Elmi təfəkkürlə bədii təfəkkürün

vəhdətini yaradan yazıçı

 

Yunus Oğuz: “Millət bütövləşəndə vəhdət təşkil edir”

 

Paytaxtın Binəqədi rayonunda fəaliyyət göstərən 283 saylı orta məktəbdə yazıçı-publisist, tarixi əsərlər müəllifi Yunus Oğuzla görüş keçirilib. Tədbirdə görkəmli elm xadimləri, ölkəmizdə fəaliyyət göstərən səfirliklərin, Binəqədi tayon İcra Hakimiyyətinin nümayəndələri, eləcə də media təmsilçiləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan sözügedən məktəbin direktoru Tünzalə Zeynalova qeyd edib ki, artıq məktəbimizdə bu kimi tədbirlərin keçirilməsi adət halını alıb. Ancaq hazırki görüşün gənc nəsil üçün xüsusi əhəmiyyəti var. Çünki, şagirdlərin tarixi əsərlərin müəllifi Yunus Oğuizla şəxsən görüşməsi Azərbaycan tarixinə, onun tarixi şəxsiyyətlərinə marağı daha da artırmış olacaq: “Sovet ideologiyasının təsiri nəticəsində Azərbaycan xalqı öz tarixi qəhrəmanlarına az qala nifrət edirdi. Mən Yunus Oğuzun yaradıcılığına baş vurdudan sonra gördüm ki, doğrudan da uzun müddət bizə yanlış ideologiya təbliğ edilib. Məsələn, Nadir Şah haqqında başqa müəlliflərin əsərləri ilə də tanış idim. Ancaq gördüm ki, Yunus Oğuz tarixi şəxsiyyətlərimizə tamamilə fərqli yanaşıb. Onun əsərində Nadir Şaha yenu baxış ortaya qoyulub. Həmçinin Yunus Oğuzun əsərlərini oxuduqda Əmir Temuru yenidən kəşf etdim. Əminəm ki, onun əsərlərini oxuyan hər bir şəxs faydalanacaq və Azərbaycanın tarixi şəxsiyyətləri barədə doğru-düzgün məlumat əldə edə biləcək. Çünki onun əsərlərində tariximizə yeni baxış ortaya qoyulub. Ümumiyyətlə onun son beş ildəki yaradıcılığını izləyən bir oxucu kimi deyə bilərəm ki, Yunus Oğuz elmi təfəkkürlə bədii təfəkkürün vəhdətini yaradan bir istedadlı yazıçı kim özünü təsdiq edə bilib. İnanırıq ki, Azərbaycan xalqının tarixinin yeni səhifələrinin açılmasında yeni-yeni xidmətləriniz olacaq. Öz töhvənizi verəcəksiniz”. Məktəbin rus dili müəlliməsi Lətifə Rüstəmova qeyd edib ki, nəinki yaşlılar, elm adamları, hətta gənclər də Yunuz Oğuzu böyük həvəslə öyrənirlər. Çünki onun əsərlərində Azərbaycan tarixinə, dövlətçiliyinə və tarixi şəxsiyyətlərinə yeni baxış ortaya qoyulub: “Yunus Oğuz yaradıcılığa hələ orta məktəbdə oxuyarkən başlayıb, ali məktəbdə və işlədiyi dövrlərdə də davam etdirib. Onun həyat və yaradıcılığını nəzərdən keçirərkən məlum olur ki, o, böyük zəhmət, araşdırmalar hesabına tanınmış publisist-yazıçı səviyyəsinə yüksəlib. Artıq onu təkcə Azərbaycanda deyil, İran, Türkiyə, Rusiya, Orta Asiya, Böyük Britaniya və ABŞ-da yaxşı tanıyırlar”. Onun bildirdiyinə görə, Y.Oğuzun yaradıcılığında tarixi romanlar xüsusi yer tutur. Təsadüfi deyil ki, onun yaradıcılığı və əsərləri barədə Azərbaycanın və dünyanın tanınmış elm və ictimai xadimlərinin dilindən dəyərli fikirlər səslənib. Məsələn, millət