Müharibə veteranlarının
keçdikləri şərəfli yol
Gənclər
üçün vətənpərvərlik nümunəsidir
XX əsrdə İkinci Dünya
müharibəsi illəri bəşəriyyət
üçün ən ağır və dəhşətli
dövr olub. Almaniyada və İtaliyada yaranmış
faşizm nəinki bu ölkələrin özünü, hətta
bütün bəşəriyyəti təhlükə
altına aldı. İkinci Dünya müharibəsi illərində
Azərbaycan xalqı həm cəbhə bölgələrində,
həm də arxa cəbhədə böyük qəhrəmanlıq
və igidlik nümunələri göstərib. Qısa
müddətdə respublikada 87 qırıcı təyyarə
batalyonu və 1124 özünümüdafiə dəstələri
təşkil olunub. 1941-1945-ci illərdə 600 mindən
çox azərbaycanlı oğlan və qızlar cəbhəyə
yollanıb.
Azərbaycan diviziyaları Qafqazdan Berlinəcən mübariz yol keçib. 130-a yaxın həmyerlimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfəri Şərəf ordeni ilə təltif olunub. 170 min Azərbaycan əsgər və zabiti SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyatov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqaları öz qəhrəmanlığı ilə xalqımızın şərəfli tarixinə yeni sətirlər yazıblar. Respublika iqtisadiyyatının cəbhə yoluna keçirilməsi məqsədilə böyük işlər görülüb. Yüngül və yeyinti sənayeləri cəbhə üçün işləməyə başlayıb. Qısa müddətdə Bakı döyüşən ordunun ən mühüm cəbhəxanasına (arsenal) çevrilib. Böyük çətinliklərə baxmayaraq, neftçilərimiz fədakarlıqla çalışaraq cəbhəni və sənayemizi yanacaqla təmin ediblər. Akademik Yusif Məmmədəliyevin rəhbərliyi ilə hava flotu (aviasiya) benzini almaq üçün yeni texnologiya yaradılıb. 1941-ci ildə neftçilərimizin fədakar əməyi nəticəsində Azərbaycanın tarixində ən çox, 23,5 millyon ton neft istehsal olunub ki, bu da SSRİ-də istehsal olunan neftin 71,4%-ni təşkil edirdi. Ümumiyyətlə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milliyon ton neft, 22 milliyon ton benzin və başqa neft məhsulları veriblər. Qətiyyətlə demək olar ki, Bakı nefti faşizm üzərində qələbə qazanılmasında əsas amiliərdən biri oldu. Bunu demək kifayətdir ki, hər beş təyyarənin, hər beş tankın, hər beş avtomobilin dördü Bakı benzini ilə işləyirdi. İkinci Dünya müharibəsi Azərbaycan xalqının fədakar, qəhrəman, cəsarətli olmasını bir daha sübut etdi. Prezident İlham Əliyev mayın 9-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü və faşizm üzərində Qələbənin 71 illiyi münasibətilə keçirilən rəsmi qəbulda bildirib ki, builki Qələbə günü Azərbaycanda xüsusi ruh yüksəkliyi ilə qeyd edilir. Bildiyiniz kimi, keçən ayın əvvəlində Ermənistanın Azərbaycana qarşı növbəti silahlı təxribatı nəticəsində Ordumuz uğurla əks-hücum əməliyyatı keçirmişdir. İşğal olunmuş torpaqlarımızın bir hissəsi əks-hücum əməliyyatı nəticəsində işğalçılardan azad edilmiş, təmas xəttindəki mövqelərimiz daha da möhkəmlənmişdir.Azərbaycan Prezidenti vurğulayıb ki, aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini nümayiş etdirmişdir. Qarşımızun qarşısında duran əsas vəzifənin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli olduğunu xüsusi qeyd edən dövlətimizin başçısı bildirib ki, bu istiqamətdə həm siyasi, həm diplomatik və digər amillərdən istifadə edilərək mövqeyimiz danışıqlar prosesində gücləndirilir. Haqq-ədalət bizim mövqeyimizi dəstəkləyir, müdafiə edir. Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır, hüquqi cəhətdən Azərbaycanın ayrılmaz hissəsidir. Beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələr bizim mövqeyimizi gücləndirir və müdafiə edir. "O ki qaldı, Ermənistan ilə Azərbaycan arasındakı fərqə, bu fərq göz qabağındadır. Mən dəfələrlə demişəm, həm siyasi müstəvidə, iqtisadi sahədə, bütün digər sahələrdə, o cümlədən ordu quruculuğu sahəsində Azərbaycanın üstünlüyünü görməmək mümkün deyil. Aprel döyüşləri onu da göstərdi ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır və istənilən vəzifəni icra edə bilər", - deyə Azərbaycan Prezidenti İlham Əliyev əlavə edib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün beynəlxalq norma və prinsiplərin əsas rol oynadığını bildirən dövlətimizin başçısı vurğulayıb ki, biz daha da güclü olmalıyıq və bu yolla gedirik: “Bu yol Heydər Əliyev yoludur. Biz onun siyasətinə sadiqik, bu yolla gedirik və bundan sonra da gedəcəyik, Azərbaycan xalqının xoşbəxt gələcəyini təmin edəcəyik”. Böyük Vətən müharibəsində qələbənin 71 illiyi münasibətilə Müdafiə Nazirliyinin tabeliyində olan birlik, birləşmə və hərbi hissələrdə silsilə tədbirlər keçiriblər. Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən şəxsi heyət tərəfindən Böyük Vətən müharibəsi illərində həlak olmuş həmvətənlərimizin xatirəsinə ucaldılmış abidələr ziyarət olunub, müharibə veteranları ilə görüşlər keçirilib, onların qəhrəmanlıqlarına həsr olunmuş filmlərə baxış təşkil edilib, eləcə də hərbi qulluqçular digər mədəni-kütləvi tədbirlərdə iştirak ediblər. Mayın 9-da Bakı şəhərində iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin xatirələrinə ucaldılmış abidələr və Qardaşlıq məzarı ziyarət olunub, önlərinə çiçəklər düzülüb və əziz xatirələri dərin ehtiramla yad edilib. Bayram tədbirləri eyni zamanda bütün qarnizonlar və iri şəhərlərdə də keçirilib. Növbəti gün-mayın 10-da Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və birləşmələrdə gənc əsgərlərin andiçmə mərasimi keçirilib. Silahlı Qüvvələrin birlikləri, Əlahiddə Ümumqoşun Ordusu, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin hərbi hissələrinin ərazilərində təşkil edilmiş mərasimlərdə rituala uyğun olaraq döyüş bayrağı sıra meydanına gətirilərək Dövlət himni ifa edilib və tədbir açıq elan olunub. Sonra gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul ediblər. Andiçmə mərasimlərində hərbi hissələrin komandanlığı, yerli icra orqanları və ictimaiyyət nümayəndələri, veteranlar və əsgər valideynləri iştirak ediblər. Mərasimdə çıxış edən hərbi qulluqçular, valideynlər, veteranlar və ictimaiyyət nümayəndələri gənc əsgərlərə nümunəvi olmağı, nizam-intizamlı xidmət etməyi, silah və texnikanın sirlərini dərindən öyrənərək döyüş qabiliyyətlərini daim artırmalarını, komandir-rəis heyətinin əmr və sərəncamlarını dəqiq və vaxtında yerinə yetirmələrini, işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda döyüşə hər an hazır olmalarını tövsiyə ediblər. Rəsmi mərasim başa çatdıqdan sonra şəxsi heyət üçün konsert