Gənclər üçün örnəyə
çevrilən şəhidlərimiz
Uğrunda şəhid
olduğu yurdu - Cəbrayılın üzünü heç
görməyib. Haqqında danışdığımız cəmi
18 yaş yaşayan İbrahimov Mahmud Azər oğludur. O
İbrahim ki, göstərdiyi qəhrəmanlıqla gənclər
üçün bir nümunəyə çevrilib. Aprelin 2-də
şəhid olan gənc əsgər Mahmud 1997-ci il
sentyabrın 3-də Bakıda doğulub. Ailənin üç
oğul övladının sonbeşiyi olub.
Uşaqlığı elə dünyaya gəldiyi köhnə
məktəb divarları arasında ağır şəraitdə
keçib.
Mahmudun
ailəsi 1993-cü ildə Cəbrayıl rayonunun
Sarıcallı kəndindən Bakıya məcbur
köçkün gəlib. İki il əvvəl isə
Mehdiabad qəsəbəsində köçkünlər
üçün salınmış binaya
yığışıblar. Mahmud zarafatla qardaşlarına
deyirmiş ki, bu ev anamla mənimdir, özünüzə ev
tapıb çıxın. Şəhidimizi yaxından
tanımaq üçün biz də həmin evə
yollandıq. Məhlədə hamı şəhidin evini
tanıyır, hamı ondan danışır. Mahmudun nənəsi
Gülətir Əliyeva deyir rayondan çıxanda nəvələri
körpə idi, Mahmud da Bakıda doğulub: “Uşaq
gözünü açandan evin içindən tutmuş
bütün ölkəyədək hamının dilində
Qarabağ söz-söhbəti eşidib. Təkcə Mahmud
yox, elə onun tay-tuşlarının hamısının
dilinin əzbəri Qarabağ olub, döyüş olub.
Özündən böyük qardaşları hərbi xidmətini
başa vurub gəldilər. Bu da elə həvəslənirdi
ki əsgər getsin...” Mahmud İbrahimov ötən ilin oktyabr
ayında həqiqi hərbi xidmətə yola salınıb. Cəmi
altı ay xidmət edib. Atası Azər İbrahimov oğlunun
böyük arzuları olduğunu deyir: “Özüm
“çastnı” işlərə gedirəm. Deyirdi, əsgərlik
bitsin, gəlib sənə kömək edəcəm. Təpədən-dırnağa
arzuyla doluydu. İdmanla məşğul olurdu, böyük
uğurlar qazanmaq istəyirdi. Dəfələrlə Yunan-Roma
güləşi üzrə yarışların qalib
olmuşdu, mükafatlandırılmışdı. Ən
sevdiyi məşğuliyyəti güzgünün
qabağında durub telefonla öz şəklini çəkmək
idi. Özünü çox sevirdi... Xidmət etdiyi hərbi
hissədən razılıq edirdi. Zəng vuranda
zarafatından qalmırdı. Sonuncu dəfə gülə-gülə
qardaşına dedi, mən gələnə kimi özünə
ev tap, gəlib evlənəcəm, ev mənimdir. Bütün
arzuları yarımçıq qaldı”. Evin bir küncü
Mahmudun uğurlarının simvolları - medalları,
diplomları ilə bəzədilib.“Bu qədər arzuları
olsa da, həvəsli görünsə də qayıtmağa
ümid yeri qoymamışdı. Facebookda sonuncu
yazdıqlarına baxıram, elə bil ona əyan olubmuş nəsə.
Son statusunda belə yazıb: “Siz sağ, mən salamat”.
