Gənclərin hərbi vətənpərvər
ruhda tərbiyə
olunmasında hərbi
təhsil müəssisələrinin rolu
Gənclərin
milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik
hisslərinin artırılması istiqamətində
Silahlı Qüvvələrə göstərilən diqqət
və qayğı, ona yaradılan şərait də
mühüm əhəmiyyət kəsb edir. Məhz Azərbaycan
Silahlı Qüvvələrinə göstərilən diqqət
və qayğının nəticəsidir ki, bu gün Azərbaycan
gənci vətənpərvər ruhda böyüyüb tərbiyə
alır. Eyni zamanda Azərbaycan gənci hərbi biliklərə
də yiyələnir, bu istiqamətdə tədris alır.
Hazırda Azərbaycan gənclərinə hərbi tədris verən onlarla ali təhsil müəssisəsi fəaliyyət göstərir ki, onlardan da biri Heydər Əliyev adına Hərbi Liseydir. Azərbaycan Respublikası prezidentinin 13.03.1998-ci il tarixli Sərəncamı və müdafiə nazirinin 09.04.1998-ci il tarixli əmri ilə həmin il Naxçıvan Muxtar Respublikasında Cəmşid Naxçıvanski adına hərbi liseyin Naxçıvan filialı açılmışdır. Azərbaycan Respublikası prezidentinin 27 fevral 2004-cü il tarixli sərəncamı ilə Cəmşid Naxçıvanski adına hərbi liseyin Naxçıvan filialı ləğv edilmiş və onun əsasında Heydər Əliyev adına Hərbi Lisey yaradılmışdır.
Cəmşid Naxçivanski adına Hərbi Lisey-Diviziya komandiri C.Naxçıvanski adına Hərbi Lisey cənab Heydər Əliyevin təşəbbüsü ilə 1971-ci ildə Bakı şəhərindəki 2 saylı 8 illik internat məktəbinin bazasında yaradılmışdır. 24 noyabr 1997-ci il tarixdə Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə məktəbin adı dəyişdirilərək C. Naxçıvanski adına Hərbi Lisey adlandırılmışdır. Respublikamız müstəqillik əldə etdikdən sonra hərbi liseyin məzunları ordumuzun yaranmasında, vətənimizin ərazi bütövlüyünün qorunması uğrunda mübarizədə həmişə ön cəbhədə olmuşlar. Liseyin məzunlarından 100 nəfərdən çoxu göstərdikləri şücaətə görə orden və medallarla təltif olunmuş, 8 nəfəri isə Azərbaycan Respublikasının Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür. C.Naxçıvanski adına hərbi lisey dövlət təminatında olan internat tipli tam orta təhsil müəssisəsidir. Liseyə qəbul ilinin sentyabr ayının 1-nə 14 yaşı tamam olmuş və 16 yaşına çatmamış 8-ci sinfi bitirmiş şagirdlər riyaziyyat, fizika, Azərbaycan dili və kimya fənlərindən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında test imtahanlarını verməklə qəbul olunurlar. Hərbi liseydə təhsil müddəti 3 ildir. 3 tədris ili ərzində kursantlara Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi tədris planına əsasən 21 fənn tədris edilir. Liseydə kursantlar ümumtəhsil fənlərini öyrənməklə yanaşı hərbi hazırlıq və idman dərslərində imkanlarını inkişaf etdirirlər.
Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi- Bakı Ali Hərbi Dənizçilik Məktəbində 1992-ci ildən başlayaraq dənizçi zabitlərlə yanaşı Silahlı Qüvvələrin quru qoşunları üçün mütəxəssislərin də hazırlığı təşkil olunmuşdur. Burada dənizçilər üçün tədris müddəti 5 il, quru qoşunlarının zabitləri üçün 4 il olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 20.08.2001-ci il tarixli fərmanı ilə Bakı Ali Hərbi Dənizçilik Məktəbinin adı dəyişdirilib ona Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi adı verilmişdir. 1999-cu ildən məktəbdə NATO standartlarına uyğun tədris proqramı həyata keçirilir və bu proqrama uyğun olaraq məktəb Hərbi Dəniz Qüvvələri üçün 5 hərbi ixtisas üzrə zabit kadrlar hazırlayır. 1999-cu ildən yeni proqramla tədris keçən kursantlara 4 il təhsil aldıqdan sonra “leytenant” hərbi rütbəsi verilir və onlar Dənizçilik Məktəbinin nəzdində təşkil edilmiş 1 illik zabit ixtisas kursunda təhsillərini davam etdirirlər.
Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəb-Azərbaycan Respublikası Hərbi Hava Qüvvələrinin təyyarəçi və mühəndis-mexaniklərlə olan ehtiyacının təmin edilməsi üçün yadılan uçuş hazırlığı təlim mərkəz ilk buraxılışını 1994-cü ilin fevral ayında etdi. 1995-ci ilin sentyabrın 15-də müdafiə nazirinin əmri ilə uçuş haçırlığı təlim mərkəzi müstəqil fəaliyyətə başladı və 3 illik tədris proqramı üzrə ilk buraxılışını 1997-ci ildə həyata keçirdi. 1997-ci ildə uçuş hazırlığı təlim mərkəzinə qəbul edilmiş kursantlar 1998-ci ildə yeni yaradılmış Bakı Ali Hərbi Təyyarəçilik Məktəbinin 1-ci kursuna keçirildilər. Azərbaycan Respublikası prezidentinin 20.08.2001-ci il tarixli fərmanı ilə Bakı Ali Hərbi Təyyarəçilik Məktəbinin adı dəyişdirilmiş və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi olmuşdur. 4 illik proqram üzrə təhsili başa vuran kursnatlara «leytenant» hərbi rütbəsi verilir. Daha sonra gənc leytenantlar nəzəri biliklərini
möhkəmləndərmək və praktiki vərdiş qazanmaq üçün 1 illik uçuş haçırlığı təlim mərkəzinə göndərilirlər.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi-Azərbaycan Ali Hərbi Məktəbi 1939-cu ildə yaradılmış və Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbi adlandırılmışdır. 1992-ci ilin may ayından Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbi Azərbaycan Respublikasının tabeçiliyinə keçmişdir. Yeni yaradılmış Respublikanın Silahlı Qüvvələrinin müxtəlif ixtisas və qoşun növləri üzrə zabit kadrları ilə komplektləşdirilməsinə ehtiyacı olduğundan məktəb Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə (BABKM) çevrilmişdir. 1997-ci ildən etibarən Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə qəbul və tədris müasir standartlara uyğun həyata keçirilməyə başladı. Məktəbə qəbul ilinin sentyabr ayında 17 yaşı tamam olmuş və 19 yaşına çatmamış orta təhsilli gənclər Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında riyaziyyat, fizika, Azərbaycan tarixi, Azərbaycan dili və ədəbiyyatı fənlərindən imtahan verirlər. Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən yüksək ballar toplamış gənclər məktəbə qəbul edilirlər. Azərbaycan Respublikası Prezidentinin 20.08.2001-ci il tarixli fərmanına əsasən Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin adı dəyişdirilib Azərbaycan Ali Hərbi Məktəbi adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 10 mart 2004-cü il tarixli fərmanı ilə isə Azərbaycan Ali Hərbi Məktəbinə ümummilli liderimiz Heydər Əliyevin adı verilmişdir. Hazırda Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin 9 kafedrasında 11 hərbi ixtisas üzrə zabitlər hazırlanır. Məktəbin məzunlarına təhsil aldıqları ixtisaslara uyğun «bakalavr» diplomu və «leytenant» hərbi rütbəsi verilir.
