Azərbaycan əsgərlərinin
şücaəti erməniləri dəhşətə
gətirib
Sirr deyil ki, Azərbaycan
ziyalılarının, keçmiş müharibə
veteranlarının cəbhə bölgəsinə səfəri
əsgərlərin döyüş ruhunu artırır. Məhz
bu səbədən bu
tipli səfərlər mütəmadi xarakter alıb. Bu günlərdə
də Birinci Qarabağ
müharibəsində iştirakçı olmuş
zabit və əsgərlərin bir qrupu cəbhənin
müxtəlif istiqamətlərində yerləşən hərbi
hissə və birləşmələrdə şəxsi heyətlə
görüşlərdə olublar.
Müdafiə Nazirliyindən verilən məlumata görə, bir neçə gün ərzində bütün sutka boyu ön xətdə olan əsgər və zabitlərlə görüşlər keçirən Qarabağ veteranları zabit və əsgərlərin döyüş hazırlığı, sosial-məişət şəraiti ilə yaxından tanış olduqdan sonra onlarla öz bilik və təcrübələrini bölüşüblər. Görüşün əhəmiyyəti və nəticəsi kimi qərara alınıb ki, bu xarakterli görüşlər davam etdirilsin. Həm qrupda təmsil olunan iştirakçılar, həm də birləşmə və hərbi hissə komandanlığı tərəfindən birgə həyata keçirilmiş işlərin çox böyük mənəvi-psixoloji təsirinin olması qeyd edilib. Qarabağ müharibəsinin iştirakçısı olan zabit və əsgərlər bundan sonra da böyük məmnuniyyətlə ön xətdə düşmənlə üz-üzə dayanmış şəxsi heyətlə mütəmadi görüşlərə hazır olduqlarını diqqətə çatdırıblar. Qarabağ Veteranları bundan sonra da ön xətdə düşmənlə üz-üzə dayanmış şəxsi heyətlə mütəmadi görüşlərə hazır olduqlarını diqqətə çatdırıblar.Veteranlar bir daha əsgər və zabitlərimizin yüksək əhval-ruhiyyədə olmasının canlı şahidi olub və onların hər an verilən tapşırıqları yerinə yetirməyə hazır olduqlarına əmin olduqlarını qeyd ediblər: "Biz, Qarabağ müharibəsinin Veteranları, bizə yaradılan hər cür şəraitə görə cənab müdafiə nazirimiz general-polkovnik Zakir Həsənova öz dərin minnətdarlığımızı bildiririk. Eyni zamanda bəyan edirik ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin torpaqlarımızın erməni işğalçılarından təmizlənməsi üçün verəcəyi əmr və göstərişlərə hər an hazırıq və üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirəcəyik. Əmrinizi gözləyirik, cənab Ali Baş Komandan! Vətənimiz Azərbaycana və onun Silahlı Qüvvələrinə eşq olsun!” Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən ön xətdə yerləşən birləşmənin taboru üçün yeni tikilərək müasir avadanlıqlarla tam təchiz edilən hərbi hissə istifadəyə verilib. Müdafiə Nazirliyinin rəhbərliyi açılışda iştirak edərək yeni inşa edilən qərargah, yeməkxana, qazanxana-camaşırxana-hamamxana kompleksi, nəzarət-buraxılış məntəqəsi, əsgər yataqxanası, o cümlədən inzibati, xidməti, ideoloji, istirahət və silah otaqları, əşya və ərzaq anbarları ilə tanış olublar. Hərbi hissənin ərazisində daimi avtomatik generator quraşdırılıb, su, qaz, işıq və digər kommunikasiya xətləri təchiz edilib. Müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Ali Baş Komandanının tapşırığına əsasən hərbi hissəyə yaxın kəndlərdə yaşayan və burada işlə təmin edilən mülki heyətlə görüşüb, onların şəraiti ilə maraqlanıb. Sonra Müdafiə naziri hərbi hissənin şəxsi heyətinə Ali Baş Komandanın ordu quruculuğuna göstərdiyi yüksək diqqətin nəticəsi olaraq son vaxtlar döyüş və mənəvi-psixoloji hazırlığın daha da gücləndirilməsi, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması, maddi-texniki bazanın möhkəmləndirilməsi məqsədilə görülən işləri diqqətə çatdırıb. Müdafiə naziri cəbhəboyu zonada ön xətt boyu yerləşən