Şanlı hərb tariximiz
gənclər üçün örnəkdir
Ölkəmizdə
gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi
və milli mənlik şüurunun inkişafı istiqamətində
mühüm tədbirlər həyata keçirilir. Belə tədbirlər
respublikamızın bütün bölgələrini əhatə
edir. Bölgələrdə fəaliyyət göstərən
ictimai təşkilatlar və dövlət orqanları bu
işdə daha fəallıq göstərirlər. Həyata
keçirilən maarifləndirmə işləri gənclərin
vətənpərvərlik hisslərinin formalaşmasında
mühüm rol oynayır.
Məhz
bu amil nəzərə alınaraq qətiyyətlə demək
olar ki, hərb tariximizdə olan şəxsiyyətlərin
tanıdılmasına ehtiyac duyulur. Məlum olduğu
kimi Azərbaycan xalqının vətənin müdafiəsi
uğrunda hərbi qəhrəmanlığının qədim
və zəngin tarixi vardır. Gənclərimiz
bilməlidir ki, Məhəmməd Cahan Pəhləvan və
Qızıl Arslan, Cavanşir və Babək, Uzun Həsən
və Şah İsmayıl Xətai kimi hərbi sərkərdələr
müstəqilliyimiz uğrunda mübarizələrdə xalqa
xidmət etmişlər. Şimali Azərbaycanın
Çar Rusiyası tərkibində olduğu 90 il (1828-1917) ərzində
Rusiya çarlığı xalqımızı hərbi xidmətdən
məhrum etmiş, müsəlman azərbaycanlılar orduda
xidmət əvəzinə müxtəlif cür vergilər
ödəmişlər. Yalnız xalqın
yüksək zadəgan və ziyalı zümrəsi içərisindən
ayrı-ayrı şəxslər öz övladlarını
Rusiyanın hərbi məktəblərinə göndərə
bilmişlər və bu hesabdan göstərilən dövrdə
müəyyən miqdarda azərbaycanlı zabit heyəti
yaranmışdır ki, onlar döyüş cəbhələrində
yüksək sərkərdəlik nümunələri göstərmişlər.
Vitse-admiral rütbəsinə qədər
yüksəlmiş İbrahim bəy Allahverdi oğlu Aslanbəyov
(1822-1900) Peterburqda Hərbi Dəniz Korpusunu bitirmiş, Qara və
Baltik dənizlərində hərbi gəmilərdə komandir
olmuş, 1878-ci ildə kontr-admiral rütbəsi aldıqdan
sonra Rusiyanın 8-ci Hərbi-Dəniz Donanmasının (HDD) rəisi
təyin edilmişdir. Admiral İ. Aslanbəyov
1879-1882-ci illərdə rəhbərlik etdiyi gəmi heyəti
ilə dövr-aləm səyahətində olmuş, Sakit
okeanda iti sürətlə üzən gəmilərin hərbi
heyətinə komandanlıq etmiş və 1887-ci ildə
vitse-admiral rütbəsinə yüksəlmişdir.
Mayor İskəndərbəy Məmmədkərim oğlu
Hacınski (1809-1878) 1835-ci ildən rus ordusunda qulluqda olmuş,
Krım müharibəsində (1853-56) iştirak etmişdir. O,
Rusiyanın 3-cü dərəcəli Anna və 2-ci dərəcəli
Stanislav ordenləri, İranın 2-ci dərəcəli
“Şir-i Xurşid” ordeni ilə təltif edilmişdir.
Rusiya-Yaponiya müharibəsinin gedişində Yaponiya
donanması Rusiyanın Uzaq Şərqdə olan Port-Artur
qalasını mühasirəyə aldığı dövrdə
(mühasirə 5 aydan çox davam etmişdir) bu əməliyyatlarda
polkovnik S. Mehmandarov və kapitan Ə.Şıxlinski, polkovnik
Hüseyn xan Naxçıvanski və polkovnik İlyas bəy
Ağalarov da iştirak etmişdilər. Həmin müharibədə
batalyon komandiri vəzifəsində döyüşən həmyerlimiz
Şahtaxtinski Əbülfət Nəcəfqulu oğlu 1912-ci
ildə polkovnik rütbəsində Rusiyanın hərbi
nümayəndəsi kimi İsveçrə ordusunun manevrlərini
müşahidə etmişdir. Azərbaycanlı generallardan
Teymur bəy Novruzov, Əmir Kazım Qacar, Əmənulla xan
Qacar (Şuşada doğulmuşlar) I Dünya müharibəsinin
iştirakçıları olmuşlar. General T. Novruzov dörd dəfə
Müqəddəs Georgi ordeni ilə təltif edilmişdir. Əslən
Tovuzdan olan Novruzovlar nəslindən 3 general, Qacarlar nəslindən
7 general, Yadigarovlar nəslindən 4 general yetişmişdir.
