Gənclərin vətənpərvər ruhda
tərbiyəsi
üçün sistemli iş aparılır
Gənclərin milli mənlik şüurunun
inkişaf etdirilməsi, onlarda
vətənpərvərlik hisslərinin artırılması
istiqamətində ölkədə sistemli
şəkildə işlər görülür.
Təkcə dövlətin bu sahəyə
cavabdeh olan
qurumları deyil, eləcə də yerli icra orqanları gənc
nəslin vətənpərvər ruhda tərbiyə
olunması üçün lazımı
addımlar atır. Sevindirici hal ondan ibarətdir ki, yerlərdə, şəhər və rayonlarda vətənpərvər ruhda tədbirlər davamlı xarakter
daşıyır. Bu gün
Abşeron rayonunda da gənclərin vətənpərvər ruhda tərbiyə olunması başlıca vəzifələrdən
biridir.
Torpaqlarımızın bir qisminin işğal altında olduğu bir şəraitdə bu yöndə təbliğatın gücləndirilməsi vacib əhəmiyyət kəsb edir. Çünki dövlətin qarşısında duran başlıca vəzifələrdən biri də gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi və onlara vətənpərvərlik hisslərinin aşılanmasından ibarətdir. Gənclərin aparıcı qüvvə olaraq gələcəkdə dövlətin yükünü öz üzərində daşımalı olacağını nəzərə alanda, sözügedən məsələyə son dərəcə məsuliyyətlə yanaşmaq reallığı ortaya çıxır. Gənclərin vətənpərvərlik ruhunun yüksək olması hər mənada dövlətin xeyrindədir. Fərqi yoxdur, həmin gənc hərbçidir, yoxsa digər peşə sahibi. Hansı peşə üzrə əmək fəaliyyəti ilə məşğul olmasından asılı olmayaraq, gənc nəsildə vətənpərvərlik, torpağa, dövlətə sədaqət hissləri yüksək olmalıdır. Son illərdə Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən bu istiqamətdə bir sıra addımlar atılır, sistemli işlər görülür. Bütün bunlarla yanaşı, gənclərdə vətənpərvərlik hisslərinin yüksək olması ilk növbədə onların milli-mənəvi özünüdərkindən keçir. Hər bir gənc, vətəndaş dərk etməlidir ki, hansı vətəni, milləti, milli xüsusiyyətləri təmsil edir. Xüsusilə nəzərə almaq lazımdır ki, Azərbaycan müharibə vəziyyətində olan dövlətdir. Ərazilərimizin 20 faizi işğal altındadır. Belə bir situasiyada gənclərin milli-mənəvi dəyərlərə bağlılığı çox önəmli və vacib əhəmiyyət kəsb edir. Milli mənlik şüurunun inkişaf etdirilməsi üçün bir sıra parametrlərin nəzərə alınması vacib əhəmiyyət kəsb edir. Gənclərdə hərbi vətənpərvərlik hislərinin gücləndirilməsi işi də rayon İcra Hakimiyyəti başçısı aparatının daim diqqət mərkəzində saxlanılır. Aparılmış məqsədyönlü tədbirlər nəticəsində Azərbaycan Respublikası Prezidentinin müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncamlarının icrası yüksək səviyyədə təşkil edilir. 2014-cü il ərzində 522 nəfər gənc həqiqi hərbi xidmətə yola salınıb, çağırışdan yayınma hallarına rast gəlinməyib. Hərbi xidmət keçən gənc əvvəla müstəqil həyata qədəm qoyur və bir sıra sınaqlardan çox uğurla çıxır. O üzdən, hərbi xidmət elədir ki, orada insanların zəif, güclü cəhətləri, digər keyfiyyətləri məlum olur. Başqa bir tərəfdən, hərbi xidmətdə gənclərin bir-biri ilə kollektiv münasibəti formalaşır. Hərbi xidmət gənclərə vətənpərvərlik hissləri aşılamaqla yanaşı, onlarda bir mətinlik, dözümlülük formalaşdırır. Onlarda vətənə bağlılıq kontekstində daha geniş təsəvvürlər formalaşdırır. Bir məqamı da nəzərə almaq lazımdır ki, Azərbaycan müharibə şəraitində olduğu üçün, hərbi xidmət gənclərdə düşmənə qarşı nifrət hissinin formalaşmağına təkan verir. Bundan başqa, hərbi silahlardan, texnikadan istifadə qaydalarına yiyələnmək baxımından xidmətin gənclər üçün özünəməxsus rolu var. Bu da istər millətin, istərsə də həmin insanın özünün təhlükəsizliyi üçün vacib şərtlərdən biridir. Ona görə də hesab edirəm ki, kimliyindən asılı olmayaraq, bütün gənclər hərbi xidmət keçməlidir. Çünki hərbi xidmət həm də bir kişilik məktəbidir. Hərbi xidmətin gənclərin formalaşmağında oynadığı rolu orta ümumtəhsil müəssisələrində şagirdlərin diqqətinə çatdırmaq lazımdır.
