Aprel şəhidləri gənclər
üçün qəhrəmanlıq
nümunəsidir
Ermənistan Respublikasının rəhbərliyi
aprel ayının əvvəllərində işğal
olunmuş ərazilərdə Azərbaycana qarşı
silahlı təxribat törətdiklərini və bunun nəticəsində
qoşunların təmas xəttinin əhəmiyyətli dərəcədə
dəyişildiyini nəhayət ki, rəsmi təsdiq edib.
Düşmən hücumlarının qarşısının alınması və əks-həmlə əməliyyatları zamanı Azərbaycanın Silahlı Qüvvələri Ağdərə rayonu (keçmiş DQMV), eləcə də Füzuli və Cəbrayıl rayonları ərazilərində vacib yüksəklikləri və strateji əhəmiyyətli əraziləri işğaldan azad edib. Ermənistan tərəfinin rəsmi açıqlamalarında guya cəmi 800 hektar ərazini itirdikləri bildirilsə də tərəfimizdən azad edilən ərazilərin sahəsinin qəsdən azaldılması açıq-aydın görünür. Həqiqətdə isə Silahlı Qüvvələrimiz tərəfindən 2000 hektardan artıq ərazi azad edilib və daha çox ərazi əməliyyat baxımından nəzarətimiz altına keçib. Erməni tərəfindən fərqli olaraq Azərbaycanın Silahlı Qüvvələri qoşunların təmas xəttində vəziyyətin gərginləşdirilməsi istiqamətində heç bir addım atmır, yalnız adekvat tədbirlər görməyə məcbur qalır. Bundan sonra da düşmən tərəfinin heç bir təxribatı cavabsız qalmayacaqdır. Ermənistanın aprelin əvvəllərində keçirilən əməliyyatlarda hər iki tərəfin itkiləri barədə yaydığı rəqəmlər də həqiqəti əks etdirmir. Əslində Ermənistan silahlı qüvvələrinin itkiləri Azərbaycanın itkilərindən təqribən on qat artıqdır. Azərbaycan ordusunun Raket və Artilleriya Qoşunlarının komandanı, general-mayor Zahid Hüseynov ilk dəfə aprel döyüşləri barədə danışıb. General “AzeriDefence” jurnalına müsahibəsində dörd günlük müharibə zamanı tabeçiliyində olan qoşunların döyüş tapşırıqlarını yüksək səviyyədə yerinə yetirdiyini deyib. “Biz dördgünlük döyüşlərdə yeni aldığımız silahlardan demək olar istifadə eləmədik. Yeni alınanlardan yalnız tank əleyhinə sistemlərin bəzilərini tətbiq etdik və nəticəsi də müsbət oldu. Hətta ermənilər bu silahın tətbiqindən sonra tanklarını döyüş meydanına çıxarmadılar”, – deyə general qeyd edib. General-mayor Z. Hüseynov qeyd edib ki, döyüşlər zamanı artilleriya atışlarının idarə edilməsində pilotsuz uçan aparatlardan (PUA) geniş istifadə edilib.“PUA-lardan əlavə, bu gün istifadəmizdə düşmən tərəfindən atılan mərminin hərəkət trayektoriyası və digər parametrləri əsasında onun atəş nöqtəsinin yerini təyin edən sistemlər mövcuddur. Biz döyüşlərdə həmin sistemlərin praktiki tətbiqini həyata keçirdik. Həmin sistemin sayəsində düşmənin artilleriya batareyalarının mövqeləri aşkarlanaraq maksimum 3 dəqiqə ərzində susduruldu. Beləliklə bu komplekslərin bizə böyük köməyi oldu. Həmin sistemlər həm qaubitsaların, həm də minaatanların yerini aşkarlamağa imkan verir. Bu sistemlərin tətbiqi eyni zamanda mərmi sərfini azaltdı”. General bildirib ki, döyüş əməliyyatlarının birinci iki günü ermənilərin artilleriyası demoralizə olub. “Hara atdıqlarını konkret olaraq bilmirdilər. Atışdan sonra qısa müddət ərzində onların həmin batareyasını susdururduq. Ermənilər bizim artilleriya atəşləri nəticəsində şəxsi heyətdə çox itkilər verdilər. Dərinlikdə düşmənin 15-20 topunu sıradan çıxardıq, eləcə də xeyli sayda hərbi texnikasını zərərsizləşdirdik. Biz döyüşlər zamanı tapşırığa uyğun olaraq, yaşayış məntəqələrinə, mülki əhali olan yerə atəş