vəkili Qənirə Paşayeva qeyd edib ki, “Yunus Oğuzun əsərlərini oxuduqda Nadir şahı yenidən kəşf etdim”. Millət vəkili, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov qeyd edib ki, “Yunus Oğuzun əsərləri Azərbaycanın həqiqi tarixi barədə ilk qaranquşdur”. Bundan başqa tarixçi alim Yaqub Mahmudov, professor Nizami Cəfərov kimi tanınmış şəxsiyyətlərin dilindən Yunus Oğuz barədə yüksək fikirlər səslənib. Onun əsərləri bir çox xarici dillərə tərcümə olunub və təntənəli şəkildə təqdimatı keçirilib: “Əslində bu belə də olmalıdır. Çünki, Yunus Oğuzun əsərləri indiki və gələcək nəsil üçün tarixi və psixoloji baxımdam mühüm əhəmiyyət kəsb edir. Azərbaycan tarixinə vurulan ən dəhşətli zərbələrdən biri də o idi ki, zərərli ideologiyaların təsiri nəticəsində millətin tarixi şəxsiyyətlərinin yaddaşlardan silinmək ehtimalı var idi. Lakin Yunus Oğuzun əsərləri bu qorxunu aradan qaldırdı və buna imkan vermədi. İndi hər bir Azərbaycan vətəndaşı onun əsərləri vasitəsilə xalqın tarixi şəxsiyyətləri barədə gerçəkliyi öyrənə bilər”. L.Rüstəmova əlavə edib ki, onun yaradıcılığının qayəsi təkcə Azərbaycanın tarixi şəxsiyyətlərini təbliğ etmək yox, həm də onlar barədə yaranan ziddiyyətli fikirlərə son qoymaq, Azərbaycanın dövlətçilik tarixinin real həqiqətlərini üzə çıxarmaqdan ibarətdir. Akademik, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Vəli Əliyev qeyd edib ki, Yunus Oğuz Türk dünyasında tanınan yazıçıdır: “Vətənpərvərlik mənim ruhum, varlığımdır. Hesab edirəm ki, Türk dünyasını sevməyən olmaz. Buna baxmayataq düşünürəm ki, tarixi mövzuda əsərlər yazmaq elə də asan məsələ deyil. Ancaq etiraf edilməlidir ki, Yunus Oğuz bunun öhdəsindən məharətlə gələ bilib. Odur ki, mən Yunus Oğuzu Azərbaycan tarixi barədə böyük əsərlər yaratmış Məmməd Səid Ordubadi ilə müqayisə edərdim. Ordubadinin əsərləri ona görə maraqlı və oxunaqlı idi ki, o, kifayət qədər tarixi biliklərə malik idi və yaradıcılığında tutarlı mənbələrə əsaslanırdı. Məhz Yunus Oğuz da Azərbaycanın dövlətçilik tarixini dərindən bilən istedadlı yazıçıdır. Və əsərləri ilə tanış olduqda məlum olur ki, o, istənilən əsərini ərsəyə gətirmək üçün kifayət qədər araşdırma aparıb, tarixi mənbələrə baş vurub. Ona görə də o, təkcə Azərbaycanda deyil, eləcə də dünyada tanınmış türk övladıdır. Deyərdim ki, Türk dünyası yazıçıları sırasında birincidir”. Yunus Oğuz yaradıçılığına toxunan akademik qeyd edib ki, onun yaradıcılığında siyasi çalarlar yoxdur, əsərlərinin mahiyyətini tarixi reallıqlar təşkil edir: “Yunus Oğuzun əsərləri Azərbaycanın real tarixini əks etdirməklə yanaşı, bütövlükdə türkçülük, azərbaycançılıq ruhundadır. Əsərləri ona görə, oxunaqlı, dadlı-duzludur ki, tarixi həqiqətlərə, araşdırmalara istinad edilib. Bu günlərdə Azərbaycanda BMT-nin