Orduda vətənpərvərlik sahəsində
aparılan iş hərbçilərin
döyüş ruhunu artırır
Azərbaycan
Silahlı Qüvvələrində hərbi vətənpərvərlik
ruhunun artırılması məqdəilə müxtəlif tədbirlər
həyata keçirilir. Bu tədbirlərdə gənclərin
dövlətə, Vətənə sədaqət hissləri
aşılanır.
Belə ki, Ombudsman Aparatının əməkdaşları Fəzail Həsənov və Murad Babayev Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Hüquq şöbəsinin rəisi Elşad İbrahimovla birgə Türkan qəsəbəsi ərazisində yerləşən N saylı hərbi hissəyə baş çəkərək, şəxsi heyətin məişət şəraiti ilə tanış olub, hüquqi maarifləndirmə işi aparıblar. Aparatın əməkdaşları tərəfindən hərbi hissənin bütün obyektlərinə, o cümlədən əsgər yataqxanasına, yeməkxanaya, mətbəxə, tibb məntəqəsinə, görüş yerinə, məişət otaqlarına baxış keçirilib, hərbi qulluqçuların məişət şəraiti öyrənilib. Hərbi qulluqçularla rəftar, qidanın və müalicə işinin keyfiyyəti, asudə vaxtın keçirilməsi üçün yaradılan şərait, həmçinin şəxsi heyətlə vətənpərvərlik və təlim-tərbiyə sahəsində aparılan iş müsbət qiymətləndirilib. Həmçinin qeyd olunmalıdır ki, hərbi şəhərcikdə zabit, gizir və müddətdən artıq xidmətdə olan hərbi qulluqçular üçün hər birində 40 mənzil olmaqla iki beşmərtəbəli yaşayış binasının tikintisi başa çatdırılıb, bütün mənzillər mətbəx, yataq və digər mebellər və avadanlıqlarla tam təmin edilib. Yaxın günlərdə mənzillərin hərbi qulluqçuların istifadələrinə verilməsi gözlənilir. Həmçinin Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Səbail Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerinə (MSY) əvvəlcədən xəbərdarlıq etmədən planlı başçəkmə həyata keçiriblər. İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyanın Fakültativ Protokolu və İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmədə məqsəd saxlanılma şəraitinin və rəftarın araşdırılması, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanuna və Müvəqqəti saxlama yerlərinin daxili intizam Qaydalarına müvafiq şəkildə saxlanılan şəxslərin hüquqlarının təmin olunması, o cümlədən sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub. Başçəkmə çərçivəsində MSY-nin bütün kameralarına baxışlar keçirilib, saxlanılan şəxslərin saxlanılmasının qanuniliyini təsdiq edən, həmin şəxslərlə rəftara və onların saxlanma şəraitinə aid olan sənədlər araşdırılıb, habelə qidalanma, tibbi yardım, gəzinti, görüş, telefon danışıqları, kameradan çıxarılma və sovqatla bağlı müvafiq sənədləşmə yoxlanılıb. MSY-də saxlanılan şəxslər MPQ üzvləri tərəfindən fərdi qaydada qəbul edilmiş, müraciətləri cavablandırılıb, onlara hüquqları və Ombudsmanın səlahiyyətləri izah olunaraq hüquqi məsləhətlər verilib. Saxlanılan şəxslər şəraitdən və rəftardan narazılıq etməyiblər. Yekunda MSY-nin rəhbərliyinə müvafiq tövsiyələr verilib və bu müəssisənin əməkdaşlarına ünvanlanan hüquqi maarifləndirmə işi aparılıb. Başçəkmənin nəticəsi ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət olunacaq. Bundan başqa, Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə tədbirlər planına əsasən Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsində "Ulu öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsi əsasında milli-mənəvi dəyərlərin qorunub saxlanılması və inkişafının istiqamətləri" mövzusunda seminar keçirilib.