Rusiya ordusunun 21-ci piyada diviziyası tərkibində
(diviziyanın komandiri azərbaycanlı general Səməd bəy
Mehmandarov idi) 81 saylı Abşeron alayı, Dağıstan
alayı (¹ 82), Samur alayı (¹ 83), Şirvan alayı (¹ 84), eləcə
də Şamaxı alayı (¹ 205) və Səlyan alayı (¹
206) I dünya müharibəsi dövründə hərbi əməliyyatlarda
qismən iştirak etmişlər. XIX əsrdə
və XX əsrin əvvəllərində Azərbaycan
xalqını təmsil edən onlarla görkəmli hərbi sərkərdələr
yetişmişdir. Bakıda Bakıxanovlar, Qazaxda
Şıxlinskilər və Vəkilovlar, Qarabağda
Cavanşirlər, Naxçıvanda Kəngərlilər, Gəncədə
Cavadxanlar və digər bölgələrdə yaşayan nəsillər
içərisindən çıxmış generallar Azərbaycan
xalqının şan-şöhrətini bütün
dünyaya yaymışlar.
Azərbaycanda milli ordunun yaradılması haqqında ilk
təklif Rusiya çarizmi dağıldıqdan sonra, 1917-ci
ilin mayında keçirilən Qafqaz Müsəlmanları
Qurultayında edilmişdir və bu qurultayda müsəlman
alayları yaradılmasına başlamaq üçün
xüsusi büronun təşkili haqda qərar qəbul
edilmişdi.
Bundan az sonra həmin ilin oktyabrında Azərbaycan
Türk Demokratik Federalistlər Partiyası (ATDFP) –
“Müsavatın” I qurultayında milli ordunun yaradılması
geniş müzakirə edilmişdi. 1917-ci ilin
noyabrında Zaqafqaziya komissarlığı Zaqafqaziyanın
respublikalarında milli hərbi korpuslarının
yaradılması haqqında qərar qəbul etdi. Azərbaycan korpusunu təşkil etmək general
Əliağa Şıxlinskiyə
tapşırılmışdı. Lakin Ermənistandan və
Gürcüstandan fərqli olaraq Azərbaycanda bu iş
çox ləng gedirdi. Bunun nəticəsidir ki, Azərbaycan
Xalq Cümhuriyyətinin (AXC) elan edildiyi bir tarixdə-1918-ci
ilin 28 mayında ölkədə keçmiş müsəlman
könüllü dəstələrindən ibarət 600 nəfərlik
bir hərbi hissə var idi. Əlbəttə, bu
cüzi hərbi qüvvə ilə Azərbaycanın müstəqilliyini
müdafiə etmək və Bakıda Şaumyanın
başçılıq etdiyi Bakı Soveti (Bakı
kommunası) qoşunlarının Gəncə üzərinə
hazırlanan hücumunun qarşısını almaq çətin
idi. Belə bir vəziyyətdə Azərbaycanın
kömək gözləyə biləcəyi yeganə ölkə
Türkiyə idi. Bu məqsədlə Azərbaycan
Xalq Cümhuriyyəti Nazirlər Şurasının (AXCNŞ)
sədri Fətəli Xan Xoyski Türkiyə hökumətinə
hərbi yardım haqqında xahiş etmişdi. Azərbaycan
Xalq Cümhuriyyəti (AXC) hökumətinin 1919-cu il dövlət büdcəsində hərbi xərclər
büdcənin 24 faizini təşkil edirdi və həmin il 25
min nəfərlik milli ordu yaradılması nəzərdə
tutulmuşdu. Hərbi Nazir general S.Mehmandarov 1919-cu ilin 2 aprelində
Nazirlər Şurasına göndərdiyi məktubunda Azərbaycan
xalqının şöhrətli hərb tarixinə malik
olduğunu qeyd etmişdir.Göstrəmişdir ki,tarixi qəhrəmanlıq
ordumuzun milli vətənpərvərlik ruhuna təsir edən
vacib amillərdən biridir. 1919-cu ilin sonlarında
Azərbaycan ordusu iki piyada və bir süvari diviziyasından
ibarət idi. Bundan əlavə Gəncədə
iki artilleriya batareyası və yüngül toplara malik
xüsusi diviziya yaradılmışdı. Ordunun tərkibində
həmin dövrdə üç zirehli qatar,
4 hərbi təyyarə, 6 zirehli avtomobil və s. var idi.