Sivlizasiyalar Alyansının 7-ci Forumu keçirildi. Bu möhtəşəm, beynəqxalq əhəmiyyətli tədbirdə dünyanın 147 ölkəsinin tanınmış şəxsiyyətləri iştirak etdilər. Həmin Forumda multikultural dəyərlər, millətlər və xalqlar arası münasibətlər, dünyaya sülh çağırışı kimi məsələlərə toxunuldi. Azərbaycanın dövlətbaşçısının ingilis dilindəki nitqində olduqca dəyərli fikirlər əksini tapmışdı. Digər çıxış edənlər də türkçülük, azərbaycançılıq, dövlətçiliklə bağlı fikirlər səsləndirdilər. Yunus Oğuz yaradıcılığında da bu məsələlər geniş əksini tapıb. Çünki onun yaradıcılığının əsasında Azərbaycan və Türk dünyasının keşiyində durmaq dayanır. İnanıram ki, Yunus Oğuz bundan sonra da dəyərli tarixi əsərlər ərsəyə gətirəcək və onun bundan sonrakı yaradıcılığı da Azərbaycan ədəbiyyatına böyük töhvə olacaq. Nəzərə almaq lazımdır ki, onun yaradıcılığı sıravi əsərlərdən ibarət deyil, bunlar Azərbaycan dövlətinin və mədəniyyətinin tarixidir”. Ardınca yazıçı-publisit, tarixi əsərlərin müəllifi Yunus Oğuz çıxış edərək həyat və yaradıcılığı barədə görüş iştirakçılarına məlumat verib: “Mən millətimi bilikli, savadlı, keçmişinə, tarixinə sədaqətli görmək istəyirəm. İstəyirəm ki, millətimin gənc nəsli Azərbaycan dövlətini, Azərbaycan tarixini dünyaya tanıtsın. İnsan əvvəlcə doğulduğu rayonu, qonşu şəhəri tanıyır, paytaxta gəldikdə isə öyrəndikləri onun daxili aləminə sığmır. İstəyir ki, Vətəni, dövləti, tarixi, mədəniyyəti, adət-ənənələri barədə öyrəndiklərini dünyaya tanıtsın. Öz elini tanımayan, tarixini bilməyən isə bütövlükdə Azərbaycanı tanıda bilməz. Şəxsən mən öz həyətimizdən həyata atılmışam. Vətən onun savadlı, intellektual övladları ilə tanınacaq. Bizim görkəmli, fəxr edə biləcək tarixi şəxsiyyətlərimiz kifayət qədərdir. Lakin Sovet dönəmində onları zalım, qaniçən kimi təqdim ediblər. İndi isə elə şərait yaranıb ki, tarixi şəxsiyyətlərimizi olduğu kimi tanıtmalıyıq. Vaxtilə bizə SSRİ-ni sevməyi öyrədirdilər. Biz isə öz fəaliyyətimizlə bütöv Azərbaycanı sevməyi öyrədirik. Öyrədirik ki, bu dövlət əbədidir, onu yaşadanlar isə siz gənclərsiniz. Yaddan çıxarmaq olmaz ki, millət bütövləşəndə vəhdət təşkil edir. Bu hər bir azərbaycanlı üçün bir amal olmalıdır”. Y,Oğuz əlavə edib ki, indi Azərbaycan müstəqil dövlətdir, öz ata, ana dilimiz var, fəxr edə bilərik ki, müstəqil Azərbaycanın pasportunu daşıyırıq. Artıq Türk dili ATƏT çərçivəsində işlək dil kimi qəbul edilib: “İndi Azərbaycan iqtisadiyyatı inkişaf dövrünü yaşayır. Yalnız iqtisadiyyatımız güçlü olduğu halda torpaqlarımızı işğaldan azad edə bilərik. Azərbaycan isə artıq bu nailiyyəti əldə edib”. Sonra şagirdlərin ifasında Yunus Oğuzun əsərlərindən hazırlanmış səhnəciklər nümayiş etdirilib, onun şerlərindən parçalar səsləndirilib.

 

Alim

 

Olaylar.- 2016.- 3 may.- S.9.