Şeirlər paylaşıb hamısı kədərli…” –
deyir atası. Ailəsi Mahmudla sonuncu dəfə mart ayında
– ilaxır çərşənbə ərəfəsində
görüşüb, bayram payı aparıblar. Əvvəlcə
zəng vurub getmək istədiklərini deyəndə Mahmud
anasının da gəlməsini istəyib: “Dedi, anamı istəyirəm,
mütləq gəlsin görüm onu. Nə yaxşı ki,
getdi, anasını da gördü. Evin sonbeşiyi idi deyə
çox bağlıydı anasına. Həmişə deyirdi,
səni özüm saxlayacam. O biri qardaşlarından
ayırırdı anasını. Sonuncu görüşdə
də onu istədi. Elə bil hiss eləmişdi. Durub
ayrılanda dedi, gəlin halalaşaq. Zarafatla dedi bunu, amma
tez-tez təkrarlayırdı. Martın 29-da sonuncu dəfə zəng vuranda da ona
oxşar söz dedi”. Sonuncu dəfə evlərinə
martın 29-da zəng vuran Mahmud hər şeyin yaxşı
olduğunu deyib: “Dedi, məndən arxayın olun, hər
şey yaxşıdır. Sonra eşitdik ki, cəbhədə
vəziyyət gərginləşib. Aprelin 1-də bildik ki,
döyüş bölgəsindədir, zəng
çatmır. Sonra nə öldüsündən, nə də
qaldısından xəbərimiz oldu. Axtarışa
başladıq. Hospital, xəstəxana… Harada yaralı var,
hamısına baş çəkdik, gördüm deyən
olmadı”. Bu yerdə söhbətə ailənin
yaxını Rəşadət Lətifov qoşulur: “Həmin
gün Mahmudun şəhid olduğu artıq məlum idi bizə,
çünki nə yaralılar içindəydi, nə də
əlaqə qurmaq mümkün idi. Sadəcə ailədən
gizlədirdik ki, heç olmasa nəşini tapaq, sonra deyək.
Bilsəydilər həlak olub, üstəlik, meyiti də
yoxdur, bu, ailəyə ikiqat zərbə olardı. Beş
gün gecə-gündüz qohumlar hamısı sərhəddə
Mahmudun nəşinin tapılacağını gözlədi”.
Şəhidin atası ən ağır günlərinin məhz
həmin beş gün – Mahmuddan hər hansı xəbər
ala bilmədikləri günlər olduğunu deyir: “Tapa
bilmirdik. Deyirdilər, bəlkə ön cəbhədədir,
hələ döyüşür. Belə bir neçə
gün keçdi. Aprelin 8-i səhər tezdən neytral ərazidən
meyitinin götürüldüyünü dedilər. Təxmin
edirdik ki, şəhid olub, amma yenə də ümidliydik”.
Mahmudun yarası elə də öldürücü
olmayıb, ancaq qollarından qəlpə yaraları alıb:
“Qanaxmadan öldüyünü dedilər. Güllə
yarası yox idi bədənində, qollarında qəlpə
izləri vardı. Yaralanandan sonra neytral ərazidə
qalıb, çox güman ki, qan itirib deyə
dünyasını dəyişib. Amma o vəziyyətdə
döyüş yoldaşlarına kömək edib. Xeyli
yaralını xilas edib, bir neçə meyidi
çıxarıb döyüş meydanından, amma
özünə kömək edə bilməyib. Həmişə
deyirdim, özünü qoru, səngərdə ehtiyatlı ol,
çox qabağa atılma. Yaşının az olmasına
baxmayaraq, iradəli idi, saf idi. İradəsi imkan verməyib
geri çəkilsin”. Ailənin yaxını Rəşadət
Lətifov döyüş yoldaşlarına istinadla deyir ki,
Mahmuda yaşının az olduğu üçün
döyüşə girmək qadağan olunsa da, o, buna əhəmiyyət
verməyib: “Sözün düzü, bizim Mahmuddan gözlədiyimiz
də elə bu idi. O qədər saf, dürüst uşaq idi
ki... Burada gözümüzün qabağında
böyüyüb, bütün xasiyyətinə bələdəm
Mahmudun. Yaralansa da, vəziyyətinin pis olduğunu görsə
də, döyüşdən çıxmayıb.
