Azərbaycan ordusu mənəvi və

psixoloji baxımdan döyüşə hazırdır

 

Azərbaycan xalqı gələcəyimiz olan gənc nəslin vətənə məhəbbət, xalqa, elinə və obasına hörmət, soykökünə, öz ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşıb və ona həyati əhəmiyyətli məsələ kimi baxıb. Bu bir həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır, apardığı mübarizədə onda inam hissini gücləndirir.

Vətənpərvərlik qəhrəmanlığın əsasını qoyan amildir. Biz şanlı tariximizlə, əfsanəvi qəhrəmanlarımızla həmişə fəxr edirik. Cavanşir, Babək, Şah İsmayıl Xətai, Əliağa Şıxlinski, Cəmşid bəy Naxçıvanski, Həzi Aslanov, İsrafil Məmmədov, Mehdi Hüseynzadə kimi igid və cəsur sərkərdələrimizin şəxsi nümunəsi bizə əsas verir deyək ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Və bu xalq öz vətənini göz bəbəyi kimi qorumağa hazır olan mətin gənclər yetişdirib. Erməni qəsbkarlarına qarşı ölüm-dirim savaşında həlak olmuş qəhrəmanlarımızın ibrətamiz həyatı, şəxsi nümunəsi apardığımız hərbi vətənpərvərlik tərbiyəsi işində ön plana keçməlidir. İnsanın ən ali və əzəli hisslərindən olan vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elə, obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətdən qaynaqlanır. Vətənpərvərlik həm də Vətənin naminə çalışmaq, Vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, Vətənin, xalqın hər bir uğuruna sevinməkdir. Bu hiss insanda anadangəlmə olsa da, digər hisslər kimi tərbiyəyə möhtacdır və tərbiyə yolu ilə daha da möhkəmlənir, artır. Təsadüfi deyil ki, bu xalq öz vətənini göz bəbəyi kimi qorumağa hazır olan mətin gənclər yetirmişdir. Erməni qəsbkarlarına qarşı ölüm-dirim savaşında həlak olmuş qəhrəmanlarımızın ibrətamiz həyatı, şəxsi nümunəsi apardığımız hərbi vətənpərvərlik tərbiyəsi işində ön plana keçməlidir. Yaxın keçmişin acı təcrübəsi bir də onu sübut etdi ki, müstəmləkə siyasətinə xidmət edən, əslində Azərbaycan xalqına müsibətlər gətirən beynəlmiləlçilik tərbiyəsi sən demə genosid planının və türklərə qarşı siyasətinin tərkib hissəsi imiş. Rus imperiyası işi qəsdən elə qurmuşdu ki, xalq öz soykökündən, qəhrəmanlıq tarixindən, adət-ənənələrindən uzaq düşsün. Lakin müstəqillik dövründə həyata küçirilən ideologiya gənclərə dövlətimizi sevmək və onun yolunda çanından keçmək kimi qəhrəmanlığı təbliğ edir. Məhz bu ideologoya əsas götürülərək Azərbaycan Hərb Tarixi Muzeyində Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 71-ci ildönümünə həsr olunan "Azərbaycan Böyük Vətən müharibəsində" adlı tədbir təşkil olunub.Tədbirdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Böyük Vətən müharibəsində həlak olan oğul və qızlarımızın, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib. "Azərbaycan Böyük Vətən müharibəsində" mövzusunda məruzə ilə çıxış edən muzeyin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə xalqımızın faşizm üzərində tarixi Qələbəyə böyük töhfə verdiyini bildirib. O, bu şanlı zəfərin əldə olunmasında çox böyük payı olan xalqımızın 700 minədək oğul və qızını cəbhəyə yola saldığını, onların təxminən yarısının döyüşlərdə həlak olduğunu vurğulayıb. Qeyd edilib ki, Azərbaycanın 130-dan çox vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabit müxtəlif orden və medallarla təltif olunub. Ə.Qənizadə diqqətə çatdırıb ki, 1941-1945-ci illər müharibəsində Qələbənin qazanılmasında azərbaycanlı çağırışçılardan və könüllülərdən ibarət 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı atıcı diviziyalar böyük qəhrəmanlıq nümunəsi göstərib. Sonra muzeyin tədqiqatçı-elmi işçisi Sevər Həsənovanın "Vətənə həsr edilən ömür: Sovet İttifaqı qəhrəmanları Xəlil Məmmədov, Əvəz Verdiyev və Ağaşirin Cəfərov haqqında", muzeyin ekspozisiya hissəsinin rəisi Şəlalə Hüseynovanın "Azərbaycan partizan hərəkatı Qərbi və Şərqi Avropada" mövzularında məruzələri dinlənilib. Digər çıxış edənlər də xalqımızın faşizmə qarşı mübarizədə döyüş meydanları ilə yanaşı, arxa cəbhədə də qəhrəmanlıq göstərdiyini vurğulayıb, şanlı Qələbəyə Bakı neftinin töhfəsinin əvəzsiz olduğunu söyləyib, veteranlara göstərilən dövlət qayğısından danışıblar. Veteranlarımızın ölkəmizin ictimai-siyasi həyatında, xüsusən gənclərin milli vətənpərvərlik ruhunda tərbiyəsində fəal iştirak etdikləri xüsusi qeyd olunub. Böyük Vətən müharibəsi veteranları döyüş xatirələrindən söz açıb, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin veteranlara böyük diqqət və qayğısından danışıblar. Sonda "İkinci Dünya müharibəsi və Azərbaycan" adlı qısametrajlı sənədli film nümayiş olunub. Yeri gəlmişkən qeyd edək ki, Müdafiə Nazirliyi təkcə ideoloji tədbirlərlə kifayətlənməyərək təlim-məşq hazırlıqlarına da üstünlük verir. Artıq müdafiə nazirinin təsdiq etdiyi hazırlıq planına əsasən Raket və Artilleriya Qoşunlarının təlimləri başlayıb. Təlimlərdə Rusiyadan alınaraq ölkəmizə gətirilən və qoşunların silahlanmasına yeni daxil olan "Msta S" özüyeriyən haubitsaların praktiki istifadəsi şəxsi heyət tərəfindən həyata keçirilir.