proqramı təşkil olunub və valideynlərə hərbi hissələrdə yaradılmış şərait nümayiş etdirilib. Bayram günü ilə əlaqədar müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olub. Ön xətdə, işğaldan yeni azad edilmiş ərazilərdə düşmənlə üz-üzə səngərlərdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən Müdafiə naziri müdafiənin dayanıqlığı, mühəndis-istehkam qurğularının hazırlığı və təkmilləşdirilməsi, hərbi qulluqçuların döyüş hazırlığı, mənəvi-psixoloji vəziyyəti və sosial-məişət şəraiti ilə tanış olub. Müdafiə naziri düşmənlə təmas xəttində yerləşən bölmələrdə qarşı tərəfi müşahidə edib. Ərazidəki əməliyyat şəraiti və müdafiə zolağında görülən işlər barədə məruzə edilib. Aprel ayının əvvəlində Lələ təpə yüksəkliyinin azad edilməsi əməliyyatı zamanı göstərdiyi şücaətə görə Silahlı Qüvvələrin Ali Baş Komandanı tərəfindən Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş polkovnik-leytenant Şükür Həmidova Müdafiə nazirinin əmri ilə vaxtından əvvəl verilmiş növbəti polkovnik hərbi rütbəsi təqdim olunub. Aprel döyüşlərində fərqlənən hərbi qulluqçularla görüşən Müdafiə naziri onlara qiymətli hədiyyələr təqdim edib və onlarla çay süfrəsi arxasında söhbət aparıb. Səngərlərdə döyüş növbəsi çəkən şəxsi heyət vətənə, xalqa, dövlətə sədaqətlə xidmət etdiklərini və Ali Baş Komandanın əmri ilə ölkəmizin ərazi bütövlüyünün təmin olunması, işğal edilmiş torpaqlarımızın azad edilməsi uğrunda hər an döyüşə hazır olduqlarını bildiriblər. Ardınca 2016-cı ilin döyüş hazırlığı planına uyğun olaraq Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə cəbhəboyu zonada yerləşən hissə və bölmələrin zirehli texnikalarından ibarət qrupların döyüş hazırlığı təlimi keçirilib.Təlimlər zamanı döyüş texnikası və piyadaların atıcı silahlardan döyüş sursatları ilə praktiki atışlar icra edilib, bölmələr birbaşa təyinatları üzrə qarşıya qoyulmuş tapşırıqları praktiki olaraq yerinə yetiriblər. Onu da qeyd edək ki, II Dünya müharibəsində faşizm üzərində tarixi qələbənin 71-cu ildönümü respublikanın müxtəlif bölgələrində də qeyd edilib. Bütün tədbirlərdə bildirilib ki, Azərbaycan da bu böyük Qələbənin əldə edilməsində əlindən gələni əsirgəməmiş, bu ağır müharibədə yüz minlərlə soydaşımız rəşadətlə döyüşmüşdür. 71 il əvvəl dünyanı faşizm dəhşətindən xilas edən və xalqlara azadlıq gətirən insanlar dərin minnətdarlığa və böyük hörmətə layiqdirlər. Odur ki, müharibədə qəhrəmancasına həlak olaraq Qələbəni təmin etmiş insanların ruhu qarşısında baş əyirik. Tədbirlərdə çıxış edən veteranlar keçdikləri şərəfli ömür yolundan danışaraq, respublikamızda, o gedən tikinti, yenidənqurma və abadlıq işlərini yüksək qiymətləndirmiş, gənc nəslə öz ağsaqqal məsləhətini veriblər. Bu gözəl qələbəni ən qısa zamanda Qarabağda qeyd etməyi arzuladıqlarını bildiriblər. Özlərinə göstərilən böyük diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə dərin təşəkkürlərini bildiriblər. Heç şübhəsiz ki, belə tədbirlər gənclərin vətənpərvərlik ruhunun yüksəlməsi işində mühüm rol oynayır.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilmişdir
Olaylar.- 2016.- 12 may.- S.15.