açmadıq və qeyd etdiyim kimi, əlimizdə olan müasir texnologiyaların imkanlarından yararlanaraq, yalnız hərbi hədəfləri nişan aldıq.Tam əminliklə deyirəm, son döyüşlərdə düşmənin əks həmlə tətbiq edə bilməməsində artilleriyamızın rolu böyük oldu”-komandan bildirib.Qeyd edək ki, general Quliyevin bəhs etdiyi sistem artilleriya batareyalarına qarşı mübarizə radilokasiya sistemidir. Bu sistemlər hərəkət edən mərmilərin trayektoriyaları əsasında düşmənin artilleriya batareyasının mövqelərini dəqiq müəyyən edir və həmin hədəfin koordinatlarını verir. Azərbaycan Rusiyadan ən yeni kontrbatareya sistemləri alıb. Qeyd edək ki, aprel döyüşlərində qəhrəmanlıq göstərən əsgərlərimiz gənclər üçün canlı vətənpərvərlik nümunəsinə çevrilib. Onların hər biri ayrı-ayrılıqda bir qəhrəmanlıq dastanı yaradıblar. Ölkə rəhbərliyi, xüsusən də Müdafiə Nazirliyi döyüşlərdə həlak olan və yaralanan qəhrəmanlarımıza qarşı biganə qalmır, onların şücaətini lazımincə qiymətləndirilər. Hətta ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş hərbi qulluqçuların təltifləri ailə üzvlərinə təqdim edilir. Müdafiə Nazirliyindən verilən məlumata görə, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2016-cı il 19 aprel tarixli Sərəncamı ilə ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdikləri şəxsi igidliyə görə polkovnik-leytenant Mirzəyev Murad Telman oğluna və mayor İmanov Samid Gülağa oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Mayın 16-da Azərbaycanın Müdafiə Nazirliyində rəhbər heyətin iştirakı ilə ölümlərindən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş bu hərbi qulluqçuların ailə üzvlərinə şəhidlərin “Qızıl Ulduz” medalları təqdim edilib.Təqdimetmə mərasimində çıxış edən müdafiə naziri general-polkovnik Zakir Həsənov döyüşlərdə şəhid olanların ailələrinə başsağlığı verərək, onların qəhərmanlığı qarşısında baş əydiyini diqqətə çatdırıb. O, igidlərimizin şəhidlik zirvəsinə ucalmaqla igidlərimizin yeni tarix yazdıqlarını, Vətən uğrunda canı, torpağa tökülən qanı ilə əbədi olaraq xalqımızın yaddaşında qalacaqlarını vurğulayıb. Şəhidlərimizin qisasının alındığını və bundan sonra da alınacağını, onların qanının yerdə qalmayacağını bildirən nazir Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti sayəsində işğal altındakı torpaqlarımızın düşmən işğalından mütləq azad olunacağını xüsusi qeyd edib.Təltif olunma barədə sərəncam oxunduqdan sonra general-polkovnik Z.Həsənov “Azərbaycanın Milli Qəhrəmanı” adının vəsiqəsini polkovnik-leytenant Murad Mirzəyevin həyat yoldaşı Fizzə Mirzəyevaya təqdim edib və “Qızıl Ulduz” medalını şəhidin yeddi yaşlı oğlu Nurlanın yaxasına sancıb. Sonra Milli Qəhrəman mayor Samid İmanovun atası Gülağa İmanova “Qızıl Ulduz” medalı və vəsiqəsi təqdim edilib. Milli Qəhrəmanlarımızın ailə üzvləri Fizzə Mirzəyeva və Gülağa İmanov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıq edərək Vətənin müdafiəsinin hər şeydən vacib olduğunu, əzizlərinin şəhidlik zirvəsinə ucalması ilə qurur duyduqlarını vurğulayıblar. Bildirilib ki, şəhid qanına boyanan əzəli və əbədi torpaqlarımız Azərbaycan Silahlı Qüvvələri tərəfindən tezliklə işğaldan azad olunacaq və o zaman əzizlərinin şəhid ruhları dinclik tapacaqdır. Mərasimin sonunda xatirə şəkli çəkdirilib. Azərbaycan ordusunun şəhid əsgəri