Gənclərin vətənpərvər
ruhda
tərbiyəsi başlıca prioritetdir
Müasir
dövrdə gənclərin milli vətənpərvərlik
ruhunda tərbiyəsi başlıca prioritetdir. Bu bir
danılmaz faktdır ki, gənclik hər bir millətin
inkişafının təməl daşıdır. Məhz bu səbəbdən bir millətin
mövcudluğu üçün sağlam gəncliyin
olması vacib şərtdir. Çünki ölkədə
dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi
gələcəyin etibarlı təminatı, intellektual səviyyəli
potensial kadrların yetişdirilməsindən, onların
aparıcı qüvvəyə çevrilməsindən
asılıdır. Bu baxımdan ölkəmizdə
gənclərlə iş sahəsində görülən tədbirlər
Azərbaycan gəncliyinin daha da inkişaf etməsinə təkan
verir, onların cəmiyyətdə təsdiq olunmaları
üçün şərait yaradır. İnsanın ən
ali və əzəli hisslərindən olan vətənpərvərlik
hər kəsin doğulub boya-başa
çatdığı elə, obaya, torpağa, vətəndaşı
olduğu ölkəyə məhəbbətdən
qaynaqlanır. Lakin vətənpərvərlik təkcə Vətəni
sevmək deyil.
Vətənpərvərlik həm də Vətənin naminə çalışmaq, Vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, Vətənin, xalqın hər bir uğuruna sevinməkdir. Bu hiss insanda anadangəlmə olsa da, bütün digər hisslər kimi tərbiyəyə möhtacdır və tərbiyə yolu ilə daha da möhkəmlənir və inkişaf edir. Vətənpərvərlik insanı səciyyələndirən ən mühüm keyfiyyətlərdən olduğundan onun böyüməkdə olan nəslə aşılanması, uşaq, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması həmişə təlim-tərbiyə işinin ən mühüm istiqamətlərindən, təhsil müəssisələrinin ən vacib vəzifələrindən olub.
Vətənpərvərlik – vətənə olan ülvi məhəbbətdir.
Vətənpərvərlik
hissi insanın daxilində olan bir hissdir. Əgər bu hiss sənin
daxilində yaranmayıbsa, o zaman nə vətənini, nə
torpağını, nə valideynlərini sevə bilməzsən.
Vətənpərvərəm deməklə iş bitmir. Hər bir insan vətənpərvərliyini əməlləri
ilə, gördüyü işlərlə sübut etməlidir.
Vətənpərvərlik daxildən gələn
bir hissdir ki, bu hissləri də müəyyən vasitələrlə
tərbiyələndirmək, düzgün istiqamətə
yönəltmək lazımdır. Vətən bir
adamın doğulub böyüdüyü və
vətəndaş
olduğu ölkə,
doğma yurd, ana yurd
deməkdir. Vətənpərvərlik insanın öz
vətəninə
sevgi və sədaqətliliyindən, onun
tarixi və milli – mədəni dəyərləri üçün qürur
hissi keçirməkdən, doğma
Vətənin siyasi,
iqtisadi və mənəvi tərəqqi naminə
çalışmaqdan və onun
müdafiəsinə
can atmaqdan ibarətdir. Vətənpərvərlik tərbiyəsinin əsas məqsədi vətəndaşlıq borcunu yerinə
yetirməyə can atan mənəvi,
siyasi professional, psixoloji və fiziki
keyfiyyətlərə
malik olan insan tərbiyə etməkdir.
Hər bir
xalqın və millətin
tarixində elə mərhələlər olur ki, vətənpərvərliyin
tərkibi sayılan hərbi
vətənpərvərlik
məfhumu ön plana çıxır . Hərbi
vətənpərvərlik
dedikdə əsasən üç vacib element
nəzərdə tutulur: mənəvi-siyasi, hərbi
texniki və fiziki psixoloji
hazırlıq.
Bütövlükdə hərbi
vətənpərvərlik tərbiyəsinin Vətən təəssübü, Vətən anlayışının aliliyi, hərbi anda sədaqət,
Vətən müdafiəsinə hazırlıq, milli
rəmzlərə hörmət
meyarı təşkil edir.
Vətəndaşlıq hissi
vətənpərvərliyin ən yüksək forması olub, fərdin dövlət qarşısında öz hüquq
vəzifələrini
başa düşməsidir.
Vətəndaşlıq hissi
olan şəxs öz ətrafında vətənin taleyi ilə bağlı baş
verən hadisələrin fəal
iştirakçısına
çevrilməlidir.
