Əsəbi sakitləşdirən, qan
təzyiqini tənzimləyən meyvə
Azərbaycanda innab bitkisi çox qədim
zamanlardan becərilir. Bu bitkinin 50-dən artıq
növü var. Qurudulmuşundan dərmanlar, şərbətlər,
çaylar hazırlanır. Hələ iki min il bundan qabaq
innab müalicəvi əhəmiyyəti ilə məşhur
olub. Hindistanda innabdan bəlğəmqovucu, sinə
yumşaldan vasitə kimi daha çox istifadə edilir.
İnnab ağacının kökünü qaynadıb suyunu
qızdırmanı salmaq üçün içirlər.
Koreyada innabın toxumundan yuxugətirici vasitə kimi istifadə edilir. Beləcə onun əsəbsakitləşdirici təsiri sübuta yetir. Çətin həzm olunduğundan, şəkərlə yanaşı istifadə edilir. İnnabda aşağıda qeyd olunan maddələr vardır: karotin, C vitamini, şəkər 60 %-ə qədər, üzvi turşular 1,6 % və pektin maddələri və s. Bundan başqa meyvələrdə yod birləşmələri də müəyyən edilib. İnnabın yarpaqları da faydalıdır. İnnab bitkisinin yarpaqları sadə, növbə ilə düzülmüş, çılpaq və parlaq yaşıldır. İnnab meyvəsi müxtəlif formada: armudvari, silindrik, dəyirmi, çəlləkvari, yumurtaşəkilli və geniş konus şəkilli olur. Meyvələrin dadı şirin, turşa şirin olur.Onların yumşaq sarımtıl ləti vardır. Meyvə qırmızı, açıq qəhvəyi və tünd qəhvəyi rəngdə olur. Meyvənin bir ədəd çəyirdəyi var. İnnab meyvəsinin tərkibində tanin, zülal, P vitamini, pektin maddələri, C vitamini, müxtəlif turşular və çoxlu mikroelementlər vardır. İnnab meyvəsində olan rutin maddəsi insanın qan təzyiqini aşağı salır. Sərinləşdirici xassəyə malikdir. Boğaz və sinəni yumşaldır, böyrək, qaraciyər üçün münasibdir, təmiz və saf qan yaradır. Bir qədər gec həzm olunur və köp əmələ gətirir. Onu gülabda isladıb yemək həzmi asanlaşdırır. Cinsi fəaliyyəti zəiflədir. İnnabı iskəncəbi ya kasnı arağı ilə bişirib işlətmək ödü yüngülləşdirir, qan təzyiqini tənzimləyir. İnnab günəşdə qurudularaq hazırlanan, iri meyvələri olan və çərəz kimi çayla təqdim edilən son dərəcə ləzzətli və faydalı şəfalı bitkidir. İnnab çiçəkləri bal arıları üçün yararlı qidadır. Belə xüsusiyyətlərinə görə innab meyvələrindən yeyinti sənayesində və təbabətdə geniş istifadə edilir. İnnab bitkisinin müsbət xüsusiyyətlərindən biri də onun məhsula faraş düşməsidir. Bağda əkilmiş ting ikinci il məhsul verir. İnnab bahar aylarında xoş qoxulu sarı rəngli çiçəklər açır. İlk başlarda yaşıl ikən yetişkinləşdikcə qırmızıya və qara-bənövşəyi rəngə dönür. Əsasən innab senyabr ayının 15-dən oktyabr ayının əvvəlinə qədər yetişir. İnnabı plasmas qablarda saxlamaq məsləhətli deyil. Çünki innabların tərkibi dəyişə bilər. Qanın təmizlənməsinə və durulmasına yaxsı təsir göstərir. Yaxşı olar ki, innab qaranlıq yerdə, ya üstü örtülü halda saxlansın. Rəngi tünd olanları ayrı rəngi narıncı olanları isə başqa qaba yığmaq məsləhətlidir.
