"Əhalinin içməli su təminatı:

görülmüş işlər, real vəziyyət və perspektivlər”

 

Su insanın həyatda qalmasını, onun yaşamasını təmin edən 4 ən mühüm vasitədən biridir. Bu bir həqiqətdir ki, insan su olmadan yalnız bir neçə gün yaşaya bilər. Elə bu səbəbdən də, tarixən baş verən müharibələr zamanı qarşı-qarşıya vuruşan tərəflər ilk olaraq rəqibinin su mənbələrini, ehtiyatlarını ələ keçirmək, yaxud onu istifadəsiz hala gətirməyi hədəfləmişlər. Günümüzdə də bu qeyri-sağlam mübarizə metodu davam etməkdədir. Məhz bu baxımdan hazırda qlobal miqyasda ən ciddi diqqət yetirilməli olan məsələlərdən biri bəşəriyyətin içməli su təchizatının təmin olunması, onun yaxşılaşdırılmasıdır.

Bu gün hər bir ölkədə olduğu kimi Azərbaycanda da əhalinin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Yaxın tarixə nəzər yetirsək görərik ki, bu məsələ hər zaman Azərbaycanda prioritet olubbu günproses eyni tendensiya ilə davam edir.

 

Paytaxtın ilkin su təchizatı

 

Ölkədə əhalinin içməli su ilə təminatı məsələsində mühüm istiqamətlərdən biripaytaxt Bakının su təchizatı ilə bağlı olub. Məlumat üçün qeyd edək ki, Bakı şəhərinin ilkin su təchizatının tarixi hələ XVIII əsrdən başlayır. Tarixi mənbələrə əsasən XVIII əsrin sonlarında şəhərə Bakı xanlarının adı ilə bağlı 3 su kəməri çəkilmişdi. Bakının şimalında, yayladakı 3 bulaqdan qidalananŞahsu kəməri XVIII əsrin 20-ci illərində inşa edilib. Bu kəmər metronun indiki “İçərişəhər” stansiyası istiqamətindən şəhərə daxil olurmuş. 1791-1792-ci illərdə tikilmiş “Məmmədquluxan” su kəməri isə Şəhidlər Xiyabanı yaxınlığında yerləşən iki bulaqdan qidalanırmış. Bu kəmər indiki Filarmoniya binasının aşağı hissəsindən İçəri Şəhərə daxil olur və əsasən qalanın qərb və cənub hissəsini su ilə təmin edirmiş. O dövrdə Bakı əhalisini içməli su ilə təmin edən 3-cü kəmər Bakı xanı Hüseynqulu xanın adını daşıyırdı. Kəmər mənbəyini indiki Azərbaycan prospektindəki 2 bulaqdan götürürmüş. Yolboyu kəmərə üçüncü bir bulağın suyu qoşulur və “Qoşa qapı” istiqamətində şəhərə daxil olurmuş. 1903-cü ildə isə Şollar-Bakı su kəmərinin tikintisinə başlanır. 1917-ci ilin fevral ayında Şollar kəməri ilə ilk su Bakı əhalisinə çatdırılır. Tədricən paytaxt əhalisinin sayının artması yeni su mənbələrinin üzə çıxarılması, su xətlərinin çəkilişini zərurətə çevirirdi. Bu mənada Ceyranbatan sutəmizləyici qurğular kompleksinin tikintisi mühüm əhəmiyyət kəsb edirdi. Beləliklə, 60-cı illərdə Ceyranbatan sutəmizləyici qurğular kompleksimagistral su kəmərləri inşa edilir. 3 mərhələdən olan tikinti işləri çərçivəsində Ceyranbatan sutəmizləyici qurğular kompleksinin birinci mərhələsi 8 sentyabr 1961-ci ildə istismara verilir. Kompleksin ikinci mərhələsi 1966-cı ildə, üçüncü mərhələsi isə ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə, 1978-ci ildə işə salınıb. Təsadüfi deyil ki, bu gün Sumqayıt şəhəri, Abşeron, Xəzər, Sabunçu və Suraxanı rayonlarının əksər hissələrinə verilən su Ceyranbatanda emal olunur. Tədricən Bakı şəhərində yeni yaşayış massivlərinin və mikrorayonların salınması, ətraf qəsəbə və kəndlərin böyüməsi nəticəsində Abşeron yarımadasında içməli suya tələbat kəskin artmışdı. Abşeronun içməli su təchizatını yaxşılaşdırmaq üçün 1980-ci illərdə Kür su kəmərləri sisteminin ikinci növbəsi tikilir. Kür su kəmərləri sisteminin ikinci növbəsinin istismara verilməsi ilə yeni salınmış Günəşli və Əhmədli yaşayış massivlərində müşahidə olunan su qıtlığı aradan qaldırılır.