Seminar başlamazdan öncə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, azadlığı uğrunda şəhid olanların xatirəsi hörmət və ehtiramla yad edilib. Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi rəisinin müavini polkovnik Abdulla Qurbani Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 2016-cı – Multikulturalizm ili üçün birgə planının Silahlı Qüvvələrdə uğurla həyata keçirildiyini və bu seminarın da həmin tədbirlərdən biri olduğunu bildirib. Qeyd olunub ki, milli həmrəyliyi, bütövlüyü, birliyi təmin edən, milli təəssübkeşlik, vətənpərvərlik hisslərini daha da gücləndirən ulu öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsi bu gün Silahlı Qüvvələrdə də prioritetdir və bu istiqamətdə ardıcıl, məqsədyönlü iş aparılır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılovun mövzu ilə bağlı məruzəsi böyük maraqla dinlənilib. Müasir, müstəqil Azərbaycan Respublikasının qurucusu Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası bütün dünya azərbaycanlılarını əhatə edərək, onların milli istinad mənbəyinə çevrildiyi fikrini önə çəkən məruzəçi qeyd edib ki, hələ keçən əsrin 70-ci illərindən başlayaraq kommunist ideologiyasının hökm sürdüyü bir dövrdə Ulu öndərimizin uzaqgörənliklə milli zabit kadrlarının yetişdirilməsi məqsədini güdən indiki Cəmşid Naxçıvanski adına Hərbi Liseyi yaratması, Azərbaycan dilinin o vaxtlar Azərbaycan SSR-nin Konstitusiyasında dövlət dili kimi təsbit edilməsinə nail olması o vaxtlar çoxlarının xəyalına belə gəlməzdi və bunlar gələcək nəsillər üçün ən böyük, əvəzolunmaz töhfələr idi. Seminarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ulu öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin bu gün də xalqımızı və dövlətimizi daha xoşbəxt gələcəyə aparmasından, bu məfkurə əsasında milli-mənəvi dəyərlərimizin qorunmasından və möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin bu məfkurəni uğurla davam və inkişaf etdirməsindən geniş söhbət açıb. Komitə sədri tolerantlığın Azərbaycan xalqının həyat tərzinə çevrildiyini, milli-mənəvi dəyərlərə, eləcə də onun ayrılmaz tərkib hissəsi olan dini dəyərlərə münasibətdə respublikamızın dünya ölkələri üçün örnək olduğunu vurğulayıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çap olunmuş "Qurani-Kərim"in tərcüməsi olan 1000 nüsxə kitab və Heydər məscidinin təsviri olan tablo Müdafiə Nazirliyinə hədiyyə edilib. "Azərbaycan" jurnalının baş redaktoru, Əməkdar İncəsənət Xadimi İntiqam Qasımzadə seminarda iştirakından böyük qürur duyduğunu, çox şeylər öyrəndiyini dilə gətirib və jurnalın yeni nömrəsindən 50 nüsxə tədbir iştirakçılarına paylayıb. Silahlı Qüvvələr Hərbi Akademiyası Milli Təhlükəsizlik və Humanitar Elmlər Kafedrasının rəisi polkovnik Bəbir Quliyev, Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin zabiti polkovnik-leytenant Fərhad Məmmədov və başqaları çıxış edərək mövzu ilə bağlı fikir və təkliflərini bildiriblər. Müdafiə nazirinin şəxsi heyət üzrə müavini – Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev seminara yekun vurub və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə tədbirlərin bundan sonra da davam edəcəyinə əminliyini bildirib. Həmçinin Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Silahlı Qüvvələrdə dini radikalizmlə mübarizənin səmərəliliyinin artırılması məqsədilə 2016-cı – Multikulturalizm ili üçün tədbirlər planına əsasən "Qeyri-ənənəvi dini cərəyanların təbliğatının qarşısının alınması və dini radikalizmə qarşı mübarizədə