Silahlı Qüvvələrə göstərilən
diqqət gənclərin
vətənpərvərlik
hisslərinin artmasına təkan verir
Gənclərin milli mənlik
şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik
hisslərinin artırılmasında hər bir ölkənin
Silahlı Qüvvələri mühüm rol oynayır desək,
yanılmarıq. Belə ki, Silahlı Qüvvələrə
göstərilən diqqət və qayğı, ona
yaradılan şərait gənclərin vətənpərvərlik
hisslərinin artırılmasına öz müsbət təsirini
göstərir. Bu mənada Azərbaycan
Silahlı Qüvvələrinin mövcud vəziyyəti, onun
maddi-texniki bazasının ildən-ilə yüksəldilməsi
gənclərdə Vətənə, dövlətə məhəbbəti
hissini formalaşdırır, onların vətənpərvər
ruhda tərbiyə olunmasına təkan verir.
Azərbaycan
Respublikası müstəqil dövlət və beynəlxalq
hüququn subyekti kimi Azərbaycan Respublikasının
Konstitusiyasına və «Azərbaycan Respublikasının
dövlət müstəqilliyi haqqında» Konstitusiya Aktına
müvafiq olaraq öz silahlı qüvvələrinə
malikdir. «Azərbaycan Respublikasının Silahlı Qüvvələri
haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən
Azərbaycan Respublikasının suverenliyinin, ərazi
bütövlüyünün, onun
toxunulmazlığının və mənafeyinin silahlı
müdafiəsinə, dövlətə silahlı hücumun
qarşısının alınmasına təcavüz olarsa
onun dəf edilməsinə xidmət edir. Azərbaycan
Respublikasının Silahlı Qüvvələri
qanunçuluq, nizami ordu, qarışıq komplektləşdirmə,
kadr, mərkəzləşdirilmiş və vahid rəhbərlik,
yüksək hərbi intizam, daimi döyüş və səfərbərlik
hazırlığı, hərbi qulluqçuların
sosial-hüquqi müdafiəsinin təmin olunması prinsipləri
əsasında qurulur və fəaliyyət göstərir. Azərbaycan
Respublikasının Silahlı Qüvvələri quru
qoşunları, hava hücumundan müdafiə və hərbi
hava, hərbi - dəniz qüvvələrindən ibarətdir.
Azərbaycan Respublikasının Silahlı Qüvvələri
Cənubi Qafqazda ən güclü və hazırlıqlı
ordu hesab edilir. 2003-cü ildə Azərbaycanın hərbi
büdcəsi 115 milyon manat (135 milyon ABŞ dolları)
olduğu halda, 2010-cu ildə 2,2 milyard manat (2,7 milyard ABŞ
dolları) təşkil etmiş, 2013-cü il dövlət
büdcəsində isə bu məbləğin 2 milyard 910
milyon 656 min manat (3.7 milyard ABŞ dolları) olması gözlənilir.
Dövlətin əsas atributlarından biri ordu olduğundan Azərbaycan
Demokratik Cümhuriyyəti ilk olaraq öz ordusunu yaratmaq istiqamətində
müəyyən işlər görməyə
başladı. Tarixi 1918-ci ilin may ayının 28-də qəbul
edilmiş Azərbaycan Demokratik Respublikasının istiqlal bəyannaməsində
qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən
müdafiə etmək, daxili düşmən qüvvələri
zərərsizləşdirmək üçün nizami orduya
malik olmalı, özünün silahlı qüvvələrini
yaratmalıdır. Bu zərurətlə bağlı 1918-ci
ilin may ayının 28-də yaradılan ilk kabinədə Azərbaycan
hökumətinin müdafiə naziri vəzifəsinə general
Xosrov bəy Sultanov təyin edildi. Azərbaycan Demokratik
Respublikasının ordu quruculuğu haqqında tədbirlər
planına müvafiq olaraq 1919-cu il noyabr ayının 1-nə qədər
ordunun ən mühüm struktur bölmələri və hissələri
yaradılıb başa çatdırılmalı idi Azərbaycan
Xalq Cümhuriyyəti yaradıldığı ilk dövrlərdə
onun hərbi qüvvələri 600 nəfərlik
könüllü dəstələrdən ibarət idi.
