Milli Ordu xalqın
qürur və güvənc yeridir
“Azərbaycan
Respublikasının prezidenti, Ali Baş Komandan İlham
Əliyev qeyd edib ki, Azərbaycan ordusu çox sürətlə
inkişaf edir: “Azərbaycanda ordu quruculuğu çox sürətlə
gedir. Ordumuzun indiki vəziyyəti çox sevindiricidir. Biz həm
hərbi potensialımızı gücləndiririk, həm də
orduda hazırlıq səviyyəsi yüksəlir və beləliklə,
ordumuz qarşıda duran bütün vəzifələri həll
etməyə qadirdir. Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin həlli üçün
siyasi-diplomatik səylər davam etdirilməlidir, eyni zamanda,
qüdrətli ordu potensialının yaradılması prosesi
daha da güclənməlidir. Biz son bir neçə il ərzində
orduya ayrılan xərcləri bir neçə dəfə
artırmışıq. Biz müharibə şəraitində
yaşayırıq. Bizim torpaqlarımız işğal altındadır.
Ona görə istənilən vəsaiti biz bu sahəyə
yönəltməliyik. Biz güclü ordu yaratmalıyıq,
güclü hərbi potensial yaratmalıyıq ki, istənilən
anda öz doğma torpaqlarımızı azad edə bilək".
Dövlət başçısının ordumuz barədə
söylədikləri ictimaiyyət tərəfindən də
dəstəklənir və təqdir olunur.
Qarabağ Müharibəsi veteranı Mehralı Kazımov qeyd edib ki, hazırda Azərbaycan Silahlı Qüvvələrinin necə böyük qüdrətə malik olduğunun günbəgün, anbaan şahidi olmaqdayıq. Ordunun maddi-texniki bazasının möhkəmlənməsi, döyüş sursatları və digər müasir texnika ilə təmin olunması, o cümlədən əsgərlərin sosial durumunun yaxşılaşdırılması istiqamətində görülən işlərin nəticəsini gözlərimizlə görürük: “Hesab edirəm ki, istənilən halda hər bir dövlət, millət öz ordusuna güvənməlidir. Çünki Dağlıq Qarabağ münaqişəsi ümummilli problemimizdir və onun məsuliyyəti hər birimizin üzərindədir. Amma bu problem elə bir vəziyyətdədir ki, yalnız bizim iradəmizlə həll olunmur. Bu prosesə beynəlxalq vasitəçilər cəlb olunublar və onlar da məsələnin yalnız sülh yolu ilə aparılmasını tövsiyə edirlər. Azərbaycan da hələlik sülh danışıqlarının tərəfdarıdır. Biz bunu əməlimizdə də göstəririk. Təəssüf ki, qarşı tərəf qeyri-konstruktiv mövqeyindən əl çəkmir və sülh danışıqlarını pozmaq istiqamətində cəhdlər göstərir. İşğal olunmuş ərazilərdə "oyuncaq" hərbi təlimlər keçirir və biz onların ordusunun hansı səviyyədə olduğunu çox yaxşı bilirik. Təcavüzkar Ermənistan belə təlimlərlə bizi qorxuda bilməz! Çünki biz bu gün şahid olduğumuz ordunun gücünə bələdik və görürük ki, bu ordu bütün həlli çətin, amma bizim üçün vacib olan məsələlərin yoluna qoyulmasına, döyüş tapşırığını yerinə yetirməyə qadir bir ordudur. Bu Silahlı Qüvvələr iqtisadi cəhətdən inkişaf etmiş bir dövlətin yurdunu sevən, vətənpərvər əsgərlərinin cəmləşdiyi bir ordudur. Əminəm ki, Ali Baş Komandan İlham Əliyevin göstərişi olduğu təqdirdə bu ordu ildırım sürəti ilə qarşısında duran şərəfli vəzifəni yerinə yetirəcək”. Hərbi hazırlıq üzrə mütəxəssis Nofəl Abbasov bildrib ki, son vaxtlar Azərbaycan ordusu haqqında həqiqətə uyğun olmayan məlumatlar yayılır. Bu xəbərlər hər bir ölkə vətəndaşını narahat edir. Ona görə də ordudakı həqiqi vəziyyəti görmədən fikir söyləmək düzgün deyil: “Onu deyim ki, ulu öndər Heydər Əliyev hakimiyyətə gələndə ilk fərmanlarından biri ordu quruculuğu ilə bağlı idi. Bu gün isə həqiqətən Azərbaycanın qüdrətli ordusu yaranıb. Ən müasir