Yaşadığımız bu kompleks təxminən iki ildir
istifadəyə verilib və Mahmud bu məhlənin ilk şəhididir.
Çox istəyirik ki, bu yaşayış kompleksinə şəhidimizin
adı verilisin. Bütün qonşular, yaxınlar adından
deyirəm bunu. Hamımız razıyıq”. Şəhid Mahmud
İbrahimov Zabratda dəfn olunub. Atası deyir dəfn
üçün hətta Şəhidlər Xiyabanını təklif
ediblər, razı olmadıq: “Zabrat qəbirstanlığında
- anamın yanında dəfn olundu. Dəfn günü elə
bir izdiham oldu ki burada.
Tanıdığımız-tanımadğımız o qədər
adam gəldi ki... Adına layiq götürdülər
oğlumu. Valideyn olaraq övladımızı itirmək
çox ağırdı bizə. Gənc idi, nə qədər
yarımçıq arzuları qaldı. Amma nə qədər
şərəfli ömür yaşadığını da
bilirəm.Özüm dəfn eləmişəm,
görmüşəm, amma heç inanmıram olanlara. Xəyal
kimi gəlir mənər. O qədər əminəm ki,
dönəcəyinə. Yəqin məni toxtaq tutan elə bu
hissdir. Allah mənə inam verib. Özlüyümdə tam əmin
olmuşam ki, sağdı, qayıdacaq. Yoxsa yaşaya bilmərəm”.
Evdə diqqətimizi çəkən Mahmudun müxtəlif
formada böyüdülmüş şəkilləri, şəkil
albomudur. Atası deyir, sinif yoldaşları hazırlayıb.
Amma bir qız var ki, Mahmuda münasibəti fərqlidir. Albomu
da o düzəldib gətirib, özü ilə şəkilləri
var orada… Hamı danışdı. Mahmudun 18 ilə
sığan ömründən xatirələrini
bölüşdü. Amma söhbət başlayandan bitənə
kimi gözünün yaşı dayanmayan, Mahmudun hamıdan
çox sevdiyi anası bir kəlmə deməyib susdu.
Bizim
gördüyümüz müharibədə döyüşən,
şəhid olanlar bizdən yaşca xeyli böyük idi.
İndiki qəhrəmanlar övladımız
yaşdadır... 90-larda işğal olunan torpaqlar uğrunda
90-larda doğulan uşaqlar döyüşür. Xoşbəxt
gələcək vəd elədiyimiz uşaqlar indi şəhidliyə
qovuşur. Gələcəyimizə bu boyda dərd
saxlamağımız ağır olsa da, göstərdikləri
qəhrəmanlıqlar haqda eşitdikcə heyrətlənməmək
olmur. Bu sözləri qələmə alan millət vəkili
Qənirə Paşayeva deyir ki, 19 yaşlı şəhidimiz
Emin İmran oğlu Bağırovun qəhrəmanlığı
artıq dillərə düşüb. Evinə yollanıb
şəhidin doğmaları ilə görüşmək istədik.
Ünvanı tapmaq çətin olmadı. Yolboyu düzülən
bayraqlar bizi şəhidin evinə aparıb
çıxardı. Əmisi Abdulla Bağırov Eminin qəhrəmanlığından
danışdıqca danışır… “Ürəkli uşaq
idi. Heç nədən qorxusu yox idi. Əsgərlik müddətinin
başa çatmağına cəmi bir gün
qalmışdı. Özü yazılı şəkildə
müraciət edib, vaxtını uzadıb. Aprelin 1-i evə gələcəyini
gözləyirdik. Ayın 2-də zəng vurdu, elə sevinirdi
ki, qışqıra-qışqıra
danışırdı. Dedi, qələbə
qazanmışıq, döyüş gedir. Qarabağa gedib
çıxana qədər məni gözləməyin.Yaşı
az olduğuna görə, ayin 3-də döyüşə girməyə
icazə verməyiblər. Döyüş yoldaşları
deyir, ayın 4-də nə qədər məcbur etsək də
qayıtmadı. Yoldaşlarının ölümü ona pis
təsir edibmiş. Özünü elə qabağa atıb. Nə
yaxşı ki, torpaqların azad olunmasında iştirak etdi, nə
yaxşı ki, o sevinci yaşaya bildi…”. Atası ilə eyni
gündə - 15 iyulda doğulubmuş. Həmişə
atasına “səni qəhrəman atası edəcəm” deyən
Eminin ən böyük arzusu elə buymuş. Abdulla
Bağırov deyir, özüm də kəşfiyyatçı
olduğum üçün bu işin çətinliklərindən
xəbərim var: “Qarabağ müharibəsində kəşfiyyaçı
olmuşam. Çətinliklərindən xəbərim var. Ona
görə istəmirdim o da kəşfiyyatçı olsun.