Hökumət 1918-ci il iyunun 19-da ölkə ərazisində hərbi
vəziyyət elan etdi. Azərbaycan Xalq Cümhuriyyəti
Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı
ilə Çar Rusiyası dövründə "Vəhşi
diviziya" adlanan keçmiş Tatar süvari alayının əsgərlərindən
formalaşdırılmış və general Əliağa
Şıxlinskinin rəhbərlik etdiyi Müsəlman korpusunun
əsasında ilk ordu hissəsi, 5000 nəfər şəxsi
heyəti olan "Əlahiddə Azərbaycan korpusu"
yaradıldı. İyulun 11-də hökumət fərmanı
ilə hərbi səfərbərlik elan edildi. Azərbaycan
Respublikasının 1894-1899-cu illərdə anadan olmuş
bütün müsəlman vətəndaşları orduya hərbi
qulluğa çağırıldılar. 1918-1919-cu illərdə
xidmətə çağırılan 19-24 yaşlı gənclərin
xidmət müddəti 2 il saxlanılır və sonra onlar
ehtiyata buraxılırlar. Fərarilər və xidmətdən
yayınanlar üçün isə xidmət müddəti 3
il elan olunmuşdur. Bundan başqa fərarilikdə və həbsdə
olduğu müddət xidmət müddəti
sayılmırdı. 1920-ci ildə Azərbaycan Sovet
Rusiyası tərəfindən işğal edildikdən sonra
Azərbaycanın hərbi nazirliyi rəsmən ləğv
edilərək, həmin funksiya Xalq Hərbi
Komissarlığına verilmiş, Azərbaycan ordusunun 21
generalından 15-i bolşeviklər tərəfindən
güllələnmişdi.1918 –ci ildə yaradılmış
və cəmi 23 ay ömür sürmüş Azərbaycan
Xalq Cümhuriyyəti zamanı ordumuzun yaradılması və
ona görkəmli sərkərdələrimiz Əliağa
Şıxlinski və Səməd bəy Mehmandarov rəhbərlik
etməsi, bu orduya olan inamı daha da artırdı. Azərbaycan
Xalq Cümhuriyyəti ordusunun yaradılmasından xeyli vaxt
keçməsinə baxmayaraq , Azərbaycan Xalqı XX əsrin
sonunda ikinci dəfə ordu yaradılması zərurəti ilə
üz-üzə qaldı. Cümhuriyyəti ordusunun qısa,
lakin şərəfli tarixi bu günümüz
üçün də mühüm əhəmiyyət kəsb
edir və yüksək mənəvi dəyərlərimizi
üzə çıxarır. Azərbaycanın dövlət
müstəqilliyinin bərpasından sonra, 1991-ci ilin
sentyabrında Ali Sovetin qərarı ilə Müdafiə
Nazirliyi, oktyabrın 9-da isə qarşıdakı 3 ay ərzində
Azərbaycan Silahlı Qüvvələrinin yaradılması
barədə qərar qəbul edildi. 1992-ci ilin yanvar ayında
Azərbaycan Ordusu özünün ilk əməliyyatını
həyata keçirdi. Şuşa şəhəri
yaxınlığındakı Daşaltı kəndini ələ
keçirmək məqsədilə həyata keçirilən
Daşaltı əməliyyatı uğursuzluqla nəticələndi.
Yayda 1992-ci il Azərbaycan Müdafiə Nazirliyinin
komandanlığının rəhbərliyi altında desant
qoşunları yaradıldı və Xəzərdə hərbi
donanmanın komplektləşdirilməsi başa
çatmışdır. Azərbaycan Respublikası
Prezidentinin 1992-ci il 18 sentyabr tarixli Fərmanı ilə
oktyabrın 9-u Azərbaycan Respublikası Silahlı Qüvvələri
günü elan edildi. Lakin 22 may 1998-ci il tarixli prezident fərmanı
ilə həmin fərman qüvvədən
düşürülərək 26 iyun tarixi Silahlı Qüvvələr
günü elan edilmişdir.1997-ci ilin yanvarında Azərbaycan
sülhməramlı qüvvələri yaradılmışdı.
Azərbaycan ordusunun tarixində ən böyük silah
anlaşması isə 2012-ci ildə baş tutub. Həmin ilin
fevral ayında İsrailin İsraeli Aerospace İndustries
(İAİ) adlı iri hərbi-sənaye şirkəti Azərbaycana
pilotsuz kəşfiyyat təyyarələrinin ən yeni versiyalarının
və ən müasir Hava Hücumundan Müdafiə Sistemlərinin
satılmasına dair 1.6 milyard dollarlıq müqavilə
bağlayıb. İsrail hərbi mütəxəssislərinin
böyük dəstəsi azərbaycanlı həmkarlarına
yeni silah sistemləri ilə işləməyi öyrətmək
üçün Bakıya göndərilib. Yeni müqaviləyə
əsasən İsraildən düşmən hədəflərinə
dəqiq raket zərbələri endirə bilən
böyük pilotsuz kəşfiyyat təyyarələri
“Heron”ların alınması, habelə hava və raket
hücumundan etibarlı müdafiəni təmin edən HHM
sistemlərinin alınmasından söhbət gedir. Bu HHM
sistemləri Azərbaycan ərazisini ballistik raket zərbələrindən
müdafiə etməyə qadirdir.2008-2012-ci illərdə
dövlət büdcəsindən ölkənin müdafiə
qüdrətinin artırılması və silahlı qüvvələrin
maddi-texniki təminatının yenilənməsinə 12 mlrd.