Səbail rayonunda da gənclərin hərbi vətənpərvər ruhda tərbiyə olunması istiqamətində sistemli iş aparılır. Belə ki, bu günlərdə rayonun mərkəzindəki Sahil bağında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində rayon icra hakimiyyətinin təşkilatçılığı ilə məktəblilər arasında hərbi-vətənpərvərlik mövzusunda rəsm müsabiqəsi keçirilib. Bayramsayağı bəzədilmiş Sahil bagında böyük abadlıq işləri aparılıb, park başdan-başa yenilənib, istedadlı gənclər tərəfindən özlərinin bacarıq və istəklərinə uyğun gül və gül-kol bitkiləri əkilib, gənclərin sərbəst qaydada öz fantaziyalarına uyğun müxtəlif kompozisiyalar hazırlanıb. Parkdakı gül kompozisiyaları insanları dönə-dönə ayaq saxlamağa, dahi şəxsiyyətə xalq məhəbbətinə güllərin, çiçəklərin dili ilə baxmağa vadar edirdi. Rayonun orta məktəblərində, həmçinin Bakı Oksford məktəbində oxuyan və 20 saylı Uşaq Yaradıcılıq Mərkəzində məşğul olan 100-dən çox məktəbli onlara ayrılmış vaxt ərzində hərbi-vətənpərvərlik mövzusunda - müharibə, xüsusilə də Qarabağ savaşı ilə bağlı müxtəlif rəsmlər çəkiblər. Gənc rəssamlar, eləcə də müəllimlər məktəblilərə rəsmlərin çəkilişində müvafiq məsləhətlər veriblər. Eyni zamanda parkda gənc rəssamların həmin mövzuda çəkdikləri rəsmlərdən ibarət sərgi nümayiş etdirilib. Sərgi tədbirin qonaqları və parka toplaşan paytaxt sakinləri tərəfindən böyük maraqla qarşılanıb. Gənc rəssamlar öz əsərlərinin nümayişi vaxtı tamaşaçılara əsərləri ilə bağlı izahlar veriblər. Azərbaycan Rəssamlar İttifaqının, Uşaq Yaradıcılıq Mərkəzinin iştirakı ilə yaradılmış münsiflər heyəti məktəblilərin rəsmlərinə baxaraq qalibləri müəyyən ediblər. Qaliblər Səbail RİH-in fəxri fərmanları və hədiyyələri ilə, digər iştirakçılar və sərgidə əsərləri nümayiş etdirilən gənc rəssamlar Səbail RİH və Rəssamlar İttifaqının diplomları ilə mükafatlandırılıblar. Səbail RİH-in başçısı Eldar Əzizov, YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev, rayonun idarə, təşkilatlarının rəhbərləri, pedaqoji kollektivlərin və ictimaiyyətin nümayəndələri parkı gəzib, sərgi və məktəblilərin çəkdikləri rəsmlər və burada yaradılan gül kompozisiyaları ilə tanış olub, məktəblilərlə, gənc rəssamlarla səmimi söhbətlər edilər. Sərgi və rəsm müsabiqəsi tədbirdə iştirak edən şəhər sakinlərinin və rayon ictimaiyyəti nümayəndələrinin diqqətini cəlb edib.