Çox həvəsliyidi hərbi sahəyə.
Atasının maddi çətinliyi vardı. Ən
böyük arzusu atasına dəstək olmaq idi. Deyirdi, bir
iş qurub kömək edəcəm atama. Amma ağlı hərbdə
idi. Düzdür, Vətən yolunda gedib, amma belə mərd,
qoçaq uşağın belə tez dünyadan getməsi
adamı yandırır”. Ailədə üç oğul
övladının sonuncusu olan Emin cəbhədə
döyüşlər başlayanda valideynlərinə zəng
vurub. Şəhidin nənəsi Xanımzadə
Bağırova deyir, elə sevincliydi ki, sanki döyüşdən
yox, toydan zəng vurmuşdu: “Heç vaxt müharibəyə
gedəcəyindən, döyüşə girəcəyindən
qorxmamışam. Çox hərəkətli idi,
dayanmırdı bir yerdə. Ən çox qorxduğum
paraşütün açılmaması idi. Deyirdim, ay Emin, paraşütün
birdən açılmaz, yıxılarsan. Aprelin 2-də zəng
elədi, dedi, döyüşürük, Qarabağı
alacağıq, tezliklə sizi sevindirəcəm”. Çətin
olsa da şəhidin anası Sədaqət Bağırova
oğlunun arzularından danışdı: “Martın
ortalarında gəlmişdi, bayrama gələ bilmədi. Dedi,
onsuz da aprelin 1-i əsgərliyim bitir, neynirəm məzuniyyət
götürüm. İnanmayacaqsınız bəlkə də,
amma Emin elə bil aqibətini bilirdi. Ən böyük arzusu
şəhid olmaq idi. Deyirdi, mama, ölsəm ağlama, şəhid
anasına ağlamaq yaraşmaz. Zarafat kimi gəlirdi bu sözlər
mənə. Aprelin 4-ü səhər şəhid olub.
Yoldaşları deyir, təpənin başında durmuşdu,
bizə tərəf gələndə yanımızda nəsə
partladı. Boğazını qəlpələr
doğramışdı. Əsgər yoldaşlarından son
sözünün nə olduğunu soruşdum. Heç nə
deyə bilməyib. Döyüşçülər
arasında ən aşağı yaşlısı Eminim olub.
Bütün şəhidlər mənim balamdı.
Hamısından yazın. Eminin xoşu gəlirdi məşhur
olmaqdan. Kaş haqqında yazılanlardan xəbəri
olaydı”. Şəhid olan gündən bəri Eminin şəklini
sinəsində gəzdirən dostu Vüsal Məmmədov
deyir ki, hələ əsgərlikdən əvvəl
döyüş bölgəsinə gedəcəyini deyirdi: “Hətta
zarafatla söhbət edəndə də şəhid
olacağından danışırdı. Facebookda da
statusları ancaq bu mövzuda olurdu. Ən böyük arzusuna
çatdı”. İndi şəhidin ailəsinin yeganə istəyi
Emin Bağırovun təhsil aldığı 182 saylı məktəbə
onun adının verilməsidir.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilmişdir
Olaylar.- 2016.- 7-10 may.-
S.15.