Region gəncləri vətənpərvər

ruhda tərbiyə olunur

 

Gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması günümüzdə ən vacib məsələlərdən biridir. Elə bu baxımdan istər paytaxt, istərsə də əyalətlərdə gənclərin vətənpərvər ruhda tərbiyəsinə xüsusi diqqət yetirilir. Xüsusilə belə tədbirlərin cəbhə xəttində yerləşən rayonlarda keçirilməsi ermənilərlə üz-üzə dayanan gənclərimizdə, əsgərlərimizdə ruh yüksəkliyini birə beş artırır.

Tərtər rayonunda da müntəzəm olaraq gənclərin hərbi vətənpərvər ruhda tərbiyəsi istiqamətində tədbirlər həyata keçirilir. Belə tədbirlərdən biri bu günlərdə baş tutub. Rayon mədəniyyət evində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Tədbirlər Planına uyğun olaraq Kinematoqrafiya şöbəsinin “Yaddaş” studiyası tərəfindən Azərbaycanın Milli Qəhrəmanı, Tərtər Özünümüdafiə Batalyonunun ilk komandiri Elman Hüseynova həsr olunmuşİlk komandir” sənədli filminin təqdimatı olub. Tədbirdə rayon icra hakimiyyətinin, rayon ictimaiyyətinin nümayəndələri, Milli Qəhrəmanın ailə üzvləri, doğmaları, döyüş yoldaşları iştirak ediblər. Tərtər Özünümüdafiə Batalyonunun o dövrdə qərargah rəisi olmuş Pənah Məmmədov çıxış edərək döyüş dostu qəhrəman haqqında öz ürək sözlərini bildirib. Elman Hüseynovun oğlu Emin atası ilə bağlı xatirələrini dilə gətirib, filmin yaradıcı heyyətinə, tədbirin keçirilməsinə şərait yaradan rayon icra hakimiyyətinin başçısına, filmə baxmağa gələn hər bir tərtərliyə təşəkkür edib. Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək bildirib ki, Azərbaycan ordusunun təxribatçı erməni birləşmələrinə layiqli cavab verdiyi bir ərəfədə “İlk komandirfilminin nümayişi çox yerinə düşüb: “Bu gün Tərtər Qarabağ müharibəsinin əvvəllərində  olduğu kimi yenə də öz qəhrəmanlıq tarixini yazır. Tərtər camaatı uşaqdan tutmuş böyüyədək hamısı qəhrəmandır, düşmənə bir qarış belə torpaq verməyib. Təxribatçılar rayonun yaşayış məntəqələrini atəşə tutsalar da heç kəs doğma ocağı tərk etməyib. Bax,  zala göz gəzdirən hər kəs bunun bir daha şahidi olur. Aprelin 1-dən 2-nə keçən gecə düşmənin atəşkəsi pozması nəticəsində yaşayış məntəqələrimizdə mülki əhali arasında yaralananlar, şəhid olanlar da oldu. Ancaq heç kəs rayonu tərk etmədi. Bax, budur vətənə sevgi, bax, budur əsl vətənpərvərlik. Xalq orduya güvənir, onun arxasında dayanır və ondan qələbə xəbəri gözləyir”. Sonra rayon rəhbəri Qarabağ veteranlarına, şəhid ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışıb, şəhidlərin adının əbədiləşdirilməsindən söhbət açıb. Qeyd edib ki, hazırda milli qəhrəmanın adını daşıyan Elman Hüseynov küçəsində abadlıq işləri aparılır. Tərtərin ikinci milli qəhrəmanı Vəzir Orucovun adını daşıyan küçədə abadlıq işləri başa çatıb, küçənin girişində milli qəhrəman Vəzir Orucovun barelyefi qoyulub. Tərtərin Çaylı kəndindən təmas xəttini keçərək böyük qəhrəmanlıq şücaəti göstərən Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun, “Azərbaycan Bayrağı” ordenli Mehrac Mahmudovun, şəhid İlqar Həsənovun adları verilmiş küçələrdə də abadlıq- yenidənqurma işləri aparılır.