hərbi texnikalar, silahlar, NATO standartlarına uyğun hərbi hissələr və yüksək səviyyəli, peşəkar hərbçilərin olması insanı qürurlandırır. Ən başlıcası odur ki, ordunun şəxsi heyətində yüksək əhval-ruhiyyə var. Hesab edirəm ki, belə bir ordu istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir”. Onun sözlərinə görə, hər gün ordumuzun mütəşəkkil döyüş hazırlığının, əsgərlərimizin çox yüksək hərbi-vətənpərvərlik hissinin şahidi oluruq. Bilirik ki, ordumuzun yüksək səviyyəli maddi-texniki bazası son dərəcə güclüdür. Azərbaycanın öz istehsalı olan slhaları deməyə əsas verir ki, dövlətimizin nə qədər qüdrətli hərbi potensialı var. Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin orduya göstərdiyi qayğının nəticəsidir. Artıq hiss olunur ki, gündən-günə ordunun qüdrəti yüksəlir, peşəkarlıq artır və nizam-intizam güclənir: “Bizi sevindirən odur ki, əsgərlərimiz hərbi hissələrdə də evlərində olduğu kimi rahatdırlar. Onların qulluğu üçün hər bir şərait var. Bu, bir daha onu göstərir ki, Azərbaycan qüdrətli dövlətdir və onun ordusu ərazi bütövlüyümüzü təmin etməyə qadirdir. Azərbaycan xalqı sülhsevər xalqdır və dövlətimiz öz öhdəliklərinə sadiqdir. Məhz bu sadiqliyə görə biz hələ də sülh danışıqlarının davam etdirilməsinin tərəfdarıyıq. Amma paralel olaraq Silahlı Qüvvələrimizin gücü artırılır. Prezident İlham Əliyev isə hər dəfə qeyd edir ki, Azərbaycan xalqının səbri də sonsuz deyil. Əgər Ermənistan danışıqları hər dəfə uzadacaqsa, ordumuzun qüdrəti bizə imkan verir ki, torpaqlarımızı azad edək! Biz isə ön xətdə bir daha gördük ki, ordu və xalq birliyi Ali Baş Komandan tərəfindən çox uğurlu şəkildə təmin olunub. Bu ordu ilə fəxr etməyə dəyər. Əminliklə demək olar ki, bu gün Azərbaycan əsgərləri vətənpərvər, yüksək mənəvi-psixoloji hazırlığı olan, yetərincə dünyagörüşə malik gənclərdir. Onların həyat məktəbi adlandırdıqları hərbi xidmət həyatlarında müsbət iz buraxmaq və formalaşmalarına təsir göstərməklə bərabər, həm də Azərbaycan Ordusunun qarşısında müəyyənləşən vəzifələrin tezliklə gerçəkləşməsinə inam yaradır”. Mütəxəssislər hesab edirlər ki, əsgərlərin hərbi döyüş ruhunun artırılması, eləcə də gənclərin vətənpərvərlik hissinin yüksəldilməsi məqsədilə maarifləndirici tədbirlərin artırılmasına ehtiyac var. Bu işdə Qeyri-Həkumət Təşkilatlarının rolu əhəmiyyətlidir. Vətəndaş Cəmiyyəti Problemlərinin Tədqiqi Mərkəzinin sədri Elməddin Hacılı isə qeyd edib ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır, apardığı mübarizədə onda inam hissini gücləndirir: “Onlar davranış qaydalarını, nizam-intizamı, savadlı olmağı, vətənin tarixini, coğrafiyasını, mədəniyyətini, milli adət-ənənələrini bilməlı, vətəni sevməlidirlər. Hər bir ölkənin gələcəyi onun gənclərinin düşüncə tərzindən, intellektual səviyyəsindən, milli ruhdan və digər amillərdən asılıdır. Bəzi QHT-lər paytaxt Bakı ilə yanaşı, Azərbaycanın bölgələrində olan mədəniyyət ocaqlarına gənclərin səfərlərinin təşkili, araşdırmaların aparılması, region gəncləri arasında adət-ənənələrimizin təbliği, milli kinolarımızın nümayiş etdirilməsi, regiondakı teatrların inkişafı, bölgə gənclərinin paytaxtdakı muzeylərə səfərlərinin təşkili və s. istiqamətlərdə layihələr icra