3 may Türkçülük
Günü qeyd edilib
İlham İsmayılov: “Türk
xalqları ilə əlaqələrin qurulmasında
Azərbaycan aparıcı
bir mövqeyə sahibdir”
Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi
(ATXƏM) hər il olduğu kimi bu il
də ənənəsinə
sadiq qalaraq “3 May Türkçülük günü”nü
geniş şəkildə
qeyd edib. Belə ki, İctimai Birliyin təşkilatçılığı
ilə Salyan rayonunda “3 May Türkçülük
günü”nə həsr
olunmuş tədbir keçirilib.
Tədbirdə rəsmi şəxslər,
millət vəkilləri,
bir sıra qeyri-hökumət təşkilatlarının
numayəndələri, elm adamları,
ziyalılar iştirak
ediblər. Tədbir
iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin Salyan şəhərinin mərkəzində
ucaldılmış abidəsini,
Türk dünyasının
böyük fikir adamı Əli bəy Hüseynzadənin və istiqlal şairi Xəlil Rza Uluturkün abidələrini ziyarət
edib, dahi şəxsiyyətlərin xatirəsini
ehtiramla yad ediblər. Sonra Salyan rayonunda
Türk şəhidliyini
və Qaraçala qəsəbəsində Şəhidlər
Xiyabanını ziyarət
edən tədbir iştirakçıları Qaraçala
qəsəbəsində təşkil
olunmuş tədbirə
qatılıblar. Tədbiri
giriş sözü ilə açan Azərbaycanlıların və
digər Türk Xalqlarının Əməkdaşlıq
Mərkəzinin sədri
İlham İsmayılov
qeyd edib ki, “Türkçülük
günü” bütün
Türk dünyasında
hər il may ayının 3-də təntənə
ilə qeyd olunur. Türk fikir adamı Hüseyn Nihal Adsızın Turançılıq
iddiası ilə məhkəmə çəkişməsindən
başlayan böyük
anım və özünə dönüş
günü kimi tarixə çevrilib:
"Bu bayram tədbirlərinin
ATXƏM tərəfindən ölkəmizdə də keçirilməsi artıq
bir ənənə halına çevrilib. Hər dövrdə olduğu kimi bu gün
də türklüyümüz,
milli dəyərlərimiz
daha çox təbliğ edilməli və gənclərin yad düşüncələrin
təsirinə məruz
qalmasına imkan verilməməlidir. İndi ən
vacib məsələ
ondan ibarətdir ki, şərqdən-qərbə
kimi uzanan böyük türk millətinin ortaq dəyərləri mənimsənilməli
və bunlar hər bir türk
xalqı arasında ictimailəşdirilməlidir”. İlham İsmayılov qeyd edib ki, Türk
xalqları ilə əməkdaşlıq məsələləri
günü-gündən daha
da inkişaf edir və Azərbaycan
artıq bu əlaqələrin qurulmasında
aparıcı bir mövqeyə sahibdir.
“Azərbaycan artıq Türkçülüyün
inteqrasiyası istiqamətində
ən fəal ölkələrdən biridir.
Biz dövlətimizin gələcəyi, inkişafı,
millətimizin isə milli birliyinin daha da gücləndirilməsi
üçün bütün
gücümüzlə mübarizə
aparırıq. Azərbaycan türk
milliyətçiliyi millətimizin
özünü müdafiə
instinkti, milli birliyimizin və ədalətin simvolu, Azərbaycan xalqının
sülh və əmin-amanlıq şəraitində
yaşamasının zəmanətidir.
Vaxtilə Nihal Atsız
deyirdi ki, bizdən qoparılanları
geri almaq ədalətin yenidən bərpası deməkdir.
