Azərbaycana qarşı həyata

keçirilən erməni vəhşilikləri

 

XX əsrin əvvəllərində erməni daşnakları tərəfindən həyata keçirilən terror və soyqırımlara dünya birliyinin dur deməməsi sonradan ermənilərin daha geniş şəbəkələşmiş şəkildə soyqırımlar həyata keçirməsinə yol açdı

 

Bu günlərdə Azərbaycan xalqı başına gətirilən daha bir soyqırımın ildönümünü yaşayır. 1918-ci ilin martında erməni daşnaklarının azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırım nəticəsində Azərbaycanın müxtəlif əyalətlərində minlərlə insan vəhşicəsinə qətlə yetirilib.

Ümumiyyətlə, erməni millətçilərin xalqımıza qarşı apardığı təcavüz, zorakılıq, soyqırım uzun bir tarixə malikdir. Hələ 1721-ci ildə Qafqaza yürüşə çıxan və 2 il sonra Azərbaycanın xəzəryanı ərazilərini, o cümlədən Bakını işğal edən 1-ci Pyotr yerli əhalinin sərt müqavimətini gördükdə "Erməni kartı"nı işə salmış və azərbaycanlıların tarixi torpaqlarında, xüsusi ilə Bakı və Dərbənddə ermənilərin məskunlaşdırılması barədə göstəriş vermişdi. Çar I Aleksandr isə 1802-ci ildə Qafqaz canişini A.Sisianova konkret təlimat göndərmişdi ki, ermənilər nəyin bahasına olursa olsun Azərbaycan xanlıqlarının ələ keçirilməsində istifadə olunmalıdır. Bu istiqamətdə ən dəhşətli hadisələr 1918-ci ildə baş verir. Həmin fəlakətlərin təşkilatçısı Stepan Şaumyan olub. Xatırladaq ki, hələ 1917-ci ildə RSFSR Xalq Komissarları Soveti tərəfindən Qafqaz İşləri üzrə Fövqəladə Komissar təyin edilmiş bu amansız şovinist təyinatının ilk günlərindən mürtəce ideyalarını həyata keçirmək - azərbaycanlılara qarşı fəlakətlər törətmək üçün hər an fürsət axtarırdı. Onun əlinə belə bir fürsət 1918-ci ilin martında düşdü. Belə ki, 1918-ci ilin mart ayında Brest - Litovsk-Sürix müqaviləsinin bağlanması ilə əlaqədar İran və Türkiyə cəbhəsindən geri dönən rus və erməni əsgərlərinin bir qismi Bakıda yerləşdirildi. 12 minlik bu ordunun 75 faizi ermənilərdən ibarət idi. Şəhərdə müsəlman əsgərləri isə son dərəcə az idi. Bu zaman Lənkəranda könüllü Azərbaycan əsgərləri çətin vəziyyətdə qalmışdılar. Bakıdan əsgərlərimiz onlara silah göndərmək təşəbbüsü ilə çıxış etmişdilər. Bu təşəbbüs Şaumyana millətçi siyasətini reallaşdırmaq üçün əlverişli bəhanə olmuşdu. O, Lənkərana silah göndərilməsi əmri vermişdi. 1918-ci il martın 30-da Azərbaycan könüllü ordusunun zabitləri silahları "Evelin" gəmisinə yüklədikləri zaman fürsəti əldən verməyən Şaumyan gəmi ilə Lənkərana getmək istəyən müsəlman zabitlərinin Muğanda rus-malokan kəndlərini məhv etmək tapşırığı aldıqları haqqında şayiə yayır və bu məsələ ilə əlaqədar təcili tədbirlər görür. O, hər şeydən əvvəl rus-malokanlara canıyanan bir insan kimi riyakarlıq edərək rusları qızışdırır və onları əmin edir ki, bu işdə ermənilər ruslara lazımi dəstək verəcəkdir. Beləliklə, 1918-ci il martın 30-da Şaumyanın mənfur planı fəaliyyətə başlayır. Onun istəyi reallaşır - münaqişə qığılcımı alovlanır. Tarixə 31 mart soyqırımı kimi daxil olan fəlakətlər başlayır. 1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda ermənilər 50 min azərbaycanlını qətlə yetirmiş, On minlərlə insanı öz doğma yurd-yuvalarından didərgin salmışlar. Təkcə Bakıda 30 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürülmüşdü. Bu qırğınlar nəticəsində Şamaxıda 58, Quba ərazisində 122, Qarabağın Dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan Quberniyasında 211 kənd yerlə yeksan olunur. Ümumiyyətlə, ermənilərin XX əsrin əvvəllərində Azərbaycanın müxtəlif əyalətlərində həyata keçirdikləri soyqırımlar, kütləvi qırğınlar bəşəriyyətin ən dəhşətli hadisələrindən biri kimi xarakterizə edilir.

XX əsrin əvvəllərində erməni daşnakları tərəfindən həyata keçirilən terror və soyqırımlara dünya birliyinin dur deməməsi, insanlıq əleyhinə törədilən ağır cinayətlərə görə məsul olan şəxslərin cəzalandırılmaması sonradan ermənilərin daha geniş şəbəkələşmiş şəkildə soyqırımlar həyata keçirməsinə yol açdı. Yaxın tarixdə isə erməni terroruDaşnaksütyun", "Erməni birliyi","Erməni Azadlıq Cəbhəsi", ASALA kimi terrorçu təşkilatların fəaliyyəti ilə davam edib. Təssüflər olsun ki, sözdə beynəlxalq terrorizmə qarşı mübarizədən danışan supergüclər və onların himayə etdiyi beynəlxalq təşkilatlar əməldə bunun əksinə gedərək erməni terror təşkilatlarına dəstək nümayiş etdiriblər. Bunun isə müəyyən səbəbləri olub. Günümüzdə bu məkrli siyasət davam edir və erməni terrorizmini dəstəkləyənlərin məqsədləri Türkiyəni, ümumilikdə türkləri dünya ictimaiyyətinin gözündə aşağılamaq, ermənilərdən Türkiyəyə qarşı bir vasitə kimi istifadə etməkdir. Həmçinin digər bir məqsəd Türkiyənin müttəfiqləri, xüsusilə NATO ilə mövcud olan əlaqələrini gərginləşdirməkdir. ASALA-nın ən böyük dəstəkçisi isə Sovetlər Birliyi olub. Keçmiş İttifaq dövlətinin qarşısına qoyduğu məqsədlərdən biri də ermənilərin əli ilə NATO-nun bir parçası olaraq Türkiyədən müəyyən ərazi qoparıb özünə birləşdirmək idi. Sovetlər Birliyinin zamanında reallaşması mümkün olmayan bu plan günümüzdə də öz “aktuallığını” qoruyur. Belə ki, hazırda keçmiş İttifaq dövlətinin məlum məkrli planını Qərb reallaşdırmaq istəyir. Və yenə də ermənilər Qərbin maşası rolunda çıxış edirlər.

 

Kamal

 

Olaylar.- 2016.- 31 mart.- S.8.