etməkdədirlər. QHT-lər qarşısında duran digər bir məsələ Azərbaycanın dünya birliyinə inteqrasiyası kontekstində azərbaycançılıq ideologiyasının, ölkəmizdəki tolerantlıq mühitinin, Azərbaycan mədəniyyətinin, tarixinin tədqiq və təbliği, əyani vəsaitlərin, informasiya resurslarının hazırlanması və yayılmasıdır”. Hər bir dövlətin və cəmiyyətin formalaşmasında, inkişafında ölkədə mövcud olan mədəni və milli-mənəvi dəyərlər sistemi mühüm əhəmiyyət kəsb edir: “Bu dəyərlər sistemi mövcud olmadan cəmiyyətin və dövlətin inkişafı iddiasında olmaq əbəsdir. Göstərilən səbəbdən də mədəni və milli-mənəvi dəyərlər sisteminin mühafizə olunması və inkişaf etdirilməsi bu vətəndaş cəmiyyətinin aparıcı inistutlarından olan QHT-lərin vəzifələrindən biri olmalıdır. Araşdırmalar göstərir ki, ölkəmizdə son illərdə bu istiqamətdə əhəmiyyətli layihələr həyata keçirilir və keçirilməkdədir. Bununla bərabər QHT-lər mədəniyyət abidələrimizin mühafizəsi məsələlərinə xüsusi diqqət yetirməli və gələcək fəaliyyətində bunları da nəzərə almalıdırlar. Eyni zamanda QHT-lər gənclər arasında hərbi vətənpərvərlik hisslərinin aşılanmasında milli qəhrəmanlarımızla bağlı layihələrə də yer ayırmağı unutmamalıdırlar. Belə ki, milli qəhrəmanlarımızla bağlı layihələrin icrası və onların təbliği də vətəndaşlarımızın, xüsusən də yetişməkdə olan gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsində mühüm əhəmiyyət kəsb edir. Hər bir xalqın mədəniyyətinin inkişafında, milli şüurunun formalaşmasında milli-mənəvi dəyərlər mühüm rol oynayır. Xalqların milli-mənəvi dəyərlərini şərtləndirən dil, din və adət-ənənə onun mənəvi aləminin formalaşmasına həlledici təsir göstərən amillərdəndir”. Avropaya İnteqrasiya Mərkəzinin sədri Şəhriyar Məcidov bildirib ki, bütün dünyanın qloballaşma və inteqrasiya əsrini yaşadığı belə bir məqamda bu məsələ əslində əksər dövlətlərdə ümummilli səviyyələrdə düşünülməsi vacib olan və daha çox milli kaloritin qorunub saxlanılması naminə atılması vacib olan addımlardan hesab edilir: “Amma bu problemi eyni zamanda mürəkkəb konseptual məsələ də hesab etmək olar. Burada problemin mürəkkəbliyi iki mühüm səbəblə əlaqədardır: birincisi, kosmopolit düşüncənin hakim olduğu məkan və zamanda biz QHT-lər olaraq vətənpərvərliyin, xüsusilə azərbaycançılıq məfkurəsinin və milli dövlətçilik ideyalarının məhz nə üçün gərəkli olduğunu gəncliyə aşılamağı bacarmalıyıq. Daha doğrusu, onun fəlsəfəsi dəqiqliklə dərk olunmalı və gənclik tərəfindən konseptual olaraq mənimsənilməlidir. İkincisi, əhalinin digər zümrələrindən fərqli olaraq, gənclik daha həssas təbəqədir və onun azad informasiya cəmiyyətinin və söz azadlığının hakim olduğu ölkəmizdə informasiya əldə etmə imkanları daha da genişdir və onların sürətli analiz etmək, sərbəst düşüncə qabiliyyətləri yüksəkdir. Amma bütün hallarda bu missiyanı məhz vətəndaş cəmiyyəti etməlidir. Əlbəttə, vətəndaş cəmiyyəti kifayət qədər mürəkkəb daxili struktura malikdir. Bu strukturda qeyri-hökumət təşkilatları mühüm yer tutur və onun vətənpərvərlik ideyalarının yaranmasında, milli dövlətçilik şüurunun formalaşmasında və inkişafında rolu danılmazdır”.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilmişdir
Olaylar.- 2016.- 17 mart.- S.10.