Vətənpərvərlik ruhunda Tərtərdə daha bir tədbir Azərbaycanın Milli Qəhramanı Vəzir Orucovun xatirəsinə həsr olunub. Tədbirdə rayon icra hakimiyyətinin və rayon ictimaiyyətinin nümayəndələri, qəhrəmanın döyüş yoldaşları, ailə üzvləri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Milli Qəhramanın xatirəsini bir dəqiqəlik sukutla yad etmiş, onun büstü önünə tər gül-çiçək dəstələri qoyublar. Sonra tədbir rayon Gənclər Mərkəzində davam etdirilib. Rayon icra hakimiyyəti başçısı aparatının ictimai-siyasihumanitar məsələlər şöbəsinin müdir müavini Elvin Umudov Vəzir Orucovun həyatı və döyüş fəaliyyəti barədə məlumat verib. Bildirib ki, Orucov sıravi döyüşçü kimi mübarizəyə başlasa da komandirlik bacarığına görə qısa zamanda batalyon komandirinin müavini vəzifəsinə qədər yüksəlib. O, gəldiyi gün Tərtər şəhərinə getmək adı ilə evdən çıxaraq Şıxarx istiqamətində qarşısına çıxan bir nəfər yaralı polis əməkdaşının silahını götürüb, heç kimə heç nə demədən Ağdərə uğrunda gedən döyüşə qatılıb. Həmin axşam bir diri erməni əsgərini və silahını götürüb, geri qayıdır. Əsiri yerli özünümüdafiə batalyonunun qərargahına təhvil verir, əmanət olan avtomatı isə, söz verdiyi kimi, sahibinə qaytarır. Oradan isə birbaş evlərinə gəlir və anasına deyir ki, daha onun yolunu gözləməsin. 2015-ci il  28 dekabrda Rusiya jurnalistinaşiri Aleksandr Nevzorovun Qarabağ münaqişəsi barədə xatirələrini bölüşərkən Vəzir Orucov haqqında bu fikirləri səsləndirib:Heç kim inciməsin, ancaq mənim indiyədək tanıdığım ən cəsur insan azərbaycanlı olub. Onun adı Vəzir idi. O, digərlərindən heç nə ilə fərqlənmirdi”. Həsənqaya, Köyarx, Madagiz, Akop Komari, Sərsəng su anbarı, Çıldıran, Vaqauz kəndləri uğrunda gedən döyüşlərdə Vəzir Orucov şücaət göstərərək, düşmənin bir çox planını puç edib. 1992-ci il sentyabr ayının 1-də Çaldıran kəndi uğrunda gedən döyüşlərdə Vəzir Orucov ağır yaralanıb, müalicə olunduqdan sonra yenidən 2 noyabr 1992-ci ildə cəbhəyə qayıdıb. Vəzir Orucov  22 mart 1993-cü ildə Ağdərənin Qlobus yüksəkliyi uğrunda gedən ağır döyüşdə qəhrəmancasına həlak olub. Bakı şəhərində Şəhidlər xiyabanında dəfn edilib.1993-cü il mart ayının 27-də ölümündən sonra ona “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Tərtər batalyonuna daxil olduğu gündən isə onun hər günü bir qəhrəmanlığından, döyüş sücaətindən xəbər verir. Məhz ona görə də şairlər onu müasir dövrün Koroğlusu, əfsanəvi qəhrəmanı adlandırırlar.