 

Bakı və Abşeronun su təchizatında yeni mərhələ

 

XX əsrin 90-cı illərində Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi ilə neft sənayesinin inkişafı və neft ixracından əldə olunan gəlirlərin digər sahələrə yönəldilməsi ölkə iqtisadiyyatında sürətli inkişafa yol açır. Paralel olaraq Bakıda çoxmərtəbəli binaların inşası, şəhər ətrafında yeni yaşayış massivlərinin salınması ilə əhalinin sayında ciddi artım baş verir. Bununla yanaşı 1988-89-cu illərdə Ermənistanda yaşayan azərbaycanlıların dədə-baba torpaqlarından qovulması, Dağlıq Qarabağ və ətraf 7 rayonun Ermənistan ordusu tərəfindən işğalı nəticəsində qaçqın və məcburi köçkünlərin paytaxta da pənah gətirməsi Bakı və Abşerona verilən suyun həcminin artırılmasını yenidən gündəmə gətirir. Belə bir şəraitdə ümummilli lider Heydər Əliyev hər zaman olduğu kimi yenə də öz uzaqgörən siyasəti ilə vəziyyətdən çıxış yolunu tapır. Beləliklə, ölkə rəhbərliyi səviyyəsində Bakıya yeni mənbədən suyun gətirilməsinin müzakirəsinə başlanılır. 2002-ci ilin dekabrında Heydər Əliyevin iştirakı ilə keçirilən müşavirədə ümummilli lider Bakı şəhərinə yüksək keyfiyyətli bulaq suyunun gətirilməsinin vaxtının çatdığını bildirirbu məqsədlə Oğuz-Qəbələ zonasının yeraltı sularının öyrənilməsi barədə tapşırıqlar verir. Qısa müddət ərzində mütəxəssislər bu zonanın su ehtiyatlarını, onların tərkibini, gələcəkdə çəkiləcək kəmərin keçəcəyi əraziləri öyrənməyə başlayır. Prezident İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının, o cümlədən Qəbələ, İsmayıllı, Oğuz və Şamaxı rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 25 avqust 2005-ci il tarixli 972 saylı sərəncamı ilə Oğuz-Qəbələ-Bakı su kəməri layihəsinin icrasına başlanılır. Həmin sərəncamla təsdiqlənmiş Tədbirlər Planında Nazirlər Kabinetinə və “Azərsu” ASC-yə Oğuz rayonu ərazisindən Bakı şəhərinə yeni su kəmərinin çəkilməsinə dair təkliflər hazırlamaq tapşırılır. 2005-ci il sentyabrın 1-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə layihənin parametrləri müzakirə edilir və 2 il sonra - 2007-ci ilin martında tikinti işlərinə start verilir. Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaiti hesabına maliyyələşən Oğuz-Qəbələ-Bakı su kəmərinin rəsmi açılış mərasimi 2010-cu il dekabrin 28-də keçirilirilk su Bakı sakinlərinə çatdırılır. Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan Oğuz-Qəbələ-Bakı su kəməri Abşeron yarımadasının içməli su təchizatı sahəsində həyata keçirilən ən iri layihədir və su kəməri Abşeron yarımadası ilə yanaşı, su çatışmazlığı müşahidə olunan bəzi regionların problemlərinin həllinə də imkan verir. Belə ki, bu kəmər istismara veriləndən sonra Bakı şəhərinin digər mənbəyi olan Kür sutəmizləyici qurğularında emal olunan suyun bir hissəsi AranMuğan bölgəsinə yönəldilib.

 

Dünyanın ən böyük ultrasüzgəcli sutəmizləyici qurğusu

 