Odur ki, bir millət
fədailəri olaraq
biz də çalışırıq
ki, bir millət
olaraq bizdən qoparılmış torpaqların
geri qaytarılmasına
nail olaq, bu istiqamətdə bütün
səylərimizi səfərbər
edək”. Prezident
Administrasiyası ictimai-siyasi
məsələlər şöbəsinin
xaricdə yaşayan azərbaycanlılarla iş
sektorunun müdiri Qafar Əliyev son vaxtlar türk dünyasının birlik və bərabərliyi istiqamətində görülən
işlərdən danışıb:
“İstər 2006-cı ilin
sentyabrında Antalyada
keçirilən türkdilli
dövlətlərin və
topluluqların X dostluq,
qardaşlıq və
əməkdaşlıq qurultayı,
istərsə də
2007-ci ilin dekabrında
Bakıda keçirilmiş
türkdilli dövlət
və cəmiyyətlərinin
XI dostluq, qardaşlıq
və əməkdaşlıq
qurultayı türk dövlətləri arasında
birliyin və qarşılıqlı anlaşmanın
əldə olunmasına
təkan verdi. Məhz bu qurultaylarda əldə edilən qərarların nəticəsi
olaraq 2009-cu ildə Türkdilli Ölkələrin
Parlament Assambleyasının
I sammitinin Bakıda keçirilməsi və baş katibliyinin Bakıda yerləşməsi,
daha sonra 2009-cu ilin oktyabr ayında
türkdilli ölkələrin
dövlət başçılarının
Naxçıvanda keçirilmiş
IX zirvə görüşü
türk dövlətlərinin
birliyi istiqamətində
mühüm addım oldu. Məhz bu zirvə görüşündə əldə
olunan razılıq əsasında Türkdilli
Ölkələrin Əməkdaşlıq
Şurasın yaradıldı
və Qazaxıstanda
2011-ci ildə birinci zirvə görüşü
keçirildi. Bütün bunlar
türk birliyi yönündə atılmış
addımların nə
qədər sistemli xarakter aldığını
sübut etməkdədir.
Biz bu tarixi
toplantılara nəzər
salsaq görərik ki, Naxçıvanda keçirilən IX zirvə
toplantısı öz
vacib məqamları ilə daha çox
diqqət çəkməkdədir.
Bu tarixi günün əhəmiyyəti nəzərə
alınaraq, 2010-cu il sentyabrın 16-da İstanbulda Türksoylu ölkələrin dövlət
başçılarının sammitində qəbul edilmiş qərara uyğun olaraq 3 oktyabr tarixi rəsmi olaraq Türkdilli Ölkələrin
Əməkdaşlıq Günü
elan olundu. Artıq 3 oktyabr tarixi Azərbaycan, Qazaxıstan,
Qırğızıstan və
Türkiyədə məhz
Türkdilli Ölkələrin
Əməkdaşlıq Günü
kimi qeyd olunur”. Prezident Administrasiyasının rəsmisi
bildirib ki, bu gün Azərbaycan
və Türkiyə
dost və qardaş ölkə kimi bütün səviyyələrdə
bir-birinə dəstək
durur, eyni mövqedən çıxış
edir. Azərbaycan Mətbuat Şurasının
sədri, millət vəkili Əflatun Amaşov bildirib ki, son on il
ərzində Türk
dünyasının birlik
və bərabərliyi
istiqamətində olduqca
mühüm tədbirlər
həyata keçirilib.
"Biz artıq bir neçə ildir ki, ATXƏM-in “3 may Türkçülük günü”ü
ilə bağlı keçirdiyi tədbirlərə
qatılırıq. Hesab edirəm
ki, bu günün
anlamını dərk
edərək, türk
düşüncə tərzinin
kommunizmə dirəniş
göstərdiyi bir tarix olduğunu unutmamalıyıq. Məhz həmin
tarixi Türk xalqlarının milli kimliyini qəsdə yönəlmiş kommunizmə
qarşı qələbəmiz
kimi qeyd etməliyik. Çünki bu tarixi həm
də türk varlığının qorunması,
özünüdərki, milli
mücadiləsi kimi dəyərləndirmək olar”.
Milli QHT Forumunun prezidenti Rauf Zeyni, şair Oqtay Rza, "Şərq" qəzetinin
baş redaktoru Akif Aşırlı, Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, Milli QHT Forumunun İdarə Heyətinin üzvü, şair Əkbər Qoşalı və başqaları da çıxışlarında
3 may-Türkçülük Gününün əhəmiyyətindən
danışıb, ATXƏM-in bu istiqamətdəki fəaliyyətini təqdir
ediblər. Natiqlər həmçinin bəşəriyyətin
tarixi inkişafında
böyük rolu olan türk xalqlarının birlik və qardaşlığının
möhkəmləndirilməsindən, məhz bu birliyin
xalqımızın gələcək
inkişafına güclü
təkan verə biləcəyindən ətraflı
bəhs ediblər.
Süleyman İsmayılbəyli
Olaylar.- 2016.- 4 may.- S.13.