1920-ci ilin əvvəlində Azərbaycan ordusunun şəxsi
heyətinin 40 min nəfərə çatdırılması
planlaşdırılırdı. Hərbi xidmətə
19-24 yaşlı məxsus gənclərin
çağırılması nəzərdə tutulurdu.
Ordunu gücləndirmək üçün 5 tank, 12 hidroplan,
6 aeroplan, 9 zirehli avtomobil və s. alınması
planlaşdırılmışdı. Gəncədə
bir hərbi zavod işləməyə
başlamışdı. Lakin eyni zamanda Azərbaycanın
Avropa ölkələrində silah alması da böyük
çətinliklərə rast gəlirdi. Belə
ki, Antanta ölkələri Azərbaycanın Osmanlı Türkiyəsi
ilə əlaqələrini bilərək, ona silah satmaq istəmirdi.
Bütün bunlara baxmayaraq Azərbaycan ordusu
xeyli möhkəmlənmiş və yüksək intizamlı
ordu yaradılmışdı. 1919-cu ilin sentyabrında
Bakıda olmuş ingilis hərbi müxbiri Skotland Liddel öz
təəssüratlarında yazırdı: “Mənə
deyirdilər ki, burada qarışıqlıqla
rastlaşacağam, amma heç bir qarışıqlıq
görmədim… yol boyu biz Azərbaycan ordusunun yüzlərlə
cavan əsgəri ilə qarşılaşdıq, onlar iki il əvvəl
gördüyüm əsgərlər deyildirlər. Hətta bir ay əvvəlkilərə belə oxşamırdılar.
Azərbaycan ordusu sürətlə təşkil
olundu, sürətlə də lazımi şəklə
düşdü. Azərbaycan dərk etdi
ki, intizamsız ordu sadəcə olaraq yaşaya bilməz.
Azərbaycanda dəmir intizam hökm
sürür, elə bir intizam ki, Rusiyada belə yoxdur”. Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövrü
(1918-1920) Azərbaycanın 21 döyüş generalı
olmuşdur. Bunlar Səməd bəy Mehmandarov,
Əliağa Şıxlinski, Xosrov bəy Sultanov, İbrahim
ağa Vəkilov, İbrahim ağa Usubov, Hüseynxan
Naxçıvanski, Mirkazımxan Talışxanov, Firudin bəy
Vəzirov, Qalib bəy Vəkilov, Daniyal bəy Həlləcov,
Əliyar bəy Haşımbəyov, Süleyman bəy Əfəndiyev,
Teymur bəy Novruzov, Əmir Kazım Mirzə Qacar, Məhəmməd
Mirzə Qacar, Əmənulla Mirzə Qacar, Feyzulla Mirzə
Qacar, Cavad bəy Şıxlinsi, Məmməd Sadıq bəy
Ağabəyzadə və digərləri idilər.
General-leytenant Məmmədbəy Sulkeviç (litva tatarı,
Azərbaycan vətəndaşlığını qəbul
etmişdi) 1918-1919-cu illərdə Azərbaycan ordusunda Baş
qərargahın rəisi və az sonra
korpusun komandiri olmuşdur. General-mayor Cavad bəy
Şıxlinski, general Məhəmməd Mirzə Qacar Gəncədə
XI Orduya qarşı xalq mübarizəsinə rəhbərlik
etmişlər. Azərbaycan
generallarından Xalq Cümhuriyyəti (AXC) hökumətinin I
və II kabinələrində Hərbi Nazir Xosrov bəy
Sultanov, Daxili İşlər Naziri isə Behbud Cavanşir
olmuşdur. Xosrov bəy Sultanov 1919-cu ildə
Qarabağın general-qubernatoru vəzifəsində
çalışmışdır. Rəsmi
araşdırmalar göstərir ki, 1920-ci ilin
bolşevik-daşnak terroru nəticəsində Azərbaycan
Milli Ordusuna xidmət edən 12 general, 27 polkovnik və
podpolkovnik, 46 kapitan və ştabs kapitan, poruçik və
podporuçik, 148 praporşik və odpraporşik, 266 digər
rütbəli hərbi qulluqçu məhv edilmişdir. Həmin
dövrdə qırmızı terrorun qurbanı olaraq əksəriyyəti
1920-ci ildə Nargin adasında güllələnmiş
generallarımız aşağıdakılardır:
General-mayor Həbib bəy Hacı Yusif oğlu Səlimov (Azərbaycan