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi-Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında 2000-ci il aprelin 5-də imzalanmış protokola uyğun olaraq Azərbaycan Respublikasının Müdafiə nazirinin 2001-ci il 20 fevral tarixli əmrinə əsasən, NATO təlim sisteminin Azərbaycan Silahlı Qüvvələrində tətbiqi ilə əlaqədar 2001-ci il martın 26-dan Zabit Təkmilləşdirmə və Gizir Hazırlığı kursları və Ehtiyat Zabit Hazırlığı Kursları bazasında Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi (TTM) fəaliyyətə başlayıb. TTM Silahlı Qüvvələr üçün tələb olunan istiqamətlər və ixtisaslar üzrə kadr hazırlığını həyata keçirən və hərbi-elmi işlərin aparılmasını təmin edən əlavə təhsil müəssisəsidir. Əlavə təhsil kadr potensialının təkmilləşdirilməsini, hərbi qulluqçuların daim dəyişən və yenilənən xidmət şəraitinə uyğunlaşmasını təmin edir. TTM-də aşağıda qeyd olunan kurslar fəaliyyət göstərir: Zabit heyətinin təkmilləşdirmə kursu - Silahlı Qüvvələrin tələbatına müvafiq olaraq bütün səviyyələrdən və kateqoriyalardan olan zabit heyətinin peşakarlıq səviyyəsinin və xidmət keyfiyyətinin yüksəldilməsi, peşə bacarıqlarının formalaşdırılması və inkişaf etdirilməsi, daha müasir hərbi peşə bacarıqlarına və vərdişlərə yiyələnməsi məqsədilə hayata keçirilən əlavə təhsildir. Altı həftəlik kurs tədris ili ərzində 4 dəfə keçirilir. Zabit ixtisas kursu - bakalavr təhsil səviyyəsini bitirmiş məzunların ilkin zabit vəzifələrində xidmətə hazırlığının təmin edilməsi məqsədilə ixtisaslar üzrə verilən təhsildir. Kursun müddəti 48 həftədir. Ehtiyat zabit hazırlığı kursu - zabit ehtiyatının yaradılması məqsədilə ixtisaslar üzrə zabit kadrların hazırlanmasını təmin edən əlavə təhsildir. Kursu müvəffəqiyyətlə bitirənlərə Müdəfiə nazirinin əmri ilə "leytenant" hərbi rütbəsi verilir. Səkkiz həftəlik kurs tədris ili ərzində 4 dəfə keçirilir. Xarici dil kursları (ingilis, alman, fransız, fars, erməni) - hərbi qulluqçuların xarici dillərdə ünsiyyət bacarığının formalaşması və vərdişlərinin təkmilləşdirilməsi məqsədilə verilən təhsildir. Gizir hazırlığı kursu - müvafiq komanda va mütəxəssis vəzifələrində xidmət üçün kadr hazırlığını təmin edən ixtisas üzrə verilən təhsildir. Kursu müvəffəqiyyətlə bitirənlərə gizir rütbəsi verilir. On bir həftəlik kurs tədris ili ərzində 4 dəfə keçirilir. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların hazırlığı kursu - müvafiq komanda və mütəxəssis vəzifələrində xidmət üçün kadr hazırlığını təmin edən ixtisas üzrə verilən təhsildir. Dörd həftəlik kurs tədris ili ərzində 4 dəfə keçirilir.
Silahlı Qüvvələrin Hərbi Akademiyası-Azərbaycan Respublikasının Silahlı Qüvvələri üçün ali hərbi təhsilli komandir və qəragah zabitlərinin, hərbi-elmi işçilərin hazırlanmasını, onların ixtisasının artırılmasını, hərbi iş sahəsində elmi tətqiqatların aparılmasını və dövlət orqanlarında çalışan yüksək vəzifəli şəxslərə respublikanın müdafiəsi ilə əlaqədar hərbi-strateji, hərbi-iqtisadi və hərbi-siyasi məsələlərin üyrədilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 20 fevral 1999-cu il tarixli fərmanı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası yaradılmışdır. Hərbi Akademiyada iki il müddətində təhsil alan dinləyicilər taktiki və operativ səviyyədəki birlik və qərargahlarda komandir və qərargah zabitləri vəzifələrində çalışmaq üçün hazırlanırlar. Hərbi Akademiyada təşkil olunmuş tədris prosesi hərbi-strateji, operativ-taktiki, eləcə də hərbi-siyasi və hərbi-iqtisadi məsələlərin öyrənilməsini təmin edir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının nəzdində Strateji tətqiqatlar və dövlət müdafiəsini idarəetmə və Hərbi diplomatiya kursları da fəaliyyət göstərir. Kursların vəzifəsi respublikanın müdafiəsi ilə əlaqədar hərbi-strateji, hərbi-iqtisadi və hərbi-siyasi məsələlərin öyrənilməsini təmin etməkdir.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilmişdir
Olaylar.- 2016.- 19-28 mart.- S.15.