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Sumqayıt şəhərində milli hərbi-vətənpərvərlik filmləri həftəsi keçirilib. Layihə çərçivəsində hərbi vətənpərvərlik mövzusunda çəkilmiş filmlərimiz nümayiş olunub. "Milli hərbi-vətənpərvərlikfilmləri həftəsi” layihəsinin rəhbəri Günel Məmmədova bildirib ki, layihənin əsas məqsədi gənclər arasında hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsinə nail olmaq, hərbi-vətənpərvərlik mövzusunda çəkilmiş milli filmlərimizin gənclər arasında təbliğ etmək, gənclərin asudə vaxtını səmərəli keçirtməsinə dəstək olmaqdır. Layihə rəhbəri bildirib ki, bu mövzuda çəkilmiş filmlərimizin gənclər arasında təbliğinə ehtiyac duyulurdu: "Son illərdə vətənpərvərlik mövzusunda istər bədii, istərsə də sənədli filmlər çəkilsə də həmin filmlərin təbliğat işləri aparılmır. Gənclər və yeniyetmələr arasında belə filmlərin təbliği və həmin filmləri nümayiş etdirərək gənclər arasında vətənpərvərlik hissini aşılamaq üçün "Milli hərbi vətənpərvərlik filmləri həftəsi” layihəsi ideyası ortalığa çıxdı. Layihə gənclər tərəfindən maraqla qarşılandı, gələcəkdə bu layihənin davamlılığı üçün çalışacağıq.”
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə Rauf Fərzəliyev tərəfindən icra olunan “Gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin artırılmasına dəstək” layihəsi çərçivəsində də tədbirlər keçirilib. Növbəti tədbir 3 ¹li Sumqayıt Peşə liseyində keçirilib.
Tədbirdə liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini Xuraman Zeynalova, tarix müəllimi Akif Kazımov, liseyin çağırışa qədərki hərbi hazırlıq rəhbəri Səid Abduləliyev, İstehsalat təlimi ustası Lalə Kamilova, liseyin psixoloqu Rəna Mustafayeva, Azərbaycan dili və ədəbiyyat müəlliməsi Xədicə Rzayeva, ekspert Anar Həsənli və şagirdlər iştirak ediblər. Tədbiri giriş sözü ilə layihə rəhbəri Rauf Fərzəliyev açıb. Layihə rəhbəri layihənin donoru olan Gənclər Fondu və onun yaranmasından, bu gün respublikada prezident İlham Əliyevin yürütdüyü gənclər siyasətindən və gənclər strategiyasından, həyata keçirilən layihənin məqsədindən danışıb. Sonra liseyin hərbi hazırlıq rəhbəri Səid Abduləliyev çıxış edərək bu mövzuda layihənin hərbi rəhbəri olduğu liseydə həyata keçirildiyi üçün təşəkkür edib. S.Abduləliyev gənclərə vətənpərvərlikdən, Azərbaycanın hərbi siyasətindən və bu gün Azərbaycan ordusunun inkişafından bəhs edib. Bu gün torpaqlarımızın 20%-nin işğal altında olduğunu və torpaqlarımızın geri qaytarılması istiqamətində görülən işlərdən, güclənən ordumuzdan danışan hərbi rəhbər gələcəkdə hərbi xidmətə gedəcək gənclərə öz tövsiyələrini və məsləhətlərini verib, onlara Vətənə olan borclarını layiqincə yerinə yetirməkdə uğurlar diləyib. Liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini Xuraman Zeynalova çıxış edərək yeniyetmə və gənclər arasında vətənpərvərlik mövzusunun təbliğinin əhəmiyyətindən və vacibliyindən danışıb. X. Zeynalova təhsil müəssisələrində bu mövzulara qarşı çox diqqətlə yanaşıldığını xüsusi olaraq qeyd edib və gənclərimizi də bu mövzuda məsuliyyətli olmağa çağırıb.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2016.- 13 may.- S.15.