Bu gün müstəqil dövlət quruculuğu yolunda
gənclərin üzərinə böyük və məsuliyyətli
vəzifələr düşür. Bu vəzifələri
isə yalnız öz vətənini sevən, onun tərəqqisinə
çalışan və azadlığı uğrunda
canını qurban verməyə hazır olan gənclər
yerinə yetirə bilər. Respublikanın
əksər gəncləri vətən qarşısında
öz vətəndaşlıq borclarını layiqincə
başa düşür, onun qorunmasında və milli dövlətçilik
quruculuğunda fəal iştirak edirlər. Bununla belə, son dövrlərdə bəzi gənclərdə
vətənpərvərlik və milli ləyaqət hisslərinin
zəif olması hallarına təsadüf edilir. Vətənin
taleyinin təhlükə altında olduğu, onun
bütövlüyü uğrunda ölüm-dirim mübarizəsinin
getdiyi bir zamanda xalqın vətəni qorumağa qadir, mərd,
sadiq gənclərə böyük ehtiyacı var. Buna görə
də gənclərdə vətənpərvərlik və vətəndaşlıq
hisslərinin daha da gücləndirilməsi sahəsində məqsədəuyğun
və sistemli iş aparılmalıdır.
Vətənə məhəbbət hissi gənclərin
dövlət dilinə, milli musiqiyə, folklora, mənsub
olduğu dini dəyərlərə, tarixi ənənələrə
bağlılığında, ölkə ərazisinin
bütövlüyünün qorunmasına hazır olduğunu
əməli işlə sübut etməyində öz təzahürünü
tapmalıdır. Vətənin tərəqqisi naminə
çalışmaq üçün gənclərin müəyyən
sənətə, peşəyə sahib olması, dövlət
quruculuğunda fəal iştirak etməsi, yüksək
peşəkarlığa, təhsilə və elmə yiyələnməsi,
geniş dünyagörüşünə malik olması, əməyi
sevməsi, onunla məşğul olması və təşəbbüskarlığı
vacibdir. Vətənin maddi və mənəvi
sərvətlərini qorumaq, iqtisadi qüdrətinin yüksəlməsinə
nail olmaq, baş verə biləcək iğtişaşlara, təxribatlara
və təbii fəlakətlərə qarşı həmişə
mübarizə iqtidarında olmaq lazımdı.
Bu bir
danılmaz faktdır ki, Azərbaycan xalqı gələcəyimiz
olan gənc nəslin Vətənə məhəbbət, elinə
və obasına hörmət, soykökünə, öz
ata-babalarının ənənələrinə sədaqət
ruhunda tərbiyə olunmasına həmişə böyük
məsuliyyətlə yanaşıb və ona həyati əhəmiyyətli
məsələ kimi baxıb. Bu bir həqiqətdir ki, vətənpərvərlik
insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlık
hissi yaradır, apardığı mübarizədə onda inam
hissini gücləndirir. Danılmaz bir faktdır ki, insanda vətənpərvərlik
hissi qəhrəmanlığın əsasını qoyan amildir.
Azərbaycan şanlı tarixi və əfsanəvi
qəhrəmanları ilə həmişə fəxr edir. Azərbaycan xalqı
qəhrəman xalqdır. Və bu xalq
öz Vətənini göz bəbəyi kimi qorumağa
hazır olan mətin gənclər yetişdirib. Erməni qəsbkarlarına qarşı
ölüm-dirim savaşında həlak olan Azərbaycanın
qəhrəman oğul və qızlarının ibrətamiz həyatı,
şəxsi nümunəsi apardığımız hərbi vətənpərvərlik
tərbiyəsi işində ön plana keçməlidir.
Müstəqil dövlətdə yaşayan hər bir gənc
ilk növbədə bu dövlətin müstəqilliyinin təmin edilməsini
özünün əsas vəzifəsi və məqsədi
hesab etməlidir. Gənclər bilməli və
dərk etməlidir ki, Azərbaycan üçün dövlət
müstəqilliyi ən böyük hadisədir və bu bilik
vətənpərvərlik hissinin aşılanması vasitəsilə
təlqin edilə bilər. Hər bir
ölkənin gələcəyi onun gənclərinin
düşüncə tərzindən, intellektual səviyyəsindən,
milli ruhdan və digər amillərdən asılıdır.
