014-cü ildən başlayaraq isə tarixi rekonstruksiya formatında “Tarixin canlı səhifələri” adlı 3 festival keçirilib.  Layihənin məqsədi – tariximizin müxtəlif dövrlərində baş verənləri canlandıraraq örnək göstərmək, milli-mənəvi və mədəni dəyərlərə əsaslanaraq, yeni nəsildə vətənpərvərlik hissi oyatmaq, xalqımızın hərb və döyüş tarixini gənclərə əyani olaraq çatdırmaqdır. Müasir texnologiyalardan istifadə edərək, gənc nəslin maraqlarına uyğun müxtəlif telelayihələr Nazirlik tərəfindən hazırlanaraq telekanallarda yayımlanıb. Gənclərə Vətənə sevgi və sadaqət hissini aşılamaq, Azərbaycanın tarixini, coğrafiyasını, ədəbiyyatını daha yaxından tanıtmaq, onların intellektual inkişafını təmin etmək məqsədilə “Mən Azərbaycanlıyam” telemüsabiqə artıq neçə ildir ki, efirdədir. 2012-ci ildən başlayaraq gənclərin maraqları, həyat tərzi, düşüncələri, istedad və bacarıqları ilə tamaşaçıları tanış etmək məqsədilə “Müasir Azərbaycan Gənci” telelayihəsi  AzTV kanalı ilə yayımlanır. Ölkə gənclərinin vətənpərvərlik hisslərinin getdikcə güclənməsi həm keçirilən rəy sorğusu, həm də yeni nəsil nümayəndələrinin təşəbbüskar çıxdığı, maraqla qatıldığı tədbirlərlə təsdiqlənir.  2012-cü ildə Bayraq günü münasibətilə Bayraq meydanında minlərlə gəncin iştirakı ilə möhtəşəm flaşmob təşkil edilmiş, həmin görüntülər Euronwes  xəbərlərində yayımlanmışdır. Gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sistemində gənclərin, qeyri-hökumət təşkilatlarının həyata keçirdiyi fəaliyyəti xüsusi qeyd etmək lazımdır. Ayrı-ayrı təşkilatlar, eləcə də Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, “İrəli” İctimai Birliyi Azərbaycanın tarixi, mədəniyyəti, adət-ənənələrinin təbliğ edilməsi, cəmiyyətin bütün üzvlərinə qarşı mərhəmət, dəstək, qarşılıqlı anlaşma dəyərlərini təbliğ edirlər. Bu istiqamətdə tədbirlər regionlarda da rayon Gənclər və İdman İdarələri tərəfindən həyata keçirilir. Belə ki, 2011-2015-ci illəri əhatə edən Azərbaycan Gəncliyi Dövlət proqramı Respublikanın hər yerində olduğu kimi, ölkəmizin Şimal-Qərb bölgəsində də uğurla həyata keçirilib. Bölgə gənclərinin son illər bir çox sahələrdə əldə etdikləri uğurlar buna bariz nümunədir. Balakən rayonunda gənclərin hərbi vətənpərvərlik və vətəndaşlıq ruhunda tərbiyə edilməsi, onların narkomaniya və digər zərərli vərdişlərdən uzaq olmaları, intellektual inkişafı daim diqqət mərkəzində duran məsələlərdəndir. Rayonda Gənclər evinin açılması gənclərlə aparılan işi həm keyfiyyət, həm də kəmiyyət baxımından daha da gücləndirib. Gənclər evində fəaliyyət göstərən Aktiv Gənclər Klubu “II Səmərəli tətil” Proqramına start  verib və klubun tərkibində 11 adda dərnək və ya kurs fəaliyyət göstərir. Zaqatalada da “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına əsasən gənclərdə  vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinə həsr olunan bir sıra tədbirlər həyata keçirilib. Rayonda vaxtaşırı “Xəmsə”, ”Breyn-Rinq”, ”Kim, harda, necə?” və başqa intellektual oyunlar keçirilir. Rayon gəncləri  bu yarışlarda uğurla iştirak edirlər.