şəxsi heyətlə iş üzrə zabitlərin rolu" mövzusunda dəyirmi masa keçirilib. "N" nömrəli hərbi hissədə təşkil olunan dəyirmi masanı Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi rəisinin müavini polkovnik Abdulla Qurbani açaraq bildirib ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının təsdiq etdikləri tədbirlər planına əsasən birlik, birləşmə, hərbi hissələr, xüsusi təyinatlı hərbi təhsil müəssisələri və digər kollektivlərdə seminar-müşavirələr, dəyirmi masalar, söhbət və disputlar, görüşlər, mühazirələr və digər mədəni-kütləvi tədbirlərin təşkilinə artıq start verilib. Bu tədbirlər şəxsi heyətin milli-mənəvi dəyərlər əsasında tərbiyəsində mühüm əhəmiyyət kəsb etdiyi kimi, onların mənəvi-psixoloji hazırlığında, vətənpərvərlik və döyüş ruhunun yüksəldilməsində də mühüm rol oynayır. Qeyd edilib ki, Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra ölkəmizdə vicdan azadlığı ilə bağlı hüquqlar bərpa olunub, məscid və kilsələrin fəaliyyətinə rəsmən icazə verilib, ölkə Konstitusiyasında bütün dini etiqadların qanun qarşısında bərabər olduğu göstərilib, insan şəxsiyyətinə və insanlıq prinsiplərinə zidd dini baxışlar qadağan edilib. Lakin Azərbaycanda dini sahədəki tolerantlıq xalqımız üçün xarakterik olmayan bəzi sekta və cərəyanlara da fəaliyyət imkanı verib. Hətta bu qeyri-ənənəvi dini cərəyanların faəliyyəti bir çox hallarda xalqımız və dövlətçiliyimiz üçün təhlükəli fəsadlar da yaradıb. Məhz bu səbəblərə görə 1997-ci ildə Azərbaycan Prezidentinin sərəncamı ilə xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə ölkəmizdə dini təbliğat aparmaq qadağan edilib. Vurğulanıb ki, qeyri-ənənəvi dini cərəyanlar və dini radikalizm bütün cəmiyyət üçün bir bəla olduğu kimi, cəmiyyətin bir parçası olan ordu üçün də çox təhlükəlidir. Ona görə də keçirilən dəyirmi masanın mövzusu və qarşısına qoyduğu məqsəd çox aktualdır və önəmlidir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov mövzu ilə bağlı geniş məruzə edib. Öncə bu qurumun fəaliyyəti barədə dəyirmi masa iştirakçılarına məlumat verib. Bildirib ki, Azərbaycan dünyəvi dövlətdir və ölkəmizdə din dövlətdən ayrıdır. Buna görə də dövlət-din münasibətlərini tənzimləmək məqsədilə 2001-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradılıb. Bu komitə ictimaiyyətlə, hökumət və qeyri-hökumət təşkilatları ilə əlaqələrini daima genişləndirir, məqsədyönlü tədbirlər həyata keçirərək qarşısına qoyulmuş vəzifələri layiqincə yerinə yetirir.
Qeyri-ənənəvi dini cərəyanlar və dini radikalizm barədə ətraflı məlumat verən məruzəçi onların yaranma səbəbləri və təbliğatının qarşısını almaq yollarından da geniş bəhs edib, dəyirmi masa iştirakçılarının suallarını cavablandırıb. Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının üzvü, Qafqaz Müsəlmanları İdarəsi sədrinin Sumqayıt və Abşeron rayonu üzrə nümayəndəsi Hacı Rauf Sərdarovun, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Dinşünaslıq ekspertizası şöbəsi müdirinin müavini Cahandar Əlifzadənin çıxışları da maraqla qarşılanıb. Birlik komandirinin şəxsi heyətlə iş üzrə müavini polkovnik Elşad Əbilov sonda dəyirmi masanın qonaqlarına komandanlıq adından minnətdarlığını bildirib və bu tədbirin qeyri-ənənəvi dini cərəyanların tədliğatının qarşısının alınması və dini radikalizmə qarşı mübarizədə şəxsi heyətlə iş üzrə zabitlərin fəaliyyətinə müsbət təsir göstərəciyini nəzərə çatdırıb.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilmişdir
Olaylar.- 2016.- 18 mart.- S.15.