Ümumiyyətlə, əsası ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuşbu gün möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasət nəticəsində əhalinin içməli su təchizatı və kanalizasiya sahəsində köklü dəyişikliklər baş verib. Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq son illər bu istiqamətdə görülmüş işlər daha da sürətlənib. Təsdiq olunmuş dövlət proqramlarına uyğun olaraq həyata keçirilən layihələr çərçivəsində sutəmizləyici qurğular, anbarlar, magistral və şəbəkə xətləri tikilib, yeni kanalizasiya sistemləri yaradılıb. Kür su kəmərləri sisteminin imkanlarından yararlanmaqla 2012-2013-cü illərdə Şirvan-Muğan qrup su kəməri tikilib. Magistral kəmərin istismara verilməsi nəticəsində Hacıqabul, Şirvan, Salyan, Neftçala və Biləsuvar şəhərlərinin, həmçinin 121 kəndin 470 min nəfər sakini keyfiyyətli və fasiləsiz içməli su ilə təmin olunub. 2014-cü ildə Ucar şəhərində su şəbəkəsinin tikintisi tam başa çatdırılıb və nəticədə 4900 mənzildə smart sayğac quraşdırılıb və şəhər sakinləri fasiləsiz su ilə təmin olunub. Almaniya İnkişaf Bankı ilə birgə maliyyələşdirilən “Açıq Kommunal İnfrastruktur” layihəsi çərçivəsində 24 kilometr uzunluğunda Göygöl-Gəncə magistral su kəməri istismara verilib ki, layihəyə uyğun olaraq hazırda Gəncə şəhərinin bir hissəsinin su təchizatı bu mənbədən təmin olunur. Şəmkirçay su anbarının istismara verilməsi ilə Gəncə şəhəri, Şəmkir və Samux rayonlarının etibarlı içməli su mənbəyi yaradılıb. Asiya İnkişaf Bankının krediti hesabına isə Beyləqan və Göyçay şəhərlərində su şəbəkəsinin tikintisi başa çatdırılıb. Keçən il, oktyabr ayının 28-də Prezident İlham Əliyevin iştirakı ilə Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi istifadəyə verilib. Dünyanın ən böyük ultrasüzgəcli sutəmizləyici qurğusunun məhz Azərbaycanda tikilməsi su təsərrüfatı tariximizin ən böyük nailiyyətlərindən biridir. Ümumilikdə, istehlakçıların içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədi ilə həyata keçirilən layihələr Azərbaycanın 46 şəhər və rayon mərkəzini əhatə edir. İndiyədək 43 şəhərdə işlərə başlanılıb, 3 şəhərdə - Ağcabədi, Qazax, Samux şəhərlərində layihələrin icrasına hazırlıq görülür. İri şəhərlərlə yanaşı kənd və qəsəbələrin də içməli su təchizatının yaxşılaşdırılması diqqətdə saxlanılır. Məhz qeyd edilən müsbət işlərin nəticəsidir ki, ölkə üzrə su ilə təmin olunan əhalinin sayında hər ötən gün artım qeydə alınır. 01 aprel 2016-cı il tarixə olan məlumata əsasən, “Azərsu” ASC ölkə üzrə 1387096 abunəçiyə su təchizatı və kanalizasiya xidməti göstərir ki, bunların 1330979-u əhali, 56117-i isə qeyri-əhali abunəçiləridir. Ötən dövr ərzində əhali və qeyri-əhali qrupuna daxil olan abonentlərin sayğaclaşdırılması prosesiuğurla həyata keçirilib. Belə ki, qeyd edilən müddətə qədər “Azərsu” ASC-nin ölkə üzrə su təchizatı xidməti göstərdiyi 1318475 əhali qrupu abunəçinin 812966-ı və ya 61,7 faizi sayğacla təmin olunub. Qeyri-əhali qrupuna aid 56014 abunəçinin isə 44967-i və ya 80,3 faizində sayğaclaşma aparılıb. Onu da diqqətə çatdırmaq lazımdır ki, ölkə əhalisinin fasiləsiz içməli suyla təchiz edilməsi ilə yanaşı, vətəndaşlara verilən suyun keyfiyyətinin yaxşılaşdırılması da hər zaman diqqət mərkəzindədir və bu istiqamətdə də uğurlu nəticələr əldə edilib. Belə ki, artıq Azərbaycan Respublikasında istehlakçılara verilən içməli suyun keyfiyyət göstəriciləri beynəlxalq standartlara cavab verir. Bu məqsədlə Bakı şəhərində müasir tələblərə cavab verən Mərkəzi Laboratoriya fəaliyyətə başlayıb. Bakı şəhərinin və ətraf qəsəbələrin dayanıqlı içməli su təchizatı anbarlar vasitəsi ilə tənzimlənir. Ancaq bütün bu nailiyyətlərlə yanaşı qeyd edilən istiqamətdə problemlər də yox deyil. Belə ki, respublikanın əsas su mənbələri olan KürAraz çayları ölkə ərazisinə daxil olana qədər müxtəlif kimyəvi element və birləşmələrlə, üzvi maddələrlə çirklənməyə məruz qalır. Sərhəd xətlərində bu çayların sularında neft məhsulları, fenollar, mis, bismut, titan, manqan və digər elementlər müşahidə edilir. Ermənistan ərazisindən Azərbaycana daxil olan Araz çayında isə çirklənmə dərəcəsi digər çaylardan daha çoxdur.

 

Süleyman İsmayılbəyli

 

"Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün"

 

Olaylar.- 2016.- 18 may.- S.10.