Müdafiə Nazirliyi Tərtər Rayon İcra Hakimiyyəti ilə birlikdə isə Tərtərdə “Ordu gəncləri böyük qüvvədir” mövzusunda gənclik və vətənpərvərliyə həsr olunmuş tədbir keçirilib. Əməkdar İncəsənət Xadimi, polkovnik Abdulla Qurbani və Azərbaycanın xalq artisti Pərvanə Qurbanova tərtərliləri salamlayaraq ordu ilə xalq birliyindən danışıb, hərbçilər müxtəlif döyüş hazırlıqlarını nümayiş etdirib, Silahlı Qüvvələrin mahnı və rəqs ansamblının, hərbi orkestrin, Gəncə Dövlət Dram Teatrının və Tərtər Rayon Mədəniyyət Evinin özfəaliyyət kollektivlərinin ifasında vətənpərvərlik mahnıları və rəqslər təqdim edilib. Sonra rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov qonaqları salamlayaraq, gəncləri bayram münasibəti ilə təbrik edib, qəhrəman tərtərlilərin döyüşlərdə göstərdikləri sücaətdən danışıb, Tərtər gənclərinin vətənpərvərliyindən söhbət açıb. O, bildirib ki, rayon ərazisi 48 kilometr məsafədə düşmənlə təmas xəttində yerləşir. Qarabağ müharibəsi zamanı minlərlə tərtərli Vətənin müdafiəsinə qalxıb, onlardan 300 nəfərdən çoxu şəhid olub, yüzlərlə insan sağlamlığını itirib.  Torpaqlarımızın müdafiəsi uğrunda fədakarlıq göstərmiş tərtərlilərdən 2 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Qəhrəmanlığı ilə dillər əzbəri olan Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov da məhz Tərtərin Çaylı kəndindən işğal altında olan torpaqlarımıza keçib, düşmənə ağır zərbələr vuraraq qəhrəmanlıq səlnaməsi yazıb. O, bildirib ki, tərtərli gənclərdə vətənpərvərlik hissləri daha güclüdür. Bu gənclərin uşaqlığı top-tüfəng sədası altında keçib, müharibənin nə olduğunu, onun törətdiyi fəlakətləri daha yaxşı dərk edirlər. Qəhrəman tərtərlilər düşmənə bir qarış da torpaq verməyiblər: “Tərtərlilər yaxşı döyüşdükləri kimi, həm də yaxşı işləyirlər. Rayonumuzun sosial-iqtisadi inkişafında yaxından iştirak edirlər. Bu gün ata və qardaşlarının keçdiyi döyüş yolu gənclərimizə bir örnəkdir. Gənclərimiz bayramlarda, tarixi günlərdə, hərbi hissələrdə keçirilən “Açıq qapı” günlərində hərbi hissələrdə olur, onlarla birlikdə hərbi texnikalardan istifadə qaydalarını öyrənir, orduya güvənirlər. Bu günün azərbaycanlı gənci belədir. Orduxalq birliyi güclüdür. Bu birlik nəticəsində Müstəqil Azərbaycan inkişaf edir, möhkəmlənir. Azərbaycanın I Avropa oyunlarına ev sahibliyi etməsi onun inkişafını bir daha sübut etdi, Azərbaycanı bütün dünyaya tanıtdı”. Müdafiə Nazirliyinin generalları Rasim Əliyev və Hikmət Həsənov çıxış edərək, Azərbycanda ordu quruculuğundan, Silahlı Qüvvələrin təkmilləşdirilməsi və maddi-texniki bazasının gücləndirilməsində ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən söz açıb. Bildirilib ki, ulu öndər Heydər Əliyevin ordu quruculuğu istiqamətində açdığı yol bu gün Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ordumuzun güclənməsi istiqamətində uğurlu siyasət həyata keçirilir. Silahlı Qüvvələrə göstərilən xüsusi qayğının nəticəsidir ki, Azərbaycan ordusu bu gün regionun ən güclü ordusuna çevirilib. Cəbhə xəttində erməni silahlılarının bütün təxribat cəhdləri qarşısı qətiyyətlə alınır, düşmənə layiqli cavab verilir. Azərbaycan ordusunun bugünkü durumu, maddi-texniki bazası, müasir silahlarla təminatı, ən əsası şəxsi heyətin döyüş ruhu, mənəvi əhval ruhiyyəsi və ordu ilə xalqın monolit birliyi onu deməyə imkan verir ki, ordumuz işğal altında olan torpaqlarımızı azad etməyə qadirdir. Tədbirdə Azərbaycanın paralimpiyaçı cüdoçusu, ikiqat paralimpiya, beşqat Avropadünya çempionu, birinci Avropa Oyunlarının qızıl medalçısı İlham Zəkiyevə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən qiymətli hədiyyə təqdim edilib.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2016.- 4 may.- S.15.