Cümhuriyyətinin ilk Hərbi Naziri), general-mayor Əmir
Kazım Qacar, general-mayor İbrahim ağa Usubov, general-leytenant
Məmməd bəy Sulkeviç, general-mayor Əbdülhəmid
bəy Şərifbəy oğlu Qaytabaşı, general-mayor Murad
Gəraybəy oğlu Tlexas (milliyyətcə çərkəz
olan Murad bəy 1918-ci ildə Azərbaycana könüllü
olaraq gəlmişdi), general-mayor Əliyar bəy Mehdi oğlu
Haşımbəyov. Azərbaycan Respublikasının Sovet
Sosialist Respublikası İttifaqı (SSRİ) tərkibində
olduğu 1923-cü il yanvarın 1-dən sonrakı ilk 17 ildə
(yəni Böyük Vətən müharibəsinin
başlanmasına qədərki dövrdə) Respublika vətəndaşları
Sovet Ordusu tərkibində ümumi əsgəri mükəlləfiyyətə
cəlb edilməklə yanaşı,Azərbaycanda bir milli
atıcı diviziya da var idi. Həmin dağ-atıcı
diviziyası 1920-ci ilin 30 oktyabrında təşkil
edilmişdi və 1938-ci ilə qədər mövcud
olmuşdur. 1924-1930-cu illərdə
diviziyanın komandiri Cəmşid Naxçıvanski (1895-1938)
olmuşdur. Sovet Ordusunun təşkili ərazi
sistemindən sırf kadr sisteminə keçirildikdə (1938)
həmin diviziya 77-ci diviziya adı ilə Zaqafqaziya hərbi
dairəsi (1935-ci ildə yaradılmışdır) ordusu tərkibinə
daxil edilmişdi. Azərbaycanın ikinci dəfə
dövlət müstəqilliyinin bərpasından sonra, 1991-ci
ilin sentyabrında Ali Sovetin qərarı ilə Müdafiə
Nazirliyi (MN), oktyabrın 9-da isə Azərbaycan Silahlı
Qüvvələrinin (ASQ) yaradılması barədə qərar
qəbul edildi. Azərbaycan Respublikası Prezidentinin
1992-ci il 18 sentyabr tarixli Fərmanı ilə
oktyabrın 9-u Azərbaycan Respublikası Silahlı Qüvvələri
günü elan edildi. Lakin 22 may 1998-ci il
tarixli prezident fərmanı ilə həmin fərman qüvvədən
düşürülərək 26 iyun tarixi “Silahlı
Qüvvələr günü” elan edilmişdir.
Hal-hazırda Azərbaycan Ordusu Azərbaycan dövlətçiliyini,
ərazi bütövlüyünü qorumağa qadir olan və
regionda ən böyük ordudur. Bu gün Qafqazda ən müasir ordu
hesab olunan Azərbaycan Respublikası Silahlı Qüvvələri
müstəqilliyimizin əsas qarantı olaraq ölkəyə
ola biləcək hərbi təhdidin
qarşısını ala biləcək gücə malikdir. Büdcə vəsaiti ildən-ilə artırılan
Azərbaycan Silahlı Qüvvələrinin hərbi
imkanları da genişlənir. 2003-cü ildə Azərbaycanın
hərbi büdcəsi 115 milyon manat (135 milyon ABŞ
dolları) olduğu halda, 2010-cu ildə 2,2 milyard manat (2,7
milyard ABŞ dolları) təşkil etmiş, 2011-ci il
dövlət büdcəsində isə bu məbləğin
2,4 milyard manat (3,0 milyard ABŞ dolları) olması gözlənilir.
Azərbaycan ordusu 1994-cü ildən NATO ilə
Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində
əməkdaşlıq edir. Bundan
başqa, Azərbaycan Silahlı Qüvvələrinin bir
sıra xarici dövlətlərlə də əlaqəsi
vardır. Həmçnin, Azərbaycan Sülhməramlı
Qüvvələri (ASQ) Kosovoda, Əfqanıstanda və
İraqda beynəlxalq əməliyyatlarda iştirak
etmişdir. Etiraf edilməlidir ki, şanlı hərb
tariximizin gənclərə aşılanması onların vətənpərvərlik
hissinin formalaşmasında öz xüsusi əhəmiyyət
kəsb edir.
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2016.- 29 mart.- S.6.