yeni hərbi hissələrin tikintisi ilə bağlı müvafiq tapşırıqlarını verib. Ermənistan tərəfi isə bütün vasitələrdən istifadə edərək Azərbaycanı təxribata çəkmək istəyir. Elə bu səbədən də 2016-cı ilin aprel ayı ərzində Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xətti boyunca iri çaplı minaatanlar, ağır artilleriya və toplardan istifadə etməklə təmas xəttinə yaxın kəndlərdə sıx şəkildə yaşayan mülki Azərbaycan əhalisi, fərdi və dövlət mülkiyyətində olan obyektlər və Azərbaycan ordusunun mövqelərini intensiv atəşə tutması davamlı xarakter alıb. Məhz bu zaman mülki əhaliyə dəymiş ziyanın humanitar və sosial nəticələri ilə yerindəcə tanış olmaq məqsədilə Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycanda akkreditə olunan diplomatik korpusun nümayəndələrinin cəbhənin Ağdam və Tərtər istiqamətinə səfəri təşkil olunub. Diplomatik nümayəndəliklərin rəhbərləri və hərbi attaşelərin daxil olduğu 80-ə yaxın nümayəndənin səfərinin məqsədlərindən biri də qoşunların təmas xətti boyunca mövcud vəziyyətin diplomatların təmsil etdiyi ölkələrə obyektiv çatdırılmasının təmin edilməsidir. Azərbaycanda akkreditə olunmuş hərbi attaşelər cəbhə bölgəsində ermənilər tərəfindən atılmış, istifadəsi qadağan edilmiş top mərmisinin düşdüyü əraziyə baş çəkiblər. Tərtər rayonunun Əskipara kəndinə gələn hərbi attaşelər mayın 10-da Ermənistan silahlı qüvvələrinin ağ fosfor mərmisi atdığı əraziyə baxış keçiriblər. Daşınması mümkün olmadığından mərmi mütəxəssislər tərəfindən partladılaraq məhv edilib. Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev bildirib ki, 11 ölkədən 20-dək hərbi mütəxəssis ermənilərin atdığı və istifadəsi qadağan olunmuş 122 mm ağ fosforlu top mərmisinin düşdüyü yerə baxış keçiriblər. O qeyd edib ki, həmin mərmi sənədləşdirilərək bütün beynəlxalq təşkilatlara göndəriləcək: “Hamı görsün ki, ermənilər Azərbaycanın yaşayış məntəqələrini istifadəsi qadağan olunmuş kimyəvi silahla vururlar”. H. Hacıyevin sözlərinə görə, hazırda əraziyə ATƏT-in monitorinq qrupunun da gəlməsi gözlənilir: “ATƏT nümayəndələri də hadisə yerinə baxış keçirəcək. Baxış keçirildikdən sonra kimyəvi silah yerindəcə zərərsizləşdiriləcək”. Xatırladaq ki, aprelin sonunda təmas xəttində yaşanan gərginlik zamanı ermənilər Tərtərin Əskipara yaşayış məntəqəsinə kimyəvi mərmi atıblar. Xoşbəxtlikdən mərmi əkin sahəsinə düşüb. Onu da əlavə edək ki, ağ fosforlu top mərmisi günəş işığında alışır. Ondan çıxan dumanlı hava təsir etdiyi bütün canlılara həyati təhlükə törədir. Həmin mərminin düşdüyü ərazinin bir müddət əkilib-becərilməsi qadağandır. Onu da qeyd edək ki, bir sıra xarici ölkələr və beynəlxalq təşkilatlar ermənilərin insanlığa sığmayan bu hərəkətinə biganə qalmayıblar. Avropa İttifaqının (Aİ) xarici siyasət xidmətinin nümayəndəsi Mayya Kosyançiç Ermənistana nüvə silahının yayılmaması haqqında müqavilənin imzalanmasından sonra ölkənin üzərinə götürdüyü öhdəlikləri xatırladıb. M.Kosyançiç bildirib ki, Aİ Ermənistanın nüvə silahının yayılmaması haqqında müqavilə üzrə sazişdən çıxması ilə bağlı məlumata malik deyil: "Ermənistan 1993-cü ildən nüvə silahının yayılmaması üzrə sazişin iştirakçısıdır, 1997-ci ildə isə Beynəlxalq Atom Enerjisi Agentliyi ilə sazişin yerinə yetirilməsi üzrə təminatlar haqqında əlavə protokol imzalayıb". O əlavə edib ki, bu sazişin bütün iştirakçıları