Xurmanın əvəzolunmaz faydaları

 

Bu qida məhsulu ürək xəstələri üçün də olduqca faydalıdır

 

Azərbaycanın dünyanın inkişaf etmiş dövlətləri, xüsusilə də Şərq ölkələri ilə əlaqələrinin inkişaf etdirilməsi bir sıra mal və məhsulların, ərzaq vasitələrinin Azərbaycan bazarına yol açmasına səbəb oldu.

Düzdür, bir sıra hallarda Azərbaycan bazarına yol tapan bəzi ərzaq məhsulları insan orqanizmi üçün faydalı olmasa da, lakin onlar içərisində insana hər cür faydası toxunan, qida məhsulları da az deyil. Belə qida maddələrindən biri də xurmadır. Etiraf etmək lazımdır ki, bu qida məhsulundan artıq bir çox hallarda istifadə edilir. Məclislərimizdə bir qayda olaraq xurma əksik olmur. Ramazan ayında isə xurmaya tələbat daha da artır. Ona görə də xurmanın faydaları barədə daha ətraflı bilgilərə malik olmaq zəruridir. Yeyəcəyimiz bütün meyvələrin şahı, tərkibində heç bir meyvədə olmayan zülal, yağ və karbohidrat – hər 3-nün bir arada toplaşdığı, bol-bol vitamin və minerallar mənbəyi olan xurma ilə biz insanlar heç nə yemədən qidalansaq orqanizmimizin bütün ehtiyaclarını ödəyə bilərik. Xurma Allahın yaratdığı mükəmməl bir meyvə. Təsadüfi deyil ki, xurma bizim müqəddəs kitabımız olan Quranda ən çox adı çəkilən bir meyvədir. Eyni zamanda müxtəlif ayələrdə xurmanın faydaları haqqında məlumatlar vardır. Məsələn, Məryəm surəsi ayə 25: “Xurma budağını özünə doğru çək, üzərinə yetişmiş xurmalar tökülsün.” Gəlin bu ayədəki hikmətə baxaq. Deməli, həmin vaxt həzrəti Məryəm anamız hamilə olur və həzrəti İsa peyğəmbəri dünyaya gətirir və cənabı Allah xurma meyvəsini hədiyyə olaraq göndərir. Çünki həmin vaxt xurma qurumuş olmasına baxmayaraq üstündən yaş və təzə xurmalar tökülür. Xurmanın tibbi baxımından da faydaları kifayət qədər böyükdür. Tibb üzrə mütəxəssis, həkim Füzuli Hüseynovun sözlərinə görə, alimlər araşdırıblar ki, xurmada bol-bol oksitosin maddəsi vardır: “Hamiləliyin son anlarında və hamiləlikdən sonra da anaların ən sevimli qidası xurma olmalıdır. Xurma həm də ana südünü artırır. Təsadüfi deyil ki, hədislərin birində deyilir. Hamiləliyin son anlarında xanımlar xurma yesələr uşaqları ağıllı və gözəl olar. Başqa bir hədisdə buyurulur ki, xurma yeməyə davam edin. Çünki xurma həzrəti Adəmin artıq qalmış palçığından yaradılmışdır. Deməli, xurma tərkibcə də insan orqanizminə çox yaxındır”. Füzuli Hüseynov deyir ki, xurmanın insan orqanizmi ilə qohumluğu barədə də fikirlər səsləndirilir: “Deməli, xurma da insan kimi 70-80 il yaşaya bilir. Bar verən, yəni dişi xurmalar 9-10 ildən sonra məhsul verməyə başlayırlar. Xurma ağacının tozlanması da maraqlıdır. Belə ki, yazda dişi xurmaların koğuşunda bir yarıq əmələ gəlir. Həmin yarığa xurma tozcuğu töküb ağzını bağlayırsan və bir ildən sonra həmin yarıqdan balaca xurmalar əmələ gəlməyə başlayır. Həmin balaca xurmaları ana xurmanın yanına əkməlisən, başqa yerə əkəndə bitmir və eyni zamanda bar verməyə az qalmış həmin tingi çıxarıb başqa yerə əkmək olur. Necə deyərlər. Tam bir insan həyatı. Erkək xurmaların hazırladığı çiçək tozu da çox maraqlıdır. Buna ərəblər tal deyirlər. İstər kişi, istər qadın sonsuzluğunda çox əhəmiyyətli bir vasitədir. Kişilərdə prostatit (prostat vəzin iltihabı), cinsi zəifliyin azalması və sonsuzluq zamanı balla qarışımı ilə yeyilir. Tərkibindəki sinkə görə balqabaqdan 6-8 dəfə güclüdür. Tal ümumi yorğunluq, halsızlıq və imtahana hazırlaşan tələbələr üçün əvəzolunmaz qidadır. Hafizəni, yaddaşı və diqqəti artırır”. Füzuli Hüseynovun sözlərinə görə, süd verən analar xurma yesələr süddə kalsium və kalium miqdarı artır, bu da uşağın sağlam böyüməsini təmin edir: “Ürəyi xəstə insanlarda bu hal özünü belə biruzə verir. Sinəm yanır və ya sinələrindən paltarları çıxarıb sinəyə hava dəyməsini istəyirlər. Belə insanlar hər gün yeddi ədəd mədinə xurmasını tumları ilə bərabər döyüb əzsinlər və üzərinə süd əlavə edib yaxşı qarışdısınlar. Onu səhərlər ac qarına içsinlər. Bu kokteyl həm də çox dadlı olur. Məlumat üçün qeyd edim ki, bunu mən bir ərəb qonağım üçün hazırladım və adam çox heyran qaldı. Dedi ki, bizim hər yerimiz xurmadır, amma bunu ilk dəfədir içirəm”.

 

Kamal

 

Olaylar.- 2016.- 13 may.- S.11.