Kənd Təsərrüfatı Nazirliyindən
verilən məlumata görə, innab, Murdarça fəsiləsinə,
Ziziphus Mill. (2/2=20,24,26,40,48,60,72,96) cinsinə aid olub, 50-dən
artıq növü birləşdirir. Bunlardan çoxu
yarpaqlarının gözəl görkəmli olması və
cazibədarlığı ilə fərqlənir. Yalnız
üç növ meyvə bitkisi kimi məlumdur: Adi innab, Lotos
innab, Mavrigiya innabı. Əksər sortların yaranmasında
Adi innab iştirak etmişdir. Adi innab - Z.jujuba Mil., güclü boya malik ağac
bitkisidir. Ağaclar 6-12 m və bəzən daha hündür
(15 m) olur. Gövdəsi kələ-kötür,
oduncağı bərk, qəhvəyi rəngli, çətri
ensiz piramidal formalıdır. Cavan yaşlarında budaqlarda
çoxlu tikan olur. Yaşlandıqca, xüsusən mədəni
formalarda tikan olmur. Bu növün tikansız forması var.
inermisRehd. adlanır və Çində “u-çi-çzao”
adı ilə bağlarda becərilir. Yarpaqları sadə
ayalı, parlaq üst tərəfdən tünd-yaşıl rəngli,
alt tərəfdən açıq-yaşıl rəngli, ensiz
ovalvari və ya lanset formalı, kənarı bütöv və
ya azacıq dişlidir. Yarpağın uzunluğu 2-5 sm, eni
0,8-2,7 sm olur. Yarpaq yatağında iki ədəd tikan olur.
İnnab birevli bitkidir, çiçəkləri ikicinslidir.
Çiçəklər həlqəvi meyvə
budaqcığı və zoğ üzərində, yarpaq
qoltuğunda qruplarla yerləşir. Hər çiçək
qrupunda 7-14 çiçək, hər zoğda isə 5-12
çiçək qrupu olur. Çiçəkləri
xırda (3 mm), çiçək yatağı bir ədəd,
lətli, yastı, sarı rənglidir. Beş ədəd kasa
yarpağı, beş ədəd ləçək
yarpağı vardır. Erkəkcikləri beş ədəd
olub çiçək yatağına birləşir. İnnab
meyvələrində 23-30% quru maddə vardır ki, bunun da əsasını
(21-25%) şəkərlər təşkil edir. Eyni zamanda meyvələrdə
0,47-1,87% müxtəlif turşular, pektin maddələri
(2,1-5,8%), C vitamini (350-735 mq%), P-fəal maddələr (25-100
mq%) və s. vardır. İnnab meyvələrindən həm təzə,
həm də qurudulmuş halda geniş istifadə edilir.
İnnab meyvələri çox qədimdən tibbi əhəmiyyət
kəsb edir. Onun meyvələrindən boğaz
ağrısı, katar, hipertoniya, mədə-bağırsaq və
s. xəstəliklər zamanı dərman kimi istifadə
edilir. Dünyada innab Aralıq dənizindən başlayaraq Cənubi
və Şərqi Asiya, Koreya və Yaponiyaya qədər
yayılmışdır. Dünyada innabın əkin sahəsinin
99%-i Çinin payına düşür. Innab istehsal edən
qabaqcıl ölkələr sırasında Cənubi Koreya,
ABŞ, Yaponiyadır. Azərbaycanda iqtisadi rayonlar
sırasında Aran iqtisadi zonası innab istehsalının
87%-ni təşkil edir. İnnabın 600-ə qədər
sortu vardır. Bundan 400-dən çoxu Çində becərilir.
Respublikamızda innabın öyrənilməsi ilə
geniş məşğul olan AzETB və SBİ-nin əməkdaşları
S.Aslanov , T.Tağıyev yerli və gətirilmə sortları
geniş şəkildə öyrənmiş, seleksiya
işinin nəticəsi kimi bir neçə yerli sortu
yaradılmış və onlardan 3 sort (Nəsimi, Azəri, Xəzəri)
rayonlaşdırılmışdır. Respublikamızın
şəraiti üçün əlverişli olan Azərbaycan,
Şirvan, Tayan-tszao, Xurmayı, Azəri, Xəzəri, Nəsimi
sortları becərilir. İnnab quraqlığa, istiyə və
şaxtaya davamlı bitkidir. Müəyyən olunmuşdur ki,
innab 30°-yə qədər şaxtaya davam gətirə bilir.