Bərdə rayonunda isə Azərbaycanın Milli Qəhrəmanı Səfiyar Behbudov adına şəhər 6 saylı tam orta məktəbdə rayon Gənclər və İdman idarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə yeniyetmə və gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsini gücləndirmək məqsədilə yuxarı sinif şagirdləri ilə “Vətəni sevmək imandandır” mövzusunda görüş keçirilib. Görüşdə rayon təhsil şöbəsinin metodisti Vüsal Quliyev,məktəbin psixoloqu və Uşaq Birliyinin sədri iştirak edib. Ümumilikdə 44 nəfərin iştirak etdiyi tədbiri giriş sözü ilə məktəbin direktoru Elşad Məmmədov açaraq  qonaqları təqdim edib. Sonra o,əsrlər boyu inkişaf etmiş dünya sivilizasiyasının möhkəm təhsil,elm və yüksək tərbiyə üzərində qurulduğundan, gənclərimizin dünya elminin,dünya mədəniyyətinin əldə etdiyi dəyərləri mənimsəmələrindən və hər bir azərbaycanlı gəncin öz vətəninin və millətinin tarixini,adət-ənənələrini,milli-mənəvi dəyərlərini dərindən öyrənib bilməsinin əhəmiyyətindən danışıb. Bərdə rayon Gənclər və İdman İdarəsinin rəisi Anar Şahbazov çıxış edərək bildirib ki,gənclər siyasətini tənzimləmək məqsədilə qəbul edilmiş “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununda gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik, dünyəvilik prinsipləri əsasında ,Azərbaycan xalqının tarixinə,mədəni irsinə,adət-ənənələrinə,dövlət dilinə və rəmzlərinə,milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması,onların yaradıcılıq potensialının ölkənin inkişafına və ümummilli problemlərin həllinə səfərbər olunması, hüquq və azadlıqlarının hər hansı şəkildə məhdudlaşdırılmasının yolverilməzliyinin əsas prinsiplər kimi müəyyənləşdirilib. Həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi,sosial-iqtisadi,təşkilati-hüquqi şərait və təminatların yaradılmasını sürətləndirmiş, onların ictimai-siyasi fəallığının artmasına köməklik etmişdir.Qısa zaman kəsiyində böyük nailiyyətlərin əldə edilməsi məhz ulu öndərin fenomeni və titanik əməyi,həmçinin onun siyasi irsinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev şəxsiyyəti sayəsində mümkün olub. Bərdə rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi Aydın Qasımov son illər Azərbaycanda əhalinin digər təbəqəsinə nisbətən gənclərin daha tez müasir həyata uyğunlaşmasından və dünyaya inteqrasiya etmələrindən danışaraq qeyd edib ki, birinci növbədə hər bir gənc vətənpərvər olmalıdı, ölkəmiz müstəqil bir dövlət kimi yaşadığı bir zamanda vətənpərvərlik hər bir insanın, xüsusən hər bir gəncin ən ümdə borcu və vəzifəsidir. Sonra o,idarənin əlaqədar təşkilatlarla birgə  bu sahədə gördüyü işlərdən və keçirilən tədbirlərdən,yeniyetmə və gənclərin doğma yurda bağlılıq hisslərinin yüksəldilməsində, vətənpərvərlik və vətəndaşlıq tərbiyəsində belə tədbirlərin mühüm rol oynadığından danışdı.O,qeyd etdi ki,işğal altında olan Qarabağımızın tarixini dərindən öyrənmək hər bir azərbaycanlı gəncin müqəddəs borcu olmalıdır. Həmin məktəbin fiziki tərbiyə üzrə fənn müəllimi Nürəddin Əliyev gənclərin ümumi tərbiyəsində fiziki tərbiyənin və keçirilən tədbirlərin əhəmiyyətinə toxunaraq fiziki və mənəvi  tərbiyənin yekunda gənclərin formalaşmasında əvəzsiz rol oynadığını bildirib. Məktəbin hərbi müəllimi,Qarabağ müharibəsi veteranı Vahid Əhmədov hərbi vətəntərbiyəsindən,müharibə dövründə gənclərin göstərdikləri qəhrəmanlıqlardan nümunələr çəkib. Sonda gəncləri maraqlandıran suallara geniş və əhatəli cavab verilib.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2016.- 16 mart.- S.15.