Beynəlxalq Atom Enerjisi Agentliyi tərəfindən mütəmadi yoxlamalardan keçirlər: “Azərbaycan Ermənistanın Cənubi Qafqaz və onun hüdudlarından kənarda nüvə terroru təhlükəsi yaradan bir dövlət olmasını beynəlxalq ictimaiyyətin diqqətinə dəfələrlə çatdırıb. Prezident İlham Əliyev Vaşinqtonda keçirilən nüvə sammitində də bir daha bu məqamı vurğulayıb ki, xüsusilə Ermənistanın ərazisində fəaliyyət göstərən və 1976-cı ildə tikilən Metsamor Atom Elektrik Stansiyası dünyada Çernobıl texnologiyasından istifadə olunan yeganə stansiyadır. Bu da seysmik zonada yerləşir və bütün Cənubi Qafqaz regionu üçün böyük nüvə təhlükəsi yaradır”.XİN sözçüsü qeyd edib ki, son günlərdə Ermənistan vətəndaşlarının və Metsamor AES-in işçilərinin bilavasitə iştirakı ilə nüvə qaçaqmalçılığı hallarının artması tendensiyası müşahidə edilir: "Bütün bunlar ona əsas verir ki, Ermənistanın indi və əvvəllər vəzifədə olmuş vəzifəli şəxsləri açıq şəkildə Ermənistanın nüvə imkanlarına malik olması barədə açıqlamalar verirlər. Burada çirkli bomba kimi məşhur olan silahdan söhbət gedir. Burada radiaktiv elementlərin partlayıcı qurğularla birləşdirilməsi və partladılması kimi elementlər var. Bununla əlaqədar Azərbaycan Beynəlxalq Atom Enerjisi Agentliyi, BMT Təhlükəsizlik Şurası və qurumun digər strukturlarına müraciətlər hazırlayıb. Hazırda əlavə faktların toplanması işləri görülür. Eyni zamanda, fosfor silahının da istifadə edilməsi tərəfimizdən sənədləşdiriləcək və beynəlxalq ictimaiyyətə, eləcə də ATƏT-ə, BMT-yə və digər təşkilatlara çatdırılacaq". Xarici işlər naziri Elmar Məmmədyarov da məsələni beynəlxalq tədbirdə qaldırıb. O, Alman Xarici Siyasət Cəmiyyətində Azərbaycanın xarici siyasətinə dair məruzə ilə çıxış edib. Almaniya Federativ Respublikasına işgüzar səfəri çərçivəsində Elmar Məmmədyarov bu ölkənin beynəlxalq məsələlər üzrə aparıcı beyin mərkəzlərindən olan Alman Xarici Siyasət Cəmiyyətində “Azərbaycan və onun qonşuluğu. Xarici və təhlükəsizlik siyasətinin çağırışları” başlıqlı geniş məruzə ilə çıxış edib. Nazir çıxışında Azərbaycanın regionda sabitliyin, inkişafın, regional əməkdaşlığın və beynəlxalq tərəfdaşlığın təmin edilməsində rolu, Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən irimiqyaslı regional layihələrin iqtisadi və geosiyasi əhəmiyyəti, Azərbaycanın tarazlaşdırılmış xarici siyasəti, eləcə də Ermənistan-Azərbaycan münaqişəsi barədə geniş məlumat verib. E. Məmmədyarov beynəlxalq təşkilatların münaqişə ilə bağlı müvafiq qətnamə və qərarlarını qeyd edərək, Ermənistanın beynəlxalq ictimaiyyətin işğala son qoymaq çağırışlarına məhəl qoymadığını, əksinə son zamanlar cəbhə xəttinə yaxın yerləşən azərbaycanlı mülki əhaliyə qarşı hücumları artırdığını və beynəlxalq humanitar hüquq normalarını açıq-aşkar pozduğunu bildirib. Nazir son zamanlar Ermənistanın təxribat xarakterli bəyanatlar verdiyini də diqqətə çatdırıb. Daha sonra o, tədbir iştirakçılarının suallarını cavablandırıb. Bütövlükdə 150-yə qədər iştirakçının qatıldığı tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin və Almaniya Bundestaqının deputatları, Almaniyanın dövlət orqanlarının təmsilçiləri, bu ölkənin siyasi, elm və mədəniyyət xadimləri, xarici ölkə diplomatları, mətbuat təmsilçiləri və tələbələr iştirak ediblər.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2016.- 14-16 may.- S.15.