Azərbaycan gəncliyi bütün dövrlərdə
ölkənin taleyüklü məsələlərinə
münasibətdə, həlledici məqamlarda öz
sözünü deyib. Ölkəmiz
müstəqillik əldə etdikdən sonra gənc nəslin
üzərinə daha böyük məsuliyyət
düşüb. Müstəqilliyin əldə
edilməsində olduğu kimi, onun qorunub saxlanmasında da gənclərin
rolu danılmazdır. Gənc nəsil həm
də xalqın əsrlər boyu yaradıb
yaşatdığı ənənələri, milli mədəniyyəti
yaşadır və gələcək nəsillərə
ötürür. Bu mənada gənclərin
çiyinlərinə böyük yük
düşmüş olur, çünki gənclər dövlətin
həm bu günü, həm də onun gələcəyidir.
Bu gün Azərbaycanda həyata keçirilən gənclər
siyasətinin, gənclərə göstərilən diqqət
və qayğının əsasında ölkəyə
layiqli vətəndaş və sağlam nəslin
yetişdirilməsi dayanır. Müstəqilliyin
üçüncü onilliyini yaşayan Azərbaycana məhz
milli şüura malik, vətənpərvər gənclər
lazımdır. Ümummilli liderimiz Heydər
Əliyevin əsasını qoyduğu müstəqil Azərbaycanın
gənclər siyasəti də məhz bu amala xidmət edir.
Ümummilli lider müstəqil düşüncə tərzinə
sahib vətənpərvər nəslin yetişməsini dəfələrlə
qürur hissi ilə vurğulayıb: “Məni hədsiz dərəcədə
sevindirən odur ki, Azərbaycanın gələcəyini
möhkəm əllərdə saxlaya bilən, Azərbaycanı
daim bütün xətalardan qoruya bilən, Azərbaycanın
dövlət müstəqilliyini, demokratik dövlətini
qoruya bilən gəncliyi var”.
İnsanın
ən ali və əzəli hisslərindən
olan vətənpərvərlik hər kəsin doğulub
boya-başa çatdığı elə, obaya, torpağa, vətəndaşı
olduğu ölkəyə məhəbbətdən
qaynaqlanır. Lakin vətənpərvərlik təkcə
vətəni sevmək deyil. Vətənpərvərlik həm
də vətənin naminə çalışmaq, vətəni
qorumağa hər an hazır olmaq, onun
yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək,
vətənin, xalqın hər bir uğuruna sevinməkdir. Bu
hiss insanda anadangəlmə olsa da, bütün digər hisslər
kimi tərbiyəyə möhtacdır və tərbiyə
yolu ilə daha da möhkəmlənir, artır. Vətənpərvərlik insanı səciyyələndirən
ən mühüm keyfiyyətlərdən olduğundan onun
böyüməkdə olan nəslə aşılanması,
uşaq, yeniyetmə və gənclərin vətənpərvərlik
ruhunda tərbiyəsi həmişə təlim-tərbiyə
işinin ən mühüm istiqamətlərindən, məktəbin
ən vacib vəzifələrindən olub. Müasir dövrdə təhsilin
qarşısında qoyulmuş fəal vətəndaşlar
yetişdirmək vəzifəsi də məhz sistemli,
ardıcıl aparılan vətənpərvərlik tərbiyəsinin
nəticəsində reallaşdırılır.
Vətənpərvərlik eyni zamanda emosiyalarla, hisslərlə
bağlıdır. Emosiya və hisslərin tərbiyə
edilməsi müsbət, xeyirxah işdir. Lakin vətənpərvərlik
yalnız hiss deyil. Bəlkə də ona görə,
cəmiyyətdə milli ideologiya anlayışına, yəni
vətənpərvərliyin formalaşdırılmasında və
tərbiyə edilməsində bilik və dəyərlərin,
davranış standartlarının və əxlaqın müəyyənləşdirilməsinə
zərurət yaranır. Təməlində
dövlət, cəmiyyət, ölkənin keçmişi,
bugünü və gələcəyi haqqında biliklər
sistemi olan vətənpərvərlik artıq maarifçi vətənpərvərlikdir,
yəni bu, yalnız hiss deyil, ölkəni inkişaf etdirmək,
ölkədə münasibətləri
yaxşılaşdırmaq imkanları aramaqdır. Burada həm siyasi, həm iqtisadi, həm də mədəni
münasibətlər nəzərdə tutulur. Bütün bu münasibətlər biliyin, əxlaqın,
insana hörmətin nəticəsində yüksələ
bilir.
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2016.- 12 may.- S.12.