Döyüş vəziyyətinə uyğun səhra şəraitində keçirilən təlimlərdə yüksək dağıdıcı qüvvəyə malik artilleriya sistemlərinin döyüş atışı vəziyyətinə gətirilməsi, digər qoşun növləri ilə uzlaşmada effektiv tətbiqi və hərbi elementlərin praktiki icrası təkmilləşdirilir. Təlimlərdə müxtəlif məsafələrdə yerləşən tək və cəm halında olan şərti hədəflərin pilotsuz uçuş aparatı vasitəsilə aşkarlanması, koordinatların təyin olunaraq məhv edilməsi üzrə tapşırıqlar da yerinə yetirilir.

Son zamanlar cəbhə xəttində erməni silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin mütəmadi pozulması tibbi personalın hazır vəziyyətə gətirilməsini labüd edir. Nu baxımdan Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsində Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin zabitləri, Silahlı Qüvvələrin baş tibb mütəxəssisləri və tibb müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.

Müharibə şəraitində yaşadığımız zamanda hərbi həkim kadrlarının hazırlanmasının vacibliyini vurğulayan Tibb Baş İdarəsinin rəisi general-mayor Natiq Əliyev qarşıda duran vəzifələrdən danışıb və şəxsi heyətin diqqətinə Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırıqlarını çatdırıb. Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli də öz növbəsində fakültənin maddi-texniki bazasından və tədris otaqlarında yaradılan şəraitdən razılığını bildirib. Müəllim və kursant heyəti ilə görüşdən məmnunluğunu ifadə edən rektor pedaqoji kollektivin bundan sonra da həm xidmətdə, həm də kadrların hazırlanmasında böyük uğurlar qazanacağına ümidvar olduğunu bildirib. Hərbi tibb fakültəsinin rəisi, tibb xidməti polkovniki Fəxrəddin Ağayev isə vurğulayıb ki, fakültənin müəllim və mütəxəssisləri bundan sonra da üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələrək hərbi səhiyyəmiz üçün yüksək səviyyəli kadrlar hazırlayacaqlar. O da sirr deyil ki, artıq Azərbaycan ordusu dünyanın ən peşəkar ordularından hesab olunur. Aprel ayının əvvəlində erməni təxribatının qarşısını alan ordumuz bu etimadı bir daha doğrultmuş oldu. Təsadüfi deyil ki, Azərbaycan ordusunu peşəkarlığına etibar edən dövlətlər ölkəmizlə hərbi sahədə əməkdaşlığa can atır. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Sloveniya Respublikası Müdafiə Nazirliyi arasında 2016-cı il üçün ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Sloveniyada "Mühazirəçi mübadiləsi" tədbiri keçirilib. Tədbirin məqsədi ölkəmizin tanıdılması, regionda təhlükəsizlik vəziyyəti və həqiqətlərimiz barədə geniş auditoriyaya məlumatın çatdırılması, o cümlədən Silahlı Qüvvələrimiz arasında dostluq əlaqələrinin möhkəmləndirilməsidir. Müdafiə Nazirliyinin Beynəlxlaq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov Sloveniya Silahlı Qüvvələrinin Hərbi Məktəblər Mərkəzində "Cənubi Qafqazın təhlükəsizliyi üzrə təhdidlərə Azərbaycanın baxışı" mövzusunda mühazirə ilə çıxış edib, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun nəticələri barədə geniş məlumat verib. Tədbirdə Sloveniya Hərbi Akademiyasının dinləyiciləri, Hərbi Elmi Mərkəzinin bir sıra mühazirəçiləri, hərbi təhsil müəssisələrinin rəhbər heyəti, o cümlədən Müdafiə NazirliyiBaş Qərargahın nümayəndələri iştirak ediblər. Bundan başqa, Azərbaycan Silahlı Qüvvələrin Hərbi Akademiyasının nümayəndə heyəti Bolqarıstan və Çexiyada səfərdə olub. Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri Çexiyanın Brno şəhərindəki Müdafiə Universiteti və Bolqarıstanın Sofiya şəhərində yerləşən G.Rakovski adına Hərbi Akademiyada keçirilən işçi görüşlərində iştirak ediblər. Tədbirlərdə NATO-nun “Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı” (DEEP) çərçivəsində “Bolonya təhsil sistemi və Fəlsəfə Doktoru proqramının tətbiq edilməsi təşəbbüsünə dəstək” mövzularında brifinqlər təqdim olunub. Görüşlər zamanı hərbi təhsil sisteminin inkişafı və elmi-pedoqoji kadr hazırlığı üzrə təcrübə mübadiləsinin aparılması, eləcə də hərbi təhsilin perspektivləri üzrə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2016.- 5 may.- S.15.