Qasımov Teymur Sabir oğlu ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif olunub. Mingəçevir şəhərində dəfn edilən şəhidin 40 mərasimində onun təltif olunduğu medal atasına təqdim olunub. Mingəçevir Şəhər İcra Hakimiyyətinin kollektivi, hüquq-mühafizə orqanlarının əməkdaşları, onun xidmət etdiyi hərbi hissənin rəhbər şəxsləri və şəhər ictimaiyyətinin nümayəndələri mayın 18-də Mingəçevir şəhərindəki Şəhidlər Xiyabanında dəfn olunan Teymur Qasımovun məzarını ziyarət edib, qəhrəman əsgərin ruhuna dualar oxunub. Mərasimdə çıxış edənlər əminliklə bildiriblər ki, şəhid qanına boyanan əzəli və əbədi Azərbaycan torpaqları Silahlı Qüvvələrimiz tərəfindən tezliklə düşmən işğalından azad olunacaq və şəhidlərimizin ruhu dinclik tapacaq. Teymur Qasımovun əsgər yoldaşları Rəşad Novruzov, Həsən Quliyev onun igidliyindən danışıb və qəhrəman döyüşçünün son sözünü xatırladıblar: Vətən uğrunda ölmək böyük şərəfdir. Mərasimdə şəhid Teymur Qasımovun xidmət etdiyi hərbi hissənin komandiri, polkovnik-leytenant Zaur Kərimov bildirib ki, bütün hərbçilər şəhidlərimizin qəhrəmanlığı qarşısında baş əyir. Onlar yeni bir tarix yazırlar və öz qəhrəmanlıqları ilə xalqımızın yaddaşında əbədi yaşayacaqlar. Polkovnik-leytenant Zaur Kərimov şəhid hərbçinin ölümündən sonra layiq görüldüyü “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalını onun atası Sabir Qasımova təqdim edib. Xatırladaq ki, 1992-ci il təvəllüdlü Teymur Qasımov aprelin əvvəlində cəbhənin Tərtər-Ağdərə istiqamətində, Talış yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Yeri gəlmişkən qeyd edək ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində "Silahlı Qüvvələr şəxsi heyətinin və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi, qeyri-hökumət təşkilatları ilə birgə fəaliyyətin əhəmiyyəti" mövzusunda elmi-praktiki seminar keçirilib. Müdafiə nazirinin şəxsi heyət üzrə müavini – Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev giriş nitqi söyləyərək seminarı açıq elan edib. İyirmi dörd il öncə Laçının işğal edilməsi barədə ətraflı məlumat verilib. Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbani "Silahlı Qüvvələr şəxsi heyətinin və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi, qeyri-hökumət təşkilatları ilə birgə fəaliyyətin əhəmiyyəti" mövzusunda geniş məruzə ilə çıxış edib. Prezident Administrasiyası İctimai-Siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Rasim Mirzəyev, Respublika Veteranlar Təşkilatının sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru, ehtiyatda olan polkovnik Cəlil Xəlilov, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Vətənpərvərlik və Vətəndaşlıq Tərbiyəsi sektorunun müdiri Əli Məmmədov, Silahlı Qüvvələr Hərbi Akademiyasının baş müəllimi, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov, millət vəkili, iqtisad elmləri doktoru, professor Xanhüseyn Kazımlı və digər qeyri-hökumət təşkilatlarının nümayəndələri müxtəlif mövzularda çıxış edərək bu cür seminarların Silahlı Qüvvələrin şəxsi heyətinin və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsində mühüm əhəmiyyət kəsb edəcəyini bildiriblər.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in
İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə
dəstəyilə çap edilmişdir
Olaylar.- 2016.- 20 may.- S.15.