ABŞ dollarından artıq vəsait yönəldib. Azərbaycan
müdafiə sektoruna dövlət büdcəsindən
yönəltdiyi vəsaitin həcminə görə Cənubi
Qafqaz və Mərkəzi Asiya ölkələrini 4 dəfəyə
yaxın üstələyib. Ötən dövrdə əsas
diqqət ordunun maddi-texniki təchizatının yenilənməsi,
infrastrukturun yaradılması, hərbçilərin məvaciblərinin
artırılması, mənzil təminatının
yaxşılaşdırılması, həmçinin
müdafiə sənayesinin inkişaf etdirilməsinə
yönəldilib. Bu dövrdə silah və hərbi
texnikaların satın alınmasına dair Ukrayna, Rusiya,
Belarus, Türkiyə, İsrail, CAR, Serbiya, Avstriya və s., hərbi
məhsulların istehsalına dair Ukrayna, Belarus, Türkiyə,
CAR, Polşa, İordaniya kimi ölkələrlə müqavilələr
imzalanıb.Bu gün dövlət qayğısı ilə hərtərəfli
əhatə olunmuş Silahlı Qüvvələrimiz əldə
edilmiş nailiyyətlərlə kifayətlənmir,
torpaqlarımızın ərazi bütövlüyünü
və müstəqil dövlətçiliyimizi qorumağa
qadir olan bütün imkanları səfərbər edir.
Azərbaycan
Respublikasında çağırışaqədərki
hazırlıq müdafiə sahəsində ilkin biliklərə
yiyələnmə, hərbi xidmətin əsasları üzrə
hazırlıq və hərbi vətənpərvərlik tərbiyəsi
məqsədləri üçün ümumi təhsil, ilk
peşə-ixtisas və orta ixtisas təhsili müəssisələrində
keçirilir. Çağırışaqədər yaş həddində
olan vətəndaşlar müddətli həqiqi hərbi xidmətə
çağırılanadək onlara müdafiə sahəsində
ilkin biliklər verilməsi məqsədi ilə təhsildən
ayrılmamaqla çağırışaqədərki
hazırlıq aparılır. Bu fənnin tədrisi
çağırışaqədərki hazırlıq rəhbəri
tərəfindən aparılır.
Çağırışaqədər yaş həddində
olan vətəndaşların və
çağırışçıların fiziki
hazırlığı proqramları, bu
hazırlığın təmin edilməsinə yönəlmiş
idman növlərinin siyahısı Azərbaycan
Respublikasının Nazirlər Kabinetini tərəfindən
müəyyən olunur. “Hərbi vəzifə və hərbi
xidmət haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə
tutulmuş təhsil müəssisələrində
keçirilən fiziki hazırlıqdan başqa, vətəndaşların
fiziki hazırlığının təmin olunması Azərbaycan
Respublikasının Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidməti
ilə bədən tərbiyəsi-idman təşkilatları
arasında bağlanan müqavilələr əsasında həyata
keçirilir.
17
yaşına çatmış vətəndaşlar və
çağırışçılar Azərbaycan
Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən
edilmiş təhsil müəssisələrində işdən
ayrılmaqla xüsusi hərbi ixtisaslar üzrə
hazırlıq keçə bilərlər. Azərbaycan
Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan
Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan
Respublikasının Dövlət Sərhəd Xidməti və
Azərbaycan Respublikasının Xüsusi Dövlət
Mühafizə Xidməti xüsusi hərbi ixtisasların
siyahısını və hazırlıq proqramını
müəyyən edir və həmin ixtisaslar üzrə 17
yaşına çatmış vətəndaşların və
çağırışçıların
hazırlanması üzrə sifarişlər verir. Bu ixtisaslar
üzrə hazırlanmalı olan 17 yaşına
çatmış vətəndaşların və
çağırışçıların sayı Azərbaycan
Respublikasının Nazirlər Kabineti tərəfindən
müəyyən edilir. İş yerindən ayrılmaqla
çağırışaqədərki hazırlığa cəlb
edilən vətəndaşların təhsil dövründə
iş yeri, vəzifəsi və iş yeri üzrə orta əmək
haqqı saxlanılır, habelə təhsil yerinə gedib-gəlmək
haqqı iş yeri üzrə ödənilir. Azərbaycan
Respublikası Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin
yerli idarə, şöbə və bölmələri
çağırışaqədərki hazırlıq
keçməyə cəlb etdiyi vətəndaşların məşğələlərə
(dərslərə) gəlmədikləri barədə
onların iş yerinə və Azərbaycan
Respublikasının Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinə
məlumat verirlər.
Ali təhsil müəssisələrində xüsusi proqram üzrə zabitlərin hazırlanması qaydası və müvafiq hərbi ixtisasların siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabinetini tərəfindən müəyyən edilir. Əyani təhsilalma formasında təhsil alan tələbələrin xüsusi proqram üzrə hərbi hazırlığı ali təhsil müəssisəsində təşkil edilir və keçirilir. Zabitlər hazırlanan xüsusi proqram üzrə hərbi hazırlığı sağlamlıq vəziyyətinə görə zabitlərin hərbi xidmətinə yararlı olan tələbələr keçirlər. Tələbələrin hərbi hazırlığına ümumi rəhbərliyi Azərbaycan Respublikasının Nazirlər Kabinetini həyata keçirir.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilmişdir
Olaylar.- 2016.- 6 may.- S.15.