Torpağa
az tələbkardır. Qumsal, yüngül gillicəli,
yaxşı su və hava keçirən torpaqları sevir.
Yüksək rütubətlənmiş və qrunt suları
üzrə olan torpaqlar, həmçinin şor və şorakət
torpaqlar innab üçün əlverişli deyil. İnnab
bitkisi toxumları, kök pöhrələri, kök
çilikləri, göz və qələm calağı ilə
artırıla bilir. Toxumla artırma zamanı toxmacarlar ana
bitkinin xüsusiyyətlərini tam saxlamadığından və
meyvələr xırda olduğundan bu üsul yalnız
calaqaltı yetişdirmək məqsədilə tətbiq
edilir.Toxumla artırma üçün toxumlar adi
stratifıkasiyadan başqa, həm də isti stratifikasiya (20-25
gün müddətində istiliyi 25…30° olan substratda) ilə səpinə
hazırlanır. Cücərmə faizini yüksəltmək
məqsədilə toxumun qabığını
sındırmaq da məsləhət görülür. Kök
pöhrələri ilə artırmaq üçün
payızda və yazda gövdə ətrafında, mexaniki zədələnmə
nəticəsində güclü əmələ gəlmiş
pöhrələr qazılıb çıxarılır və
bağ salmaq üçün istifadə edilir. Kök
çilikləri ilə artırmaq məqsədilə gövdə
ətrafı zonada (1-1,5 m aralı) torpaq qazılır və
diametri 1 sm-ə qədər olan köklərdən 10-12 sm
uzunluqda çiliklər tədarük edilir. Çiliklər
qabaqcadan hazırlanmış sahədə 80x25 sm qida sahəsi
ilə əkilir və suvarılır. Vegetasiya dövründə
qulluq 5-6 dəfə suvarmadan və alaqlarla mübarizədən
ibarət olur. İnnab bağı salmaq üçün
günəş şüaları ilə yaxşı təmin
olunmuş düzən sahələr, dağətəyi
zonalarda cənub və cənub-qərb yamaclar seçilir.
Bağ salmaq üçün seçilmiş sahə 8-10
hektarlıq (dağlıq və dağətəyi sahələrdə
isə 3-5 ha) sərnələrə bölünür.
Əsasən düzbucaqlı və kvadrat əkin sxemlərindən
istifadə edərək bitkilərə qida sahəsi 6x6 m, 6x5
m, 5x5 m verilir. İnnab, pöhrə verdiyindən onu sərnələrdə
digər bitkilərlə birlikdə əkmək olmaz. Torpaq
qatı 50-60 sm dərinlikdə şumlanmalıdır.
Abşeronda və Qarabağda S.Aslanovun apardığı təcrübələr
göstərmişdir ki, hektara şumdan qabaq 20-30 ton peyin
verilməsi generativ zoğların miqdarını 30-40%
artırır. İnnab bağı salarkən bir sərnədə
3-5 sort yerləşdirilməsi məsləhət
görülür. Tinglər payızda əkildikdə tutum
faizi xeyli yüksəlir. Cavan bağın cərgəaralarında,
cərgəarası toxalanan tərəvəz və paxlalı
bitkilər becərilə bilər. Cərgəaraları qara
herik (şum) altında saxlandıqda cərgəarası sahə
18-20 sm dərinlikdə şumlanır. Yeni innab
bağının salınması üçün 5x3 m sxemi
üzrə 6400 manata qədər vəsait tələb olunur.
İnnabın 1 hektarından 100-110 sentner məhsul alınarsa
həmin sahədən 1800-2000 manat mənfəət əldə
etmək olar. Belə olan halda rentabellik səviyyəsi 40-45% təşkil
edir.
Nurlan
Olaylar.- 2016.- 18 may.- S.13.